Azərbaycanca

“Erməni dəhşətini ilk dəfə həmin gün gördüm”

23.08.2014 | 14:15

mobil-sekilFüzuli rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 21 il ötür. Rayonun müdafiəsi necə təşkil olunmuşdur? Füzulini qoruyub saxlamaq mümkün idimi? Mövzu ilə bağlı Füzuli rayonunun müdafiəsinin əsas təkilatçılarından biri olmuş Mobil Yusifovla söhbət etdik.

 

 

Mobil Yusifov 13 dekabr 1955-ci ildə Füzuli rayonunun Gecəgözlü kəndində anadan olub. Ailəsi 1961-ci ildə Füzuli şəhərinə köçüb. 1978-ci ildə Azərbaycan Politexnik İnsititutunu bitirib. 1991-ci ildən Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olub.
2014-cü ildə Silahlı Qüvvələrdən ehtiyata tərxis olunub. Ehtiyatda olan mayordur.

 

 

Mobil müəllim söhbətimizə Füzulinin xoşbəxt günlərindən və fərəhli gənclik illərindən xatirələrlə başladı: “1963-cü ildə Sərdarov adına orta məktəbə daxil oldum, 1973-cü ildə Natavan adına 2 saylı şəhər məktəbinin 10-cu sinfini bitirdim. Uşaqlıqdan elmə, idmana həvəs göstərmişəm. Güləş üzrə dəfələrlə rayon, respublika məktəbliləri spartakiadasının çempionu olmuşam. İdmana həvəsimiz oxuduğumuz məktəb yaradırdı. Füzuli şəhərində 4-cü sinifdən 8-ci sinfə qədər internat məktəbi vardı. Orda hər cür şərait, gözəl müəllimlər vardı. Adama həm elmi, həm idmanı, həm həyatı, həm dostluğu, vətənpərvərliyi öyrədirdilər. İnstitutda oxuyanda artilleriya üzrə zabit kimi hazırlanırdıq. 1978-ci ildə SSRİ Müdafiə nazirinin əmri ilə mənə leytenant rütbəsi verildi. İnstitutu bitirib rayona qayıtdım. Müharibəyə qədər rayonda tikinti trestində işlədim”.

 

 

“Müharibənin dəhşətini ilk dəfə onda gördüm”

 

 

Mobil Yusifov Qarabağ müharibəsi başlayandan rayonun özünü müdafiə prosesinə qoşulub. Deyir ki, xalq hərəkatının Qarabağ bölgəsində hədəfi müstəqillik və ya hakimiyyət məsələsi deyildi: “Əsas məqsəd Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) ətrafında olan rayonların müdafiəsinin təşkili idi. 13 fevral 1988-ci ildə Xankəndində ilk çoxminli mitinq olmuşdur. Həmin gün Füzuli şəhərinin “Ağdam döngəsi” deyilən ərazisində gördüklərim xalqlar dostluğu, ermənilər haqqında fikrilərimi at-üst etdi. Qonşu Hadrut rayonunun azərbaycanlılar yaşayan kəndlərindən bir neçə maşın qadın, uşaq, yaşlı kişi gətirdilər. Gözlərində dəhşət, özləri isə yarıçılpaq vəziyyətdə olan bu insanları ermənilər qovmuşdu. Xankəndindəki mitinqdə coşdurulmuş ermənilər öz kəndlərinə qayıdanda azərbaycanlılara hücum etmişdilər. Həyatımda dəhşətlə xatırladığım günlərdən biri həmin gündür. O zaman mən müharibə dəhşəti görməmişdim. Böyük Vətən Müharibəsindən şəkillər, filmlər görmüşdüm. Ancaq erməni dəhşətini ilk dəfə həmin gün gördüm. Yaşlı adamlar, balaca uşaqlar yarıçılpaq vəziyyətdə idilər”. 1988-ci ilin payızına doğru Azərbaycanda da xalq hərəkatı genişləndi. Qarabağ münaqişəsi daha da dərinləşdi. O zaman sərhəd rayonlarında könüllü birliklər, özünü müdafiə hissələri yaranırdı: “1988-ci ildə Füzuli şəhərində ilk özünü müdafiə dəstələri yaratmağa başladıq. Eyni zamanda Qarabağ Xalq Yardımı Komitəsindən də istifadə edirdik. Onların yardımı ilə Tuğ və digər kəndlərə gedirdik”.

