Azərbaycanca

Erməni terrorunun “xaç atası” qraf Vorontsov-Daşkov

08.04.2013 | 16:38

 

Erməni terrorunun “xaç atası” qraf Vorontsov-Daşkov

XIX əsrin 90-cı illərində Şərqi Anadolu ərazilərində erməni millətçi ekstremistlərinin həyata keçirdikləri qanlı hadisələrin nəticəsiz qaldığını görən daşnaklar öz iyrənc əməllərinin sonrakı ssenarisini Cənubi Qafqazda həyata keçirilməyi qərara aldılar. Əsrin əvvəllərində Çar Rusiyasının üzləşdiyi ağır sosial-iqtisadi vəziyyət,  ucqarlarda fəhlələrin tətil hərəkatı, inqilabi yüksəliş və s. ciddi amillər imperiya əhalisinə görünməmiş sarsıntılar gətirdi. Cənubi Qafqaz bu baxımdan ən “qaynar nöqtə” hesab olunurdu. Fəhlələrin Bakıda, Yelizavetpolda, Gədəbəydə ümumi siyasi tətili keçirildi. Belə mənzərə Cənubi Qafqazın erməni əhalisi məskunlaşan cənub-qərb qəzalarında da ara-sıra müşahidə edilirdi. 1905-ci ildə Aleksandropolda, Karaklisdə, Erivanda, Qafanda, Alaverdi misəritmə zavodunda fəhlələr dəfələrlə tətil keçirdilər. Maraqlısı ondan ibarətdir ki, erməni proletariatı ümumrus tətillərini dəstəkləyirdi.

 

1905-ci ildə azərbaycanlılarla yanaşı Gürcüstanda da Tiflis dəmiryolçularının tətili başladı. Qori, Tianet qəzalarında, Kaxetiya və Meqreliya kəndlərində silahlı toqquşmalar qeydə alındı. Bütün Cənubi Qafqazda siyasi sabitlik tamamilə pozulmuşdu. İmperiyanın cənub ucqarlarında milli zəmində alovlanan tətillərə hökumətin loyal münasibəti bir sıra qaranlıq məqamlara aydınlıq gətirməkdədir. Belə bir ağır vəziyyətdə çar hökumətinin əsas məqsədi müsəlman əhalisini qorxutmaq və onları öz torpaqlarından sıxışdırıb çıxarmağa başlamış daşnaklarla mübarizəni dərinləşdirmək idi. Daşnaklar erməni muxtariyyəti uğrunda aparılan mübarizədə, eləcə də 1903-cü ildə kilsə əmlakının çar fərmanı ilə müsadirə olunmasında əsas günahların hökumətdə olduğunu bildirərək bütün mübarizənin imperiyaya qarşı yönəldildiyi haqqında məlumatlar, bildirişlər yaymağa başladılar. Hökumət isə daşnaqların sosial dayaqlarının daha da laxladılması üçün erməni-türk müsəlman qırğınına bir növ rəvac vərməkdə idi.

