Azərbaycanca

Erməni saxtakarlığını sübut edən Ağdam mədəniyyəti

23.07.2014 | 08:38

10564884_606907826089371_1952332931_nÖncəliklə qeyd etmək lazımdır ki, Azərbaycan mədəniyyətinin hər bir detalı zəngin keçmişimizin göstəricisi olduğundan burada ən yüksək estetik dəyərlərin  şahidi ola bilərik. Mədəniyyətimizin misilsiz olması digər ölkələrin incəsənətinin formalaşmasında da zəmin rolu oynamışdır.Bu mənada düşmənlərimizin  dəfələrlə Azərbaycan incilərini saxtalaşdırmaq cəhdlərini müşahidə etmişik. Lakin, ədəbi nümunələrimizin üzərindəki cizgilər, etnoqrafik xüsusiyyətlər, müəlliflərin möhürbəndləri və.s  məqamlər həqiqəti əks etdirməyə imkan yaradır. Bu həqiqəti Ağdam mədəni incilərində də aydın şəkildə görürük.

 

10528132_606907742756046_1452040578_nDaş heykəllər. 1971-ci ildə Ağdamın Boyəhmədli kəndi yaxınlığında Gavur-Qala adlanan yerdən tapılmış abidələr xüsusi ilə diqqəti cəlb edir. Göstərilən nümunələr tarix etibarilə ilk orta yüzilliklərə aid edilə bilər. Sənətşünaslıq nöqteyi nəzərindən vurğulamaq lazımdır ki, həmin dövrdə xristian dini rəsmi olaraq mövcud olsa da, Azərbaycan ərazisində hələ də ənənəvi qədim türk inanclarının göstəricisi kimi ulu tanrıçılığa inam qalmaqda idi. Məhz bu daş heykəli həmin xüsusiyyətlərin daşıyıcısı kimi qiymətləndirmək olar.

 

 

Cəsarətlə deyə bilərik ki, insan fiqurlarını  təsvir edən bu heykəl qrupu indiyə qədər Azərbaycan ərazisində tapılan ən orijinal plastik sənət nümunələrindəndir. Çox sxematik tərzdə, real proporsiyalardan xeyli kənar bir tərzdə yonulub düzəldilməsinə baxmayaraq, bu plastik sənət nümunələri öz əzəməti və fərqli surəti ilə insana güclü təsir ehtiva edir. Asanlıqla təsəvvür edə bilərik ki,  təxminən min beş yüz il bundan əvvəl yolayrıcına və ya hündür təpə üzərinə qoyulmuş bu heykəllər öz dövrünün insanlarına  hansı şəkildə təsir etmək gücünə malikmiş. Xüsusilə fiqurun döşünün üstündə qatlanıb yuxarı asılmış əlləri, göylərə baxan gözləri olduqca orijinal səpkidə təsvir edilmişdir. Haqqında bəhs etdiyimiz heykəllərdən ən böyüyünün hündürlüyü 3 metrə yaxındır. Bu heykəllər ilk nəzərdə üslub baxımından Tovuz və  Şamaxıdan tapılmış fiqurlardan fərqlənsələr də, onları bir-birinə bənzədən çoxlu şərtlər də mövcuddur. Bunları onların  statik duruşunda, əllərinin vəziyyətində, həcmində, etnik tipində, uzun saçlı olmalarında və s. görmək olur. Məhz bu oxşarlıq sübut edir ki, həmin dövrdə ümumilikdə Azərbaycan ərazisində vahid milli mədəniyyətin, yerli üslubun təntənəsi mövcud idi. Bu vahid üslub sənət nümumələrinin Azərbaycan türklərinə mənsub olduğunu sübut edir.

 

 

10544814_606907739422713_1575514360_nXaçıntürbətli abidəsi.

XIV əsrin əvvəllərində daş türbələrin geniş şəkildə yayılması ənənəvi hal kimi əlamətdar idi. Belə tikintilərə Ağdam rayonu ərazisində də rast gəlmək mümkündür. Xaçıntürbətli abidəsi nadir təsadüf edilən bir səciyyəyə malik türbədir. Ağdam rayonunun Xaçıntürbətli  kəndində yerləşən bu bənzərsiz abidə nisbətən kiçik olan  bir kürsülük üzərində  yüksələn səkkizbucaqlı gövdədən ibarət kompozisiya ilə tamamlanmışdır. Türbənin üzəri isə  səkkizbucaqlı  piramidaşəkilli günbəzlə ustalıqla əhatələnmişdir. Bu abidə də diqqətimizi çəkən əsas xüsusiyyət onun  həcmində deyil, bu ənənəvi quruluşun özünəməxsus bir şəkildə həll edilməsindədir.

 

Xaçıntürbətli türbəsində yeraltı hissənin mövcud olması onun qülləvari türbələr qrupuna daxil edilməsinə əsas verən başlıca bir əlamətdir. Abidənin istər daxili səthlərinin, istər daxilindəki günbəzin və istərsə də xaricindəki səthlərin işlənilməsi binaya təkrarolunmaz bir fərdi xüsusiyyət bəxş edir. Xaçıntürbətli abidəsinin giriş qapısı üzərindəki kitabədən, onun 1314-cü ildə  ustad Şahbənzər tərəfindən Musa oğlu Kutlunun qəbri  üstündə tikildiyi məlum olur. Xüsusi həssaslıqla vurğulamaq lazımdır ki, abidənin üzərində göstərilən memarın adı sırf türk-müsəlman mənşəli olub tikilinin həqiqi kökünü müəyyən edir. Xaçıntürbətli abidəsinin ən zəngin hissəsini giriş səthinin memarlığı və onun daxili günbəzinin stalaktitli  quruluşu təşkil edir. Xarici səthlər çox  da dərin olmayan batıqlarla işlənmiş və bu batıqların yuxarı hissəsi tağlarla əhatə olumuşdur. Bu quruluş türbənin ümumi ampulasını daha da fərqli və maraqlı edir.

