Azərbaycanca

Erməni həyasızlığının növbəti nümunəsi

29.01.2013 | 16:08

1359463708_desenvolvimento-de-sites-internet-brasilErmənilər xüsusi internet portalları yaradıb sırf antiazərbaycan təbliğatı aparırlar

Bu gün antiazərbaycan təbliğatını aparan ölkələrin sayı az deyil. Amma bunların arasında öz həyazılığı ilə seçilən şübhəsiz Ermənistan və erməni lobbi təşkilatlarıdır. Azərbaycan torpaqlarını işğal etmiş, bir milyon insanımızı qaçqın və məcburi köçkünə çevirmiş düşmən, xalqımızın mənəvi-psixoloji durumunu sarsıtmaq, eyni zamanda xalqımızı xaricdə “sadist”, “cinayətkar” kimi tanıtmaq üçün hər cür addım atırlar. Onlar  bu baxımdan müasir informasiya kommunikasiya texnologiyalarından istifadə edərək beynəlxalq aləmdə azərbaycanlıları qorxunc xalq kimi göstəməyə çalışırlar. Bundan başqa xüsusi internet portalları yaradıb sırf  anti-Azərbaycan təbliğatı aparırlar. Eləcə də xalqımıza və dövlətimizə qarşı yönəldilmiş, milli mənafeyimizə qarşı zidd məlumatlar yayırlar. Yəni Ermənistanın Azərbaycan əleyhinə fəaliyyəti təkcə hərbi-siyasi, iqtisadi, mədəniyyət sahələrini deyil, hətta kriminal xəbərlərin yayılmasında da özünü göstərir. Təəssüf ki, soydaşlarımız çox vaxt daşın hardan atılmasına diqqət yetirmirlər, hətta bəzi xəbər agentlikləri, televiziyalar ermənilərin yaratdıqları anti-Azərbaycan saytlarının xəbərlərini yayırlar. Rusiyada fəaliyyət göstərən “regnum.ru” internet portalının dəfələrlə Azərbaycan əleyhinə məlumat yaymasının şahidi olmuşuq. Bir müddət keçəndən sonra bizə məlum oldu ki, “regnum”un sahibləri elə ermənilərdir. Belə saytların sayı çoxdur.

Məsələn, “criminalazerbaijan.com” saytında Azərbaycanda baş verən kriminal hadisələr, eləcə də xaricdə azərbaycanlılarla əlaqəli kriminal hadisələr elə dəhşətli şəkildə təqdim olunur ki, həmin sayta baxan kimi bunun düşmən əməli olduğunu anlamaq mümkündür. Həqiqətən də belədir. Məsələn, azərbaycanlıları cinayətkar kimi tanıdan “criminalazerbaijan.com” saytı işğal altındakı Şuşa şəhərində Azatamartik-15 ünvanında yaşayan Anait Muradyan adlı bir erməninin adına 2009-ci ilin martında qeydiyyata alınıb.

Saytda antiazərbaycan təbliğatı ilə məşğul olan isə Tiqran Koçaryan adlı bir şəxsdir. Bunu sadəcə olaraq ermənilərin azərbaycanlıları cinayətkar kimi təqdim etməsi cəhdi kimi qiymətləndirmək düzgün deyil. Çünki Tiqran Ermənistan güc strukturlarının sifarişini yerinə yetirən bir adamdır. Ona görə də Ermənistanın xüsusi xidmət orqanlarının, erməni hakimiyyətinin, Dağlıq Qarabağdakı separatçıların sifarişi, tapşırıqları əsasında fəaliyyət göstərən saytın fəaliyyətin mahiyyətində daha dərin məsələlər dayanır. Məqsədləri ondan ibarətdir ki, azərbaycanlıları dünyada “kriminal xalq” kimi tanıtsınlar, bunun arxasınca isə desinlər ki, ermənilər belə bir xalqla birgə yaşaya bilməz.

Bu cür çirkin əmələri yalnız ermənilər edə bilər. Ermənilər müasir informasiya texnologiyalarından müxtəlif cinayətlər, məqsədyönlü qanunsuz əməllər törədilməsi üçün, o cümlədən terror məqsədi ilə istifadə edirlər. Lakin kibercinayətkarliğın, xüsusilə də kiberterrorçuluğun getdikcə daha ciddi xarakter alması bu təhlükələrin qabaqlanması istiqamətində Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi zərurətini artırıb (mns.gov.az).

“Bu sahədə qanunsuz əməllərə qarşı mübarizə müvafiq texniki avadanlıqların mövcudluğunu, habelə yüksək texnologiyalara dair xüsusi bilik və bacarıqlara yiyələnməyi tələb edir. Son illər ərzində məhz göstərilən sahələrə diqqət artırılıb, eləcə də ölkəmizin kibertəhdidlərə qarşı mübarizə imkanlarının təkmilləşdirilməsi istiqamətində adekvat tədbirlər görülüb.

Artıq bütün dünyaya məlumdur ki, Ermənistan respublikası və separatçılar işğal olunmuş ərazilərimizdə qeyri-qanuni fəaliyyət göstərirlər. Dağlıq Qarabağdakı separatçı-terrorçu qurum atəşkəs rejimindən istifadə edərək beynəlxalq aləmdə müstəqil dövlət kimi tanınmaq məqsədi ilə son illər ərzində zəruri “dövlət institutları”  təsis edib, bir neçə ölkədə öz “nümayəndəlik”lərini açıb. 2001-ci ilin mart ayından bu ərazilərdə yaşayan vətəndaşlara onların qondarma qurumun və Ermənistan Respublikasının vətəndaşı olduqlarını təsdiq edən yeni “pasportlar”ın verilməsinə başlanıb.”

