Azərbaycanca

Erməni iddiaları: “Yalan, yoxsa doğru?”

24.04.2014 | 13:35

1398332035_ermeni-soykirimi22222222Tədqiqatlar da göstərir ki, erməni millətçiləri özlərinin sərsəm və xəyali planı olan “böyük Ermənistan” imperiyasını yaratmaq üçün ən çirkin üsullara belə əl atmaqdan çəkinməyiblər. Belə ki, ermənilər ayrı–ayrı zamanlarda tarixi faktları saxtalaşdıraraq özlərini soyqırıma məruz qalan tərəf kimi göstəriblər. Lakin faktlar göstərir ki, ermənilər həmişə azərbaycanlılara və türklərə qarşı kütləvi qırğınlar, sui–qəsdlər və terrorlar törətmiş, dinc əhalini ucdantutma məhv etmişlər.

 

Aparılan araşdırmalardan aydın olur ki, ermənilərin ərazi iddiaları və etnik–təmizləmə siyasəti çar Rusiyası və Sovet ittifaqının Türkiyəyə qarşı ərazi tələbləri ilə sıx vəhdət təşkil edib. Bu siyasət əslində Türkiyə ilə Azərbaycan torpaqlarının parçalanması, bölünməsi və işğal edilməsinə istiqamətlənən məkrli və avantürist məqsədin nəticəsi olub. Erməni millətçilərin hiyləgər siyasətinin reallaşmasında Moskvanın xüsusi maraqları olub. Tarixin müxtəlif zamanlarında—istər çar hakimiyyətinin, istərsə də totalitar sovet rejiminin rəsmi dairələri cənub sərhədlərinin genişləndirilməsində və möhkəmləndirilməsində erməni sindromundan istifadə etməyə və Cənubi Qafqazda imperiya sərhədlərini Türkiyə torpaqları hesabına şişirdərək geosiyasi maraqlarını həyata keçirməyə ciddi səy göstəriblər. “Erməni məsələsi”ndən istifadə edərək azərbaycanlıların soyqırımı və deportasiyası təşkil edildi. Azərbaycan və türk xalqlarının tarixi taleyi məkrli siyasətə qurban verildi.

 

Araşdırmalardan aydın olur ki, erməni millətçilərin həya-sızlığı, terror və təxribatçı fəaliyyətləri ötən əsrin 80–ci illərinin sonlarında daha təhlükəli şəkildə tüğyan etməyə başlayır. Ermənilər açıq şəkildə Qarabağı və Naxçıvanı işğal etmək siyasəti yürüdürlər. Nəticədə Azərbaycan—Ermənistan münaqişəsi və Dağlıq Qarabağ müharibəsi başlayır. Etnik təmizləmə siyasəti aparan erməni ekstremistləri silahlı yolla Azərbaycan torpaqlarını işğal edir, müharibə şiddətlənir. Monoetnik dövlət yaradan ermənilər Ermənistan ərazisində yaşayan, yerli əhali olan azərbaycanlıları doğma yurdlarından tamamilə qovurlar.

 

Dünya ictimaiyyəti bilməlidir ki, vaxtı ilə paytaxtı belə olmayan ermənilər İrəvan şəhərini 1918–ci il mayın 29–da ələ keçirərək özlərinə “paytaxt” ediblər. 1918–ci il Batum müqaviləsinin şərtlərinə görə 9 min kvadratkilometr əraziyə malik olan ermənilər hazırda Azərbaycanın işğal olunan əraziləri də daxil olmaqla 45 min kvadratkilometr əraziyə malikdir.