2 fevral 1905-ci ildə Quba meydanında daşnaqlar tərəfindən Ağarza adlı bir nəfər azərbaycanlının vəhşicəsinə qətlə yetirilməsi müsəlmanların qəzəbinə səbəb oldu. Lakin 1905-ci ildə bir nəfər azərbaycanlı məhbusun dindirilməyə aparılarkən yolda erməni əsgərləri tərəfindən vəhşicəsinə qətlə yetirilməsi ondan xəbər verirdi ki, ermənilər bu münaqişəyə qabaqcadan çox yaxşı hazırlaşmışdılar. Toqquşmaların aradan qaldırılması üçün heç bir ciddi tədbir görməyən yerli hakimiyyət praktiki olaraq, hadisələrin daha da gərginləşməsində maraqlı idi.  1905-1906-cı illər erməni-türk müsəlman qarşıdurması zamanı ermənilərin türklərə qarşı amansız, vəhşi münasibəti nəticəsində minlərlə türk qanına qəltan edildi. Qoca, uşaq, qadın demədən qarşılarına çıxan hər bir müsəlman türkünü vəhşicəsinə qətlə yetirdilər. Bu qanlı hadisələrin canlı şahidi olmuş görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadı “Qanlı illər” adlı sənədli əsərində problemin kökünə nüfuz etmiş, millətlərarası toqquşmaya və qan tökülməsinə gətirib çıxaran səbəbləri dəqiq göstərmişdir. Bu ilk növbədə, “Daşnaqsütyun”un Qafqazda oynadığı “qanlı teatr”dır: ikincisi, yerli hakimiyyətin nümayəndələrinin soyuqqanlığı və fəaliyyətsizliyidir; üçüncüsü, azərbaycanlıların sadəlöhvlüyü və səriştəsizliyidir,-onlar erməni hiylə və fitnəkarlığını vaxtında başa düşməmişdilər, habelə silahlanmamışdılar; dördüncüsü, Moskvanın, Londonun və Parisin fəal köməyi ilə ermənilərin “Böyük Ermənistan” yaratmaq məqsədi ilə muxtariyyətə can atmasıdır(Bəxtiyar, səh. 185).

 

XX əsrin əvvəllərində Gürcüstan ərazilərinə Türkiyənin şərq ərazilərindən köçürülməkdə olan erməni əhalisi bölgənin yerli əhalisi ilə bu və ya digər formada qarşıdurma yaratmaqda maraqlı idi. Ermənilərin köçürülməsi ilə regionda hökm sürən qeyri-sabitliyin, etnik qarşıdurmaların və bir çox qanlı olayların əsasını qoyuldu. Cənubi Qafqazın inzibati mərkəzi Tiflisdə əhali üstünlüyünü ələ alıb mühüm vəzifələrə yiyələnən ermənilər artıq XX əsrin əvvəllərindən etibarən açıq şəkildə torpaq iddiaları irəli sürməyə və öz məkrli niyyətlərinə çatmaq üçün minillər boyu öz dədə-baba yurdlarında yaşayan yeni qonşularına – Şimali Azərbaycan türklərinə qarşı qətliamlar törətməyə başladılar (Fəxri Hacıyev, Ermənilərin Cənubi Qafqaza kütləvi köçləri və 1905-ci ildə törətdikləri qətliamlar barədə, Gürcüstan arxiv mənbələri əsasında, səh.43, “Diplomatiya aləmi” Azərbaycan Respublikası xarici İşlər nazirliyinin orqanı 27/210, 14 yanvar 2005). Tiflis əhalisi də bu faciədən yaxa qurtara bilmədi. Tiflisin azərbaycanlı əhalisi say tərkibinə görə azlıq təşkil edirdi. Odur ki, azərbaycanlılar və ermənilər arasında olan toqquşmalar adamları ciddi narahat edirdi.  