Azərbaycanca

Ermənilər AES-lə bağlı Avropa Birliyini necə aldadıb?

01.10.2013 | 17:01

1380632127_aSon məlumatlara görə, Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası iki aylığa bağlanıb. Erməni KİV-lərində yayılan məlumata görə, bu addım, stansiyanın illik planlı təmiri və yeni nüvə yanacağı ilə doldurmaq, habelə təhlükəsizlik tədbirlərini gücləndirmək zərurəti ilə əlaqədardır. Qeyd edim ki, 1976-ci ildə işə salınan Ermənistan AES, heç  də bölgənin bütün təhlükəsizlik parametrlərinə cavab verən nüvə obyekti sayılmır və kifayət qədər köhnə hesab edilir. Bir ara – 1989-95-ci illərdə o, hətta qapadılıb da.

Bununla belə, qonşu ölkənin energetika naziri Armen Movsisyan sentyabrın 13-də hökumətin iclasında AES-in istismarının 2026-cı ilədək uzadılacağını bəyan edib. Azərbaycan, Türkiyə, o cümlədən bir sıra Qərb ölkələri stansiyanın region üçün təhlükəsi barədə dəfələrlə məsələ qaldırsa da, Ermənistan tərəfi bunu ciddiyə almayıb və öz əsaslandırmaları ilə iddialarının doğru olduğunu isbatlamağa çalışıblar.

 

“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalı mövzu ilə bağlı bir sıra politoloqların fikrini öyrənib. Onlar açıqlamalarında stansiyanın region və ümumiyyətlə dünya üçün təhlükəsi, istismarın dayandırılmamasında dünya dövlətlərinin marağı barədə danışıblar.

 

Ermənilər AES-lə bağlı Avropa Birliyini necə aldadıb? Politoloq, Milli Məclisin deputatı Rasim Musabəyov açıqlamasında bildirib ki, ermənilər Avropa Birliyinin onlar üçün ayırdığı pulu yeyib dağıdıblar. “Ermənistandakı AES-ə təkcə Azərbaycan və Türkiyə etiraz etməyib. Avropa Birliyi Ermənistana pul ayırmışdı ki, bu elektrik stansiyası qapadılsın. Ermənilər o pulu yeyib dağıdıblar, ancaq indi deyirlər ki, bu stansiyasız yaşaya bilmərik. Ya gəlin özünüz yenisini tikin, ya da mən bunun ömrünü uzadacağam. Hələlik onun ömrü uzadılmayıb, Rusiya tərəfi boynuna götürüb ki, təhlükəsizlik şəraitində 2026-cı ilə kimi onun istifadəsini həyata keçirəcək. O ki qaldı təmirə, bu təmir profilaktik təmirdir. Yəni o nüvə reaktoru yanacağın vaxtı keçəndən sonra köhnələri çıxarılmalıdır ki, stansiya xətlərinin işləməsi üçün yeniləri ilə əvəzlənsin. Hər halda düşünürəm ki, ermənilər özləri o stansiyaya bizdən daha yaxın yaşayırlar və onların paytaxtı o stansiyanın 30 km-dədir. Amma Bakı, İstanbul, Ankara 100 km-lərlə məsafədə yerləşir. Bu baxımdan təhlükə onlar üçün daha böyük olduğundan, hər halda çalışacaqlar ki, onun təhlükəsizliklə işlədilməsi təmin olunsun”.

 

Ermənilər AES-lə bağlı Avropa Birliyini necə aldadıb? Politoloq Qafqaz Ömərov açıqlamasında bildirib ki, AES-in ən böyük mənfi təsiri ekoloji tarazlığa vurulan zərbə ilə ölçülür. “Ermənistandakı AES, ərazinin seysmoloji aktivliyi nəzərə alınarsa və regionda yeganə stansiya olduğuna baxılarsa, təhlükəsini təsəvvür etmək o qədər də çətin deyil. Tarixdə dəfələrlə bu regionda baş vermiş dağıdıcı zəlzələr nəticəsində, şəhərlərin bütövlükdə yerlə-yeksan olduğu məlumdur. Misal olaraq, son Van zəlzələsi göstərilə bilər. Mütəxəssislər bu regionda hər 3-5 il aralıqla seysmoloji aktivliyin artdığını bildirirlər. Metsamorun ən başlıca təhlükəsi isə ekoloji tarazılığa göstərdiyi mənfi təsirdir. AES-də yandırılan uranın tiksik tullantılarının Ermənistandan keçən çaylara, o cümlədən Azərbaycanın cənub regionunu su ilə təmin edən Araz çayına töküldüyü haqda sübutlar mövcuddur. Buna Azərbaycan Milli Elmlər Akademiyasının radiasiya problemləri institunun mütəxəssisləri tərəfindən Araz çayından müxtəlif zamanlarda götürülmüş su nümunəsinin analizlərinin nəticəsi də misal ola bilər”.