 

Məlumdur ki, bəşər tarixində çox soyqırımlar törədilmiş, yüz minlərlə adam günahsız yerə qanına qəltan edilmişdir. Lakin heç bir xalq erməni cəlladları qədər qəddar olmamış, vəhşiliklər və vandalizm törətməmişlər. Erməni daşnaklarının vəhşiliyi hər zaman özünü qabarıq göstərərək insanların nifrətinə səbəb olub. XX yüzillik boyu erməni cəlladları tərəfindən dəfələrlə törədilən qanlı qırğınlar, bütün dəhşətləri ilə insan zəkasına sığmayan və dilə gətiriləsi mümkün olmayan bir faciə, və türk xalqlarına qarşı əsil genosid və soyqırımı siyasətidir. Xüsusilə XIX–XX əsrlərdə türk və azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində yüz minlərlə günahsız adam məhv edilmişdi.

 

Zaman–zaman gerçəkləşdirilən və planlı şəkildə həyata keçirilən erməni niyyətləri əslində dənizdən–dənizə, sonra isə dünya okeanlarına çıxmaq üçün “böyük Ermənistan” dövləti yaratmaq siyasətinin bir hissəsidir. Bu yolda erməni millətçiləri ən iyrənc metodlardan istifadə etməkdən belə çəkinməmişlər. Erməni terrorçu dəstələri hələ XIX yüzilliyin ikinci yarısında Türkiyənin Zeytun (1862, 1878 və 1884–cü illərdə), Sasun (1880–ci ildə), Van (1884–cü ildə) vilayətlərində qanlı qırğınlar törədərək  2 milyondan çox Anadolu türkünü qətlə yetirmişdilər.  XX yüzilliyin əvvəllərində isə Bakı, Şuşa, İrəvan və Naxçıvan mahallarında, Qarabağ, Borçalı, Qazax, Zəngəzur, Gəncə, Quba, Tiflisd və başqa yerlərdə azərbaycanlıları kütləvi şəkildə amansızcasına qətlə yetirmişdilər. 1905–1907–ci illərdə, 1918–1920–ci illərdə, 1948–1953–cü illərdə və 1988–1993–cü illərdə Azərbaycan xalqının başına gətirilən müsibətlər əslində genosid və soyqırım siyasətidir. Beləliklə, XX yüzillikdə 4 dəfə soyqırıma məruz qalan, bu məkrli siyasətin hədəfinə çevrilən Azərbaycan xalqı 2 milyondan çox qurban verdi.

 

Tarixi keçmişi unutmaq və hadisələri danmaq olmaz. Bu gün tarixi həqiqətlərin üzə çıxarılmasına, gizli arxiv sənədlərinin araşdırılmasına, görkəmli tarixçilərin və antik alimlərin fundamental əsərlərində göstərilən faktların dünya ictimaiyyətinə çatdırılmasına çox böyük ehtiyac var. Dünyaya özünü “məzlum xalq” kimi tanıtmağa çalışan erməni başkəsənləri hər yerdə geniş təbliğat apararaq uydurma “erməni soyqırımı”nın tanınmasına ciddi cəhd göstəriblər.  Bu gün də bu yolda yorulmadan çalışırlar.