1905-ci ilin oktyabr ayının 20-də axşam saat 9-da 3 nəfərin faytonla erməni məhəlləsi tərəfdən gələrək “Şeytan bazarı”ndakı türklərin “Roza” gül mağazası önündən keçərkən havaya açdıqları 5-10 atəş səsi toqquşmaya gətirib çıxardı. Həmin gün türklər erməniləri, ermənilər də türkləri güllə yağışına tutdular. Günlər ötdükcə proses daha da dərinləşirdi. Hökumətin yarıtmaz siyasəti nəticəsində çoxlu sayda türk qətlə yetirilməkdə idi. Azərbaycanlılardan ibarət  özünümüdafiə dəstələrinin olmaması da qırğınların artmasına gətirib çıxardı. Yalniz 1906-cı ilin payızında “Difai” (“Müdafiə”)müsəlman partiyası yarandı. Onun yaradıcılarının fikrincə, bu partiya “Daşnaksütyun”a qarşı çıxmalı idi. “Difai”nin liderləri Məhəmməd bəy Ağayev və A. Rəfibəyli olmuşlar. Erməni terrorçularının xüsusi fəallıq göstərdiyi yerlərdə, Yelizavetpol, Cavanşır, Şuşa, Qaryagin və başqa qəzalarda partiyanın şöbələri yaradıldı. Qeyd etmək lazımdır ki, “Difai” təşkilatı millətlərarası toqquşmaların zəiflədiyi və daşnaq terror dəstələrinin müsəlman əhalisi üçün biləvasitə ciddi təhlükənin ötüb keçdiyi məqamda təşəkkül tapmışdı. Təşkilat 1912-ci ilə qədər fəaliyyət göstərdi. Sonralar “Müsavat” partiyası təşkil olundu və “Difai”nin bir çox üzvləri “Müsavat” partiyasına daxil oldular. Digər Azərbaycan milli təşkilatı- “Müdafiə” 1907-ci ildə təsis olundu. Onun rəhbəri İsmayıl Ziyadxanov idi və fəaliyyəti Yelizavetpol və Tiflis quberniyasını əhatə edirdi. “Müdafiə”nin məqsədi iri torpaq sahiblərinin-bəylərin mənafeyini müdafiə etməkdən ibarət olmuşdur. Təşkilat qısa bir müddətdə fəaliyyət göstərdikdən sonra, nəhayət, 1909-cu ildə buraxıldı. Tarixçı Bəxtiyar Nəcəfov təşkilatların fəaliyyətinə toxunarkən qeyd edir ki, “…erməni terrorçularının iddialarına qarşı çıxmaq məqsədilə yaradılan Azərbaycan təşkilatları çox gec meydana çıxaraq, bir növ “kütləvilik, quruluş baxımından, əlbəttə ki, onlar “Daşnaksütyun”un fəaliyyətinə hakim kəsilən təcavüzkarlıqdan, hücum ruhundan uzaq olmuşdular”.(Bəxtiyar səh. 220)