MTN-in məlumatına görə,  1989-1994-cü illərdə erməni separatçıları və terrorçuları tərəfindən Azərbaycan ərazisində 373 terror aktı törədilib. “Nəticədə 1568 nəfər ölüb, 1808 nəfər yaralanıb. Azərbaycan Respublikası, eləcə də xarici ölkələrin məhkəmələri tərəfindən prosessual qaydada sübuta yetirilib ki, həmin terror aktlarının 32-si Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının bilavasitə iştirakı ilə Azərbaycanın işğal olunmuş ərazilərindən istifadə edilməklə, cəbhə xəttindən yüz kilometrlərlə aralıda yerləşən yaşayış məntəqələrində həyata keçirilib.

Azərbaycanda mülki əhaliyə qarşı terrorçu fəaliyyətin bilavasitə Ermənistan Respublikasının dövlət orqanları və separatçı qurum tərəfindən üçüncü ölkə vətəndaşları, Azərbaycan Respublikasının azsaylı xalqlarının nümayəndələri, hərbi əsir və girovlardan istifadə ilə təşkili, maliyyələşdirilməsi və reallaşdırılmasına cəhdlər göstərilib. İşğal olunmuş ərazilərimiz heç bir dövlətin, beynəlxalq təşkilatın nəzarətində olmayan özünəməxsus kriminal mənbəyinə çevrilir.Belə ki, separatçı-terrorçu rejim işğal altında olan ərazilərdə narkotik maddələrin qanunsuz becərilməsi, istehsalı və satışının inkişaf etməsi üçün bütün zəruri şərait yaradıb. Bu faktlar ABŞ Dövlət Departamentinin narkotik maddələr üzərində beynəlxalq nəzarət strategiyasına dair 2000-ci il mart tarixli hesabatında öz əksini tapıb. Narkotik işbazları qondarma qurumun bədnam rəhbərləri müdafiə edir, narkotiklərin satışından əldə olunan pulları işğal olunmuş ərazilərin nəzarətdə saxlanılması və muzdlulara haqq ödənilməsi üçün istifadə edirlər. Ermənilər insan ticarəti, işğal altındakı ərazilərdə ermənilərin qanunsuz məskunlaşdırılması, təbii, maddi və mənəvi sərvətlərin talan edilməsi və qanunsuz istismarı ilə də məşğuldur.”

Nazirliyin saytında qeyd edildiyinə görə, elmi araşdırmalar beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorunun tarixinin 100 ildən çox olduğunu göstərir. “Belə ki, “Böyük Ermənistan” dövlətinin yaradılmasını qarşısına məqsəd qoymuş radikal erməni təşkilatları – 1887-ci ildə yaradılmış “Armenakan”, sonradan “Hnçak” və “Daşnaksütyun” partiyaları bu planı həyata keçirmək üçün siyasi terror aksiyalarından geniş istifadə edilməsini proqram sənədlərində başlıca vasitə kimi nəzərdə tutublar. Faktlar göstərir ki, SSRİ dağıldıqdan sonra müstəqillik qa­zan­mış Ermənistan Respublikası dövlət səviyyəsində terroru dəstəkləyərək, tə­ca­vüz­­kar siyasətinin əsas tərkib hissələrindən biri kimi qəbul edib.”

Burada ölkəmizdə fəaliyyət göstərən bəzi KİV-lərimiz də qınanılasıdır. Çox təəssüf ki, onlar öz rəqabətlərini kimin hansısa kiriminal xəbəri daha tez verməsi üzərində aparırlar. Xüsusən ən çox hay-küy doğuran televiziyalarımızda kriminal verilişlər, yaxud xəbərlərdən bu cür özümüzə qarşı istifadə edilir. Sanki ölkədə mövzu qıtlığıdır, yaxud müzakirə etməyə başqa bir məsələ yoxdur. Hansısa kriminal verilişə hansısa şirkətin sponsorluq etməsinin ucbatından Azərbaycan tamaşaçıları “kriminal həyat”la həddən artıq tanış olurlar. Çox təəssüf ki, televiziyalarımız “reklamı artacaq” deyə bu mövzu ilə bağlı siyasəti günümüzün tələblərinə uyğun qurmurlar. Kriminal hadisə ilə bağlı xəbər vermək olar, amma bunu insanların psixologiyasına, ruhuna təsir edəcək tərzdə təqdim olunması təəssüf doğurur. O da təəssüf doğurur ki, bəzən hüquq-mühafizə orqanlarının nümayəndələri belə kriminal hadisəni ən son detallarına qədər anladır. Unudulur ki, qeyri-professional hazırlanmış verilişin nəticəsində əslində zərbə həmin cinayəti törətmiş şəxsə deyil, geniş tamaşaçı kütləsinə dəyir. İnsanlar sanki kriminal xəbərləri gözləyir, sanki krimxəbərlərin aludəçisi olur. Ölkədə baş verən kriminal hadisələrlə bağlı xəbərlər vermək, məhkəmələri göstərmək lazımdır. Amma unutmaq olmaz ki, hər bir yanlış informasiya Azərbaycan cəmiyyətinin mənəvi-psixoloji hazırlığına, sakitliyə, əmin-amanlığa mənfi təsir göstərə bilər.

 

Fuad Hüseynzadə

 

“KarabakhİNFO.com”

 

 

29.01.2013 16:08

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*