Azərbaycanca

Elxan Süleymanov: “AŞPA sessiyası zamanı Azərbaycanla bağlı müzakirə edilməsi nəzərdə tutulan hər 3 məsələ bir-biri ilə əlaqəlidir”

29.09.2014 | 12:05

IMG_3611Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanovun APA-ya müsahibəsi

 

 

– AŞPA-nın payız sessiyasında Azərbaycanla bağlı hansı məsələlər müzakirəyə çıxarılacaq?

 

 

– AŞPA sessiyası 29 sentyabrda öz işinə başlayır. Sessiya zamanı Azərbaycanla bağlı bir neçə məsələnin müzakirəsi nəzərdə tutulub. Bunlardan biri sessiyanın ilk günündə plenar iclasda Büronun sentyabrın 2-də Parisdə keçirilmiş iclasının təsdiq edilməsi ilə bağlıdır. Bildiyiniz kimi Büro həmin iclasda Siyasi Məsələlər Komitəsində “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması”na dair məruzənin hazırlanması haqqında qərar qəbul edib. Büro iclasının protokolunun təsdiq edilməsi bizim üçün məhz bu səbəbdən xüsusi əhəmiyyət kəsb edir. Digər bir məsələ Sosial Məsələlər Komitəsində Sərsəng su anbarı ilə bağlı məruzəçinin məlumat qeydlərinin dinlənilməsidir. Üçüncü məsələ isə Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsində müzakirələrin keçirilməsi ilə bağlıdır.

 

 

– Sərsəng su anbarı ilə bağlı məruzədən gözləntiləriniz nədən ibarətdir?

 

 

– Əlbəttə ki, bu məruzənin obyektiv hazırlanacağına ümid edirik. Lakin bu məruzədən hər hansı böyük nəticələri gözləmək sadəlövhlük olardı. Bu məruzə qəbul edildikdən sonra nə torpaqlar dərhal azad edilən deyil, nə də Sərsəng su anbarının Azərbaycan üçün törətdiyi təhlükələr aradan qalxan deyil. Lakin əsas odur ki, biz Sərsəng problemini dünya miqyasında tanıtmağa müvəffəq olduq, Ermənistanın işğalçı olması ilə yanaşı, Sərsəngdən Azərbaycana qarşı bioloji silah kimi istifadə etmək cəhdlərini ifşa etdik, real humanitar fəlakətlə bağlı həyəcan təbilini çaldıq. Sərsənglə bağlı hazırlanacaq məruzə Azərbaycanın işğal altında qalan strateji obyektləri haqqında ilk sənəd olacaq.

 

 

Ümumiyyətlə, AŞPA-da bu məsələnin obyektiv araşdırılması və məruzədə əks etdirilməsinə qarşı çıxan ciddi qüvvələr mövcuddur və bu anti-Azərbaycan qüvvələr Sərsəng su anbarı ilə bağlı obyektiv sənədin hazırlanmasının qarşısını almağa çalışırlar. Bu sənədin qarşısının alınması üçün Ermənistan, böyük dövlətlər, beynəlxalq təşkilatlar, AŞPA baş katibi Voytsex Savitski və katiblik xüsusi canfəşanlıq göstərir. Düşünürəm ki, məruzəçi regiona səfər etməli, yerli əhali ilə söhbət etməli, reallıqla yerində tanış olmalı və bundan sonra məruzə hazırlamalıdır. Əks təqdirdə, hansı obyektiv məlumatdan söhbət gedə bilər? Və ya bu məlumatlar əsasında hazırlanacaq məruzə obyektiv ola bilərmi?

 

 

AŞPA-nın saytındakı məlumata əsasən, Sərsəng su anbarı ilə bağlı məruzənin 2015-ci ilin yaz aylarınadək hazırlanması nəzərdə tutulur. Belə olan halda məruzəçi ümumiyyətlə mövcud vəziyyətlə tam tanış ola bilməyəcək. Belə ki, işğalçı tərəf suya ciddi ehtiyac duyulan yay mövsümündə anbardan Tərtər çayına suyun axmasının qarşısını alır, əksinə suya az ehtiyac olan qış aylarında anbardan suyu buraxır. Bu vəziyyət məhsuldarlığı ciddi aşağı salır, torpağın bioloji strukturunun parçalanmasına və səhralaşmaya yol aşır və s. Odur ki, məruzəçinin ilin müxtəlif mövsümlərində, xüsusən də yay və qış aylarında bölgəyə səfər etməsi zəruridir. Əgər məruzə 2015-ci ilin yazınadək hazırlanacaqsa, məruzəçi vəziyyətlə əyani şəkildə yerində tanış olmadan bu məruzəni hazırlamalı olacaq. Bu isə məsələ ilə bağlı absurd bir vəziyyətin yarandığını göstərir. Bir məqamı da xüsusi vurğulayım ki, Katiblik məhz bu səbəbdən məruzəçinin bu yay regiona səfər etməsinə imkan yaratmayıb. Düşünürəm ki, Azərbaycan nümayəndə heyəti, Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edən Azərbaycan hakimiyyəti bu məsələni araşdırmalıdır.