 

Erməni terrorunun “xaç atası” qraf Vorontsov-Daşkov    Daşnakların Azərbaycan xalqına qarşı 1904-1905-ci illərdə törətdikləri vəhşiliklər təsadüfi epizodlar deyil, ciddi işlənib hazırlanmış və müəyyən dövrə qədər gizli saxlanmış planın bir hissəsi idi. Bu plan bir çox səbəbdən baş tutmadı. Bunun bir sıra səbəblərini araşdıran tarıxçı Bəxiyar Nəcəfov yazır: “…burada ermənilərin öz qüvvə və imkanlarını həddindən artıq şişirtmələri, müsəlman əhalisi tərəfindən müqavimətlə qarşılanması və əlbəttə, çarizmə qarşı çıxan qüvvələrin məğlubiyyəti də öz rolunu oynayırdı. Buna müvafiq olaraq, ermənilər və təşkilatlanmış bütün erməni terrorçuları sonrakı illərdə öz taktikasını dəyişdilər. Lakin döyüş qaydasını bərpa edərək Cənubi Qafqazda təxribatçılıq fəaliyyətlərini davam etdirmək üçün əsas qisasçılıq məqsədlərinə sadiq qaldılar(səh. 227)”

Hadisələrin sabitləşməyə doğru getdiyi bir vaxtda özünə gələn çar hökuməti ən qorxulu düşmənə – daşnaklara qarşı fəal mübarizə aparmağa başladı: həbslər keçirilir, partiya fəalları sürgün edilir, gizli mətbəələr dağıdılır, silahlar müsadirə olunurdu. Bütün bunlar tətbiq olunan hərbi vəziyyət fonunda baş verirdi. Doğrudur, bu proses uzun müddət baş verə bilməzdi. Erməni üsyançıları diaspor qurumları tərəfindən ayrılan külli miqdarda pullar hesabına ciddi silahlanma həyata keçirdilər. Şərait durmadan ermənilərin xeyirinə dəyişməkdə davam edirdi. Belə ki, 1905-ci ildə, ölkədə inqilabi yüksəlişin qızğın çağında qraf Vorontsov-Daşkov Cənubi Qafqazın canişini təyin olundu. Çar sarayında öz məharəti ilə ad çıxarmış qraf ermənilərə öz rəğbəti ilə seçilirdi. Onun arvadı Liza Qriqoryevna milliyyətcə erməni idi və qraf qısa müddətdə zəngin erməni burjuaziyası və neft sənayeçiləri dairəsində geniş əlaqələr yaratmışdı. Onun köməyi ilə bütün Tiflisdə əsas vəzifələr erməni fırıldaqçılarının əlinə keçdi. Təəsadüfi deyildir ki, Vorontsov-Daşkov erməni kapitalının köməyi ilə Balaxanıda zəngin neft mədəninə yiyələndi. 1905-ci ildə yeni canişin Bakıya gələrkən məlum oldu ki, onu neftçilərin tətilləri və fəhlələrin iş şəraiti deyil, öz mədənlərinin əmin-amanlığı maraqlandırır. Tətilçiləri ciddi cəzalandırmaqla hədələyən canişin Tiflisə döndü.

 

Qeyd etdiyimiz kimi, 1905-1906-cı illərdə Cənubi Qafqazın hər bir nöqtəsində dinc əhali erməni cəlladlarının yaramaz əməlləri ilə qarşılaşmaqda idilər. Elə bu dövrdə Bakı ilə yanaşı Qarabağda da əhali quldurların ciddi təzyiqləri ilə ölüm-dirim mübarizəsi aparırdılar. Demək olar ki, Şuşaya gedən yol daşnaq terrorçuları tərəfindən kəsilən vaxt şeyxülislam, müfti və qazi canişinin qəbuluna getdilər. Canişindən Şuşa əhalisinə ərzaq çatdırılmasına kömək göstərməsini xahiş etdilər. Lakin Vorontsov-Daşkov nümayəndələri qəbul etmədi və bildirdi ki, müsəlmanlara hələ bu da azdır. Qeyd edək ki, Ermənipərəst qrafın canişin təyin edilməsi təsadüfi deyildi. Belə ki, qismən güzəştlər hesabına başa gəlsə də belə, istər mərkəzdə, istərsə də 1905-ci ilin əvvəlində ucqarlarda olan nisbi sakitlik çar hökumətinə hava və su kimi vacib idi. Belə bir güzəşt Vorontsov-Daşkovun səyləri nəticəsində müsadirə olunmuş əmlakın erməni-qriqorian kilsəsinə qaytarılması və erməni kilsə məktəblərinin açılması barədə 1906-cı ildə imperator fərmanının imzalanmasında özünü büruzə verdi. Vorontsov-Daşkovun Qafqazda apardığı siyasət erməni terrorçularının daha mülayim əhval-ruhiyyəli hissələrini çar hökuməti ilə barışdıra bildi. Ermənilər kilsə əmlakının müsadirəsi və kilsə məktəblərinin statusu barədə fərmanın ləğvində çar hökuməti ilə “dil tapmağın mümkünlüyü” fikrini təsdiq edən xoş məram gördülər.

 

