Azərbaycanca

“Erməni soyqırımı”nın mahiyyəti və dünyanın bu məsələyə indiki yanaşması

14.02.2013 | 12:23

1360828967_byk-yalan-2«Erməni məhəllə məktəblərində şagirdlər Böyük Ermənistanın xəritəsini öyrənirlər ki, onun da ərazisi, demək  olar ki, Voronejə qədər çatır və paytaxtı da Tiflisdir».

V. L. Veliçko.

Erməni şovinizmi müasir dövrdə bütün dünya siyasətinə sirayət edir, imkan tapdığı dövrlərdə təxribatçılıq, terrorçuluq, böhtançılıq fəaliyyətini əldən qoymur. Onun əsas təzahür formalarından biri də ondan ibarətdir ki,  yaşadıqları dövlətlərin siyasi, iqtisadi, ideoloji durumuna zərbə endirmək, onlardan öz maraqları üçün istifadə etmək.

“Erməni soyqırımı” iddiaları 1950-ci illərdən – yəni “soyqırım” ifadəsi rəsmən beynəlxalq hüquqi status alandan cəmi iki il sonra gündəmə gəlib. Kilsənin irəli sürdüyü iddialar Amerika və Avropada erməni lobbisinin dəstəyilə böyük bir kampaniyaya çevrilib. Ermənilər ilk “soyqırım” qərarının qəbuluna Uruqvayda nail olublar. 1965-ci il aprelin 20-də Uruqvay parlamenti 24 apreli “Erməni soyqırımını anma günü” kimi tanıyıb (Uruqvay parlamenti 2004 və 2005-ci illərdə daha iki bəyanatla qərarını yeniləyib). Bundan 17 il sonra – 1982-ci il aprelin 29-da Kiprin yunan icması analoji qərar qəbul edib. “Erməni soyqırımı”nı tanımış və bununla bağlı qərar qəbul etmiş bütün ölkələrin sıralaması isə belədi:

  1. Uruqvay – 20 aprel 1965, 2004, 2005
  2. Cənubi Kipr – 1982
  3. Argentina – 1993, 2003, 2004, 2005, 2006, 2007
  4. 1995, 22 aprel 2005
  5. Yunanıstan – 25 aprel 1996
  6. Kanada – 1996, 2000 və ən son olaraq 21 aprel 2004
  7. Livan – 1997, 11 may 2000
  8. Belçika – 26 mart 1998
  9. Vatikan – 2000
  10. İtaliya – 17 noyabr 2000
  11. Fransa– 18 yanvar 2001
  12. İsveçrə – 16 dekabr 2003
  13. Slovakiya – 30 noyabr 2004
  14. Hollandiya – 21 dekabr 2004
  15. Polşa – 19 aprel 2005
  16. Almaniya– 16 iyun 2005
  17. Venesuela – 14 iyul 2005
  18. Litva – 15 dekabr 2005
  19. Çili – 2007

Beləliklə, 1950-ci illərdən kampaniya başladan, 1965-ci ildə ilk rəsmi qərarın qəbuluna nail olan ermənilər 45 il ərzində əsilsiz iddialarını 19 ölkədə qərar və ya bəyanat şəklində qəbul etdiriblər. Daha 2 dövlətin (İsveç və ABŞ-ın) Xarici Əlaqələr Komitəsi müvafiq qətnamə layihəsini təsdiqləyib.