Bəs uydurma “erməni soyqırımı” məsələsi necə yaranıb? Tarixən məlumdur ki, “erməni məsələsi” Şərq məsələsinin tərkib hissəsi kimi meydana gəlmiş və böyük dövlətlər özlərinin işğalçı məqsədlərini həyata keçirmək üçün onlardan bir vasitə kimi istifadə etmişlər. Şərq məsələsinin mahiyyəti isə Osmanlı imperiyasının torpaqlarının bölüşdürülməsindən, Türkiyənin bir dövlət kimi məhv edilməsindən, Türkiyənin torpaqları hesabına erməni bufer dövlətinin yaradılmasından ibarət idi. Habelə həmin məsələ Şərqə yiyələnmək uğrunda çar Rusiyası və Qərb dövlətləri arasında beynəlxalq münaqişələrin ifadəsi, Şərq xalqlarına qarşı işğalçılıq planlarının təzahürü idi. Bu siyasətin həyata keçiril-məsi üçün ermənilərdən istifadə edildi. Beləcə Türkiyə ərazisində yaşayan ermənilər başlıca hədəf seçildi. Birinci dünya müharibəsi zamanı Antanta dövlətləri Almaniyanın tərəfində çıxış edən Türkiyəyə təzyiq göstərməyə başladılar. Bu təzyiq getdikcə gücləndi, hətta, 1914–cü il oktyabrın 29–da Rusiya Türkiyəyə müharibə elan etdi. Belə bir vaxtda Türkiyə ərazisində yaşayan ermənilər böyük ordu yaradıb, Rusiyanın köməyi ilə silahlanaraq hər yerdə türkləri qırmağa başladılar. Erməni silahlı dəstələri türkləri qəddarcasına doğrayır, tonqallarda yandırır, gözlərini çıxarır, başlarının dərisini soyur, körpələri nizəyə keçirirdilər. Ermənilərin bu vandalizmi nəticəsində 600 min türk öldürüldü. Təbii ki, Türkiyənin başı müharibəyə qarışdığı üçün daxildəki prosesləri diqqətdən yayındırmışdı. Sonradan hadisələrin gedişatını izləyən Türkiyə dövləti və türk hərbi komandanlığı erməni cəlladlarına cavab vermək məcburiyyətində qaldı. 200 min erməni Türkiyədən ölkənin cənub hissələrinə, o cümlədən İraq, Suriya və digər yerlərə köçürüldü. Köçürülən ermənilərin bir hissəsi Qarabağda, Qərbi Azərbaycanda (indiki Ermənistanda), Bakıda məskunlaşdırıldı. Göründüyü kimi, baş verən qırğınların başlıca günahkarı ermənilər, daha çox ölən isə türklər olmuşdu. Ancaq zaman keçdikcə ermənilər tarixi faktları saxtalaşdıraraq, ölən ermənilərin sayını süni surətdə şişirdərək əvvəlcə 600 minə, sonra 800 minə, daha sonra isə 1,5 milyona qaldırmışlar. Halbuki 1914–cü ildə Türkiyə ərazisində cəmi 1.294.851 erməni yaşamışdır ki, bu da ümumi əhalinin (18.520.016) cəmi 6,9 faizini təşkil edirdi.

Türkiyənin tanınmış tədqiqatçı alimi, professor İsmail Ürçelik “Ermeni iddiaları ve gerçekler” adlı kitabında göstərir ki, Birinci Dünya müharibəsi ərəfəsində və müharibə illərində ermənilər istəklərini gerçəkləşdirmək üçün Rusiyadan dəstək alırdılar. Rusiya vəd etdi ki, yeni bir Ermənistan qurulmağa kömək edəcək. Daha sonra Türkiyə ərazisində yeni–yeni erməni hərbi alaylarının təşkili prosesi sürətləndi. Bu alaylara erməni liderləri başçılıq edirdilər. Hətta bu erməni hərbi birləşmələrinin fəaliyyətini əlaqələndirmək üçün Tiflisdə Erməni Uluslararası Bürosu yaradıldı. Bir çox xarici ölkələrdən gələn ermənilər hesabına könüllü hərbi birləşmələrin sayı getdikcə artırdı. Qısa zamanda Rusiya, İran, Amerika, İngiltərə, Fransa, Bolqarıstan, Rumıniya, hətta Buxaradan gələn ermənilər təşkil edilən könüllü erməni alaylarına daxil olurdular. Onlara xüsusi təlimat keçirdilər. Təqribən 180 min erməni belə təlim keçmişdi. Təlim keçən erməni casuslarına təxribat işləri ilə məşğul olmaq, adam öldürmək, türk ordusuna arxadan zərbə vurmaq tapşırığı verilmişdi.

 

Qəribədir ki, həmin casus erməni silahlıları gecələr evlərə basqın edir, dinc əhalini öldürür, səhərə qədər vəhşiliklər edir, gündüzlər isə özlərinin hərbi alaylarına çəkilirdilər. Bu gizli taktiki əməliyyatları müəyyənləşdirmək isə Osmanlı dövləti üçün xeyli çətinlik yaradırdı.

