Azərbaycanca

Erməni dərsliklərində Azərbaycan və Türkiyə düşmənçiliyi

04.03.2014 | 17:57

1393941298_imagesGənc tədqiqatçı Salidə Şərifova araşdırmasında haqlı olaraq qeyd edir ki, Ermənistan tərəfindən Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər ərazilərinin işğalı “Dənizdən-dənizə Ermənistan” riyakar planının realizə edilməsinin növbəti “icra pilləsi”dir. Ermənistanda yaşayan və dünyaya səpələnmiş ermənilər, o cümlədən gənc erməni nəsli arasında, Dağlıq Qarabağın anneksiya edilməsini “milli-azadlıq mübarizəsi” kimi görüşlərin formalaşdırılması istiqamətində məqsədyönlü siyasi kurs davam etdirilir. Hətta, bu “mübarizənin” son məqsədlərə çatmadığı və orta perspektivlərdə Naxçıvan və “şimali Qarabağın” “azad edilməsi” üçün yenidən müharibənin başlanacağı tezisləri erməni gənclərinə aşılandırılır.

 

Ermənistan təhsil sistemində bağçadan başlayaraq ali məktəb səviyyəsinə qədər onlara aşılanır ki, azərbaycanlılar (türklər) vəhşi, qaniçən və ermənilərin “tarixi torpaqlarına” sahib çıxan işğalçıdırlar. Ermənistanda türk düşmənçiliyi dövlət siyasəti səviyyəsinə qaldırılıb. Uşaq bağçalarından tutmuş, ən yüksək dövlət orqanlarına qədər insanlar türk, Azərbaycan düşmənçiliyi ruhunda tərbiyə edilir. Erməni dərsliklərində uydurma erməni soyqırımı barədə məlumatlar verilir, türkə düşmənçilik təbliğ edilir. Eyni zamanda Azərbaycan ərazilərinin işğal faktları təsdiqlənir.

 

Bir çox tutarlı faktlar var ki, orta məktəbdən başlanaraq yeniyetmlər və gənclər Azərbaycana qarşı və türk millətinə yönəlik qisas ruhunda böyüdülür. Keçən il, Ermənistanda erməni dili və ədəbiyyatı müsabiqəsində çıxış edən və erməni şovinist ruhunda böyüyən şagirdlərdən biri Sarkisyan ilə görüşüb və ona “Ağrı dağı ilə birlikdə Qərb torpaqlarımızı ala biləcəyikmi?” sualını verib. “Bu, sizin nəslinizə bağlıdır. Misal üçün, mənim nəslim öz üzərinə düşən vəzifəni yerinə yetirdi. Biz, Arsaxı (Qarabağı) düşmən əlindən qurtardıq. Hər nəslin bir tapşırığı var. Bu da sizin tapşırığınızdır”- cavabını verən işğalçı dövlətin prezidentinin bu sözləri bir daha sübut edir ki, multikulturalizm və mədəniyyətlər arası dialoqun inkişaf etdiyi bir zamanda ermənilər öz gənclərini başqa millətlərə nifrət ruhunda böyüdürlər.

 

Tarix elmləri doktoru, professor K.Şükürov qeyd edir ki, İrəvan Universitetinin nəşr edilən “İstoriya Armenii” kitabında ermənilər öz ölkələrinin ərazisi ilə bağlı təhrif edilmiş məlumatlar yayır: “Onlar hesab edirlər ki, Ermənistanın bir hissəsi də Türkiyənin içindədir. Onlar bu dərsliyin kontekstində yetişmiş adamlardır. Bunların hamısı o ideya ilə yaranıb”.

 

Araşdırmalarımız zamanı məlum olur ki, ermənilərin tarix dərsliklərində də türklər və Azərbaycan, Türkiyə barədə “gəlmə türklər”, “vəhşi türklər”, “vandalizmin vətəni” kimi ifadələr işlənir.

 

Hal-hazırda Ermənistanda “Ksenefobiyanın qarşısının alınmasına təşəbbüs” qeyri hökumət təşkilatı tərəfindən və “Açıq Ermənistan” və “Baku.am” portallarının maliyyə dəstəyi ilə http://azerichild.info saytı yaradılıb və bu sayt vasitəsilə erməni gənclərinə, uşaqlarına və yeniyetmələrinə Azərbaycan xalq nağıllarındakı müəyyən obrazları müasir dövrün insanları ilə eyni cürə qələmə verilməsi faktına rast gələ bilərik. Məhz bu saytdan qaynaqlanan baxça müəllimələri 3-6 yaşlı ermənilərə Azərbaycanlıların “vəhşi” və “barbar” olduqların aşılayırlar.