   “Erməni soyqırımı”nı tanıyan beynəlxalq təşkilat da var – Avropa Parlamenti. Yəni Avropa Birliyi ölkələrinin parlamenti. Bu qurum “erməni soyqırımı”nı hələ 1987-ci ildə tanıyıb. Həm də Fransanın səyləriylə. 1981-ci ildə fransalı parlamentar Jage “Erməni xalqının durumu” adlı layihə hazırlayaraq Avropa Parlamentinə təqdim edib. Sonra bu parlamentdəki sosialistlər qrupu adından fransalı parlamentari Duport və belçikalı deputat Qlinn qərar layihəsi hazırlayıblar. Layihədə ilk dəfə “erməni soyqırımı” iddiaları Avropa Parlamentinin gündəliyinə çıxarılıb. 1984-cü il seçkilərindən sonra Avropa Parlamentində sosialist qrupunu təmsil edən fransalı deputat Sabi həmin layihəni yeniləyib. Elə həmin il başqa bir fransalı parlamentar yəhudi lobbisinin təsiriylə “erməni soyqırımı” ilə bağlı məruzəçi olmaqdan imtina edib. Bu zaman fransızlar məruzəçiliyi belçikalı deputat Vandemelebroka həvalə ediblər. Qatı sağçı və irqçi kimi tanınan məruzəçi bir dəfə belə Türkiyədə olmadan, bir türk rəsmisi ilə görüşmədən hesabat hazırlayıb. Avropa Parlamentinin Siyasi Komitəsi buranın tarix qurumu olmadığını əsas gətirərək hesabatı qəbul etməyib. Fransızlar komitənin italiyalı başqanına yenidən səsvermə keçirməsi üçün təzyiq göstəriblər, amma o, rədd edib. Komitə sədrinin səlahiyyət müddəti bitdikdən sonra iş yenidən başlayıb və fransızlar istəklərinə nail olublar. 1987-ci il iyulun 18-də ermənilərin üzük qaşı kimi dövrəyə aldığı Avropa Parlamenti “erməni soyqırımı”nı faktiki tanıyan qərar qəbul edib. Bu, təxminən o ərəfəyə təsadüf edirdi ki, Türkiyə Avropa Birliyinə üzvlük niyyətini açıq ifadə eləməyə başlamışdı.

    Avropa Parlamenti qərarını 2005-ci ildə təzələdi – Türkiyə Avropa Birliyinə üzvlüklə bağlı alayarımçıq müzakirə tarixi almazdan bir ay əvvəl. Həmin qərarda Türkiyənin 1915-ci ildə baş verənləri “soyqırım” kimi tanıması Avropa Birliyinə üzvlüyün əsas şərtlərindən biri olaraq göstərilir. Doğrudur, Türkiyə üçün direktiv Kopenhagen meyarlarıdır, Avropa Parlamentinin qərarları direktiv yox, tövsiyə xarakteri daşıyır. Amma nəzərə almaq lazımdır ki, ən sonda Türkiyənin tam üzvlüyünə səs verəcək qurum Avropa Parlamentidir. Həmin səsvermədə, əğər Türkiyə bu səsverməyə qədər gedə biləcəksə, Avropa Parlamentinin qərarları gündəmə gələcək və Ankaranın bu şərtləri yerinə yetirməsi tələb ediləcək.

“Böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyən və yalançı “erməni soyqırımı”nı sübuta yetirməyə çalışan erməni millətçiləri müasir qloballaşan dünyada xalqların və ölkələrin yaxınlaşması yolunda ciddi  əngələ çevrilmişlər. Dünyanın hər  yerinə səpələnmiş çoxsaylı erməni təşkilatlarının geniş maliyyəimkanları, Qriqorian kilsəsinin istiqamətverici  və təşkilatçılıq  rolu, ayrı-ayrı ölkələrin, o cümlədən böyük dövlətlərin müxtəlif strukturlarında mühüm mövqelər ələ keçirmiş ermənilərin dünya  siyasətinə təsir göstərməsi sülh və əmin-amanlıq üçün, insanlığın gələcəyindən ötrü təhlükəli maneəyə çevrilmişdir.200 ildən artıq bir müddət  ərzində Azərbaycan və Türkiyə torpaqlarında

qanlı terror  əməlləri, soyqırımları həyata keçirmiş ermənilərin hazırda dünyada onlarla iri terrorçu təşkilatları və çoxsaylı terror qrupları fəaliyyət göstərir.Özgə torpaqlarını işğal etmək üçün terroru, soyqırımlarını  özlərinə peşə seçmiş erməni millətçiləri bu bəd niyyətlərini guya  vaxtı ilə Aralıq dənizi-Qara dəniz-Xəzər dənizi arasındakı geniş torpaqları  əhatə etmiş uydurma “Böyük Ermənistan” dövlətini dirçəltmək pərdəsi altında həyata keçirmək xülyasındadırlar.

