Azərbaycanca

Erməni tarixçisi səlcuqlular barədə…

03.03.2014 | 16:44

1394109760_ermeni-tarixcileri-selcuqlar-barede1Səlcuqluların Andoluya hakim olması dünya tarixinin ən önəmlii hadisələrindən biridir. Bu hadisə islam dünyasını xristianlıq təhdidindən qorumuş olan yeni bir ruhun tarix sahəsinə çıxması idi.  Anadoluda qurulan Səlcuqlu Türk hakimiyyəti xaçlı səfərlərinin qarşısının alınmasını təmin etmiş, müsəlmanlar tərəfindən müqəddəs bir şəhər sayılan və Peyğəmbər əfəndimizin fəth ediləcəyini müjdələdiyi İstanbulun fəthindən sonra üç qitədə əsrlərcə müsəlman türkün bayrağını dalğalandıran Osmanlı dövlətinin qurulmasına zəmin hazırlamışdır.

Məlum olduğu kimi, Anadolu torpaqları üzərində ən mühüm rolu türklər oynamışlar.  Anadolunun müsəlman türk yurdu halına gəlməsi avropalılar tərəfindən qəbul və həzm edilməyəcək bir hal olaraq görülmüşdür.

Yunan və erməni tarixçiləri türklərin guya 1071-ci il tarixindən sonra Anadoluya gəldiklərini iddia edirlər. Halbuki Anadolunu 1071-ci il Malazgird müharibəsindən sonra tutanlar müsəlman türklər idi. Halbuki, onlardan öncə də bu ərazidə xristian və tanrıçı türklər yaşamaqda idi.  Səlcuqlular Anadolu qapılarına gəldikləri zaman orada özlərindən əvvəl yaşayan bəzi türkmən qruplarına rast gəlmişdilər. Səlcuqlular onlarla birlikdə Anadolu hüdudlarını aşaraq, kiçik bir alban və arami (suryani) prinsliyi olan Vaspurakana, yəni Van gölü bölgəsinə girdilər. Burada yaşayan albanlar da türk idilər və türk dilinin qıpçaq ləhcəsində danışırdılar.

Onuncu yüzildə müdafiəyə keçmiş və daxili böhranlarla sarsılmış bir vəziyyətdə olan İslam dünyası Səlcuqlular sayəsində yeni bir qüdrət qazanaraq böhrandan çıxdı və İslamın, eləcə də başqa məzhəbdən olan digər xristianların – suryanilərin, albanların və ermənilərin (hayların) əzəli düşməni və rəqibi olan Bizans ilə hesab çəkməyə başladı. Anadolunun fəthi İslam siyasətinin təcəllisi olaraq gerçəkləşmişdir və müsəlmanları və digər qrupları Bizans zülmündən xilas etmək məqsədi daşımışdır.

Yazılan və ya yazdırılan təbliğat mahiyyətindəki erməni tarixlərində irəli sürülən iddiaların əksinə olaraq, Səlcuqlu türkləri Şərqi Anadolunu ermənilərdən deyil, bizanslılardan almışlar. Nəticədə isə bölgənin digər xalqları kimi ermənilər də bizanslıların əsarətindən qurtulmuşdular. Təsadüfi deyil ki, XII əsr erməni tarixçisi Urfalı Mathieu Ermənistanın Bizans tərəfindən işğalından şikayətlənib belə yazır:”… Bax, erməni milləti bu surətlə əsarət altına alındı. Məmləkət qana bulandı və bir ucundan digər ucuna qədər çalxalanan bir qan dəryası halına gəldi. Erməni millətinin yunan milləti üzündən çəkdiyi iztirabları kim təsvir edəcəkdir? Çünki yunanlar erməni millətinin komandanlarını öz ev və əyalətlərindən çıxarıb aparmış, ermənilərin knyazlarının taxtını devirmişdilər.”

Onun yazdıqlarından belə aydın olur ki, Türk ordusu Bizans ordusu ilə Həsənqalada böyük bir döyüşə girmişdi. Onlar Bizans ordusunu məğlub etdilər. Həmin dövrə qədər bizanslılar öz məzhəblərini ermənilərə zorla qəbul etdirmək üçün onlara zülm edir, işgəncələr verirdilər. Buna görə ermənilər bizanslılara nifrət edirdilər, onları müdafiə etmirdilər: “Bizanslılar isə kilsələrdə belə qarışıqlıq çıxarırdılar. Onlar bu hərəkətləri ilə bütün erməni knyaz və komandanlarını Şərqdən çıxarıb öz məmləkətlərində yaşamağa məcbur edirdilər”.

Katolik xristianların da ermənilərə münasibəti ortodoks yunanlılarınkından fərqli deyildi. Ştutqart Universitetinin professorlarından W.Heyd də “Histoire du Commerce du Levant au Moyen-Age” (Paris 1936) adlı əsərində belə deyir: “…İlk xaçlılar Asiyaya gəldikdən az əvvəlki bir dönəmdə Fərat çayının yuxarı hissəsilə sulanan ölkələrdə yunan irqinin getdikcə artmaqda olan üstünlüyü ilə təhdid olunan bir çox erməni (monofizit) milliyyətlərini …  oradan köçmüşdürlər”.

