Azərbaycanca

Ermənilər bizə sülh yolu ilə heç vaxt torpaq qaytarmayacaq

02.11.2013 | 15:09

1383390310_2Hüquq elmləri doktoru, professor, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun Dövlət və Hüquq Nəzəriyyəsi, Mülki Hüquq və Mülki Prosses şöbəsinin müdiri Habil Qurbanovun “KarabakhİNFO.com” elektron jurnalına müsahibəsi:

– Qarabağ probleminin hüquqi aspekti barədə fikiriniz?

 

– Qarabağ probleminin hüquqi aspekti barədə fikrim odur ki, Qarabağ əzəldən Azərbaycanın torpaqları olubdur və indi müvəqqəti olaraq erməni işğalındadır. Ancaq Qarabağ həmişə tarixən Azərbaycan torğaqları olub və orada da daim azərbaycanlılar yaşamışdır. Yəni biz tarixdən bilirik ki, hələ 18-ci əsrdə Qarabağ xanlığı olub, Pənahəli xan Qarabağın xanı olub. Sonra isə onun övladları onun davamçıları olublar. Yəni tarixən Qarabağ Azərbaycan torpaqları olmuşdur. Və orada ermənilər sonradan məskunlaşıblar. Ermənilər orada qul kimi, nökər kimi Qarabağ xanlarının, Qarabağ camaatının həyətlərində işləyiblər, onların təsərrüfatında qulluq eləyiblər, nökərçilik eləyiblər, fəhləlik eləyiblər, yəni onlar bu cür az miqdarda Qarabağda məskunlaşıblar. Sonradan (İran–Rusiya müharibəsindən sonra) bildiyimiz kimi artıq Çar Rusiyası tərəfindən ermənilər, xüsusilə də İrandan Qarabağ torpaqlarına köçürülüblər. Yəni indiki Dağlıq Qarabağ adlanan əraziyə köçürülüblər və onlar orada məskunlaşıblar. Hətta 1975-ci ildə hələ keçmiş Sovet dövründə Dağlıq Qarabağ erməniləri Dağlıq Qarabağa köçmələrinin, məskunlaşmasının  150 illiyini qeyd eləmişdilər. Onlar hətta keçmiş Ağdərə, indiki Mardakert rayonunda ermənilərin Dağlıq Qarabağa köçməsinin 150 illiyi münasibətilə abidə də qoymuşdular. Yəni bunlar hamısı keçmiş Rusiya imperiyasının siyasəti idi ki, erməniləri köçürüb gətirməklə Azərbaycan torpaqlarında xristianların sayını artırsın, o cümlədən də, ermənilərin. Bunları bütün dünya da bilir, hamımız da bilirik ki, ermənilər ora köçüb gəlmədilər, ora heç vaxt ermənilərin torpaqları olmuyub. Yəni hüquqi aspektdən onu deyə bilərəm ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Ermənilərin ora etdikləri iddialar hamısı əsassızdır, heç bir əsası yoxdur. Onlarda heç bir tarixi sənəd yoxdur ki, Qarabağ erməni torpağı olubdur, ermənilərin məskəni olubdur.

– Ermənilərin Azərbaycan torpaqlarının 20%-ni işğal etməsi faktına beynəlxalq təşkilatların münasibətini necə dəyərləndirirsiniz?

 

–  Beynəlxalq təşkilatlar sözsüz ki, ikili siyasət aparırlar. Düzdür, beynəlxalq təşkilatlar, o cümlədən də, BMT Azərbaycanın ərazi bütövlüyünü qəbul edir və onu tanıyır. Bildiyimiz kimi, BMT-nin erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazisindən çıxarılması barədə 4 qətnaməsi var. Bunlar, sözsüz ki, böyük sənədlərdir. Düzdür, icra olunmur, amma fakt odur ki, sənədlər var. Bu da o deməkdir ki, Azərbaycanın ərazi bütövlüyü tanınır. Həm rəsmi qurumlar tərəfindən, həm də beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyü tanınır. Ərazi bütövlüyü tanınırsa deməli Dağlıq Qarabağ Azərbaycanın ərazisidir, ermənilər oranı işğal eləyiblər.