 

 

“Müharibə başlamazdan əvvəl ermənilər Azərbaycan kəndlərinə gəlir, baha qiymətə ov silahlarını alıb aparırmışlar”

 

 

Mobil müəllim deyir ki, müharibədə uduzmağımızı əsas səbəblərindən biri də ermənilərin müharibəyə əvvəldən hazırlaşmaları idi: “Biz sonradan bildik ki, ermənilər müharibəyə hazırlaşırmış. Çünki hələ hadisələr başlamazdan çox əvvəl ermənilər Azərbaycan kəndlərinə gəlir, baha qiymətə ov silahlarını alıb aparırmışlar. Biz o zaman buna əhəmiyyət vermirdik. Sonradan məlum oldu ki, onlar azərbaycanlıları silahsız qoymağa çalışırdılar.”

 

 

“Ruslar erməniləri himayə edirdi”

 

 

Mobil Yusifov əqidədaşları ilə birlikdə 1989-cu ildən könüllü dəstələr yaratmağa başlayır: “O zaman bu işə rayon rəhbərliyini də cəlb etmişdik, onlar bu işdə biz kömək edirdilər. Yaratdığmız onluq (manqa), yüzlük (bölük) dəstələri sərhəd bölgələrinə gedərək keşik çəkirdilər. 1988-ci ilin noyabrından rus qoşunları Füzuli rayonuna yerləşdirilməyə başladı. Ruslar erməniləri himayə edirdilər. Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərində (Hadrut və Martuni rayonları) tərəflər arasında rus silahlıları yerləşdirildilər. Evlər çox yaxın idilər. Bir detal mənim yadımda qalıb. Rus əsgərləri arxasını ermənilərə, silahı isə azərbaycanlılara sarı çevirirdi. Bununla da rus qoşunlarının bölgəyə niyə gəldiyi, kimdən ötrü gəldiyi bəlli olurdu. 1989-cu ildə Füzulidə fövqəladə vəziyyət elan olundu. Qarakənd qəzasında həlak olan general Kovalyov (o zaman polkovnik idi) da komandant idi. Kovalyov bizi erməni kəndlərinə apardı. Bir neçə dəfə mən getmişəm. Guya danışıqlar aparmağa gedirdik, hər dəfə də bizi orda atıb aradan çıxırdı. Yəni ruslar münaqişəni yatırmağa deyil, sanki alovlandırmağa gəlmişdilər. Sülhün qorunması, münaqişənin qarşısının alınması rus zabitlərinin marağında deyildi. 1989-cu ildə münaqişə alovlandı. Ağdamda ilk şəhidlər verildi. O zaman Füzulidə də şəhid verdik. Camaat yığılıb Ağdama gedirdi, yolda avtobusu saxlamışdılar. Bir nəfər öldürülmüşdü. 1988-ci ildə Ermənistandan azərbaycanlıların qovulması ilə münaqişə geridönməz hal aldı. O zaman biz 200 azərbaycanlı qaçqın ailəsini Füzulidə yerləşdirdik. Həmin vaxt erməniləri də Füzulidən çıxardıq. Maraqlıdır ki, ermənilərin bizdən bir fərqli cəhətini də onda gördüm. Onlar heç yerə getmək istəmir, Füzulidə qalmaq istəyirdilər. Biz ermənilər qarşı zorakılıq tətbiq etmədik. Ancaq raykom rəhbərləri bizə mane oludular. Hətta “drujina” deyilən dəstələr bizə zorakılıq edirdilər”.
Ruslar münaqişə alovlandıqdan sonra da ermənilərə kömək edirmişlər. Mobil Yusifov deyir ki, 366-cı alay ermənilər tərəfdə vuruşur, muzdlu rus zabitləri, hərbi mütəxəssisləri ermənilərə kömək edirdi: “1992-ci ilin aprelində Füzulinin Cəmilli kəndini ermənilər işğal etdilər. Biz onları kənddən vurub çıxardıq. O zaman Müdafiə Nazirliyindən də bizə kömək etdilər. 3 vertolyot göndərmişdilər. Mən o döyüşdə ermənilər tərəfində vuruşan rus hərbçilərini gördüm. Ermənilər tərəfdə kazaklar da döyüşürdü”.