Alimin yazdığına görə, Sultan Alparslan 1070-ci ildə Əhlət, Diyarbəkir və Malazgirdi fəth etdikdən sonra Hələbi mühasirəyə aldı. Bu vaxt Bizans imperatoru Romanos Diogenes böyük bir ordu ilə Anadoluda irəliləyərək Ərzuruma gəldi. Ordusunun böyüklüyünə güvənən imperator zəfərdən əmin idi. İmperatorun ordusunda çox sayda erməni vardı. Bizanslılar daha əvvəl erməniləri bu bölgədən çıxarıb Sivasa sürgün etmişdilər. Ancaq indi Sivasa sürgün edilən erməniləri imperator köhnə yerlərinə yerləşdirməyə söz verib onları ordusuna qatmışdı. Erməni komandan Vasil imperatorun əmrinə girmişdi. İmperator Romanos Diogenes Malazgirtdə toplanan Alparslanın ordusunun üzərinə hücum etmədən əvvəl bir erməni birliyini döyüşə göndərdi. Fəqət ermənilər dağılışaraq, Malatiya bölgəsinə qaçdılar.

Erməni tarixçisi səlcuqlular barədə…200 min nəfərlik ordusuna güvənən Romanos Diogenes Alparslanın sülh təklifini rədd etdi. O, 40 min nəfərlik bir türk gücünü əzib keçəcəyini zənn edirdi.  İki ordu 1071-ci il 26 avqust, cümə günü Malazgird ovasında qarşılaşdı. Bu zaman Bizans ordusunda qalan ermənilər ordunu tərk etdilər. Çünki onlar türklərin sayəsində öz dinlərini qoruya bilmişdilər. Mathieunun dediyi kimi, “Türklər Anadolunu Bizansdan aldıqdan sonra ermənilər, həqiqətən, qurtulmuşdular.” İndi ermənilər türklərə Malazgird qələbəsində yardım edirdilər. Elə bu səbəbdən də o dövrün xristian tarixçiləri erməniləri xristianlığa xəyanətdə və qorxaqlıqda ittiham etmişlər. Məsələn, Suryani tarixçisi Mixail belə yazmışdır: “Ermənilər döyüşdən qorxaraq arxalarına dönüb qaçdılar”.

Malazgird zəfərindən sonra türklərin keçmiş Vətəni (Müsəlman oğuzlardan çox-çox əvvəl əsaslı türk tayfaları olan Kimmerlərin, Sakaların, Bolqarların, Hunların, Sabirlərin, Xəzərlərin bu ərazilərdə yaşadığı məlumdur) qapılarını yenidən, bu dəfə müsəlman türklərə açmışdı. Türklük və İslam Qərbə yönəldi. Albanlar başda olmaqla, monofizit xristianlar, o cümlədən aramilər (suryanilər) və ermənilər (haylar) Orta Anadolu və Fəratın dağlıq bölgəsilə Toroslar, Kilikiya, Malatiya, Maraş və Urfa bölgələrində cəmləşdilər. Bu bölgələrdə cəmləşən monofizitlər Gəncə və Qafandan gəlmiş türk-alban sülalələrinin hakimiyyəti altına girdilər. Albanlar Fərat bölgəsindəki suryani Sasunlu Toniki məğlub etdikdən sonra Franklar (katolikliyi qəbul etmiş albanlar) ilə ittifaq quraraq Fərat bölgəsində 1075-ci ildə meydana çıxan Vasağı da 1075-ci ildə öldürmüş, Antakiyaya qədər irəliləmişdi. Getdikcə güclənən alban knyazı Flaret yunanları qətl edərək Xarput, Malatiya, Maraş, Göksun, Tarsus, Urfa və Antakiya şəhərlərini də içinə alan böyük bir knyazlıq qurdu.

1095-1096-cı illərdə Suriya üzərindən irəliləyən xaçlı orduları Elbistan və Maraşı işğal edərək, monofizit xriatianlara, o cümlədən  ermənilərə, yəni haylara çox acı zülmlər etdilər. Xaçlıların zülmlərindən qurtulmaq istəyən monofizitlər Səlcuqlu sultanı I Qılınc Arslandan yardım istədilər.  O da ordusu ilə Elbistan və Maraşa hücum edib xaçlıları məğlub etdi, monofizitləri – alban, suryani və hayları qurtardı. Erməni tarixçisi Mateos Qılınc Arslanın ədalətini və monofizitlərə, o cümlədən ermənilərlə çox yaxşı davrandığını, din fərqini nəzərə almadığını, hər kəsi bərabər tutduğunu bildirdikdən sonra onun vəfatı haqqında belə deyir: “Qılınc Arslanın ölümü xristianlar üçün əsl matəm oldu”.

I Qılınc Arslanın bu yüksək və ədalətli idarəçiliyini nəzərə alan Elbistan erməniləri dindaşları olan xaçlıları deyil, Səlcuqlu İslam idarəsini istəmişdilər. Malatiya süryaniləri də erməni Qabrielin idarəsindən Səlcuqlu idarəsini üstün tutmuşdular və bu fakt dövrün salnamələrində qeyd edilib.

Tatar yürüşləri zamanı ermənilər Səlcuqlu dövlətindən üz döndərib tatarlara sığındılar. Səlcuqlulara ödədikləri vergini onlara ödəməyə başladılar.

B.Adiloğlu

 

“KarabakhİNFO.com”

 

03.03.2014 16:44

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*