Sözsüz ki, ermənilər də işğal olunmuş torpaqlarımızdan çıxmalıdırlar. Amma indi danışıqlar aparılır, ATƏT-in Minsk qrupu bu prosesdə vasitəçilik edir, 3 böyük dövlətin – ABŞ, Rusiya və Fransanın nümayəndələri bu prosesə rəhbərlik edirlər, nizamlanması üçün vasitəçilik edirlər. Ancaq onlar ermənilərə qarşı sərt mövqedə deyillər. Yəni ki, onlar burda ikiüzlü mövqedədirlər. Bununla da problemi həll eləmək qeyri-mümkün olur. Ancaq bununla belə, Avropa Şurası, Avropa Birliyi və İslam Konfransı Təşkilatı Ermənistanı təcavüzkar dövlət kimi tanıyıblar. Onlar da həmişə tələb eləyiblər ki, ermənilər bizim torpaqlardan çıxmalıdırlar.

Ermənilər bizə sülh yolu ilə heç vaxt torpaq qaytarmayacaq–  Bəs sizcə ATƏT-in Minsk qrupunun vasitəçilik fəaliyyəti yetərlidirmi?

 

–  Yox, yetərli deyil! Onlar sərt mövqe göstərmirlər. Onlar əgər ermənilərə sərt mövqe göstərsələr ki, siz bu torpaqları işğal etmisiniz, Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal etmisiniz, 1 milyona yaxın Azərbaycanın qaçqını var, bunlar öz torpaqlarına qayıtmalıdırlar. Bunları tələb etmirlər. Onlar sülh prosesini aparırlar, hər iki tərəfə mülayim münasibət göstərirlər və hər iki tərəfi kompromisə dəvət edirlər. Azərbaycan dövləti dəfələrlə bildirib, indi də bildirir ki, biz kompromisə gedirik. Keçmiş Dağlıq Qarabağ vilayətinə indi böyük muxtariyyət veririk, amma Azərbaycanın tərkibində. Yəni ki, ona bütün muxtariyyətlərə aid olan səlahiyyətlər verilir. Oraya öz torpağımız kimi, öz muxtar vilayətimiz kimi Azərbaycan öz diqqət və qayğısını göstərəcək. Ancaq bu şərtlə ki, Azərbaycanın tərkibində qalmalıdır. Yəni bu prosesin yolu budur. ATƏT-in nümayəndələri isə bu məsələdə çox qeyri-obyektivlik göstərir. Onlar heç vaxt özlərini Ermənistanla incik salmaq istəmirlər. Amma onlar məsələni sərt qoysa, mənə elə gəlir ki, bunun nəticəsi ola bilər.

– Sizin fikrinizcə, Azərbaycan torpaqlarını hərb yolu ilə almalıdır, yoxsa sülh yolu ilə? Və hərb yolu ilə Azərbaycan öz torpaqlarını almağa qadirdirmi?

 

– Hərb yolu ilə torpaqları almaq mümkündür. Sözsük ki, ermənilərin bizə sülh yolu ilə torpaqları qaytarmaq fikirləri yoxdur. Onlar bundan bizə təzyiq vasitə kimi istifadə edirlər. Yəni sülh yolu ilə mən inanmıram ki, məsələ həll olunsun. Hər şeyin həddi var, son dərəcəsi var. Dövlət başçımız da dəfələrlə qeyd edib ki, əgər bu məsələlər sülh yolu ilə öz həllini tapmasa, mütləq hərb yolu ilə həll olunmalıdır. Azərbaycanın güclü, qüdrətli ordusu var. İnsanlar da hamı bir nəfər kimi birləşib, rəhbərliyi dəstəkliyib torpaqlarımızı almağa hazır və buna  qadirdilər. Mən özüm bir qarabağlı kimi bunu deyirəm ki, bizim Qarabağ camaatı, bütün Azərbaycan camaatı buna hazırdır. Yalnız ali baş komandan tərəfindən əmr gözlənilir. Bu da gec-tez olacaq. Çünki ermənilər bizə sülh yolu ilə heç vaxt torpaq qaytarmayacaq. Özləri də deyirlər ki, biz torpaqları sülh yolu ilə almamışıq ki, sülh yolu ilə də qaytaraq? Biz nə qədər itki vermişik, nə qədər vuruşmuşuq, torpaqları almışıq.