 

Əslində Osmanlı hökuməti ermənilərin bu təxribatçı fəaliyyəti barədə xəbərdar idi və buna görə də Ənvər paşa erməni patriarxını çağıraraq ona: “… ermənilərə sədaqət bəslənildiyi bir durumda, onların (ermənilərin) müsəlmanlara və Osmanlı dövlətinə zərər verdiklərini, patriarxın onlara nəsihət verməsini, əks halda və nəticə çıxarmayacağı təqdirdə ən ciddi əsgəri tədbirlərin alınacağını və qəti addımın atılacağını söyləmişdir”. Ancaq ermənilər öncədən hansı şəkildə hərəkət edəcəklərini qərarlaşdırdıqları üçün bu tədbirlərin heç bir faydası olmadı.

 

Nəticədə, 1914–cü il avqustun əvvəllərində Osmanlı hökuməti səfərbərlik haqqında qərar verdi. Hökumətin bu zəruri tədbirinə zidd olaraq erməni liderləri öz murdar əməllərini həyata keçirmək üçün erməni alaylarına şifrəli təlimatlar göndərərək əks hücuma başlamaq tapşırığı aldılar. Bu vaxt Eçmiədzin katalikosu Kevork Rusiyanın Qafqazda baş valisi Voronsov–Daşkova müraciətlə ermənilərin Rusiya tərəfindən himayəsini istəyərək Osmanlı dövlətinə qarşı savaşacaqlarını söyləmişdi. Voronsov–Daşkov isə işğal ediləcək Osmanlı torpaqlarında (altı vilayət) bir Erməni dövlətinin Rusiya tərəfindən tanınacağını elan etmişdi. Rusiya çarı II Nikolay da eyni vədi vermiş və ermənilərin ruslarla birlikdə türklərə qarşı vuruşması barədə bəyannamə elan etmişdi. “Daşnaksutyun” partiyası erməniləri silahlanmağa, yeni bir Ermənistanın yaradılması vaxtının çatmasına, bu yolda Rusiyanın köməyinə bel bağlamağa, Türkiyə əleyhinə silaha sarılmağa dair şüarlarla çıxışlara başlayaraq ədavəti qızışdırdı.

 

Erməni silahlı dəstələrinin ilk çıxışları Zeytunda başlandı (17 avqust 1914–cü il) və getdikcə genişləndi. Erməni hərbçiləri Anadoluda və Qafqazda türklərə qarşı görünməmiş vəhşiliklərə başladılar. Yüz minlərlə müsəlmanı, qoca, uşaq, qadın, qız, xəstə və əlil olanları sistemli şəkildə qətlə yetirdilər. Cəbhədən dönən yaralı türk əsgərlərini amansızcasına öldürdülər. Osmanlı ordusunu arxadan vuraraq, köməyə gələn bütün ehtiyat yollarını bağladılar. Rəsmi dövlət dairələrinə hücum edərək, ictimai binalara erməni mühafizə dəstələri düzənləmişdilər. Kimliyindən asılı olmayaraq ermənilərin bu vəhşi əməllərinə şərik olmayan hər kəs öldürülürdü. Zeytun, Kayseri, Bitlis, Sivas, Trabzon, Ankara, Adana, Urfa, İzmir, Bursa və daha bir çox yerlərdə ermənilər ağıla gəlməyəcək vəhşiliklər törətmişdilər. Bu dövrdə Osmanlı dövləti çox ağır günlər yaşayırdı.

 

Beləliklə, türklərin kütləvi şəkildə məhv edilməsi Osmanlı dövlətini çıxış yolu axtarmağa, ciddi və qəti hərəkət edərək əks tədbirlər görməyə məcbur etdi. Bu zaman 180 min erməni yaraqlısı rus qoşunu tərkibində Türkiyənin dinc əhalisini amansızcasına qırır və onları məhv edirdi.