Son günlər Birləşmiş Ştatlarda uydurma genosidin tanıdılması üçün erməni diasporu və lobbisi xeyli fəallaşıb. Kapitolidə tərəfdarlarının sayını artıran ermənilər məsələni senatın müzakirəsinə çıxarmağa hazırlaşırlar. Saxta layihənin burada tanınması isə gözlənilməz nəticələr verə bilər. ABŞ-Türkiyə və paralel olaraq ABŞ-Azərbaycan münasibətlərində ciddi dəyişikliklər yarada biləcək uydurma soyqırımın əsl mahiyyəti nədən ibarətdir? Gəlin, bu suala cavab axtarmağa çalışaq. Dünya ermənilərinin milli kimliyi, birliyi üçün xristian dinindən də önəmli olan uydurma soyqırım iddiaları “erməni məsələsi”nin bir qoludur. Bu məsələ əsasən erməni diasporu arasında ideoloqları tərəfindən ciddi təbliğ edilir. Çoxsaylı təşkilatların, siyasi partiyaların və hərəkatların təmsil olunduğu erməni diasporunu türk tədqiqatçısı Erdal İlter altı qrupa bölür. Bu qruplara özləri və ya valideynləri bir və daha çox ölkədə yaşamalı olanlar, ana vətənləri ilə əlaqəli ortaq bir xatirə, mifoloji anım daşıyıcıları, məskunlaşdıqları ölkələrin ictimaiyyəti tərəfindən tam olaraq qəbul edilməyənlər, ana vətənlərini əsas yurd kimi qəbul edib, müvafiq zamanda oraya qayıtmağı düşünənlər, müxtəlif vasitələrlə vətənlə əlaqə quraraq, öz köməkliklərini göstərənlər, geri dönmək istəməyərək vətənə nostalji hisslərlə bağlananlar. Bu altı qrupu səciyyələndirən cəhətlər erməni diasporu nümayəndələrinə xas olan əsas xüsusiyyətlər olmaqla onların iç üzlərini, məkrli məqsədlərini gizlətmək üçün əlverişli variantdır. Məhz diasporda uydurma soyqırımın təbliğ edilməsində erməni ideoloqlarının xüsusi maraqları var. “Soyqırım əfsanəsi” ermənilərin erməni olmalarının əsas dəlili sayılmaqla erməniləri bir arada saxlamaq üçün yeganə vasitədir. ABŞ, Rusiya, Avropa və Asiya ölkələrində güclü təsiri olan “soyqırım əfsanəsi” buradakı ermənilərin fəaliyyətini, bir növ, tənzimləyir. Ermənilərin yaşadıqları hər yerdə “soyqırım”la əlaqəli bir çox “xatirələr” var. Bunu onların sahib olduqları ticari xidmət, şəxsi biznes obyektlərində də görmək olar. Ermənilər dükanlarına, köşklərinə, yeməkxanalarına, məktəbə, kilsəyə və digər yerlərə “Genosid”, “Ararat”, “Ermənistan” adları verirlər.

