Azərbaycanca

Ermənilərə qarşı cihad elan etmiş Zəngəzur qazisi

13.12.2013 | 17:54

1387000169_zengezurErmənilərə qarşı cihad elan etmiş Zəngəzur qazisi

Ötən əsrin əvvəllərində ermənilərə qarşı milli mübarizəmizi ortaya qoymuş və dəyanətlə düşmən hücumlarını dəf etməyə çalışan şəxsiyyətlər arasında Bəhlul Behcətin adı xüsusi çəkilməlidir.

 

Zəngəzur qəzasının sonuncu qazisi olan Bəhlul əfəndi 1885-ci ildə həmin qəzanın Dondarlı kəndində anadan olmuşdur (indiki Qubadlı rayonunda yerləşir). İbtidai biliklərini atasından və qayınatası olan Hacı Qasım Çələbidən almışdır. Sonra təhsilini Şəki şəhərində davam etdirmişdir. O zaman Qafqaz Müsəlmanları İdarəsi indiki kimi bir idarədə cəmləşməmişdi. Şiə  ruhani idarəsi və sünni ruhani idarəsi Qafqazın müsəlman əhalisini dini baxımdan idarə edirdi. Şiə məzhəblilərə şeyxülislam, sünni məzhəblilərə isə müfti rəhbərlik edirdi. Beləliklə 1915-ci ildə Qafqaz müftisi Mir Hüseyin Qayıbzadə ( Azərbaycan Respublikasının keçmiş baş prokuroru İsmət Qayıbovun ulu babası) tərəfindən Bəhlul Behcət Zəngəzur qəzasının qazisi təyin olunur.

 

Həyatı milli mübarizə və elmi-ədəbi yaradıcılıqla keçən Bəhlul Behcət Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bir neçə dəfə həbs edilmiş, sürgünlərə məruz qalmış lakin heç zaman öz əqidəsindən dönməmişdir. 1938-ci ildə erməni qırğınının təşkili, panislamizmin yayılması, sovetlərə qarşı mübarizə ittihamlarına görə güllələnmişdir.

 

Cihad

 

1905-1906-cı illərdə ermənilərin xalqımızın başına gətirdiyi min cür müsibətlərdən sonra regionda yenidən qırğın təhlükəsi yarandı. 1918-ci ilin əvvəllərindən başlayaraq Azərbaycanın qərb bölgələrində Andronik, Dro, Njdenin dəstələri, mərkəzi regionlarda və Şimal-Şərq bölgələrində isə Şaumyanın, Lalayanın, Hamazaspın quldur birləşmələri əhaliyə qarşı açıq terrora başladılar.

 

Türk ordusunun zərbələrindən qaçan ermənilər, başda generalları – quldur Andronik olmaqla İrəvan quberniyasının ərazisinə soxulmuş və Zəngəzur, Göyçə, Dərələyəz, Naxçıvan və Qarabağ mahallarında müsəlmanlara qarşı qəddarlıqlar törətmişdilər. Zəngəzur qəzasında baş verənlər qırğınlar mart soyqırımlarının ən dəhşətli ssenarilərindən biri idi. Fövqəladə  təhqiqat komissiyasının məruzəsində  Zəngəzur qəzasında  115 müsəlman kəndinin ermənilər tərəfindən dağıdılaraq yer üzərindən silindiyi qeyd olunur. Dağıdılmış bütün kəndlərin adları sadalanır. Məruzədə  göstərilən 115 kənd ermənilər tərəfindən  yandırılmış,  əmlakı  oğurlanıb  aparılmış,  ərazisi ermənilər tərəfindən zəbt olunmuşdur. Bu kəndlər məhv edilərkən o qədər haqsızlıqlar, vəhşiliklər törədilmişdir ki, onları ayrı-ayrı kəndlər üzrə göstərməyə imkan yoxdur. Ermənilərin dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi vəhşiliklər haqqında təhqiqat komissiyasının aktları, onlara əlavələrdə kifayət qədər məlumatlar vardır. Yuxarıda göstərilən 115 kənd üzrə 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdır. Nəticədə tam olmayan məlumata görə təkcə Zəngəzur qəzasında komissiyanın məruzəsi hazırlanana qədər 10068 azərbaycanlı  öldürülüb  və  ya  şikəst  edilmişdir. Məruzədə  deyilirdi ki, bu dəhşətli rəqəmlər hələ erməni vəhşilikləri haqqında tam məlumat vermir. Belə ki, erməni vəhşiliklərinin qurbanları daha çox olmuşdur. Ancaq indiki dəhşətli qarışıqlıq şəraitində  onları  tam  şəkildə  müəyyənləşdirmək  mümkün olmamışdır.

