Azərbaycanca

Dünyanı heyrətləndirən Füzuli türbələri

23.08.2014 | 12:12

fuzuli medeniyyetDünya mədəniyyət tarixinə ən böyük töhfələrdən birini məhz Azərbaycan incəsənəti vermişdir. Sənət nümumələrimizdəki ecazkarlıq, professional üslub xüsusiyyətləri daim onu diqqət mərkəzində saxlamışdır. Təsadüfi deyil ki, dünyanın ən məşhur muzey və sərgi salonlarında Azərbaycan povilyonları tərtib edilib. Arxeoloji qazıntılar zamanı tarixin bütün dövrlərinə aid olan qiymətli incilərin şahidi oluruq. Bu mənada Qarabağ-Füzuli ərazisindəki tarixi abidələr xüsusi əhəmiyyət kəsb edir. Həmin abidələrə sənətşünaslıq elmi nöqteyi-nəzərindən yanaşsaq ən yüksək bədii elementlərin əks olunduğunu müşahidə edə bilərik.

 
sixbabali turbesiŞıxbabalı türbəsi – Tikilmə tarixi baxımından ən qədim və məşhur tikililərdən birisi Füzuli bölgəsinin Şıxbabalı kəndində yerləşən türbədir. Abidənin üzərində yerləşdirilən kitabədən onun 1272-ci ildə tikildiyi məlum olur. Sözügedən tikili səkkizbucaqlı, yuxarısı çatmatağ şəkilli günbəzlə örtülmüş, səciyyəvi xüsusiyyətləri ilə seçilən abidədir. Türbənin yeraltı sərdabə hissəsi də mövcuddur. Şıxbabalı türbəsi özünəməxsus fərdi üslub cəhətinə malik olmaqla bərabər, eyni zamanda çox az memarlıq abidəsi məlum olan bir dövrə aid olması ilə də diqqəti cəlb edir. Türbənin günbəzinin quruluşu da xüsusi maraq kəsb edərək yüksək qiymətləndirilir.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Azərbaycan türbələrində günbəzlər ikiqat quruluşa malik olduğu halda, Şıxbabalının günbəzi bir qatdır və yalnız bir sıralı daş örtüklə əhatələnmişdir. Bu mənada Şıxbabalı türbəsinin günbəzi olduqca yüngül, adətən müasir konstruksiyaları xatırladan bir şəkildədir. Yüngül konstruksiya atmosferin və küləyin müqavimətinə qarşı təsiri azaldır. İkiqatlı və çox əsaslı şəkildə qurulmuş bir çox türbələrin günbəzləri bizim zamana qədər tamamilə dağınıq vəziyyətdə çatdığı halda, maraqlı cəhətdir ki, Şıxbabalı türbəsinin bu yüngül quruluşlu günbəzi dövrümüzə qədər öz şəklini olduqca möhkəm şəkildə mühafizə edə bilmişdir. Türbənin xarici səthlərində isə memarlıq bölgüləri yüksək sənətkarlıqla tətbiq edilmişdir. Həmin hissələrdə düzbucaqların yuxarı hissəsi stalaktitli taxçaların kənar cizgisini xatırladan boğaz şəklində həll edilmişdir. Bilirik ki, bu forma yalnız Naxçıvanda Əcəmi memarlığının göstəricisi kimi , Möminə xatın türbəsinin səthində olan stalaktitli batıqların kənar xəttinə oxşadılması yolu ilə özünü biruzə vermişdir. Bu mənada tam əminliklə sübut edə bilərik ki, həmin dövr Azərbaycanda tikilən türbələrin oxşar memarlıq həlləri ərazinin birbaşa olaraq azərbaycanlılara məxsus olduğunun göstəricisidir.
Ümumilikdə, Şıxbabalı türbəsinə kərpic memarlığının təsiri olduğu qeyd edilməlidir. Haqqında bəhs etdiyimiz türbənin divarlarından birində daş bölgüsü kərpicdən tikilən binalarda təsadüf edilən formada düzülmüşdür. Oturacaq hissəsindəki bəzi daşların hörgüdə yerləşdirilməsi prinsipi kərpicdən quraşdırılan naxışlı haşiyəni xatırladır.

