Azərbaycanca

Erməni vandalizminə qarşı Azərbaycan tolerantlığı

31.03.2014 | 10:41

1396248127_10151058_547254065388081_1164033768_nBu gün Azərbaycan dünyada məscid, kilsə və sinaqoqun üçünün bir arada olduğu, eləcə də müxtəlif dinlərin mənsublarının heç bir ayrı-seçkilik halı ilə qarşılaşmadıqları nadir ölkələrdən biridir. Qubada Avropa Şurasının prezidentinin də iştirakı ilə avropalılara 150 metr məsafədə məscid, kilsə və sinaqoqun yanaşı yerləşdiyini göstərəndə, heyrətləniblər. Azərbaycan xalqı tolerantlıq keyfiyyətinə görə nəinki Şərqdə, hətta bütün dünyada fərqlənmiş və bu gün də fərqlənməkdədir. Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsi xarici siyasətçilər, diplomatlar və beynəlxalq qurumların rəsmiləri tərəfindən də yüksək qiymətləndirilib və tanınıb. Bunun bariz nümunəsi 2002-ci il may ayında Roma-katolik Kilsəsinin sabiq başçısı II İoann Pavelin Azərbaycana etdiyi tarixi səfəridir. Bakıda olarkən pontifik Azərbaycandakı tarixi dözümlülük ənənələrini xüsusi qeyd edib. Tarixi faktdır ki, Roma hakimiyyəti tərəfindən vaxtilə təqib olunan xristianlar məhz Azərbaycanda sığınacaq tapıblar.    Azərbaycan dövləti tarixi-dini abidələrin bərpası və yeni ibadət evlərinin tikintisinə də xüsusi diqqət göstərib və bu işlərə mümkün olduğu qədər dövlət dəstəyini əsirgəməyib. Ölkəmizdə bu proses həm də onunla fərqlənir ki, tarixi-dini abidələrin bərpası dedikdə yalnız İslama deyil, digər dinlərə məxsus abidələr də nəzərdə tutulur. Katolik kilsəsinin inşası, Rus-Pravoslav Baş Kafedral Kilsəsinin, eləcə də “Müqəddəs Məryəm” katolik kilsəsində yenidənqurma və bərpası, Qafqaz Albaniyasının mədəni-tarixi irsi olan Kiş məbədinin əsaslı bərpası, Bakıda regionun ən böyük sinaqoqunun dindarların istifadəsinə verilməsi tək Azərbaycanda yox, onun sərhədlərindən kənarda da böyük əks-səda doğurub.   Azərbaycan xalqının və dövlətinin tolerantlığa bu qədər həssas və ciddi yanaşması əslində təkcə keçmişinə hörmətindən deyil, həm də sağlam gələcək qurmaq istəyindən irəli gəlir. Çünki tolerantlıq prinsipləri bərqərar olmayan cəmiyyətdə dinlər və mədəniyyətlərarası dialoqun baş tutması, ən əsası ictimai-siyasi sabitliyin qorunması, sürətli inkişafın təmin olunması qeyri-mümkündür. O da qeyd edilməlidir ki, bu gün Ermənistanın təcavüzkarlıq siyasətini davam etdirməsi, Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlaması, nəticədə bir milyondan çox soydaşımızın məcburi köçkün həyatı yaşaması, işğal altındakı tarixi-dini abidələrimizin məhv edilməsi təkcə Azərbaycanda deyil, bütün regionda sülh və sabitliyin bərqərar olmasına, eləcə də tolerantlıq ənənələrinin möhkəmlənməsinə, dinlərarası əməkdaşlığın formalaşmasına ciddi problemlər yaradır.   Ermənilər hələ 1918-ci ilin mart ayında 12 min azərbaycanlını qətlə yetirməklə yanaşı Azərbaycanın yüzlərlə şəhər və kəndini xarabalığa çevirib, məscidləri, məktəb binalarını yandırıb, mədəniyyət abidələrini yerlə yeksan ediblər. Onlar Cümə məscidini, Təzəpir məscidini, İsmailiyyə binasını top atəşilə dağıdıblar. Ermənilərin işğal zonalarında Azərbaycanın maddi mədəniyyət abidələrinin dağıdılması prosesi indi də davam edir. Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix, mədəniyyət və memarlıq abidələri ermənilər tərəfindən müxtəlif vandalizm aktlarına məruz qalır. Memarlıq abidələri tamamilə sökülüb, tanınmaz hala salınıb və ya təhqir edilib.   Bütün bunlar isə  “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir. Lakin buna baxmayaraq, Azərbaycanda tarixən formalaşmış tolerantlıq ənənələri dövlət səviyyəsində davam etdirilir və zaman keçdikcə bu ənənələr yeni keyfiyyətlərlə zənginləşir. Belə ki, bu gün Azərbaycanda işğalı həyata keçirən millətin dini abidələri də qorunur. Bakıda olan “Qriqori Lusavoriç” erməni kilsəsi dövlətin mühafizəsinə götürülüb. Hazırda burada kitab və erməni dilində olan əlyazmalar qorunur. Son dəfə erməni kilsəsində bərpa işləri 2011-ci ildə aparılıb. Bu gün xaricdən gələn qonaqların bu kilsəyə səfərləri təşkil olunur. Hətta 2010-cu ilin 26 aprelində Dini liderlərin Ümumdünya sammitində iştirak etmək üçün Bakıda səfərdə olan Moskva və Ümumrusiya patriarxı Kirill və bütün ermənilərin katalikosu II Qaregin bu kilsədə olub.  Ermənilər abidələrimizə vandalizm siayasəti həyata keçirdiyi halda, Azərbaycanda erməni kilsəsi bərpa edilərək, sivil şəkildə qorunur.    

Fuad Hüseynzadə

“KarabakhİNFO.com” 

31.03.2014 10:41

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*