Azərbaycanca

Erməni qadın: “Qarabağ Azərbaycana qaytarılsın”

11.12.2014 | 15:01

73688“KarabakhİNFO.com” beynəlxalq e-jurnalının “Günahsız günahkarlar” layihəsinin növbəti həmsöhbəti Bakıda yaşayan erməni əsilli qadın Janetta Məmmədovadır

 

 

 

 

 

 

 

 

 

Dağlıq Qarabağ münaqişəsindən sonra köçüb getməyən Bakı ermənilərinin bəziləri Dövlət Statistika Komitəsinin hələ 1999-cu ildə keçirdiyi siyahıyaalma zamanı öz milliyətini gizlətməkdən çəkinməmişdir. O zaman Dağlıq Qarabağ istisna olmaqla, Azərbaycanda 700-ə yaxın erməninin yaşadığının qeydə alındığı bildirilir. Deməli, o zaman azərbaycanlıların arasında yaşayan yalnız 700 nəfər erməni milliyətini açıq söyləməkdən çəkinməmişdir.

 

 

Amma Azərbaycanın ayrı-ayrı dövlət rəsmiləri, deputatları müxtəlif vaxtlarda, müxtəlif tribunalardan dəfələrlə aramızda kifayət qədər erməninin yaşadığını bildiriblər və daha çox səsləndirilən rəqəm isə 30 min nəfərdir. Əslində bu rəqəmin az və ya çox olması o qədər də önəmli deyil. Faktdır ki, hələ də ölkəmizdə ermənilər var və onlar Azərbaycan vətəndaşları ilə bərabərhüquqa malikdirlər. Amma Ermənistanda bir nəfər belə olsun azərbaycanlı yoxdur. Çünki onlar etnik təmizləmə siyasəti apararaq bütün azərbaycanlıları öz evlərindən qovublar. “Karabakhinfo.com”e-jurnalının mövzu ilə bağlı 20 oktyabr 2012-ci il sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsinin rəsmi məktubunda qeyd edilib ki, 2009-cu il əhali siyahıyaalınmasının yekunlarına əsasən Azərbaycan Respublikası üzrə erməni əhalisinin sayı 120 min 306 nəfər təşkil edir. Yəni ölkə əhalisinin isə 1,3 faizi ermənilərdən ibarətdir.

 

 

Daha çox Bakı və Bakıətrafı ərazilərdə yaşamalarını nəzərə alaraq bu yerlərdəki bir neçə erməni ilə söhbətləşib, onların yaşayış tərzi, Azərbaycanda qalma səbəbləri və digər bu kimi məsələlərlə maraqlandıq.

 

 

“Mən istəyirəm ki, Ermənistan sülhə imkan versin”

 

 

Həmsöhbətimiz Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yaşayan erməni millətindən olan Janettadır. Artrit xəstəliyindən əziyyət çəkdiyindən əsa ilə yeriyir. Hər il sanatoriyada müalicə olunduğunu deyən Janetta bizi görən andan dönə-dönə hamıdan razı olduğunu söyləyir. Elə erməni qadının qonşuları da onun haqqında ağızdolusu danışır, Janettanın çox istiqanlı, hamıya qarşı açıqürəkli olması ilə diqqət çəkdiyini bildirirlər. Evində bizi Janettanın qaynı və kürəkəni qarşılayır.

 

 

Dəbdəbədən uzaq, bir qədər səliqəsiz görkəmdə olan evə girər-girməz diqqətimizi çəkən ölkə başçısı İlham Əliyevin dolabdakı fotosu olur. Baxdığımızı görən Janetta: “Ona canım qurban, hamısından razıyam. O, olmasaydı necə dolanardıq”.

 

 

Divardakı İslam dininə aid şəkilləri görüb dini inancı ilə maraqlanırıq. “Bura gələn gündən müsəlmanlığı qəbul etmişəm” – deyir. Beləcə, Janetta xanımla söhbətə başlayırıq.

 

 

– Mən Məmmədova Janetta Uluxan qızı. Leninakanda anadan olmuşam. Atamın adı azərbaycanlı adına oxşadığına görə tanımayanlar erməni olduğumu bilmir. Azərbaycana gələnə qədər, yəni ailə qurana qədər Leninakanda yaşamışam. 1978-ci ildə Azərbaycana gəlin köçmüşəm. Bir ildən sonra isə 1979-cu ildə əhəng zavodunda işə düzəlmişəm. 1988-ci ilə qədər orada gözətçi işləmişəm. Uşaqlar dərsə getməyə başlayandan sonra işlərimi çatdıra bilmirdim deyə işdən çıxdım.

 

 

– Azərbaycanlı oğlanların erməni qızlarla ailə qurması daha çox iki halda baş verirdi – ya hər ikisi bir şəhərdə, bir məhlədə yaşayırdılar, qonşu olurdular, ya da tərəflərdən biri digərinin vətəninə getdiyi zaman tanışlıq olurdu. Sizin tanışlığınız necə olub?

 

 

– Mənim indiki həyat yoldaşım o vaxt Ermənistana gəlmişdi və orada təsadüfən tanış olduq. Sonra da elə oldu ki, o məni buraya qaçırdı. Beləcə, o vaxtdan bir yerdəyik, üç qızım, nəvələrim var.

 

 

“Adımı dəyişmək ağlımdan keçməyib”

 

 

– Qonşular arasında erməni olduğunuzu bilən varmı və sizə qarşı münasibət necədir?