 

Təbii ki, erməni silahlı dəstələrinin türklərə vurduğu ağır zərbələr və günahsız türk əhalisinin kütləvi məhvi, habelə ermənilərin yaşadıqları bu dövlətə xəyanəti Türkiyə dövlətini ciddi qərarlar qəbul etməyə məcbur etdi. Buna görə də 1915–ci il aprelin 24–də Türkiyənin daxili işlər naziri Tələt paşa İstanbul və digər böyük şəhərlərdə erməni komitələrinin təcili bağlanması, millətçi erməni rəhbərlərinin həbsi və sənədlərinin müsadirəsi haqqında əmr verdi. Nəticədə 600 nəfər həbs edildi. Bundan sonra 1915–ci il mayın 30–da döyüş bölgəsində yerləşən ermənilərin daha təhlükəsiz yerlərə köçürülməsi barədə çox ədalətli və humanist bir fərman da verildi. 14 valiyə göndərilən fərmanın qısa müddətdə həyata keçirilməsi tapşırıldı. Fərmana əsasən köçürülən ermənilər üçün hər cür şərait yaradılmışdı. Hətta əmlakını aparmaq istəməyənlər onu pulla sata bilərdilər. Mənbələrdən məlum olur ki, köçürülən ermənilərin çoxu könüllü olaraq sonradan xarici ölkələrə mühacirət etmişdi.

Hadisələrin, faktların və mövcud tarixi şəraitin araşdırılması belə bir nəticə çıxarmağa əsas verir ki, köçürülmə ilə əlaqədar Türkiyə hökumətinin verdiyi qərar düzgün idi. Hətta Türkiyə hökumətinin köçürmə siyasəti və ermənilərin əmlakının təhlükəsizliyinin təmin edilməsi barədə göstərişləri oların nə qədər ədalətli olduğunu bir daha göstərir. Çünki türklər heç kəslə düşmənçilik etməmiş, tarix boyu qonşu xalqlarla həmişə dost və mehriban münasibətdə olublar. Fəqət xain, nankor olan ermənilər, erməni millətçiləri, hərbi ədavəti artıran keşişlər, qırğınları qızışdıran daşnaklar olmuşlar.

 

Erməni quldurları 1916–cı il, mayın 11–də Türkiyənin Malazgird şəhərində 20 min insanı vəhşicəsinə öldürmüş, mayın 22–də isə Van şəhərində 15 min adamı məhv etmiş, 1000 nəfər körpəni boğmuşdular. 1918–ci ilin yanvarında Türkiyənin Qətranlı kəndində 1400 uşağı bir yerə yığaraq yandırmışlar. Martın 17–də Urmiyada 10 min dinc sakini öldürmüşlər.

 

J. və K.Makkartilərin tədqiqatına görə XX əsrin əvvəllərində ermənilərin törətdikləri qanlı hadisələr zamanı 2,5 milyon müsəlman öldürülmüşdü.

Erməni millətçiləri və onların daşnak rəhbərləri o vaxtdan bu günə bar–bar bağıraraq hadisələri saxtalaşdırır və 1915–ci il aprelin 24–ünü “erməni soyqırımı” kimi qələmə verməyə çalışırlar. Təəssüf ki, tarixdən bixəbər olanlar, o zamankı tarixi şəraiti bilməyənlər və ya o dövrün hadisələrinə obyektiv təhlil verməyi bacarmayanlar bu yalançı təbliğata inanırlar. Ancaq fakt faktlığında qalır, tarix isə olanların canlı şahididir. Faktlar isə göstərir ki, ermənilər türklərə qarşı genosid və soyqırım siyasəti aparmışlar. Çünki türklərin ermənilərlə müqayisədə itkisi qat–qat çox olmuşdu. Bunu ermənilər də yaxşı bilir. Onda sual yaranır: bəs, nəyə görə ermənilər böhtandan əl çəkmir və   “erməni genosid”ini türklərin boynuna qoymağa çalışırlar? Bu cavabı ABŞ–dakı erməni liderlərindən biri Ross Vartanyanın fikirlərində də əksini tapır: “Genosid layihəsi qəbul edilsəydi, bunu əldə rəhbər tutub, Türkiyədən əvvəlcə təzminat, sonra da Qara dəniz sahillərinə sərhəd olan Şərqi Anadoluda bir erməni dövlətinin qurulması üçün torpaq tələb edərdik”. Deməli, daşnaklar “böyük Ermənistan” ideyasından hələ də əl çəkməmişlər və avantürist məqsədlərini həyata keçirmək üçün böhtançı və uydurma “erməni genosidi”ni əllərində bayraq tutublar.