    Erməni ideoloqları diasporda təbliğatı gücləndirməklə, ermənilərin qüdrətli xalqlar tərəfindən assimilyasiya olunmasının qarşısını almağa çalışırlar. Onlar gözəl başa düşürlər ki, Ermənistanda yaşayan bir ovuc erməni ümumi işin davamçısı ola bilməz. Bu səbəbdən də diasporda erməniləri ortaq əzablar və ortaq uğurlar xülyası ilə birləşdirməyə çalışaraq, “soyqırım əfsanəsi”ndən məharətlə istifadə edirlər. Diasporda saxta bir tarix təbliğ edən erməni ideoloqları onları qədim və sivil xalqın nümayəndələri olduqlarına inandırırlar. Ermənilərin tarixən əzabkeş xalq kimi bir çox təzyiqlərə məruz qalması barədə uydurma konsepsiya hazırlayan erməni ideoloqları özləri də bunun yalan olduğunu qəbul edirlər. Onlar bunu millətin yox olmaması üçün etdiklərini boyunlarına alırlar. Bu barədə Türkiyənin nüfuzlu “Stratejik Analiz” jurnalında geniş məlumat verilməklə, onların siyasətləri tam olaraq açıqlanır. Jurnaldan diqqətçəkən bir məqamı oxucuların diqqətinə çatdırırıq: “Haqqında danışılan hadisələri bir əfsanə halına gətirən erməni ideoloqları bir-birindən fərqli milyonlarca insanı bir amal ətrafında və işləyib hazırladıqları ortaq dəyərlərlə yaxınlaşdıraraq erməni millətinin gələcəyinin təhlükəsizliyinə çalışırlar”. Jurnaldakı fikirlərdən belə bir nəticəyə gəlmək olar ki, erməni ideoloqları ilk növbədə erməni gənclərini “soyqırım əfsanəsi”nə inandırırlar. Ardınca içərilərində yaşadıqları cəmiyyəti, ən sonda da bütün dünyanı buna inandırmağın yollarını arayırlar. Bunu bir “missiya”, hətta bir varlanma vasitəsi kimi görən erməni ideoloqlarının təbliğatı indi də bütün gücü ilə davam etməkdədir. Təkcə informasiya işinə ildə 100 milyon dollar maliyyə sərf edilir.

    Uydurma soyqırım iddialarını bütün dünya ölkələrinin qanunvericilik məclislərinə çıxaran erməni diasporu yalnız Fransada onun tanınmasına nail olub. Almaniya, Slovakiya, Belçika, İsveç, İran, İtaliya, Böyük Britaniya, İsveçrə, Kanada, Livan, Avstraliya, Argentina, Hollandiya və Avstriyada uydurma “soyqırım”ı gündəmə gətirən erməni diasporu Fransadan başqa adları sadalanan dövlətlərdə onun rəsmən tanınmasına nail ola bilməyib. Bəzi dövlətlər müvafiq qətnamə qəbul etməsinə baxmayaraq, onların heç bir hüquqi qüvvəsi yoxdur. Erməni diasporu superdövlət olan ABŞ-da uydurma soyqırımın tanıdılması üçün əsasən 1965-ci ildən bəri intensiv iş aparır. Dəfələrlə ABŞ-ın qanunverici orqanına layihələr hazırlayıb müraciət edən erməni diasporu məğlubiyyətlə üzləşib. Amerika erməniləri hələlik 30-a yaxın ştatda layihəni tanıtmaqla Konqresi “fakt” qarşısında qoymağa çalışırlar. Konqresdə uydurma soyqırımın tanıdılması ilə erməni diasporu Türkiyəyə ermənilərin guya soyqırıma məruz qaldığını qəbul etdirmək, saxta qanbahası əvəzinə maddi və torpaq təzminatı almaq, bu ölkənin Van, Qars, Ərdəhan, Arvin, Trabzon, Rizə, Bitlis, Gümüşhanə, Baybuş və Ərzurum vilayətlərini ələ keçirmək məqsədləri güdür.

