Azərbaycanca

“Ermənilər bizim haradan hücuma keçdiyimizi bilmədilər, donub qaldılar”

18.07.2014 | 11:55

10563585_604632579650229_1417247550_nQəhrəmanov Bəxtiyar İsmayıl oğlu 1966-cı ildə Ağdamın Kəngərli kəndində anadan olub. Uzun illər rus ordusunda xidmət edib. Qarabağ milli azadlıq hərəkatı yaranan andan bu hərəkata qoşulub. Sonra könüllü olaraq Qarabağ Müdafiə Şahinləri dəstəsində iştirak edib. 1991-ci ildə isə milli ordu sıralarına yazılıb. Hal-hazırda II qrup Qarabağ əlilidir.”KarabakhİNFO.com” beynəlxalq e-jurnalı olaraq Qarabağ döyüşçüsü ilə müharibə xatirələrindən danışdıq.

 

 

– Müharibənin ilk günlərin necə xatırlayırsınız?

 

 

– 1988-ci ildə “daşlaşma” deyilən vaxtlar idi. İlk dəfə xəbərlər yayılırdı ki, ermənilər Xankəndinə bayraq asıb ayrılmaq istəyirlər. Biz də buna inana bilmirdik ki, necə ayrılmaq istəyirlər, axı bu torpaqlar Qarabağ torpağıdır, Azərbaycan torpağıdır. 1988 ci ilin fevral ayında yürüş oldu və həmin yürüşdə bizim iki nəfərimiz vuruldu. Bunlar Əli və Bəxtiyar idi. Onlar bizim ilk şəhidlərimizdir. Sonra eşidirdik ki, yoldan keçən maşınları daşlayırlar, avtobusların şüşələrini qırırlar, camaatın qarşısını kəsirlər. Beləliklə daşlaşma ilə başlaya – başlaya tank, top, qrat və getdikcə hadisələr daha da geniş vüsət aldı. Mən müharibənin ilk günlərin belə xatırlayıram.

 

 

– Keçdiyiniz döyüş yolu barədə bizə məlumat verin.

 

 

– Mənim ilk döyüşüm Xoramurd döyüşü olub. 1991 ci ildə Xoramurda hücum etmişik və hücumumuz çox uğurlu alınıb. Biz həmin döyüşdə Xoramurdu almışıq. Sonra isə 1992 ci ildə Ağdərənin Canyataq, Gülyataq kəndlərində döyüşlərdə olumuşam. Daha sonra isə Fərrux döyüşlərində olmuşam. Bu döyüşlər çox ağır döyüşlər olub. Bundan başqa bir çox döyüş və əməliyyatlar keçirmişəm. Mehmani, Güllücə, Novruzlu, Yusifcanlı, Mərzili, Qarağaşlı və adını çəkmədiyim bir çox döyüşlərdə iştirak etmişəm.
10482365_604632569650230_715550231_n

– Ən uğurlu və ən yadda qalan döyüşünüz hansı olub?

 

 

– Bizim ən uğurlu döyüşümüz Novruzlu döyüşü olub. Bu döyüş kəşfiyyat xarakterli döyüş olub. Biz kəşfiyyatın uşaqları ilə birləşərək bu əməliyyatı yerinə yetirmişik. Novruzluda betonxana deyilən bir yer var idi. Kəşfiyyatın uşaqları səhər tezdən bu yola baxış keçirib minalarını təmizləmişdilər. Hava qaralanda isə bizi də götürüb bu yolla aparacaqdılar. Elə oldu ki, hava qaraldı və gəlib bizi apardılar. Biz betonxanaya çatanda uşaqlar bizi saxladı və özləri irəli keçərək yola nəzər yetirdilər. Elə bir az keçmişdi ki, uşaqlar həmin yoldan 25 dənə mina tapdılar. Sən demə ermənilər səhər uşaqları görüb və həmin ərazini minalayıblar. Yol təmizləndikdən sonra biz irəliləməyə başladıq. Biz irəliləyərək ermənilərin arxasına keçdik və postların arxasında gizlənib hücuma keçməyi gözlədik. Saat 7-də hücuma keçdik. Ermənilər 10 dəqiqə bizim haradan hücuma keçdiyimizi bilmədilər və donub qaldılar. Biz düşmənin xeyli sayda canlı qüvvəsini məhv etdik. Bizdən 50 metr qabaqda tank var idi. Biz tankın yoluna bir qrantomyot atan və üç nəfər əsgər qoyduq. Hava işıqlaşanda onlar tankı vurmalı idi. Biz döyüşərək düşmənləri məhv edirdik. Elə bu zaman tank üstümüzə hərəkət etməyə başladı. Biz nə qədər gözləsək də tankı vuran olmadı. Bizim əlimizdə də avtomatdan başqa heç nə yox idi. Doğurdan da döyüşdə zirehli texnikanın zəhmi daha güclüdür. Bizdə Əjdər adında qrantomyot atan var idi. Erməninin bir neçə dənə zirehli texnikasını məhv etmişdi. Əjdər qaçaraq tankı yanladı və tanka atəş açdı. Tank yerində qaldı, amma o dayanmadan bir nöqtəyə atəş açırdı. Yanımda Nadir adında bir oğlan var idi. Əlində tank əleyhinə qranat ilə tankı partlatmaq istədi. Həmin vaxt mən onu tutub saxladım və getməyinə mane oldum. Çünki tankın içində düşmənlər var idi və onlar dayanmadan atəş açırdılar. Bir az keçmişdi ki, Səməndər adında oğlan Nadir kimi tanka yaxınlaşıb tankı partlatmaq istəyəndə tankın içindən Səməndəri vurdular. Döyüşdən sonra biz tanka baxdıq. Tankın içində bir mayor cəsədi var idi. Biz bu döyüşdə düşmənin texnikalarını, silah və sursatların ələ keçirdik. Bu döyüş bizim ən uğurlu döyüşümüz olub.