 

Artıq dünyanın tanınmış alimləri, mütəxəssisləri yalançı “erməni genosi”dini birdəfəlik rədd edir. Aparılan ciddi tədqiqatlardan sonra belə bir soyqırımın olmasını faktlar və dəlillərlə inkar edirlər. Fransız alimi Jorc de Malevil özünün “Armyanskaya traqediya 1915 qoda” əsərindəki zəngin tarixi faktlarla göstərir ki, XIX əsrin son rübünə qədər türklərlə ermənilər əsrlər boyu rahat yaşamışdı. Qeyd olunur ki, “Daşnaksutyun” partiyası yarandıqdan sonra bu mehriban münasibətlər qəddar düşmənçiliyə çevrilmişdi. Müəllif sübut edir ki, 1915–ci il hadisələri daşnakların türklərə qarşı düşmənçilik niyyətlərindən törəmişdir. Müəllif tarixi faktlara əsasən qəti şəkildə deyir: “1915–ci ildə “genosid” olmamışdır”.

 

ABŞ alimləri Jastin Makkarti və Karolin Makkarti tarixi faktlara əsaslanaraq belə bir obyektiv nəticəyə gəlmişlər ki, erməni soyqırımı uydurmadır və böhtandır. Adı çəkilən müəllif-lər “Turki i armyane” adlı tədqiqat əsərində sübut edirlər ki, Şərqi Anadoluda soyqırım olmamışdır. Erməni daşnak quldur dəstələri Türkiyədə, İranda, Azərbaycanda, Qafqazda türk və azərbaycanlıları vəhşicəsinə qırır, məhv edirdilər. Tarixi faktlardan məlumdur ki, daşnak generalı tayqulaq Andranik Zəngi-basar, Qəmərli, Vedibasar, Şərur, Naxçıvan ərazisində, quldur general Dro Dərələyəz mahalında, qaniçən general Silikov Göyçə mahalında, general Ncde Zəngəzur mahalında olmazın vəhşi-liklər törətmişlər. Jastin Makkarti “Genosid olmuşmu?” əsərində qeyd edir ki, (səh. 46) XX əsrin yalnız birinci rübündə erməni-lərin törətdiyi qırğınlarda 2 milyona yaxın türk öldürülmüş, yaralanmış və qovulmuşdur.

 