 

 

– “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması”na dair məruzənin hazırlanması istiqamətində vəziyyəti necə dəyərləndirirsiniz?

 

 

– Qeyd etməliyəm ki, bu məsələ gündəmə gələndən həm Ermənistan hakimiyyəti, həm də AŞPA-da mövcud olan anti-Azərbaycan qüvvələr ciddi narahatlıq keçirirlər, bütün səylərini məsələnin ümumiyyətlə gündəlikdən çıxarılmasına səfərbər ediblər. Mən bu barədə mətbuat vasitəsi ilə ictimaiyyəti dəfələrlə məlumatlandırmışam və ona görə də yenidən bu məsələ üzərində dayanmaq istəmirəm. Sadəcə bir daha xatırlatmaq istərdim ki, AŞPA baş katibi Voytsex Savitski hələ Büroda sentyabrın 2-də qərar qəbul edilərkən, Ermənistanın maraqlarını müdafiə edərək məruzə hazırlanmaq üçün qəbul edilmiş başlığın Ermənistana münasibətdə təxribat xarakterli olduğunu bildirib. O, həmçinin, qeyd edib ki, 29 sentyabrda sənədə baxılarkən, əleyhinə çıxacaq və qəbul edilməsini əngəlləyəcək. Savitski bununla faktiki olaraq beynəlxalq təşkilatların, o cümlədən AŞPA-nın qərarlarına qarşı çıxmış olub, halbuki AŞPA daxil olmaqla, bütün beynəlxalq təşkilatlar Dağlıq Qarabağ və ətraf ərazilərin Ermənistan tərəfindən işğal edilməsi faktını hər zaman təsdiqləyib. Göründüyü kimi, Ermənistan tərəfi özünü işğalçı kimi göstərmək istəmədiyindən bu qədər narahatlıq keçirir və tərəfdarlarını səfərbər edib.

 

 

Onu da qeyd etməliyəm ki, Ermənistan tərəfi və onlara qəyyumluq edən anti-Azərbaycan qüvvələri plenar iclasda Büronun protokolunun təsdiq edilməsinin qarşısını almağa çalışacaqlar. Bu mümkün olmayacağı təqdirdə, onlar sonradan Siyasi Məsələlər Komitəsində öz nümayəndələrini məruzəçi təyin etdirməyə səy göstərəcəklər.

 

 

– Plenar iclasda Büronun qərarı təsdiq edilərsə, oktyabrın 1-də Siyasi Məsələlər Komitəsində kim məruzəçi təyin oluna bilər?

 

 

– Bu çox qəliz sualdır. Ancaq birmənalı olaraq deyə bilərəm ki, Azərbaycan əleyhinə olan qüvvələr və Ermənistanda dövlət səviyyəsində Avropa Şurasına üzv dövlətlərin deputatları ilə aparılan böyük işin nəticəsində şübhəsiz ki, onlar çalışacaqlar ki, məruzəçi Ermənistanın maraqlarına uyğun, başdansovdu bir məruzə hazırlayan şəxs olsun. Bu məruzə eyni zamanda böyük dövlətlərin və beynəlxalq təşkilatların strategiyasına uyğun olaraq 17 ildən artıq beynəlxalq ictimaiyyəti aldadan fəaliyyətsiz Minsk Qrupunun xəttini davam etdirsin. Ancaq biz məruzəçinin obyektiv insan olacağına ümid bəsləyirik.

 

 

– Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair müzakirələrlə bağlı mövqeyinizi bilmək istərdik.

 

 

– Mənim insan hüquqlarının vəziyyətinə dair müzakirələrlə bağlı birmənalı mövqeyim var. Bu mövqenin formalaşmasına uzun illər ərzində AŞPA və digər beynəlxalq təşkilatlarda apardığım müşahidələr xüsusi təsir göstərib.

 

 

Birinci müşahidəm ondan ibarətdir ki, Azərbaycan dövləti bu və ya digər məsələ ilə bağlı müstəqil mövqe nümayiş etdirən kimi bir çox beynəlxalq QHT-lər və beynəlxalq hökumətlərarası təşkilatların qurumları, o cümlədən Avropa Parlamenti və AŞPA sinxron olaraq ölkədə insan hüquqlarının pozulmasından, müxalifət və QHT nümayəndələrinin, jurnalistlərin, fəlların və s. həbs edilməsindən ciddi narahatlıq keçirmələri barədə iddialar qaldırırlar, sənədlər qəbul edirlər və heç bir sübut ortaya qoymadan bu sənədlərdə həbs edilənlərə qarşı saxta ittihamlar irəli sürüldüyünü iddia edirlər, onları siyasi məhbuslar adlandıraraq qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edirlər.

