Azərbaycanca

Ermənilər “bizimdi” dediklərinin nə keçmişini göstərə bilir, nə də gələcəyini…

22.12.2012 | 17:50

1356183044_mg_0355Eldar Mikayılzadə: “Sevgi ilə imanın protokolu olmur”

 

Etiraf edək ki, indi evlərimizdən analarımızın əlinin istisi, tariximizin qədimliyi, təbiətimizin gözəlliyi hopmuş xalçaların sayı azalmaqdadır. Satılanı satılır, yerini isə başqa “xalça” lar əvəzləyir. Xalça deyəndə torpaq döşəməli evlər və həmin evlərdə qurulan hanalar göz önünə gəlir. Xalça yarandığı məkanın təbiəti, tarixi, insanlarının fantaziyası ilə bağlı bir nəsnədir.

Bu yerdə bir neçə il öncə ünlü sənətkarımız Süleyman Abdullayevin dediyi söz yadıma düşür. “Qarabağdan gözəl səslər gəlmir daha”…Sənətkar haqlı idi.

Amma qarabağlılar yaşayır. Yenə də nəsildən-nəsilə keçən gözəl səsləri Tanrı verə bilər onlara. Ancaq o səsə ilahi güc, sehr verən o torpaq, o su, o hava yoxdur. Qayıdar inşallah, səsi də, xalçası da Qarabağın ! Və qayıtmalıdı. Çünki Qarabağsız Qarabağ xalçası olmur, toxunmur…

 

Müsahibimiz xalçaçı rəssam Eldar Mikayılzadə ilə də elə Qarabağ xalçalarından və ümumilkdə xalçaçılıq sənətinin hazırkı durumu barədə söhbətləşdik.

Qeyd edək ki, E.Mikayılzadə Azərbaycanda əsərləri ən baha qiymətə satılan xalçaçı-rəssamdır. Rəssam daha çox xarici ölkələrdən sifarişlər aldığını deyir. Onun sözlərinə görə, əsərlərində daha çox iki şəxsiyyətin Səttar Bəhlulzadə və Lətif Kərimovun yaradıcılığının elementlərindən istifadə edir.

 

– Mən Bakının Əmircan kəndində doğulmuşam. Səttar Bəhlulzadə ilə qonşu olmuşuq və onu özümə birinci, Lətif Kərimovu isə ikinci müəllim sayıram. Mənim nənəmin anası Sayad arvad məşhur xalçaçı olub. 70 kvadratmetrlik məşhur  “Lenin Stalin “ xalçası ki var idi, onun toxunmasında iştirak edib. Buna görə o vaxt ona hədiyyə də vermişdilər. Amma mənim xalçaçılığa gəlişim təsadüfi olub. Özüm Səttarın yanında böyümüşəm və indiki Əzim Əzimzadə adına Rəssamlıq Akademiyasının rəngkarlıq şöbəsini bitirmişəm. Hələ SSRİ vaxtında mərhum prezidentimiz Heydər Əliyevin təşəbbüsü ilə əlaçı tələbə olduğuma görə, təhsilimi davam etdirmək üçün məni  Sankt-Peterburqa (keçmiş Leninqrad) Rəssamlıq Akademiyasına göndərdilər. Bakıya döndükdən sonra təsadüfən Lətif Kərimovla rastlaşdım və beləcə onun sayəsində 35 ildir həyatımı bu sənətə bağladım.

 

– Xalçanın toxunduğu məkan onun sonrakı aqibətinə çoxmu təsir edir?

 

– Mən bütün sərgilərimdə, görüçlərdə, hər yerdə bunu deyirəm – xalça azərbaycanlıların  ana dilidir. Hər xalqın belə bir qisməti yoxdur ki, onun danışıq dilindən başqa, keçmişlə gələcəyini naxışların diliylə danışdıracaq fəza dili də olsun. Bizim xalçaların dili var, canı var. Məsələn, “Türkmən” xalçasının min dənə oxşarını tapmaq olar. Amma Azərbaycan xalçalarının birindən ikincisini tapmaq olmur. Bax, budur bizim xalçaları dəyərli edən. Bizim xalçaları qiymətli edən bir-birini təkrarlamamasıdır.

 

Ermənilər “bizimdi” dediklərinin nə keçmişini göstərə bilir, nə də gələcəyini…– Eyni çeşninin ayrı-ayrı bölgələrdə toxunması necə, özünü hiss etdirimi? Tutaq ki, Qarabağda toxunan xalça ilə Şirvanda toxunan xalça arasında hansı fərq olur?