 

 

Əhməddəllər türbəsi – Füzuli rayonunun Əhməddəllər kəndindəki türbə də quruluş baxımından Şıxbabalı türbəsinə olduqca yaxındır. Buna baxmayaraq, formaca oxşar olan bu abidələr öz fərdi xüsusiyyətlərinə görə fərqlənirlər. Hər bir türbəni zəginləşdirən bir sıra xüsusiyyətlər tədqiq olunmuşdur.
Əhmədəllər kəndində yerləşən türbənin yerüstü hissənin daxilində heç bir quruluş yoxdur, türbənin günbəzi iki qat daşdandır. Şıxbabalı türbəsindən fərqli olaraq, burada türbəyə giriş yolu portal şəklində həll edilmiş və həmin portalın kənarlarında ornament elementləri tətbiq olunmuşdur. Güman etmək olar ki, əvvəllər abidə üzərində olan kitabə sonralar dağılmışdır. Bu baxımdan da abidənin inşaat tarixi tam olaraq məlum deyildir. Lakin, üslub xüsusiyyətlərinə, daha doğrusu, Babı türbəsi ilə oxşarlığına əsasən, Əhmədəllər türbəsinin də XIII əsrin axırlarında inşa edildiyi ehtimal edilə bilər. Əhmədəllər türbəsindəki portalların memarlıq prinsipləri baxımından daha inkişaf etmiş bir şəkildə həll edilməsi göstərir ki, bu abidə Babı türbəsindən daha sonra tikilmişdir.

 
mir eli turbesiMir Əli türbəsi – Azərbaycanda XIV əsrə aid olan daş türbələr də mövcuddur. Bu abidələrin içərisində Füzuli rayonunun Aşağı Veysəlli kəndindəki Mir Əli türbəsi xüsusilə diqqəti cəlb etməkdədir. Mir Əli türbəsi üçpillə kürsülük üzərində yüksələn dar silindrik gövdədən və onu tamamlayan konusvarı günbəzdən ibarət olub ecazkar görünüşü ilə seçilir. Abidə həm seyrici , həm də sənətşünaslıq yanaşması baxımından yüksək estetik tələblərə malik memarlıq konstruksiyasına malikdir.
Türbənin şimal fasadında xüsusi ustalıqla çatma tağ şəkilli giriş qapısını çərçivələyən portal əks olunmuşdur. Portalın abidənin gövdəsindən kifayət qədər çıxıntılı olması fərqli görünüş yaradır. Mir Əli türbəsinin istər yeraltı, istərsə də yerüstü hissəsinin daxili quruluşu, ümumiyyətlə, bürc tipli abidələr üçün səciyyəvi hal kimi hesab olunur.
Azərbaycanın bürc tipli türbələrinin öyrənilməsində Mir Əli türbəsinin əhəmiyyəti həm də ondadır ki, burada türbənin bütün hissələri salamat qaldığından başqa türbələrdə aydın olmayan cəhətləri həll etməyə imkan verir.
Haqqında bəhs etdiyimiz türbələr sənət baxımından o qədər dəqiq və mükəmməl tikilmişdir ki, dünya sənət toplularında dəfələrdə bu mövzu haqqında elmi yanaşmalar əks edilmişdir. Bu bənzərsizlik təkcə memarlıqda deyil, bütün sənət sahələrində özünü əsaslı şəkildə biruzə veir. Qeyd edək ki, Qarabağın yalnız incəsənət əsərləri deyil, eyni zamanda gündəlik istifadə üçün nəzərdə tutulmuş nümunələri də sənət zirvəsindədir. Bu isə Qarabağ -Azərbaycan mədəniyyətinin intibahıdır…

 
İstifadə olunan ədəbiyyat
1.Rasim Əfəndi. Azərbaycan bədii sənətkarlığı dünya muzeylərində. Bakı, 1980
2. Əfəndiyev R. Azərbaycanın el sənəti. Bakı, 1971.
3. Rizvan Qarabağlı. Memar Kərbəlayı Səfi xan Qarabaği. Bakı. 1995
4. Mustafayev A. Azərbaycanda sənətkarlıq. Bakı, 1999.
5.Rzayev N.İ. Əsrlərin səsi. Bakı, 1974.
6. Qiyasi Cəfər. Nizami dövrü memarlıq abidələri. Bakı, 1991.
7. Salamzadə Ə.V. Əcəmi Əbubəkr oğlu Naxçıvani. Bakı, 1976
8. Kərimov K. “Nizami Gəncəvi”. Xəmsə. Miniatürlər. Bakı, 1983

 

 

 

 

Fəxri Məmmədli
“KarabakhİNFO.com”

 

 

23.08.2014 12:12

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*