 

 

Bununla bağlı qeyd etməliyəm ki, Avropa Şurasının “siyasi məhbus” anlayışına dair hüquqi meyarları özündə əks etdirə biləcək məruzə 89/89 nisbəti olmaqla, AŞPA üzvlərinin səs çoxluğu əsasında deyil, prosedur qaydalarına görə qəbul edilib. Odur ki, həmin meyarların etibarlılığı şübhə doğurur. Digər tərəfdən, siyasi məhbus olduğu iddia edilən hər bir şəxs konkret cinayət əməlləri törətdiklərinə görə məsuliyyətə cəlb edilib və həmin şəxslər barədə məhkəmələr tərəfindən qərarlar qəbul olunub. Onlar milli məhkəmələrin qərarlarına etiraz etdikləri təqdirdə, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək hüququna malikdirlər.

 

 

Beləliklə, siyasi məhbus məsələsi hüquqi məsələdir və bu məsələ siyasi müstəvidə deyil, hüquqi müstəvidə həll edilməlidir. Bu siyasətçilərin və QHT-lərin həll edəcəyi iş deyil. Odur ki, siyasi məhbus olması iddia edilən hər bir məhbusla bağlı iddiaçı tərəf (beynəlxalq və yerli QHT-lər, beynəlxalq təşkilatlar və s.) məhkəmə iddiası qaldırmalıdır və kimin siyasi məhbus olub-olmamasını məhkəmə müəyyən etməlidir. Lakin opponentlərimiz sırf hüquqi məsələni siyasi müstəvidə saxlayaraq, onun təzyiqlər və de-fakto şantaj vasitəsilə həllinə nail olmaq istəyirlər. Onlar hüquqi məsələlərin hüquqi müstəvidə həll olunmasını qətiyyən istəmirlər. Bəs bunun səbəbi nədir?

 

 

Bu suala aydınlıq gətirmək üçün mən beynəlxalq təşkilatlarda apardığım ikinci müşahidəmi diqqətinizə çatdırmaq istərdim. İkinci müşahidəm Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı məsələsinin gündəliyə gətirilməsi ilə bağlıdır. Azərbaycan tərəfi ölkəmiz üçün prioritet problem olan işğal məsələsinin gündəliyə gətirilməsində aktivlik göstərən kimi dərhal Azərbaycanda insan hüquqlarının vəziyyətinin ciddi şəkildə pisləşdiyini iddia edən kampaniyalara start verilir. Mən əminəm ki, bu dəfə də belədir. Azərbaycan Sərsəng su anbarının işğal altında qalması nəticəsində ciddi təhlükə mənbəyinə çevrilməsini, istənilən an bölgədə humanitar böhran yarada biləcəyini və s. gündəmə gətirib, gərgin səylər nəticəsində Sosial Məsələlər Komitəsində məruzəçinin təyin edilməsinə nail olub. Bunun ardınca bütün anti-Azərbaycan maneələri dəf edərək, Büroda “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması”na dair məruzənin hazırlanması haqqında qərarın qəbul edilməsinə nail olduq.

 

 

Fikir verin, vaxt baxımından bu vacib qərarların qəbul edilməsi üçün Azərbaycan tərəfi son 7-10 ay ərzində xüsusi fəallıq göstərib. Maraqlıdır ki, məhz bu müddət ərzində ölkəmizə qarşı insan hüquqları sahəsində vəziyyətin pisləşməsi iddiaları başlayıb və bir müddət sonra, yuxarıda qeyd etdiyim kimi, kampaniya şəklini alıb. Beləliklə, görürük ki, insan hüquqlarının vəziyyətinin pisləşməsi bəhanəsi ilə ölkəmizə qarşı aparılan kampaniyada əsas məqsəd Azərbaycanı beynəlxalq təşkilatlarda işğal məsələsini qabartmaqdan əl çəkməyə məcbur etmək və ərazilərin işğaldan azad edilməsi məsələsini unutduraraq gündəmdən çıxarmaq, Ermənistanı öz çətiri altında saxlayaraq ona qarşı hər hansı sanksiyaların tətbiq edilməsinə yol verməmək üçün bu kimi qondarma məsələlərlə məşğul etmək və daim siyasi təzyiq altında saxlamaqdır. Mən əminəm ki, biz ölkəmizdə insan hüquqlarının vəziyyətinə dair müzakirələrə məhz bu müstəvidə baxmalıyıq. Nəhayət, yuxarıda qeyd edilənlər göstərir ki, AŞPA sessiyası zamanı Azərbaycanla bağlı müzakirə edilməsi nəzərdə tutulan hər üç məsələ bir-biri ilə sıx əlaqədədir.

 

 

“KarabakhİNFO.com”

29.09.2014 12:05

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*