   Kapitoli zirvəsində diasporun maraqlarını təmsil edən erməni işçi qrup konqresmenlər içərisindən özlərinə tərəfdar toplamaq, hüquqi sənədlər hazırlamaq, lobbiçilik etmək və digər işlərlə fəal şəkildə məşğuldur. İşçi qrupun hazırladığı sənədlərin yenidən Amerika Senatının müzakirəsinə çıxarılmasını politoloqlar bir neçə səbəblə əlaqələndirirlər. Bəziləri hesab edirlər ki, uydurma soyqırımın İraq əməliyyatlarından sonra gündəmə gətirilməsi Amerika siyasiləri tərəfindən bilərəkdən atılan addımdır. Bu siyasət İraqın türkmanlar yaşayan ərazilərində Türkiyə təsirinin azadılmasına xidmət edir. Türkiyənin başını bu yolla qatmağa çalışan Amerika siyasi dairələri kürdlərin türkmanlar yaşayan ərazilərdə mövqeyini və rolunu gücləndirmək istəyirlər. Başqa bir qrup analitik düşünür ki, Türkiyənin yeni hökuməti ilə Amerikanın prinsipial məsələlərdə fikirlərinin üst-üstə düşməməsi erməni diasporu üçün əlverişli şərait yaradıb

    Adətən Respublikaçılar Partiyasının təəssübkeşi kimi çıxış edən erməni diasporu Corc Buşun onlara qarşı münasibətini qənaətbəxş saymadıqları üçün 2004-cü ilin prezident seçkilərində Demokrat Partiyasının namizədini dəstəkləyəcəklərini bildiriblər. Erməni əsilli seçicilərin səsini əldə etmək üçün Demokrat Partiyasından əsas namizəd kimi irəli sürüləcəyi gözlənilən Cozef Liberman xüsusi canfəşanlıq göstərir. Ermənipərəst siyasətçi kimi tanınan Con Kerri (Massaçusets ştatından olan Cen Kerri Azadlığı Müdafiə Aktına bədnam 907-ci əlavənin müəllifidir), Con Edvards və Adam Şif C.Libermanla birgə Senatda uydurma soyqırımın tanınmasına ciddi cəhdlə çalışırlar. Qəribə görünsə də, əvvəllər ermənilərə rəğbətilə seçilməyən eks-prezident Bill Klinton və onun xanımı Hillari Klinton da indi ermənipərəst qüvvələrlə birgədir. Xatırladaq ki, Bill Klintonun dövründə Konqresin spikeri olan Denis Hastarte uydurma soyqırımın tanınmasına çalışanda məhz prezidentin təzyiqilə bu fikrindən daşınıb. Hastarteyə göndərdiyi məktubda ABŞ-ın regiondakı maraqlarını nəzərə almağın zəruriliyini əsaslandıran Klinton uydurma soyqırım layihəsinin qəbul olunmamasını xahiş etmişdi.

    ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, Ohayo ştatından seçilmiş Jan Şmidt uydurma “erməni soyqırımı”nı tanımadığı üçün ermənilərin qəzəbinə tuş gəlmişdir. J. Smidt bildirib ki, 1915-ci il hadisələrini soyqırım kimi qiymətləndirmək doğru deyil: “Konqresin üzvü kimi heç vaxt “erməni soyqırımı” haqqında layihələrə səs verməmişəm. Hər zaman hesab etmişəm ki, bu məsələ Konqresin problemi deyil. Bu problemin birdəfəlik həlli üçün mütəxəssislərdən ibarət müstəqil beynəlxalq komissiyanın yaradılması fikrini dəstəkləyirəm”.

    J. Şmidt xatırladıb ki, ABŞ-ın bir sıra nüfuzlu alimləri də 1915-ci ildə baş vermiş faciəvi hadisələr üçün “soyqırım” ifadəsinin istifadəsinin doğru olmadığını bəyan ediblər. Bu alimlər arasında Prinston Universitetindən məşhur tarixçi Bernard Levis və Norman İtzkovits, Kaliforniya Universitetindən Stenford Şav, Lusvill Universitetindən Justin Makkarti, Massaçusets Universitetindən Günter Levi və Brayan Uilyams, Boston Universitetindən David Fromkin, Brandis Universitetindən Aviqdor Levi, Tennessi Texniki Universitetindən Maykl Günter, Corc Vaşinqton Universitetindən Roderik Davidson, “Hunter” Kollecindən Pyer Oberlinq, Xarici Siyasət Araşdırmaları İnstitutundan Maykl Radu və hərbi tarixçi Edvard Erikson kimi elm adamları var.