 

 

“Bir batalyon yaradır, bir aydan sonra ləğv edib, başqasını təşkil edirdlər”

 

 

Füzulidə ilk rəsmi hərbi birləşmə 1991-ci ilin dekabrında yaradılır. Müdafiə Nazirliyinin qərarı ilə Füzuli rayonu üzrə ərazi özünü müdafiə batalyonu təşkil edilmişdir. Ehtiyatda olan kapitan Telman Hüseynov batalyonun komandiri təyin edilir. 1992-ci ilin fevralında batalyonun komandiri təyin olunmuş Mobil Yusifov deyir ki, buna qədər rayonun müdafiəsində fəallıq göstərmiş könüllülərin xeyli hissəsi bu batalyona daxil edildilər: “Bizim təklifimizlə batalyonun bölüklərindən birinə Elxan Yusifovu təyin etdilər. Elxan çox vətənpərvər, igid oğlan idi. Rayonun müdafiəsində də yaxından iştirak etmişdi. Sonra şəhid oldu”.

 
Füzulinin Dağlıq Qarabağla sərhədi 118 kilometrdən çoxdu. Keçmiş döyüşçü deyir ki, əsas yüksəkliklər ermənilərdə idi və maraqlıdır ki, bunu DQMV yarananda bilərəkdən etmişdilər: “Bu tək DQMV-da deyildi. Ermənistanla sərhəddə də əsas strateji yüksəkliklər ermənilər tərəfdə qalmışdır. Ermənilərin Füzuliyə həmləsi daim Hadrut istiqamətindən gözlənilirdi. Martunidən fərqli olaraq bu ərazi texnikanın hərəkəti üçün əlverişli idi”. Ehtiyatda olan mayor deyir ki, Füzulinin işğalına səbəb olan qüsurlardan biri də nizami hərbi hissələrin olmaması, yaradılan hərbi hissələrin tez-tez dəyişdilməsi, yenidən təşkili olub: “Əvvəl Füzulidə 1 batalyon vardı. Bir neçə aydan sonra batalyonların sayı 3-ə çatdırıldı. Füzuli ərazi özünü müdafiə batalyonundan başqa Tuğ bölüyü, Günəşli bölüyü yarandı. Sonra 3 batalyonun bazasında 1992-ci ilin mart ayında 868 saylı alay yarandı. Bir batalyon formalaşmağa başlayanda onun yanında başqa bir bölük yaranırdı. Bu bölük formalaşmağa başlayanda ləğv edib, başqasını yaradırdılar. Sonra polk yaratdılar. Bir aydan sonra ləğv edib briqada yaratdılar. Yeni yaranan briqadada isə kadr çatışmırdı”.

 
Mobil müəllim deyir ki, Dağlıq Qarabağla 118 km sərhədi olan Füzulidə müdafiəni təşkil edə biləcək lazımi qüvvə yox imiş: “Füzuli müdafiə rayonunda nə hərbi texnika, nə canlı qüvvə normativə uyğun deyildi. Füzulidəki müdafiə sistemi batalyonlar üzrə bölüşdürülmüşdü. Müdafiə Nazirliyi səviyyəsində sistemli müdafiə qurulmamışdı. Qarşıda 3 batalyon vardı. Mənim batalyonum Martunidən Qacar kəndində qədər ərazini qoruyurdu. İkinci batalyon Qacar kəndindən Arış kəndinə qədər. Arışdan Qaradağlı kəndində qədər isə üçüncü batalyonun müdafiə zonası idi. Biz orada istehkamlar qurmuşduq, səngərlər qazmışdıq. Ancaq bizim qarşıdakı düşmən barədə lazımi kəşfiyyat məlumatlarımız yox idi. Bu məlumatlar Müdafiə Nazirliyi Baş qərargahında toplanır. Kəşfiyyat bizim səlahiyyətimizdə olan məsələ deyildi. Biz ancaq yerli uşaqları gecə göndərirdik, lazımi məlumatları gətirirdilər”.

 

 

1992-ci ilin aprelində Füzulidə 702 saylı briqada yaradılır. Briqadanın ilk komandiri polkovnik İsa Qasımov təyin edilir. İşğala qədər Füzulini həmin briqada qoruyub. Bu briqada isə bir neçə dəfə komandir dəyişdirilib. Mobil Yusifov deyir ki, rayonu qoryub saxlamaq mümkün idi. İnsanların döyüş ruhu yüksək idi, sadəcə müdafiəni təşkil etmək lazım idi: “Müharibə qanunlarına əsasən mülki əhali zonadan köçürülməlidir. Hərbçi bölgəni tərk edirsə, mülki əhalinin orda qalması labüd ölüm, qırğın deməkdir”.

 

 

Elman Cəfərli

 

 

“KarabakhİNFO.com”

 

 

 

23.08.2014 14:15

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*