 

Jurnalist Əkrəm Bəydəmirli yazır: “Təkzibolunmaz  faktlar  bir daha təsdiqləyir ki, erməni dərslikləri uzun illərdir qisas almaq vasitəsinə çevrilib. Araşdırmalar bunu bir daha təsdiqləyir ki, dünyada  ermənilər öz uşaqlarını qonşu xalqlara nifrət ruhunda böyüdürlər. Onlar  beşikdən uşaqlara “türklər sənin düşmənindir”, “türk sənin qanını içib”- deyə təbliğat aparırlar.” Bu fakt bir daha fikirlərimizin doğruluğunu sübut edir.

 

Akademik Vladimir Barxudaryan SSRİ-nin dağılmasından sonra dərc edilmiş erməni tarixinin birinci dərsliyinin müəllif tərkibinə başçılıq edənlərdən biri olaraq hələ tam olaraq erməni tarix dərsliklərinin yetəri qədər “həqiqətləri” yazmadığını deyir. O, indi erməni tarixi üzrə dərslikləri redaktə etməyi vacib sayır və  iddia edir ki, Xocalıda və Sumqayıtda baş verən “erməni qırğınlarını” yenidən işləmək lazımdır və erməni gənclərinə bu iki ərazidə baş verənlərin əslin başa salmaq lazımdır. O, hesab edir ki, ermənilərin Xocalıda və Sumqayıtda yaşadıqları “qətliamları” bilməyə haqqları var. 1915-ci il “soyqırımını erməni dərsliklərində təsvir edən tarixçi Ruben Saakyan  emosional amilin təsirinin effektli olması üçün mütləq orada faciələri anları geniş surətdə yazmağı vacib sayır.

 

Yerevan Dövlət Universitetinin Tarix fakultəsinin dekanı Edik Minasyan hesab edir ki, müasir erməni tarix dərslərində mütləq 1915-ci il hadisələrinin Türkiyənin Ermənistan torpaqlarına “hücumu” kimi yazılmalıdır. Çünki, türklər ermənilərin “əzəli” torpaqlarına hücum edərək onların “ana yurdlarını” əllərindən almış və  “soyqırıma” məruz qoyublar.

 

Ermənilərin ədəbiyyat dərsliklərində Türkiyədə hərbi andına xəyanət etdiyinə görə bir qulağı kəsilməklə cəzalandırılmış Andronikin  qisasının alınması üçün yazlan sitata nəzər salaq: “Samvel öz əsgərlərinə müraciət edərək deyir-Türkləri yaxalayıb qulaqlarını kəsəndə hər şeyi unudacağıq”. Bu kimi sözləri 1988-ci illərdən kitablarda oxuyan ermənilər qəddar və cinayətkar əməlləri Azərbaycanın dinc sakinlərinə  qarşı törətməyə başlamışlar.

 

Erməni ideoloqlarından biri olan, yazıçı Silva Kaputikyanın araşdırmalarından biri erməni dərsliklərinə belə bir formada əlavə edilir: “Kolumbun Santa – Mariya gəmisində bizim həmyerlimiz Martirost olub və erməni-dili də o dillərdən biri idi ki, sahilə düşən dəniz səyahətçiləri yerli əhali ilə tərcüməçi Tores vasitəsilə məhz bu dildə bir-birilə danışmağa çalışıblar”.

 

Bu sadəcə savadsızlıqdan əlavə eyni zamanda cahilliyin bir nümunəsi, erməni yalanın hədsiz bir ölçüdə olmasının göstəricisidir. Onların tarix dərslərində belə bir uydurma erməni gənclərində “Amerika qitəsinin yerli sakinlərinin erməni” olmasına dair fikrin aşılanmasına gətirib çıxardır. Bu yerdə sadəcə şərhsiz sözü yazmaq kifayət edər.

 

Erməni ali məktəblərində keçirilən tarix  dərslərində Osmanlı Türkiyəsi “sultan hakimiyyətinə qarşı çıxanları asan, dərilərini boğazlarından çıxan, qadınların namuslarına təcavüz edən, tərbiyəsizliyi davranış modelinə döndərmiş adamlar tərəfindən idarə edilən dövlət” kimi deyilir və Azərbaycan isə tarixdə heç vaxt dövlətçiliyi olmayan, yalnız 1918-ci ildə gürcü və ermənilərin müstəqillik savaşlarının nəticələrindən bəhrələnərək respublika yaratmış ölkə olduğu öyrədilir. Türkiyə ilə Azərbaycanın əhalisi, mentalitet, mədəniyyət və davranışı Qərb sivilizasiyasından çox uzaq bir dövlət kimi gənc tələbələrə aşılanır.