 

Azərbaycan Respublikası Parlamentinin üzvü Cəlil Sultanov yanvarın 23-də  hərbi  əməliyyat yerindən Parlamentə  göndərdiyi  üçüncü  teleqramında yazırdı: “Zəngəzur qəzası  İrəvandan on top və  pulemyotlarla gəlmiş  nizami  ordu  tərəfindən tamamilə məhv edilmişdir. Vuruşmada iştirak edən nizami erməni ordusunun sayı on minə çatır. Hökumətin köməyinə ümidini itirən  əhali bütün Azərbaycan  xalqına müraciət edir. Aldığımız məlumata  görə  sabah Zəngəzur tərəfdən Cəbrayıl qəzasına hücum başlanır. Məqsəd Qarabağ  erməniləri ilə birləşməkdir. Nəticədə Naxçıvanla  əlaqəni tamam kəsmək, beləliklə də həm Qarabağ, həm də Naxçıvan məsələsini birdəfəlik həll etməkdir. Artıq kağız üzərindəki etirazlara son qoymaq, iki yüz mindən  yuxarı  Zəngəzur  müsəlman  əhalisinin məhvinə  gətirib çıxarmış xain ermənilərin  iç  üzünü  açıb  dünyaya  çatdırmaq  vaxtı  gəlib  çatmışdır. Xahiş  edirəm təcili tədbir görün ki, heç olmasa Şuşa və Cəbrayıl qəzaları xilas edilsin. Hər dəqiqə qiymətlidir. Yubanmaq xalq və vətən qarşısında cinayət və satqınlığa bərabərdir”

 

Ermənilərə qarşı cihad elan etmiş Zəngəzur qazisi   Cəlil Sultanovun həyəcanla göndərdiyi teleqramlara nəzər saldıqda həqiqətən o dövrdə vəziyyətin necə mürəkkəb və acınacaqlı olduğunu hiss etməmək olmur. Zəngəzur qırğınları demək olar ki, Ermənistanın bu bölgəni öz tərkibinə qatmaq və Qarabağa daxil olmaq üçün yeganə dəhliz və ələ düşməz fürsət idi. Bu baxımdan ermənilər maksimum imkanlarından istifadə edərək Azərbaycanın bu qədim ərazisinə qarşı türksüzləşdirmə və erməniləşdirmə siyasətini yubanmadan və cəlladlıqla davam etdirirdilər.  1920-ci il  yanvarın 24-də  Cəbrayıldan C. Sultanovun Azərbaycan  Parlamenti  adına  göndərdiyi son teleqramında deyilirdi: “Bütün teleqramlarıma  əlavə  olaraq hərbi  əməliyyat yerindən məlum edirəm ki, Zəngəzur sarıdan başınız sağ olsun. Ermənilər  öz  qüvvələrini Cəbrayıl  qəzasının  sərhədlərində  – Əkərə  çayı ətrafında cəmləşdirirlər. Qarabağı xilas etmək lazımdır.  Erməni xəyanəti  və  hiyləgərliyi  qurbanlarının  sayı hesaba gəlməzdir. Yalvarıram, təcili və qəti tədbirlər görün”. Məsələ burasındadır ki, erməni quldurları qırğınlarda bütün “sərhədlər”i keçərək yerli əhalini ən murdar metodlarla—qadın, qoca, uşaq, hamilə bilmədən qətlə yetirir, zorlayır, başlarını süngülərə keçirir, diri-diri damğalayır, döşlərini kəsir, dərilərini soyur və yandırırdı.

 

Belə bir acınacaqlı vəziyyətdə xalqı təşkilatlandırmaq, ermənilərə qarşı mübarizəyə sövq etmək üçün başbilənlərin ortaya atılması və məsuliyyəti üzərilərinə götürmələrinə böyük ehtiyac yaranmışdı. Həmin vaxt regionda erməni quldurlarına qarşı mətinliklə mübarizə aparan Xosrov bəy Sultanov, qardaşı Sultan bəy Sultanov, Abbasqulu bəy Şadlinski, Kərbəlayi İsmayıl, Qəmlo, Balo bəy Vəkilovla yanaşı Bəhlul əfəndinin də adını xüsusi qeyd etmək zəruridir. Çünki məhz Bəhlul Behcət əfəndinin bir qazi kimi verdiyi cihad fərmanından sonra başsız və silahsız olan xalq ermənilərə qarşı qeyri-bərabər savaşa qarşı xeyli təşkilatlandı. Bəhlul Behcət erməni-rus nizami hərbi hissələrinin Zəngəzurun müsəlman əhalisinə qarşı cinayətlərinə müqavimətin təşəbbüskarlarından idi. O, öncə  Xanlıq, Dəmirçi, Dundarlı, Qəzyan camaatını başına yığıb cihad elan etdi ki, sayıq dayanın, ermənilər bizi qırmağa gəlirlər. Əliyanlı camaatına da xəbər göndərdi. Qaçaq Qəbilin də mübarizəyə qoşulmasından sonra Zəngəzur mahalının bir sıra kəndlərinə hücumun qarşısı alındı və ermənilər darmadağın olundular.