Ermənilərin soyqırım iddialarına əsasən guya 1915–ci ildə Osmanlı dövlətinin köçürmə siyasəti nəticəsində 1,5 milyon (əvvəllər 300 min, sonra isə 600 min deyirdilər) erməni ölüb. Bu yalançı iddianı əsaslandırmaq üçün ermənilər müxtəlif xarakterli “sənədlər” hazırlamış, faktları saxtalaşdıraraq fikirlər uydurmuşlar. Avropa, Amerika, Türkiyə və dünyanın bir çox alimləri həmin faktların yalan və uydurma olduğunu elmi dəlillərlə sübut etmişlər. Ancaq əlimizdə daha bir fakt var. Belə ki, 2004–cü ilin mayında görkəmli türk alimləri tərəfindən hazırlanan fundamental bir kitab işıq üzü gördü. Kitabın adı belədir: “Ermənilər: Sürgün və köç” Amerikanın, Fransanın, İngiltərənin, Almaniyanın və digər ölkələrin arxivlərində uzun müddət axtarışlar və tədqiqat işləri aparan alimlər erməni soyqırımına aid heç bir materiala rast gəlməmişlər. Kitabda yer verilən sənədlər sırasında ingilis arxivlərindən əldə edilən qeydlər ermənilərin soyqırımı iddialarının əsassız, yalan və böhtan olduğunu isbat etməkdə çox dəyərlidir. Beləcə, ermənilərin soyqırım iddialarını ifşa edən yeni faktlar ortaya çıxır. Birinci Dünya müharibəsindən sonra ingilislər 1917–1919–cu illər arasında ermənilərin siyahıya alınmasını təşkil etmişdilər. Siyahıya alınmada indiyə qədər heç kəsin bilmədiyi nəticələr ortaya çıxıb. Məlum olub ki, 1919–cu ildə Osmanlı torpaqlarında yaşayan ermənilərin sayı 1 milyon 602 min nəfərdi. Buradan belə bir nəticə çıxır ki, “soyqırım” olan yerdə əhalinin sayı 102 min artmışdı! Bu, necə ola bilər?  Deməli, ingilis arxivlərindən əldə edilən sənədlər və rəqəmlər erməni “soyqırımı”nı qəti şəkildə rədd edir.

 

Adı çəkilən kitabda 1914–cü ildə Osmanlı dövlətində erməni əhalisinin sayına aid rəqəmlər də verilmişdir. Göstərilir ki, müharibə dövründə aclıq və xəstəliklərdən ölənlər də olmuşdur. Bu sırada ermənilərlə yanaşı türklər, kürdlər və b. xalqların nümayəndələri də var. Arxiv sənədlərinə görə 1915–1918–ci illərdə Osmanlı ordusunda 3 milyon insanın xəstələnib, 711 min nəfərin isə yaralandığı müəyyən edilmişdi.

 

Çox maraqlı faktlardan biri də odur ki, xarici ölkələrin arxivlərində ciddi mühafizə edilən materiallarından aydın olur ki, Türkiyə hökumətinin sürgün qərarı cəmi 500 min ermənini əhatə etmişdi. (Halbuki ermənilər dünyaya car çəkib bağırırlar ki, sürgünə məruz qalan ermənilər 1,5 milyondur). Deməli, xarici ölkə arxivlərinin sənədləri də ermənilərin uydurmalarını rədd edir. Beləliklə, arxiv sənədləri, tarixi faktlar və həqiqətlər göstərir ki, ermənilər özləri özlərinə quyu qazmış, yaşadıqları yerin və torpağın, yedikləri çörəyin, içdikləri suyun və udduqları havanın qədr–qiymətini bilməmiş, ermənilərə hərtərəfli kömək edən və onları türk torpaqlarında yerləşdirən adamların zəhmətini bilərəkdən yerə vurmuşdular. Nəticədə “özgəyə quyu qazan özü düşər” zərb məsəlinə, atalar sözünə uyğun olaraq Allahın qəzəbinə düçar olmuşlar.

 

Tarixçi alimlərin tədqiqatlarında göstərilir ki, 1914–1915–ci illərdə ermənilər müxtəlif hərbi birləşmələr və quldur dəstələri yaradaraq Türkiyənin Zeytun, Maraş, Qeysəriyyə, Diyarbəkir, Ərzincan, Bitlis, Van, İskəndərun, Muş, Trabzon, Ankara, İstanbul və b. şəhərlərində, habelə bütün Şərqi Anadoluda on minlərlə türk vətəndaşını öldürmüş, vəhşiliklər etmiş, şəhər və kəndləri yandırmış, qiyamlar qaldıraraq türk xalqı və Osmanlı dövləti üçün real təhlükə yaratmışdı. Beləliklə, Türkiyə torpaqlarında yeni bir erməni dövləti yaratmaq xülyası ilə soyqırımlar törətmişlər.

