Azərbaycanca

Elman Nəsirov: ”Müharibə istənilən vaxt başlaya bilər”

28.08.2013 | 13:59

1377683774_elman-1Azərbaycan Respublikasının prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru,siyasi elmlər doktoru, professor Elman Nəsirov “KarabakhİNFO.com” e-jurnalına müsahibə verib.

  – Avropa İttifaqının noyabr ayında keçiriləcək Vilnüs sammitində Aİ ilə Ermənistan arasında saziş imzalanması gözlənilir. Həmin saziş imzalanarsa Rusiya ilə Ermənistanın münasibətlərinə necə təsir edə bilər?

 

Hesab edirəm ki, Ermənistan dövləti özünün 1991-ci ildən etibarən elan etdiyi formal müstəqillik dövründə ilk dəfə çox kəskin şəkildə dilemma qarşısında qalıb. Ya Avrasiya İttifaqı layihəsinə qoşulmalıdır, ya da Avropa İttifaqına seçim etməlidir. Heç bir zaman belə seçim olmamışdır. Ermənistan dövləti Rusiyanın bir quberniyası kimi, bir əyaləti kimi hər zaman Rusiyaya yaxın olmuşdur. Lakin indi Ermənistan 2010-cu ildən üzü bəri Avropa İttifaqına Assosativ Sazişlə bağlı, eyni zamanda Azad Ticarət Zonası ilə bağlı saziş ətrafında danışıqlar aparır və danışıqlar artıq yekunlaşıb. Noyabr ayında keçiriləcək Avropa İttifaqının Vilnüs sammitində artıq sazişin imzalanması gözlənilir. Rusiya tamamilə bu sazişin əleyhinədir. Mən hesab edirəm ki, bu seçim artıq Ermənistanın konkret xarici siyasət seçimi ola bilər. Buna görə də Ermənistana çox ciddi təzyiqlər etməyə başlayıb. Bilirsiniz ki, Ermənistan prezidenti Serj Sarkisyanın dəfələrlə xahiş etməsinə baxmayaraq ki, Vladimir Putin ilk səfərini məhz Ermənistana etsin. Lakin elə bu səbəblərdən Vladimir Putin səfərini Ermənistana deyil, Azərbaycana etdi. Burada heç şübhəsiz ki, Rusiyanı narahat edən konkret səbəblər var. Bu da həmin layihənin, daha doğrusu Ermənistanın imzalayacağı sənədlərin məzmunu ilə bağlıdır. Əvvəla onu qeyd edim ki, bu sənədlər tamamilə məfxi saxlanılır, onun məzmunu açıqlanmır. Assosativ Saziş özündə konkret nələri ehtiva edir? Azad Ticarət Zonası nələrə gətirib çıxaracaq? Bu kimi məsələlər tamamilə gizli saxlanılıb.

 

Rusiyanın Ermənistandakı keçmiş səfiri Vyaçeslav Konovalov bu günlərdə belə bir mövqe bildirdi ki, həmin bu sənədlər Ermənistanın Avropa İttifaqı ilə yalnız iqtisadi ticarət əlaqələrinin inkişafına gətirib çıxarsaydı, bu, o qədər də Rusiyanı narahat etməzdi. Keçmiş səfir qeyd edir ki, bu sənədlərdə tamamilə iqtisadi ticarət məsələlərindən kənara çıxan geopolitik mahiyyətli məsələlərdən söhbət gedir. Həmin məsələlərin siyahısında səfir qeyd edir ki, əgər bu sənədlərə Ermənistan imza atsa bundan sonra Ermənistan xarici siyasətini həyata keçirərkən Avropa İttifaqı ilə koordinasiya etməlidir. Avropa İttifaqı ilə razılışdırılmış bir siyasət həyata keçirməlidir. Ikincisi isə bu sənədlərdə belə bir bənd var ki, Ermənistan sənədlərə qoşularsa, onun sərhədlərinin qorunması məsələsinə də baxılmalıdır. Ermənistan sərhədlərini də Rusiya qoruyur. Əgər Ermənistan bu sənədlərə imza atsa Rusiyanın qoruması məsələsi aktuallığını itirəcək. Bunun ardınca rus qoşunlarının çıxarılması, eyni zamanda Ermənistanın Kollektiv Təhlükəsizlik Təşkilatından (KTT) çıxması məsələsi reallaşa bilər.

 

Bütün bu səbəblərdən Rusiyada bu hadisəyə çox böyük qısqanclıqla yanaşılır. Rusiya ekspertləri qeyd edirlər ki, Ermənistan sanki eyni vaxtda iki stulda əyləşmək istəyir. Bu, mümkün deyil. Rusiyanın mövqeyinə görə, indiki halda “həm, həm də” prinsipi işləmir. Yəni həm Rusiya, həm də Avropa ittifaqı prinsipi. “Ya, ya da” prinsipi işləməlidir: ya Rusiya, ya da Avropa ittifaqı. Ermənistanın qarşısında bu cür konkret dilemma qoyulub.