 

Onun cihadı əhalini silahlı savaşa çağırmaqla yanaşı şəxsən özü və başçılıq etdiyi silahlı dəstələrlə Zəngəzurda erməni qırğınlarının qarşısının alınmasında mühüm xidmətlər göstərmişdir. O zaman Müsavat hökumətinin Zəngəzurda əsas dayaqlarından biri də məhz Bəhlul Behcət ağa olmuşdur.

 

Cihadın yerli əhaliyə ən böyük xeyri o oldu ki, bir-birilə qan düşmənçiliyi olan bir sıra bəylərimiz belə ümumi düşmənə qarşı mübarizəyə atıldılar. Doğrudur, ermənilərin 10 minlərlə nizami qoşunun qarşısında davam gətirmək son dərəcə çətin və həm də mümkünsüz idi. Lakin Bəhlul Behcət və yuxarıda adlarını çəkdiyimiz qəhrəmanlar xalqın yaddaşında həmişəlik abidəyə çevriləcək cəsurluq nümunəsi göstərdilər. Az sayda özünümüdafiə dəstələri ilə erməni quldurlarına öldürücü zərbələr vurdular.

 

Dövrünün tanınmış alimi

 

Mövzu əgər Bəhlul Behcətdən gedirsə onun milli mübarizə tariximizə verdiyi tövhələrlə yanaşı, ədəbiyyatımıza və şərqşünaslıq sahəsinə göstərdiyi xidmətləri də qeyd etməliyik. El arasında böyük nüfuz sahibi olan bu şəxs mübariz xarakteri ilə yanaşı, eyni zamanda öz dövrünün tanınmış alimlərindən biri hesab olunurdu. O, şifahi xalq ədəbiyyatı nümunələrinin, xüsusilə Sarı Aşığın yaradıcılığının toplanmasında və nəşrində də mühüm xidmətlər göstərmişdi. O zamanın dövrü mətbuatından Sarı Aşığın yaradıcılığı ilə bağlı çap etdirdiyi elmi məqalələr bir daha göstərir ki, məhz ədəbiyyatşünas kimi bu tanınmış el aşığının irsini ilk araşdıran alim məhz Bəhlul Behcət olmuşdur.

 

Bundan savayı Bəhlul əfəndi Məhəmməd peyğəmbərin həyatına aid müfəssəl bir əsər yazmış və bu kitab şəklində İranda fars dilində çap edilmişdir. Bəhlul Behcətin apardığı digər tədqiqat isə Nizami Gəncəvi ilə bağlı idi. O, “Nizami və Qafqaz folkloru” mövzusunda elmi əsər qələmə almışdı. Sovet  hakimiyyətinə qarşı prinsipial mövqeyi ilə seçilən ruhani-alim 1938-ci ildə 4-cü dəfə həbs edilir və güllələnir. Bu onun elmi yaradıcılığının ən məhsuldar dövrünə təsadüf edir. Ömrü mübarizədə keçən və bu yolda bütün məhrumiyyətlərə sinə gələn ruhani-alimimizin həyat yolu şəhidliklə bitir.

 

Beləliklə, repressiya illəri xalqımızın ən məşhur ziyalılarını, fikir adamlarını aradan götürməklə, əslində, gələcək milli problemlərimizin, yeni torpaq itkilərimizin əsasını qoydu. Bəhlul Behcət də sözü, əməli və qələmi ilə xalqının keşiyində duran şəxsiyyət kimi mənfur erməni təhlükəsini və bolşeviklərin onlara dəstəyini duyurdu və bununla barışmırdı. Bu baxımdan onun varlığı şura hökumətinə sərf etmədiyi üçün aradan götürüldü.

 

Azərbaycan xalqının milli-mənəvi mübarizə tarixində ruhani ziyalıların xidmətləri böyükdür. Bu mübarizədə Bəhlul Behcət əfəndinin özünəməxsus  yeri vardır. İndi onun doğma el-obası sayılan Qubadlı rayonu, Dondarlı kəndi düşmən tapdağı altındadır. Əslində bütün Zəngəzur işğal altındadır. Bu baxımdan bizlər Bəhlul Behcət kimi milli ruhlu, fədakar ruhani-alimlərimizin adını daim əziz tutmalı, irsini təbliğ etməli və onların keçdiyi həyat yolundan ilham alaraq doğma torpaqlarımızı tezliklə azad etməliyik. Azad etməliyik ki, ən azından belə mübarək insanların ruhları önündə boynu bükük, başı aşağı olmayaq.

 

 

Anar TURAN

“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun həmtəsisçisi

 

“KarabakhİNFO.com”

 

 

13.12.2013 17:54

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*