 

Ermənilər tarix boyu müxtəlif yalanlar uyduraraq ayrı–ayrı adamları, dövlət və hökumət rəhbərlərini inandırmağa çalışmış, qondarma “erməni soyqırımı”nı qəbul etdirməyə ciddi cəhdlər edərək, bəzən də buna nail ola bilmişlər. Ayaq tutan erməni yalanları sonralar ifşa olunub. Ermənilərin tarixi yalanlarının ən çox yayıldığı ölkə Fransadır. Fransanın bir qrup nüfuzlu tarixçi alimləri “erməni soyqırımı”nı ifşa edən sensasiyalı bəyanatla çıxış etmişlər. 2005–ci ildə Fransanın tanınmış “19 tarixçi alimi aldadıcı qanunlara etiraz edir” başlığı ilə çıxış etmişlər. Həmin müraciətlərdə tarixçi alimlər bildirmişlər ki, müxtəlif illərdə ölkə parlamentində qəbul olunan və tarixi gerçəklikləri deyil, siyasi mənafeləri əks etdirən bir sıra qanunlar aldadıcı xarakter daşıdığı üçün ləğv edilməlidir. Onlar bildirmişlər ki, ölkə parlamenti həmin qanunları qəbul edərkən tarixçi alimlərin fikirlərini öyrənməyiblər. Ona görə də onu pisləyiblər. Müraciətdə vurğulanır ki, Fransa hökuməti və parlamenti tarixlə bağlı hər hansı qanun qəbul edərkən tarixçi alimlərin fikirlərini diqqətlə öyrənməli və onların mövqeyini nəzərə almalıdır.

 

Bu müraciətin bizim üçün xüsusi əhəmiyyəti ondadır ki, Fransa tarixçilərini qəzəbləndirən və Fransanın tarixi üçün alçaldıcı hesab edilən qanunlar arasında 2001–ci il yanvarın 29–da qüvvəyə minən uydurma “Erməni soyqırımının tanınması haqqında” qanun da var. Bu sənədə də mənfi münasibətini bildirən fransız alimləri onun tarixi həqiqətləri saxtalaşdırmaqda adətkar olmuş, ikiüzlü siyasət yeritməyə vərdiş etmiş ermənilərin və güclü erməni lobbisinin təzyiqi ilə Fransa dövləti tərəfindən qəbul olunduğuna etiraz ediblər. Heç bir hüquqi əsası olmayan uydurma “erməni soyqırımı”nın tanınması barədə qanunun Fransa üçün alçaldıcı sənəd olduğunu qeyd edən tarixçi alimlər onun ləğvini tələb ediblər.

 

Bəli, artıq dünya tarixi həqiqətləri görür və anlayır. Uzun illər ayaq tutub yeriyən erməni yalanının maskası yırtılmış, onun iç üzü və daxili mahiyyəti bəlli olmuşdur. Məkrli və hiyləgər erməni yalanı son zamanlarda güclü və tutarlı dəlillərlə ifşa olunmaqdadır. Bu gün dünya ictimaiyyətinə məlumdur ki, ermənilərin uydurduqları bütün yalanların məqsədi nədir və onlar nə istəyirlər…

 

Bütün bu tarixi həqiqətlər və tarixi gerçəkliklər faktlarla deyildiyi üçün tutarlıdır, dəqiqdir, sərrastdır. Belə tarixi arqumentləri isə hamı bilməli, uydurma və yalançı “erməni soyqırımı”nın mahiyyətini anlamalı, onun çürük sosial dayaqlarını ifşa etməlidir.

 

Zaur Əliyev

Siyasi elmlər üzrə fəlsəfə doktoru,

AMEA-nın böyük elmi işçisi.

 

 

“KarabakhİNFO.com”

 

– See more at: http://karabakhinfo.com/arasdirma/2715-ermni-iddialar-yalan-yoxsa-doru.html#sthash.le5bAGyt.dpuf

24.04.2014 13:35

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*