 

Erməni tədqiqatçısı Emma Xanzadyan isə 1967-ci ildə İrəvanda çap etdirdiyi “Dağlıq Ermənistanın mədəniyyəti” kitabında göstərir ki, Ermənistanın ərazisi eramızdan əvvəl 3-cü minillikdə 300 min kv.km olub. Hazırda erməni dərsliklərində coğrafiyaşünas-alimlər – Qriqor Avakyan və Andronik Bağdasaryan “Ermənistan coğrafiyası” dərsliyində Ermənistan ərazisinin 300 min deyil, 400 min km2 olduğunu yazırlar. Onların “coğrafi” kəşflərinə görə, Muğan düzü guya Muxan adlı bir erməniyə məxsus olub. Guya Kəlbəcərin əsl adı Karvacardır. Erməni dilində daşsatan deməkdir. Ermənistanın sərhədi Azərbaycanla Gürcüstan sərhədində Kürün hər iki tayını birləşdirən “Qırmızı körpü”dən başlayaraq Kürün qərb sahili boyunca Arazla qovuşduğu Sabirabada qədər enir.

 

Erməni təhsil sistemində Jan Radvanyi tərəfindən tərtib edilən xəritə daha çox müraciət olunandır. Xəritədə Azərbaycan ərazisində yerləşən Naxçıvan və Türkiyənin Qars Ərdəhan, İqdır və s. şəhərləri ermənilərin tarixi torpaqları kimi təqdim olunur. Bundan əlavə, xəritədə erməni ərazisi kimi Gürcüstanın Axalkalaki bölgəsi və Qarabağ da göstərilir. Müəllif yazır: “Əsl Ermənistan ərazisi İstanbuldan Moskvaya Tiflisdən Bakıya qədərdir. Qafqazda 1844-cü ildə yaradılan və paytaxtı Tiflis olan əhalinin əksəriyyəti erməni olub və ermənilər bu canişinlikdə sənaye, incəsənət və mədəniyyət sahəsində əsas rol oynayıblar”.

 

Digər bir tədqiqatçı Bakur Karapetyan isə 1985-ci ildə İrəvanda nəşr olunan “Sovetakan qrakametyun” jurnalının 9-cu sayındakı “Raffinin izi ilə” məqaləsi əsasında erməni doktorantları elmi işlər yazırlar. Erməni tarixinə aid bir neçə elmi işdə  Azərbaycanlıları qəsbkar türk, qaraçı tayfa adlandırılır.

 

Erməni folklorşünasları “Koroğlu” ilə birlikdə başqa Azərbaycan dastanlarını da iqtibas edərək onları erməni məişət və psixologiyasına, erməni ədəbi baxış və fəlsəfəsinə uyğunlaşdırmağa çalışaraq, onları öz tədqiqatları kimi qələmə vermişlər.  Müasir erməni folklorşünasları isə “Koroğlu”nu tarixi şəraitlə əlaqələndirib özününküləşdirməyə də cəhd edirlər. Erməni folklorşünas alimləri eqoistcəsinə sübut etməyə çalışırlar ki, “Koroğlu” dastanının variantlarını onlar erməni xalqı içərisindən toplamışlar və azərbaycanlılar onlardan iqtibas etmişlər.

 

Hal-hazırda “Koroğlu”, “Aşıq Qərib”, “Fərhad və Şirin” dastanlarından başqa hələ inqilabdan əvvəl bir sıra başqa Azərbaycan dastanları da (“Əsli və Kərəm”, “Leyli və Məcnun”, “Tahir və Zöhrə” və s.) geniş məlum olmuş, onlar yazıya köçürülərək, erməni dilində kitabça şəklində çap etdirilmişdir və Ermənistan ali məktəblərində bu əsərlər erməni folklor nümunələri kimi tədris edilir.

 

Bu barədə daha çox yazmaq olar. Sadəcə bir faktı qeyd etmək yerinə düşər.”Qan tökməsək azadlığa qovuşa bilmərik” şüarını əllərində əsas tutan erməni tədris sisteminin gələcəkdə region üçün hansı fəsadlar törədəcəyin bilmək çox asandır.

 

 

Zaur Əliyev ,

AMEA-nın əməkdaşı,

Siyasi elmlər üzrə fəlsəfə doktoru

 

 

 “KarabakİNFO.com”

 

 

04.03.2014 17:57

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*