Sonrakı illərdə, daha doğrusu, I və II Balkan müharibələri ərəfəsində daşnaqların bir sıra təşkilatları yaradılmaqda idi. Bu işdə canişin Vorontsov-Daşkovun misilsiz xidmətlərini qeyd etmək olar. Xüsusilə, daşnaqların Rusiya ilə mövcud münasibətlərin nizama salınması, eləcə də Türkiyəyə qarşı silahlı çıxışlara hazırlıqdan ibarət olan siyasi xətti canişinin yorulmaz fəaliyyəti nəticəsində həyata keçirilməkdə idi. Məhz bu dövrdən başlayaraq, qraf Vorontsov-Daşkov daşnaqlarla çar arasında olan münasibətlərin həlli istiqamətində öz üzərinə bir çox öhdəliklər götürməli oldu. Bütün məsələlər çarla aparılan məktublaşmalarda öz əksini təfərrüatı ilə tapmışdır. Vorontsov-Daşkov dönə-dönə Rusiya hökumətinin və Cənubi Qafqazda erməni icmasının mənafe ümumiliyini qeyd edir, etiqad qardaşlarının-xristianların “vəhşi türklərdən” müdafiəasinin zəruriliyinə diqqət yetirir, yeni Rusiya-Türkiyə müharibəsində ermənilərin Rusiya ordusuna hansı köməyi göstərəcəyini vurğulayırdı. Eyni zamanda Vorontsov-Daşkov belə hesab edirdi ki, Cənubi Qafqazın erməni əhalisi ilə hökumətin münaqişələrinin günahkarı rus məmurlarıdır, Qafqazın sabiq canişini knyaz Lobanov-Rostovskidir. O, 90-cı illərdə Türkiyə Ermənistanında erməni çıxışları zamanı Rusiyanın Türkiyə ilə müharibəyə girməsinə imkan verməmişdi.

 

Qeyd etmək lazımdır ki, bu dövrdə ermənilər çar hökumətinə qarşı loyal münasibət sərgiləməkdə idilər. Əsas məqsəd müharibə başlayacağı təqdirdə çar hökumətinə hərtərəfli dəstək göstəriləcəyinı açıq şəkildə bəyan etmək idi. Nəticədə, Tiflisdə “Daşnaqsütyun”un xarici işlər naziri Zavriyevlə Vorontsov-Daşkov arasında intensiv danışıqlar başlandı. Bu danışıqlarda yepiskop Mesrop, Samson Arutyunov və A. Xatisov iştirak edirdilər. Daşnaqlar müharibə başlayarsa bütün qüvvələrini Qafqaz ordusunun sərəncamına verməyi öz öhdələrinə götürdülər. Öz növbəsində Vorontsov-Daşkov ermənilərlə Şərqi Anadolunun, Kilikiyanın vilayətlərindən ibarət muxtar Ermənistan yaradılacağını vəd etdi.

 

Tiflis danışıqları daha sonra Peterburqda davam etdirildi. Burada ilkin sazişlər işlənib hazırlandı. Bu sazişlər özündə prinsip etibarı ilə iki əsas məsələni əks etdirirdi:

1. Türkiyə əraziləri hesabına yaradılacaq muxtar Ermənistan;

2. Türkiyəyə qarşı müharibə zamanı erməni terrorçu dəstələrinin rus ordusu ilə müttəfiq    vuruşması. Hadisələrin sonrakı gedişatı və müharibə zamanı bir daha şahidi olduq ki, erməni silahlı dəstələri rus ordusuna elə də ciddi köməklik göstərmək iqtidarında deyildi.

1915-ci ilin sonlarında qraf Voronsov-Daşkov Qafqaz canişini vəzifəsindən azad olundu. Ermənipərəstliyi ilə məşhurlaşmış bu canişin on il ərzində (1905-1915) Cənubi Qafqazda açıq-aşkar ermənipərəst siyasəti yürüdürdü. Onun hakimiyyəti illərində “Daşnaqsütyun” möhkəmlənərək, öz sıralarını yenidən qurdu, ermənilər Cənubi Qafqazın iqtisadi və siyasi həyatında öz mövqelərini daha da gücləndirdilər. Voronsov-Daşkovun yerinə əqidəli monarxiya tərəfdarı və “dövlətçi” Böyük knyaz Nikolay Nikolayeviç canişin təyin olundu.

 

 

Taleh CƏFƏROV

ADPU-nun Türk və Şərqi Avropa xalqları tarixi

və tarixin tədrisi metodikası kafedrasının müəllimi,

“OĞUZ” Müstəqil Araşdırmaçılar Qrupunun İdarə Heyətinin üzvü

 

KarabakhİNFO.com

 

 

 

 

08.04.2013 16:38

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*