 

 

Xaçıntürbətli abidəsinin ümumi kompozisiya görünüşündə əhəmiyyətli bir detal da onun piramidaşəkilli günbəzinin üzlüyünü təşkil edən daş-tavalardan düzəldilmə örtüyüdür. Xaçıntürbətli abidəsinin giriş səthində və daxilində olan heyvan təsvirləri də son dərəcə təqdirəlayiq hadisədir. Onların içərisində vəhşi heyvan təsvirlərini xüsusilə vurğulamaq vacibdir. Azərbaycan memarlığı abidələri içərisində bu  təsvirləri xatırladan nümunələr Bakıda, Bayıl qəsrinin (XIII əsr) üzərində mövcuddur. Xaçıntürbətli abidəsinin daxili stalaktit biçimli günbəzi Şirvan memarlığının daşdan oyma stalaktit kompozisiyalarını xatırlatmağa imkan verir.

 

 

Bu abidə üzərində tətbiq olunmuş bəzəklər türbənin  xaricində girintili-çıxıntılı tağlarda yerləşdirilmiş simmetrik şəkilli heyvan təsvirlərindən ibarətdir. Burada qanadlı qrifonla aslan, öküzlə aslan, maralla  aslan, iki dovşan və ceyranı arxası üstə yıxıb parçalayan aslan təsvirləri verilmişdir. Tətbiq olunduğu yerin ölçü və mahiyyətindən asılı olaraq abidə üzərində heyvan təsvirləri müxtəlif miqyaslarda çəkilmişdir. Məsələn, qapının tağları üstündə kiçik səthdə üz-üzə durmuş iki kiçik dovşan fiquru, türbənin dağ və meşələrə çevrilmiş arxa tərəfində isə geniş planda aslanla ceyranın mübarizəsi səhnəsi təsvir edilmişdir.

 

Abidə üzərindəki rəsmlərin belə müxtəlif ölçülərdə olmasına baxmayaraq, onlar vahid texniki üslubda yaradılmışdır. Heyvan fiqurlarının bəzilərinin üzərində tünd-qırmızı boya izlərinin qalması onların əvvəllər rəngli olduğunu göstərir. Türbə üzərində həkk  olunmuş rəsmlər sırf yerli xüsusiyyət daşısa da, onlara bənzər qabartma, oyma və cızmalara biz Şərq aləmində yaradılmış bir çox memarlıq abidələrinin üzərində  rast gəlirik. Bu baxımdan Xaçıntürbətli abidəsinin təsvirləri Türkiyənin Diyarbəkir şəhərindəki Ulu Cami məscidinin bəzəklərinə xüsusilə yaxındır.

 

Memarlıq abidələrinin üzərində canlıların rəsmini həkk edilməsinə təkcə bir bölgədə yox, Azərbaycanın  başqa yerlərində tikilmiş abidələrdə də rast gəlmək olur. Bütün bunlar qabartma səpkisində deyil, xeyli səthi,  daha çox cızma üsulunda icra edilirdi. Belə bəzəkli abidələr sırasına  Laçın rayonunun Cicimli kəndi yaxınlığındakı Məlikəjdər türbəsinin  rəsmlərini də  şamil etmək olar.

 

 

Hazırda ermənilərin işğal olumuş ərazilərimizdə etdiyi mədəni dəyərləri saxtlaşdırma cəhdləri Ağdamdan da yan keçmir. Buna baxmayaraq, abidələrimizin hər bir detalı, mənşəyi, üzərindəki azərbaycanlı müəlliflərin imzası və.s amillər dünya ictimaiyyətinə həqiqəti sübut etmək gücündədir.

 

 

İstifadə olunan ədəbiyyat

1. Əfəndiyev R. Azərbaycanın maddi-mədəniyyət nümunələri. Bakı, 1960.

  1. Qiyasi Cəfər. Yaxın –uzaq ellərdə.Bakı, 1985
  2. Rasim Əfəndi. Daşlar danışır. Bakı, 1980
  3. Sadığzadə Ş.H. Qədim Azərbaycan bəzəkləri. Bakı, 1971
  4. Salamzadə Ə. V. Azərbaycan memarlıq abidələri. Bakı, 1958
  5. Seyidov M. Azərbaycan mifik təfəkkürünün qaynaqları. Bakı, 1983
  6. Niyazi Mehdi. Orta əsrlər Azərbaycan estetik mədəniyyəti. Bakı, 1981
  7. Аскерова Н.С. Архитектурный орнамент Азербайджана. Баку, 1961.
  8. Расим Эфенди. Каменная пластика Азербайджана. Баку, 1986.     

 

 

Fəxri Məmmədli

 

“KarabakhİNFO.com”

23.07.2014 08:38

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*