Azərbaycanca

Elmar Məmmədyarov: “Ermənistan dünya ictimaiyyətinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi çağırışlarına məhəl qoymur”

02.06.2015 | 11:30

trend_elmar_mammadyarov_160215

Ermənistan beynəlxalq hüquq normalarını, BMT nizamnaməsini kobud şəkildə pozmaqla Azərbaycana qarşı hərbi təcavüz həyata keçirib. Trend-in məlumatına əsasən, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın “Nezavisimaya qazeta” qəzetinə müsahibəsində deyib.

Müxbirin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualını cavablandıran nazir bildirib: “Nəticədə Azərbaycan ərazisinin təqribən 20 faizi işğal altındadır, bir milyondan artıq azərbaycanlı amansız etnik təmizləməyə məruz qalıb. Bundan başqa, bütün hüquq normalarını pozmaqla Ermənistan silahlı qüvvələri hökumətin də iştirak etdiyi hərbi təlimlər keçirir. İşğal edilmiş torpaqların Suriya və Liviya qaçqınları ilə məskunlaşdırılma cəhdləri də davam edir. Bütün bu ehtiyatsız addımlar və neqativ elementlər münaqişənin sülh yolu ilə nizamlanmasına ciddi şəkildə əngəl olur”.

E.Məmmədyarov həmçinin qeyd edib ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin sülh sazişi ilə bağlı israrlı çağırışlarına baxmayaraq, münaqişə ilə bağlı məsələdə irəliləyiş yoxdur, belə ki, Ermənistan bütün bu çağırışlara məhəl qoymur: “Hesab edirik ki, bu münaqişənin nizamlanması məsələsində irəliləyiş əldə etmək üçün ATƏT-in Minsk Qrupu həmsədrləri və sülhməramlı missiyası Ermənistanı sülhə vadar etməklə bağlı tədbirlər görməlidir”.

Trend.az

02.06.2015 11:30

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*