Azərbaycanca

“…erməni xalqının gələcəkdə mövcudluğu şübhə altında olacaq”

26.09.2014 | 15:50

123_1377789000“Ermənistan əgər qısa müddət ərzində Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqına üzv olmaqdan imtina edərsə, tək Ermənistan dövləti deyil, eyni zamanda erməni xalqının gələcəkdə mövcudluğu şübhə altında olacaq”. “KarabakhİNFO.com” beynəlxalq e-jurnalının məlumatına görə, bu fikirləri İrəvan və Moskva arasında telekörpüyə həsr olunmuş mətbuat konfransında Rusiyanın Ermənistandakı keçmiş səfiri Vyaçeslav Kovalenko bildirib.

 

 

“İstənilən halda Ermənistan seçimini etməlidir. Bu seçim elə olmalıdır ki, kiçik respublika kimi Ermənistanın iqtisadiyyatı dağılmasın. Mən hesab edirəm ki, situasiya belə inkişaf edəcək ki, Ermənistandan seçim etmək tələb ediləcək. Ermənistan belə çətin siyasi situasiya mövcud olan beynəlxalq aləmdə uzun müddət varlıq göstərə bilməyəcək. Ermənistanın bu tarixi seçimindən ölkənin gələcəyi və ümumilikdə ermənilərin gələcəyi asılı olacaq” – deyə Kovolenko bildirib. Qeyd edək ki, V.Kovalenko bir müddət əvvəl də bu tipli bəyanatı ilə Ermənistanda qalmaqala səbəb olmuşdur.

 

 

O, Putin administrasiyasının əsas fiqurlarından sayılan Dmitri Kiselyovla birlikdə rus dilinin Ermənistanda ikinci dövlət dili olmasını təklif etmişdir. Bu təklif İrəvanda böyük etirazla qarşılanmışdır.

 

 

Sabiq diplomat Ermənistanı üzünü Qərbə tutmamağa çağırıb. Onun qənaətincə, artıq Qərbin bir vaxtlar dəyər verdiyi prinsiplər arxa plana keçib. “Bu siyasət nəyin bahasına olursa-olsun aqressiv siyasətin həyata keçirilməsindən ibarətdir” – deyə o bildirib.

 

 

Jurnalistlər daha sonra keçmiş səfirdən Kollektiv Təhlükəsizlik Şurasının niyə Qarabağda atəşkəsin pozulmasına reaksiya vermədiyini soruşublar. Vyaçeslav Kovalenko isə jurnalistlərin sualına sualla cavab verib: “Siz istəyirsiniz ki, regionda müharibə başlasın?” Keçmiş səfir daha sonra bildirib ki, Kollektiv Təhlükəsizlik Şurası dəfələrlə tərəfləri atəşkəsə riayət etməyə çağırıb.

 

 

Bir faktı da qeyd etmək yerinə düşər ki, tək keçmiş səfir deyil, elə indiki səfir – İvan Volıkin də Rusiyanın Ermənistanı bir forpost dövlət kimi gördüyünü dəfələrlə deyib.

 

 

Fuad Hüseynzadə
“KarabakhİNFO.com”

 

 

26.09.2014 15:50

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*