 

– Nəinki bölgələr, hətta kəndlər arasında belə fərq olur. Amma bunu əvvəllər daha tez ayırd etmək olurdu. Çünki hər kəndin öz boyaq vasitəsi, öz yunu var idi. İndi isə bütün xammal bir yerdən götürülür. Bundan başqa, ticarət əlaqələri də fərqli idi deyə, seçmək olurdu. Məsələn, Qarabağ xanlığının digər xanlıqlara nisbətən ticarət dövriyyəsi daha erkən və geniş olub. İlk dəfə də məhz Qarabağ xanlığı Rusiya ilə ticarət müqaviləsi bağlayıb və bunu qarabağlı görüb. Ona görə də hər kəsin gördüyü onun işində əks olunur. Xalça Azərbaycan xalqının həyatına girdiyi üçün o həyat fərqliliyi xalça fərqliliyinə və məktəblərə bölünüb. Muğam sənətində olduğu kimi xalçaçılıqda da məqamlar var. Muğamda Çahargah, Şur, Segah olduğu kimi, xalçaçılıqda da kompozisiyaların adı var – Əfşandı, Qabqabı, Xətai və digər 114 məqam mövcuddur. Məsələn, Luvrda bir xalça var ki, onun heç bir xalqın həyatında olması mümkün deyil. Bu o qədər də böyük olmayan Şirvan xalçasıdır. Xalçanın fonu yarıya qədəri qırmızı rəngdədir, yarıdan sonra isə qara rənglə toxunub. Xalçaçı xanım bu xalını toxuyub yarıya çatanda həyat yoldaşı rəhmətət getdiyindən işini yarımçıq qoyur, yasdan çıxandan sonra daha onu qırmızı rənglə davam etdirə bilmir, qara toxuyur. Xalça həm də bizim gün-güzəranımızdan xəbər verir. Bu xüsusiyyət heç bir millətdə yoxdur. İstənilən ölkənin xalçaçılığına nəzər saldıqda belə uyğunuq tapmaq mümkün deyil.

 

– Məlumdur ki, Qarabağ itkisi bir çox dəyərlərimizlə yanaşı xalçaçılığımıza da təsirsiz ötüşmədi…

 

– Mən bu mənada özümüzdən çox narazıyam. Bir dəfə yuxuda gördüm , mənə deyirlər ki, Allah Təala sizə müqəddəs bir torpaq vermişdi, siz onun qədrini bilmədiz və bu 114 rəqəmilə bağlı idi. Sonra mən tarixə baxdım gördüm ki, bizim 114 min kvadrat metr olub ərazimiz  –  Quran surələrinin sayı qədər. Muğamın da bütün şöbələrinin hamısı birlikdə 114 edir. Belə təsadüf olmaz. Və tarixdə ərazisi bu qədər olan ikinci bir dövlət olmayıb. Bu ruhani bir yanaşmadır və ruh, mənəviyyat itəndən sonra xalçada da həmin ruh olmur. Həmin ruhu qaytarmaq üçün hökmən Qarabağda toxunmalıdır xalça.

 

– Qeyd etdiniz ki, xalçaya baxıb onu toxuyanın hansı əhval-ruhiyyədə olduğunu da bilmək olar. Təbii alınması üçün xalça standartlardan çıxaraq onu xalçaçının azad fantaziyasının ixtiyarına vermək olmazmı?

 

Ermənilər “bizimdi” dediklərinin nə keçmişini göstərə bilir, nə də gələcəyini…– Əvvəl bütün çeşnilər Bakıda hazırlanıb bütün bölgələrə paylanırdı. Bu qarmaqarışıqlıq yaradırdı. Amma Lətif Kərimov “Azərxalça”nın rəhbəri olduğu vaxtlarda belə bir proqram hazırladı və proqramda əsas məqam bu idi – hər regiona öz çeşnisini vermək. Ən əsası xalçaçı qadınlara azadlıq vermək. Bizim xalçaçılığın ana xəttini təşkil edən əsas qayə ondan ibarətdir ki, qadınlarımız öz həyatını ora köçürür. Məsələn, bildiyi çeşnini toxuyurdu, əsas elementlərdən başqa yerlikdə qalan boş yerlər onun düşüncəsi, fantaziyası üçündür. Kim nə istəyirdisə ora əlavə edirdi və bu daha təbii alınırdı. Beləcə çeşidlilik yaranırdı və Lətif müəllimin istədiyi də bu idi. Amma o vaxt çeşninin standartlarını müəyyən edən Qosstandart  qaydalardan kənara çıxaraq toxunulan xalçaları “brak” kimi qəbul edirdi. Sonra biz onlarla danışıb bu diktəni etməməyi istədik və onlar bunula razılaşsalar da, sonra SSPİ dağıldı, bu iş yarımçıq qaldı. İndi isə Çin dünya bazarını dağıtdığı kimi xalça bazarını da dağıtdı. Amma indi yeni tendensiyaya görə, Avropa da azad insanın toxuduğu, diktə olunmayaraq araya-ərsəyə gələn xalça istəyir  və bunun öz yerində toxunmasını tələb edir.