2001-ci il martın 13-də İsveçrə parlamenti yunan əsilli deputat Cozef Ziyadisin Türkiyədə ermənilərin «soyqırımı»na məruz qalması haqqında ölkə parlamentinə təklif etdiyi qanun layihəsi rədd etdi. İsveçrə xarici işlər naziri C.Deiss ermənilərin saxtakarlığına işarə edərək: «…87 il əvvəl olduğu iddia edilən və əsli  bilinməyən hadisəyə görə Türkiyə ilə əlaqələrimizi poza bilmərik».

Almaniya prezidenti Y.Ray da erməni fitnəkarlığının Almaniyada isə keçməyəcəyini bəyan edib. Türkiyənin «Hürriyyət» qəzetinin yazdığı məlumata görə prezident Y.Ray Almaniyadakı Erməni Mərkəzi Şurası başda olmaqla bir sıra təşkilatların uydurma «erməni soyqırımı»nın Bundestaqda qəbulu üçün ondan dəstək almaq xahişlərini rədd edib. Və qərarın  qəbul edilməsi üçün canfəşanlıq edən T.Hofmanın görüş tələbini qulaq ardına vurub.

Həmçinin erməni saxtakarlığına qarşı növbəti bir dövlət də Asiyanın Yaxın Şərq bölgəsində İsrail dövləti oldu. Erməni təbliğat hay-küyçüləri ümid edirdi ki, həqiqi soyqırımına məruz qalmış yəhudilər  onların qondarma «erməni soyqırımı»nın tanınmasına rəvac verəcəklər. Ancaq ermənilər gözlənilməz cavab və təkziblərlə qarşılaşdılar. Belə ki, İsrailin Ermənistandakı səfiri xanım Rivka Koenin saxta erməni soyqırımına dair bəyanatı Ermənistanda ciddi  narazılıq yaratdı. Diplomat «Xolokost»la qondarma «erməni soyqırımı»nın fərqləndiyini bildirdi. O qeyd etmişdir ki, Xolokost  bir xalqın tam məhvinə yönəldilmiş aksiyadır, «erməni soyqırımı»nın isə hələ sübuta ehtiyacı olduğundan tarixçilərin işidir. O  demişdir: «Xolokost – yeganə haldır, belə ki, daim planlaşdırılırdı və bütün millətin məhvinə yönəlmişdi. Hazırkı mərhələdə nəyisə «Xolokost»la müqayisə etməyə dəyməz».

    Artıq qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı qərarların beynəlxalq səviyyədə ləğv olunması üçün mübarizə aparmaq vaxtı çatıb” Ukraynanın Xarkov vilayətinin İzyum Şəhər Şurası 2010-cu ildə qondarma “erməni soyqırımı”nın tanınması haqqında qəbul etdiyi 2009-cu il tarixli qərarı ləğv edib. Bu barədə Şəhər Şurasının növbəti sessiyasında qərar qəbul olunub.

    Erməni diasporunun fəallaşmasına və ətrafına çoxsaylı tərəfdar toplamasına baxmayaraq, uydurma soyqırımın Amerika Senatında və başqa nüfuzlu dövlətlərin qanunverici orqanlarında tanınacağı real görünmür. Əvvəla ona görə ki, Birləşmiş Ştatların bölgədə nüfuzunun zəifləməsinə aparıb çaxara biləcək bu addım ilk növbədə bu ölkənin öz maraqlarına ağır zərbə olardı. Başqa bir tərəfdən, Türkiyə siyasətçilərinin “Tarixi verək tarixçilərin ixtiyarına, belə məsələlərlə siyasətçilər deyil, alimlər məşğul olmalıdırlar” fikrini Amerika rəsmi dairələrində də dəstəkləyənlər az deyil.

Zaur Əliyev

AMEA-nın əməkdaşı

Diaspor və Lobbi Elmi Araşdırmalar mərkəzinin sədri

Siyasi fəlsəfə doktoru

“KarabakhINFO.com”

14.02.2013 12:23

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*