 

 

10534629_604632586316895_1471798809_n– Mühasirədə olmusunuzmu?

 

 

– Mən ən çox Xoramudda mühasirədə qalmışam. Xoramurdda “məktəb” deyilən ərazi var idi. Biz həmin “məktəb”də postda dururduq. Elə olurdu ki, düşmənlər gecələr gəlib məktəbi əhatəyə alırdılar və biz mühasirədə qalırdıq. Xoramurdda belə hadisələr çox baş verirdi. Bəzən beş – altı saat mühasirədə qalırdıq. Bizə kömək gələndən sonra biz mühasirədən çıxmağa nail olurduq. Bundan başqa mən Yusifcanlıda və Novruzluda mühasirədə qalmışam.

 

 

– Ölümlə üz-üzə qaldığınız anlar olubmu?

 

 

dan– Bəli belə hadisələr çox olub. 1992-ci ildə Fərrux döyüşündə yaralanmışam. Bu döyüşdə hücum iki tərəfdən olmalı idi. Biz Xoramurd tərəfdən qalxacaqdıq. Cinli tərəfdən isə texnika ilə kömək gələcəkdi. Biz Xoramurd tərəfdən Fərrux dağına qalxmağa başladıq. Fərrux dağı böyük olduğundan biz onun üstünə bir neçə saatdan sonra çıxa bildik. Dağın üstü düzənlik sahə idi. Düzənlikdən 100 metr sonra isə düşmənin səngərləri yerləşirdi. Biz 4 nəfər seçərək səngərə tərəf getməyə başladıq. Batalyon isə arxadan bizi qoruyurdu. Səngərə 10 metr qalmış düşmən atəş açmağa başladı. Biz bunu görən kimi cəld yerə uzandıq. Elə bu zaman arxadan bizimkilər atəş açaraq düşməni susdurdu. Biz gəlib səngərə çatdıq və düz bir saat orda gözlədik. Nə qədər gözləsək də bizə kömək gəlmədi. Orada bizim iki nəfərimizi vurdular. Bir az da qalsaydıq mühasirəyə düşəcəkdik. Köməyə gələn olmadığını görüb geri çəkilmək qərarına gəldik. Uşaqların hamısı geri çəkilərək dağın ətəyinə endilər. Mən isə dağın üstündən enərkən yanıma snaryad düşdü. Bu zaman qolumdan və çənəmdən qəlpə yarası aldım. Hər yeri toz duman bürüdü. Mən isə bundan istifadə edərək qaçıb dağın ətəyinə endim. Bu zaman uşaqlar qolumu rezinlə bağlayıb məni aşağı endirdilər. Daha sonra isə Xoramurdda yaralanmışam. Biz minomyot atarkən düşmən bizi öz minomyotu ilə vurmuşdu. Üçüncü dəfə isə Yusifcanlıda yaralanmışam. Döyüşərkən yanıma snaryad düşüb və mən yerə uzanmışam. Bu zaman kürəyimdən qəlpə yarası almışam.

 

 

10567534_604632589650228_1651605342_n– Ali baş komandan döyüş əmri versə yenidən döyüşməyə hazırsınızmı?

 

 

– Bəli, biz qazilər buna həmişə hazırıq. Mən hər zaman əldə silah torpaqlarımızı düşmən tapdağından azad etməyə hazıram. Mənim ən böyük arzum Qarabağı azad görməkdir.

 

Hafiz Səfərov
“KarabakhİNFO.com”

18.07.2014 11:55

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*