Azərbaycanca

Elmar Məmmədyarov: Ermənistan Azərbaycana qarşı təcavüzünü pərdələmək üçün münaqişəyə dini çalarlar verməkdən belə çəkinmir

14.10.2015 | 16:26

mammadyarov_qebul_141015

Xarici işlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikası Prezidentinin Misirin BMT Təhlükəsizlik Şurasına namizədliyi məsələləri üzrə xüsusi nümayəndəsi səfir Məhəmməd Əlahəddin Ali Şouki Əl-Hədidini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qonaq Misir Prezidenti Əbdülfəttah Əl-Sisinin ən səmimi salamları və xoş arzularının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə çatdırılmasını xahiş edib.

Görüşdə Azərbaycan və Misir arasında ikitərəfli əlaqələrin inkişafının məmnunluq doğurduğu qeyd olunub. İqtisadi-ticarət əlaqələrinin və turizm sahəsində əməkdaşlığın inkişafı üçün qarşılıqlı şəkildə səylərin artırılmasının vacibliyi vurğulanıb.

Beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Misir arasında əməkdaşlıq və qarşılıqlı dəstəyin ölkələrimiz arasındakı ənənəvi dostluğun təcəssümü olduğu bildirilib.

Səfir Misirin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə beynəlxalq hüququn norma və prinsipləri və BMT nizamnaməsi əsasında həllinin tərəfdarı olduğunu diqqətə çatdırıb.

BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü yerinə seçildiyi təqdirdə, terrorizmə və onun ideoloji aspektlərinə qarşı mübarizənin Misirin əsas prioritetlərindən biri olacağını vurğulayıb. Əl-Əzhərin təcrübəsində Misirin ənənəvi mötədil İslam mədəniyyətinə malik olduğunu bildirib.

E.Məmmədyarov Misirin Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində beynəlxalq hüququn norma və prinsipləri əsasında Azərbaycanın ədalətli mövqeyinə göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib. Dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu nəzərə çatdırıb. Ermənistanın Azərbaycana qarşı törətdiyi işğal və təcavüzü pərdələmək üçün münaqişəyə dini çalarlar verməkdən belə çəkinmədiyini deyən nazir Azərbaycanın nümunəvi multikulturalizm, mədəniyyətlər və dinlərarası dialoq təcrübəsinin olduğunu qeyd edib. Mötədil İslam mədəniyyətinə malik ölkələr kimi Azərbaycan və Misirin islamofobiya meyillərinə qarşı mübarizəsinin vacibliyini bildirib.

BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üzrə qeyri-daimi üzvü olduğu dövrdə terrorizmə qarşı mübarizənin Azərbaycanın da prioritetlərindən biri olduğunu deyən E.Məmmədyarov Azərbaycanın terrorizmdən əziyyət çəkən dövlət olduğunu və Ermənistan tərəfindən Azərbaycanın nəqliyyat infrastrukturunda və digər ictimai yerlərdə 30-dan artıq müxtəlif terror aktlarının törədildiyini və minlərlə günahsız insanın bu terror aktlarının qurbanı olduğunu vurğulayıb.

E.Məmmədyarov Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu zaman BMT TŞ və İslam Əməkdaşlıq Təşkilatının ilk birgə iclasının keçirilməsinin təşəbbüskarı olduğunu xatırladaraq, bu mexanizmin davam etdirilməsinin əhəmiyyətli olduğunu deyib.

Nazir BMT Təhlükəsizlik Şurasına seçkilərdə Misirə uğurlar arzulayıb.

Trend.az

14.10.2015 16:26

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*