 

Ermənistan dövlətininn davranışı onu göstərir ki, onlar da bu məsələdə rusiyanın xoşu gəlməyən ssenarini həyata keçirmək istəyirlər. Mən elə düşünürəm ki, Rusiya prezidenti Vladimir Putin payızda Ermənistana səfər edərsə bu, o deməkdir ki, ermənistan artıq həmin sammitdə imza atacağı sənədlərdən imtina edir, yox əgər bu səfər baş tutmasa bu o deməkdir ki, Ermənistanın xarici siyasətində köklü dəyişiklik baş verib. Hesab edirəm ki, belə bir dəyişiklik baş versə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində də yeni reallıqlar ortaya çıxacaq və bu prosesdə yeni hadisələrin şahidi ola bilərik.

 

 – Status-kvo vəziyyətində Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün müharibıə variantı nə dərəcədə realdır?Elman Nəsirov: ”Müharibə istənilən vaxt başlaya bilər”

 

Nə qədər ki Dağlıq Qarabağ problemi həll olunmayıb, nə qədər ki torpaqlarımız işğal altında qalıb, müharibə variantı aktualdır. Baxmayaraq ki, Azərbaycan dövləti danışıqlar praktikasına hər zaman üstünlük verib, cənab prezident İlham Əliyev də dəfələrlə qeyd edir ki, əgər danışıqlar heç bir nəticə verməsə biz beynəlxalq hüquq prinsiplərinə söykənib torpaqlarımızı istənilən yolla, eyni zamanda hərbi yolla geri qaytarmaq hüququnu özümüzdə saxlayırıq. Istənilən halda hərbi tənzimləmə versiyası mümkündür. Son zamanlar erməni mətbuatı belə bir informasiya yaymaqdadır ki, 2014-cü ildə müharibənin başlaması real görünür. Hesab edirlər ki, həmin ildə ABŞ və onun müttəfiqlərinin qoşunları Əfqanıstandan çıxarılacaq. Onlar düşünürlər ki, qoşunlar Əfqanıstandan çıxarkən Cənubi Qafqazdan keçmək istəyəcəklər. Bu halda müharibənin başlanmasına təkan veriləcək. Qoşunlar da bəhanə edib Cənubi Qafqazda qalacaqlar və bu da Rusiyanın regiondakı maraqlarına zərbə vuracaq. 2014-cü ildə belə bir müharibənin olması mümkündür. Bütün bunlar erməni mətbuatının ssenariləridir. Mənim isə mövqeyim ondan ibarətdir ki, müharibə istənilən vaxt baş verə bilər. Azərbaycan istənilən vaxt əmin olsa ki artıq danışıqlar heç bir nəticə vermir, danışıqlar limiti tükəndi, heç bir beynəlxalq hüquq pozuntusu etmədən BMT nizamnaməsinin məlum 51-ci maddəsinə, eyni zamanda beynəlxalq təşkilatların münaqiçə ilə bağlı qəbul etdiyi sənədlərə istinad edərək münaqişəni qeyri-dinc yolla tənzimləyə bilər.

 

 – 20 ildən artıqdır ki, münaqişənin tənzimlənməsində beynəlxalq təşkilatlar vasitəçilik edirlər. Lakin onların fəaliyyətlərininn heç bir nəticəsi yoxdur. Siz necə düşünürsünüz, bundan sonra münaqişənin nizamlanmasında beynəlxalq təşkilatlara ümid edə bilərikmi?

 

Azərbaycan prezidenti cənab İlham Əliyev dəfələrlə qeyd edir ki, beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin həllində ikili standartlar həyata keçirirlər. Məsələn, BMT Liviya ilə bağlı 1973 saylı qətnamə qəbul edib və iki saat sonra onun tətbiqinə başlayır. Ancaq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1993-cü ildə qəbul olunmuş qətnamələr kağız üzərində qalır. Cənab prezidentimiz qeyd edir ki, belə vəziyyətdə bizim yalnız bir istinad nöqtəmiz qalır. Bizim taleyimizi bir yanaşma həll edə bilər: “Biz güclənməliyik!” Biz gücümüzü elə bir səviyyəyə çatdırmalıyıq ki, ikili standartlardan çıxış edən beynəlxalq təşkilatlar artıq vahid standarta keçsinlər. Onlar görsünlər ki, belə bir potensial gücə malik olan dövlət istənilən vaxt müharibəyə başlayıb Ermənistanı məğlub edə bilər. Mən hesab edirəm ki, münaqişənin həllində beynəlxalq təşkilatlara ümid bəsləmək lazım deyil, eyni zamanda beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək lazımdır, onların qəbul etdiyi sənədlər bizim xeyrimizədir. Əgər nə vaxtsa biz müharibəyə başlamaq haqqında qərar qəbul etsək, həmin sənədlər bizə lazım olacaq. Yenə də yeganə yol bizim güclənməyimnizdir.
Sevda Sevinc

“KarabakhİNFO.com”

 

28.08.2013 13:59

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*