 

– Xalçaçılığın biznes tərərfləri barədə nə deyə bilərsiz? Hazırda Azərbaycan iqtisadiyyatı üçün xalça nə dərəcədə strateji məhsul sayıla bilər?

 

– İnqilabdan sonra İran 10 il blokada da qalanda bu ölkə daxili məhsulunun 80 faizini xalçaçılıqdan gələn gəlirlə ödədi. Xalça İranı aclıqdan qurtardı. Xalça strateji məhsuldu, neft tükənən sərvətdi nə vaxtsa qurtara bilər, amma anaların ruhu qurtarmaz. Bundan əlavə, xalça istehsalına kapital qoyuluşa da azdır. Onu vurğulayım ki, xalça sənəti halallıq sevir.

 

– Tez-tez haqqında danışılan Şeyx Səfi xalçasının aqibəti barədə nə deyə bilərsiz? Xalçanın Azərbaycana gətirilib-gətirilməməsi tez-tez müzakirə olunur…

 

– Mən Şeyx Səfi xalçasını ilk dəfə 1991-ci ildə görmüşəm. 56 kvadratmetrlik xalçanın qarşısına 56 kvadratmetrlik şüşə çəkilib. Şüşənin içində məxsusi hava təzyiqini saxlamaq üçün qurğu quraşdırılıb və ciddi şəkildə qorunur. Onlar bu cür sənət əsərinin qədrini bilirlər, bizdə olsaydı indi güvə yemişdi.

 

– Xalça nümunələrinin ermənilər tərəfindən oğurlanmasına münasibətiniz necədir?

 

– 1996-cı ildə Parisdə mənim sərgim olan zamanı bir jurnalist mənə dedi ki, (sonra bildim ki, o erməni imiş E.M.) bu qədər gözəl xalçalar toxuyursuz, amma onu tanıtmağı bacarmırsız. Cavab verdim ki, biz hamımız Allahın quluyuq və ola bilməz ki, bütün istedadı bizə versin, bizə yaratmaq istedadını verib, sizə də tanıtmaq. Belə olmasaydı, siz acından ölərsiz. Ümumiyyətlə, bir millətdən ki, oğurlayırlar, deməli, nəsə var ki, oğurlayırlar . Demək dünyanın ehtiyacı var bizim sənətə. “Mənimdir” demək üçünsə onun dünənini, bu gününü, sabahını göstərməlisən. Ermənilər deyir “Sarı gəlin” bizimdi. Amma nə keçmişini göstərə bilirlər, nə də indisini. Bizdə dünən “Sarı  gəlini” Akif İslamzadə oxuyurdu, bu gün Sevda Ələkbərzadə oxuyur. Xalçalarımızda da bu cürdür. Xalça deyəndə, keçmişdə Sadiq bəy Əfşarı, Sultan bəy Məhəmməd olduğu kimi bu gün Lətif Kərimov var, Eldar Mikayılzadə var, sabah isə tələbəlrimiz var. Onların yanaşmasına mən xaricdə sərgilərdə dəfələrlə cavab vermişəm.

 

Ermənilər “bizimdi” dediklərinin nə keçmişini göstərə bilir, nə də gələcəyini…– Xalçaçılıqla bağlı sizi ən çox narahat edən nədir?

 

– Məni ən çox narahat edən satışı ilə bağlıdır. Baxın, Almaniyanın kansleri ancaq alman istehsalı olan avtomobildə əyləşir, Amerikanın prezidenti də Amerika markalı avtomobildə gəzir. Bu artıq böyük bir siyasət və qürur məsələsidir. Mən də çox istərdim ki, bizim məmurlar və dövlət adamları kabinetlərində İran, Çin xalçasının üstündə yox, Bakı, Qarabağ xalçasının üstündə dayansınlar.

 

– Qarabağın azad olunmasına necə bir xalça toxuyardınız və bu mövzuda hansısa planlarınız varmı?

 

– İki məfhum – sevgi və iman protokolu heç sevməz. Yəni bu məqam yetişməlidir. Böyük Vətən müharibəsi üçün necə gözəl filmlər çəkildi, mahnılar yazıldı. İndi də baxanda dinləyəndə, adamı tərpədir. Amma indi biz hələ bunu yaşamırıq. O məqam gərək yetişsin.O ruhu yaşayandan sonra sanballı əsərlər yaranacaq və əlbəttə ki, bu olacaq. Mən şəxsən Qarabağa layiq rəssam  olmaq istəyirəm və ora layiq xalçalar yaratmaq istəyirəm.

 

Naibə Qurbanova

 

KarabakhINFO.com

22.12.2012 17:50

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*