Azərbaycanca

Eldar İbrahimovun Heydər Əliyevlə bağlı xatirələri

12.12.2014 | 19:12

20121012_Eldar Ibrahimov(1)Dekabrın 12-si çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış mərhum prezident Heydər Əliyevin anım günüdür.


Dünya tarixi sübut edib ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin özünəməxsus yeri vardır.

 
H.Əliyevlə təmasda olan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Eldar İbrahimov “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalına mərhum prezidentlə bağlı xatirələrindən söhbət açdı.

 

 

Eldar müəllim, mərhum prezident Heydər Əliyevlə tanışlığınız necə olub?

 

 

Heydər Əliyev Azərbaycanı qurub, yaradıb. Mən o vaxtı Naxçıvanda işləyirdim. Həmin vaxt Heydər Əliyevi Bakıya qoymadılar. O, Naxçıvana gəldi. Baxmayaraq ki, Naxçıvanda Nazirlər Soveti sədrinin birinci müavini işləyirdim. Demək olar ki, bir aydan sonra mən onun yanına getdim və söhbət etdik. Qismət elə gətirdi ki, 1990-cı ilin oktyabr ayında mən Babəkdən, o isə Nehrəmdən Azərbaycan Ali Sovetinin deputatı seçildik. Ondan sonra parlamentdə iş fəaliyyətimiz başladı. Bunlar hamısı tarixi faktlardır. Ən önəmli hadisə o idi ki, 1990-cı ildə Heydər Əliyev Naxçıvan Ali Sovetinin sessiyasını çağırdı. Ali Sovetin aını dəyişdirib Ali Məclis etdi və üçrəngli bayrağı qaldırdı. 1991-ci ilin sentyabrın 3-də Heydər Əliyevi məcburən Naxçıvan Ali Məclisinə sədr seçdik. Həqiqətən də o, bunu istəmirdi.

 
1991-ci il oktyabrın 18-də Azərbaycanın milli müstəqilliyinin davamı olaraq, Konstitusiya Aktı qəbul olundu. 1991-ci ildə mərhum prezident məlum səbəblərdən dolayı Naxçıvana qayıdandan sonra 30 sentyabr tarixində ikimiz də Naxçıvan Ali Sovetinə deputat seçildik. Heydər Əliyevlə bizim çox isti münasibətlərimiz olub. Mən sizə deyim ki, Heydər Əliyev böyük bir insan olmaqla yanaşı, o dahi bir siyasətçi idi. Sanki Əliyev dünyaya dövlət qurucusu kimi gəlmişdi. Onun çox gözəl fenoman yaddaşı var. Naxçıvanda cavanlardan kimisə yolda görərdisə dərhal o şəxsə sən filankəslərdənsən deyərdi. 1990-cı il noyabrın 17-də Əliyev Naxçıvanda ikinci dəfə müstəqil Azərbaycanın üç rəngli bayrağını qaldırmaqla müstəqilliyimizə yeni nəfəs verdi. Bayraq o zaman qaldırıldı və bu günə qədər də başımızın üstündə dalğalanır”.

 
Heydər Əliyev xasiyyətcə necə insan idi?

 

 

H.Əliyev gözəl bir insan idi. Xüsusi olaraq bildirim ki, mərhum prezidentimiz həm çox zəhmli, həm də mülayim idi. İnsanlarla necə davranmağı yaxşı bilirdi.