 

 

– Qonşuların hamısı bilir ki, erməniyəm və buna görə indiyədək hər hansı təzyiqlə üzləşməmişəm. Hər il Şıxov çimərliyinə sanatoriyaya gedirəm, orada da mənə o qədər hörmət edirlər ki. Bilirlər ki, erməni əsilliyəm. Münasibətlərimiz çox yaxşıdır.

 

 

– Azərbaycanda yaşayan bir çox həmvətənləriniz adını dəyişdiriblər. Amma siz dəyişməmisiniz. Bunu sizin burada özünüzü tam təhlükəsiz hiss etməyinizlə əlaqələndirə bilərikmi?

 

 

– Elədir. Adımı dəyişmək heç ağlımdan da keçməyib. Məni burada Janna deyə çağırırlar.

 

 

– Sonuncu dəfə Ermənistanda nə vaxt olmusunuz, vətəninizlə bağlı daha çox nələri xatırlayırsınız?

 

 

– Allah dağıtsın Ermənistanı. Nə xatirəm olacaq ki? Bacıdan, qardaşdan da olmuşuq. Sonuncu dəfə 1987-ci ildə olmuşam. Ondan sonra da Ermənistanda zəlzələ oldu, oradakı qohumlarımın hamısı, valideynlərim, bacım Rusiyaya getdilər. Sonra da valideynlərim vəfat etdi. İndi də bacı-qardaşlarım Rusiyada yaşayır. Təkcə bir bacımla danışıram, o da arada bir, həmişə yox. Ürəyim küsüb hamısından. Gərək belə olmayaydı, ana-bacı kimi yaşayırdıq. Axı, bu ölən cavanların nə günahı var idi?

 

 

– Azərbaycanda başqa qohumlarınız varmı?

 

 

– Yox. Heç kimim yoxdur. Hamısı Rusiyadadır. Ora da getmək istəmirəm. Heç birini görmək istəmirəm.

 

 

“Anam dedi gəl, yoxsa səni görmədən öləcəm”

 

 

– Erməni kimi doğulan Janetta indi özünü azərbaycanlı, yoxsa erməni hesab edir?

 

 

– Mən bura gələn gündən özümü azərbaycanlı hesab edirəm. Buranı da özümə vətənim bilmişəm.

 

 

– Münaqişə başlayandan sonra Azərbaycanı tərk edən bir çox ermənilər kimi sizin də getməməyinzin səbəbi bu ola bilərmi?

 

 

– Mən övladlarımı yetim qoyub qayıda bilməzdim. Üç qız uşağını qoyub hara gedə bilərdim ki? Getmədiyimə görə də heç vaxt peşman olmadım. Anam da zəng edib ağladı, dedi gəl, yoxsa səni görmədən öləcəm. Həqiqətən də məni görmədən öldü. Ona dedim ki, sən bir övladından olursan, amma mən üç övladımı itirə bilmərəm. Getmədiyimə görə Allah məni çətin vəziyyətdə qoymadı. Qızlarımın üçünü gəlin köçürtmüşəm, hamısı azərbaycanlı ilə ailə qurub.

 

 

– Yəqin ki, Ermənistanın hazırkı sosial vəziyyətini televiziyadan seyr edirsiniz…

 

 

– Bəli baxıram, deyirlər vəziyyət çox pisdir.

 

 

“Necə deyim günah kimdədir?”

 

 

– Münaqişənin həll olunması üçün müxtəlif varinatlar təklif olunur – Azərbaycan tərəfi torpaqlarını ya sülh, ya da hərb yolu ilə qaytaracağını, Ermənistan tərəfi isə Qarabağın Ermənistanın tarixi torpağı olduğunu iddia edir və danışıqlardan müxtəlif bəhanələrlə yayınır. Sizcə, haqlı tərəf hansıdır və münaqişənin hansı formada həlli siz ermənilər üçün də məqbuldur?

 

 

– İstəyirəm ki, torpaqlar Azərbaycana qaytarılsın. Allaha and olsun qurban kəsərəm. Başqa heç nə bilmirəm. Hər iki millətin birgə yaşamasına isə yuxarıdakılar qərar verə bilər. Mən istəyirəm torpaqlar qaytarılsın. Ermənistan imkan versin sülh olsun, əmin-amanlıq olsun, torpaqlarımız geri qayıtsın.

 

 

– Sizcə, torpağın qaytarılmasına imkan verməyən hansı tərəfdir?
– Bu axı siyasi məsələdir. Mən axı necə deyim günah kimdədir? Siyasi suallar verməyin.
– Siz siyasi suala cavab verirmiş kimi deyil, vətəndaş kimi münasibətinizi bildirin mümkünsə…
– Mən istəyirəm torpaqlar Azərbaycana qaytarılsın.

 

 

Beləcə, erməni xanımla söhbətimizi yekunlaşdırırıq. Bayırda bizi Janetta xanımın kürəkəni qarşılayır: “Gərək siyasi suallar verməyəyədiniz. Qayınanamın şəkəri var. Narahat ola bilər” – deyə həyəcanını gizlətmir.
Bir daha əmin oluruq ki, qohumluq əlaqələri millətlər arasındakı münaqişəni kölgədə qoyur. Bir də ki, zaman-zaman münaqişələrin həll olunması, ittifaq bağlanması üçün belə qohumluq əlaqələrindən azmı istifadə olunub?

 

 

Davamı olacaq…

 

 

Naibə Qurbanova
“KarabakhİNFO.com”

 

 

11.12.2014 15:01

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*