 

O, xüsusilə, qeyd edib ki, AES-i nəzarətində saxlayan Rusiya da onun mənfi təsirləri altındadır. “AES-i nəzarətində saxlayan və bağlanmasına imkan verməyən Rusiya isə bir şeyi unudur ki, özünün daxili bazarındakı kənd təsərrüfat məhsullarının qiymətlərini stabil saxlayan Qafqaz regionundan gətirilmiş mallar, Metsamorun ətrafa yaydığı radiasiyadan təsirlənir və bu məhsullarla ruslar özləri də qidalanırlar. Misal olaraq, bu yay mövsümündə İrəvan yaxınlığındakı ərik bağlarından yığılmış yüzlərlə ton məhsulu Rusiya, Qafqazdakı “müttəfiqi” Ermənistanın iqtisadiyyatına az da olsa xeyir vermək məqsədi ilə öz daxili bazarına buraxmaq haqda qərar qəbul etdi. Yüzlərlə ton erməni əriyi Rusiyaya ixrac edildi. Bu əriklərin bitdiyi vadi isə düz Metsamorun bir neçə kilometrliyində yerləşir. Avropa təşkilatları başda olmaqla, bütün Qərbin ekoloji problemlərinin analizilə məşğul olan qurumlarının dəfələrlə Ermənistandan Metsamorun fəaliyyətinin dayandırılmasını tələb etmələrinə baxmayaraq, Rusiyanın “Rosatom” şirkəti bu qəza vəziyyətində olan stansiyanın istismarını hələ də davam etdirir”.

 

Ermənilər AES-lə bağlı Avropa Birliyini necə aldadıb? Politoloq Qabil Hüseynli açıqlamasında bildirib ki, hətta Rusiyanın özündə belə bu tip nüvə reaktorlarından istifadə edilmir. “Zənnimcə, burada əsas rolu Rusiya oynayır. Çünki Ermənistanın AES-in nüvə reaktoru, köhnə nəsil nüvə reaktorundan hazırlanıb. İndi Rusiyanın özündə də bu tip nüvə reaktorlarından istifadə edilmir. Ermənistanın da elektrik enerjisinə olan tələbatının az qala yarıdan çoxunu bu elektrik stansiyası ödəyir. Düzdür, Ermənistanda su elektrik stansiyalarının tikintisi planlaşdırılır və guya onlar işə düşdükdən sonra Atom Elektrik Stansiyasını bağlayacaqlar. Amma hər halda belə görünür ki, təmirə dayanıbsa, deməli, stansiyanın işində qəza xarakterli ciddi vəziyyət yaranıb. Bu vəziyyəti aradan qaldırmaq üçün iki ay vaxt lazım olduğunu deyiblər. Məncə, iki aya bunu aradan qaldıra bilməyəcəklər. Bu, ictimai rəyi aldatmaq üçün söylənilmiş fikirdir. Hər halda yarım ilə o stansiyanı işə salsalar, böyük şeydir.  Amma bu cür qəzalar baş verirsə, deməli, o stansiya tamamilə resurslarını itirib və çox təhlükəli bir vəziyyətə gəlib. Bu nöqteyi-nəzərdən Türkiyə də , Azərbaycan da etiraz edir, hətta atom enerjisindən istifadə təşkilatı da bu stansiyanın yararsız vəziyyətdə olduğu haqqında  qərar çıxarıb. Amma bütün bunlara baxmayaraq, Ermənistan həmin AES-in işini dayandırmağa maraqlı deyil və hər dəfə də beynəlxalq təşkilatları inandırmağa çalışır ki, guya ölkənin əsas enerji təchizatı onun hesabına ödənilir və ona görə də onlara güzəşt olunmalıdır”.

 

 

Seymur Həsənli

 

“KarabakhİNFO.com”

 

f

01.10.2013 17:01

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*