Sülh prosesinin də bir müddəti olmalıdır. Nə vaxta qədər biz dözməliyik?  Dövlət başçımız da dəfələrlə bildiribdir ki, əgər sülh yolu ilə alınmasa, biz mütləq torpaqlarımızı hərb yolu ilə qaytaracağıq. Buna bizim gücümüz də var, ordumuz da var. Biz sayca onlardan qat-qat çoxuq. Artıq bütün dünya standartlarına uyğun hərbi texnikalarımız var. Dövlət tərəfindən müasir texnikalar alınır. Ona görə, mənə elə gəlir ki, gec-tez bu məsələ hərb yolu ilə həll olunmalıdır. Bunun başqa yolu yoxdur.

–  Sizcə Xocalı soyqırımı beynəlxalq səviyyədə hüquqi qiymət ala bilərmi?

 

– Mütləq almalıdır! Xocalı soyqırımı Azərbaycan xalqına qarşı törədilmiş ən ağır, ən dəhşətli faciələrdən biridir.

1992-ci ildə ermənilər Rusiya ordusunun köməkliyi ilə Xocalı soyqırımını törətdilər. Orada rəsmiyyətdə 700-ə yaxın qeyd olunur, amma mənə elə gəlir ki, 1000-dən artıq, çünki itkin düşənlərin də artıq heş biri həyatda yoxdur, Xocalı soydaşlarımız vəhşicəsinə qətlə yetirildilər. Uşaqlar, qadınlar, neçə-neçə ailələr məhv edilibdir, hansı ki, heç onların davamçıları da yoxdur.

Artıq bir neçə dövlətlər bunu soyqırım kimi rəsmən tanıyıbdır. Mənə elə gəlir ki, gec-tez BMT də, beynəlxalq təşkilatlar da Xocalı faciəsini soyqırım kimi tanımalıdırlar.

Çünki digər dövlətlər əgər özünə hörmət edirsə, öz xalqına hörmət edirsə, bizim faciəni soyqırım kimi tanımalıdırlar ki, gələcəkdə onların da başlarına belə hadisə gəlməsin, əgər gəlsə, onları da dəstəkləsinlər. Yəni ki bu böyük bir faciədir. Erməni daşnaklarının Azərbaycan xalqına qarşı törətdikləri növbəti soyqırımlardan biridir.

– Hal-hazırda gənclərdə vətənpərvərlik hissi sizi qane edirmi? Dövlət bu hissi artırmaq üçün nəsə edirmi və ya nəsə etməlidirmi?

 

– Bilirsiz, mən özüm də uzun illərdir ki, təhsil sahəsində çalışıram, 7 il Azərbaycan Universitetində Hüquq fakültəsinin dekanı olmuşam. Mən deyərdim ki, gənclərimizin vətənpərvərlik hissi yüksəkdir. Söhbətlərdə də, danışıqlarda da bu hiss olunur. Həm dövlət səviyyəsində bu yolda işlər aparılır, həm də mətbuatda Qarabağla bağlı söhbətlər gedir. Gənclərə bu anları yaddan çıxarmamaq tövsiyə olunur. Ailələrdə, evlərdə belə söhbətlər olur. Elə ailə olmaz ki, orda Qarabağ yarası olmasın, istər qarabağlı olsun, istərsə də digər regionlardan olanlar olsun. Çünki müharibədə bütün Azərbaycan vətəndaşları iştirak edib, bütün bölgələrdən, bütün regionlardan iştirak ediblər və bütün regionlardan da şəhidlər var. Hamının qohumlarındanmı, yaxınlarındanmı şəhid olanlar var. Onlar üçünsə, bu çox ağırdır. Ona görə də, həm mətbuatda, həm ailələrdə, həm təhsil müəssisələrində bu söhbətlər aparılır ki, heç vaxt belə şeylər yaddan çıxmasın.

Aqşin Məsimzadə

 

“KarabakhİNFO.com”

 

02.11.2013 15:09

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*