 
Sizə Heydər Əliyevlə bağlı bir xatirəmi danışmaq istəyirəm. 1981-ci ildə Naxçıvanın partiya Komitəsində təlimatçı işləyirdim. Bir gün Komitənin ikinci katibi məni yanına çağırıb dedi ki, bəs Heydər Əliyev Naxçıvana gəlir. Mən də öz növbəmdə H.Əliyevi yaxından görəcəyim üçün çox sevinirdim və eyni zamanda onunla danışan zaman özümü itirəcəyimdən ehtiyat edirdim. Beləcə bu hislər içərisində qəbul otağında Heydər Əliyevin gəlişini gözlədim. Lakin sonradan məlum oldu ki, Əliyev 1-ci mərtəbədə iclası keçirib və dərhal da geri qayıdıb. Tələbəlik zamanlarımdan H.Əliyevi görmək arzusunda olmuşam. Onun oturuşu, duruşu, danışığı mənim üçün örnək idi. Azərbaycanın H.Əliyev kimi bir oğlu olduğu üçün onunla fəxr edirdim. Təəssüflər olsun 1981-ci ildə onunla görüşə bilmədim. Və o zamanlar onu görmədiyim üçün ürəyimdə bir üzüntü var idi. Lakin həyat elə gətirdi ki, 1990-cı ildə H.Əliyev Naxçıvana gəldi və o millət vəkili seçildi. Beləliklə, mənim mərhum prezidentimizlə çox yaxın münasibətimiz yarandı . 1991-ci il sentyabrın 3-ü tarixində o Naxçıvan Ali Məclisinə sədr seçildi.

 
O zamanlar Naxçıvanda blokada şəraitində idi…

 
Bəli, o zaman Naxçıvan az qala Ermənistan tərəfindən işğal olunacaqdı. Heydər Əliyev Naxçıvan əhalisini həm erməni işğalçılarından, həm də aclıqdan qurtardı. Naxçıvan nəinki Ermənistan tərəfindən, o vaxtkı hakimiyyət tərəfindən də blokadaya götürülmüşdü. Əliyev Türkiyə və İranla əlaqə yaratdı. Və İranla Türkiyənin yardımı sayəsində Naxçıvan əhalisinin sosial durumu düzəldi.

 

 

Heydər Əliyev söhbət edən zaman əsasən nələr haqqında danışırdız?

 

 

Heydər Əliyevlə bir gün oturub söhbət edən zaman ona 1981-ci ildə onu görə bilmədiyim üçün üzüldüyümü dedim. Və o mənə gülə-gülə “bilsə idim yuxarı mərtəbədə sən məni görmək üçün dayanmısan mütləq qalxıb səninlə görüşərdim.” Saatlarla oturub onunla söhbət edərdik. Moskvada işlədiyi zaman ətrafında olan adamlar haqqında məlumatlar verərdi. Azərbaycanın xoş gələcəyi haqqında danışardı.

 

 

Torpaqlarımızın bir hissəsinin işğal olunduğu, insanların sabaha olan inamının itdiyi bir məqamda H.Əliyev yenidən hakimiyyətə gəldi. Belə bir çətin vəziyyətdə Azərbaycanı ayağa qaldırmaq, möhkəmləndirmək, hərc-mərcliyin qarşısının almaq çox çətin iş idi. Sizcə o bunu necə bacardı?

 

 

Ulu öndər dəfələrlə öz çıxışlarında bildirirdi ki, əsas o deyil ki, müstəqillik əldə edəsən, əsas odur ki, müstəqilliyi qoruyub saxlaya biləsən. O bunu bacardı, ölkə iqtisadiyyatını qurdu, inkişaf etdirdi. İlk növbədə atəşkəs məsələsini həll etdi və ondan sonra iqtisadiyyatla məşğul olmağa başladı. O siyasətin sayəsindədir ki, Azərbaycan nə qədər inkişaf edib, ölkəmizin iqtisadi qüdrəti artıb. Bu, müharibə şəraitində yaşayan bir dövlət üçün çox önəmlidir. Ona görə ki, iqtisadiyyatın inkişafı hərbi sahənin inkişafı deməkdir. Hazırda ölkə başçısı İlham Əliyev bu siyasəti layiqincə həyata keçirir. Azərbaycanda münbit şərait, sabitlik var. Məhz bu səbəbdən də bir çox beynəlxalq tədbirlər ölkmizdə keçirilir. Bunlar təsadüfən baş verməyib. Təkcə paytaxtımız deyil, regionlarımız da inkişaf edir. Siyasətimizin gücü iqtisadiyyatımızın gücüdür. Bütün bunlar ulu öndər tərəfindən əsası qoyulan, hazırki dövlət başçısı İlham Əliyev tərəfindən yüksək şəkildə davam etdirilən güclü siyasətin nəticəsidir.

 
Günel Cəlil
“KarabakhİNFO.com”

 

 

12.12.2014 19:12

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*