Azərbaycanca

“Ermənilər kürdlərin tarixi düşmənidir”

02.04.2013 | 11:50

1364888820_noflNofəl Ədalət: “Ermənilərin 1918-20-ci illərdə özlərinin etdiyi etirafda 400 mindən çox Azərbaycan türkü ilə yanaşı, 15 min kürdü də qətlə yetiriblər”

Müsahibimiz “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin Gənclər təşkilatının sədri Nofəl Ədalətdir.

 

Xoş gördük Nofəl müəllim. Mümkünsə ilk öncə özünüz haqqında məlumat verərdiniz.

 

-Özüm haqda, çox danışmağı xoşlamıram. Müsahibəmizin istiqamətini nəzərə alaraq onu deyim ki, Kəlbəcər rayonunun Ağcakənd kəndində bir kürd ailəsində doğulmuşam. Kəlbəcərin  erməni quldurları tərəfindən işğalından sonra valideyinlərimlə birlikdə Bakıda yaşayırıq. Hal-hazırda “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin Gənclər Təşkilatına rəhbərlik edirəm. Bir neçə bədii kitabım nəşr olunub. Bacardığım qədər mətbuatda ədəbiyyat, tarix, fəlsəfə, eləcə də danışacağımız mövzuyla bağlı elmi-publisistik məqalələrlə çıxışlar edirəm.

 

Ermənilər kürdlərə hansı tarixlərdə soyqırım ediblər?

 

-Bilirsiniz, erməni – kürd münaqişələrinin kökü ermənilərin Qafqaza köçürülməsi ilə başlayır. İstər indiki Ermənistan adlandırdığımız ərazi olsun, istər Qarabağda olsun, ermənilər azərbaycanlılara qarşı hansı vəhşiliyi ediblərsə, kürdlərə qarşı da o vəhşilikləri, cinayətləri ediblər. Daşnaksütyun partiyasının nizamnaməsində belə bir bənd var: “Harada kürd, türk gördün, öldür”. Bu açıq aydın göstərir ki, erməni üçün fərqi yoxdur bu kürddür, ya türkdür. Hələ ermənilərin 1918-20-ci illərdə özlərinin etdiyi etirafda 400 mindən çox Azərbaycan türkü ilə yanaşı 15 min kürdü də qətlə yetiriblər. Cənubi Qafqazda o zamankı, əhalinin say tərkibinə baxsaq bu çox böyük rəqəmdir.  Həmçinin onu da nəzərə alaq ki, bu ermənilərin öz etirafıdır. Demək qətlə yetirilən azərbaycanlıların və kürdlərin sayı bundan dəfələrlə çoxdur. Ermənilər hansı tarixdə soyqırım etməyiblər ki? Nə vaxt erməni baş qaldırıb, o vaxt da çevrəsində olan bütün xalqlara qarşı soyqırım faktını həyata keçirib. 1905-06-cı və 1918-20-ci illərdə məlum deportasiyalar dövründə və ən nəhayət 1988-ci ildə Azərbaycana qarşı qaldırdıqları ərazi iddiaları zamanı bu soyqırım faktlarına əl atıblar.  1988 ci ildə İrəvanda keçirilən mitinqdə  o zamankı etnik təmizləmə siyasətinin ön isimlərindən olan Aşot Mancoryan kürdlərə qarşı kəskin çıxış edib və kürdlər bizim heç vaxt dostumuz olmayıb olmayacaq da, deyərək onların Ermənistandan qovulmasını tələb etdi. Təbii ki, bu, yüzlərlə bu kimi faktlardan biridir.  A. Mançoryanın məlum çıxışından sonra indiki Ermənistan ərazisində yaşayan müsəlman kürdlər və ardınca yezidi kürdlər çıxarıldı, qətlə yetirildi, işgəncələrə məruz qaldı. Bu qudurğanlar hətta heç nədən çəkinmədən keçmiş Sovet məkanında tanınan həkim və yazıçı, indiki Ermənistan adlanıdırdığımız ölkənin ərazisində yaşayan kürdlərin lideri- Saidie İbo ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildi. Xatırladım ki, 1988-ci ilə kimi indiki Ermənistan ərazisində 64 min kürd yaşayırdı ki, onların 18 mini elə 1988-ci ildə Ermənistandan çıxarıldı və bu prosses 1992-ci ilə kimi kütləvi şəkildə davam etdi. Məndə olan məlumatlara görə ermənilər kürdlərə qarşı ağlagəlməz cinayətlərə əl ataraq kürdləri Ermənistan adlandırdığımız ölkənin ərazisindən çıxmağa məcbur edirdilər. İnsanlar oda atılır, zorlanır, həbs edilir, var yoxları əllərindən alınırdı.

 

Bu soyqırımlar harada baş verib?

 

-Bilirsiz, tarix boyu azərbaycanlılarla kürdlər iç-içə yaşayıb. Azərbaycanlılar harada qətlə yetirilibsə, təbii ki, kürdlər də o ərazilərdə qətlə yetirilib. Əsasən indiki Ermənistanda, eləcə də Azərbaycanın ayrılmaz tərkib hisəsi olan Qarabağda, həmçinin İran ərazisində.

Bir neçə fakt deyim: Dərələzin Gümüşxana kəndində bizim qohumlar yaşayırdı. Onların böyük bir qismi indi Salyan rayonunun Qarabağlar kəndində məskunlaşıblar və adını çəkəcəyim şəxsin də bu gün nəvə, nəticəsi orada yaşayır. 1953-cü ildə onlar Ermənistandan zorla çıxarılanlardır. 1918-ci ildə ermənilər o kəndi tamamilə dağıdıb viran qoyublar. Hətta yaşlılar bu gün də danışır ki Fətullah kişini övladlarının gözü qabağında odun qalağının içinə qoyub yandırdılar. Digər bir fakt: 1990-cı ilin 26 iyun tarixində Vedibasar mahalında tanınmış ağsaqqal olan 74 yaşlı Şamo Süleymanovu da yaxınlarının gözü önündə odda yandırıblar. Səbəbsə erməni komitəsinə kömək etməməsi və Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətini dəstəkləməməsi idi. Sonra bizdə olan məlumata görə, Xocalıda qətlə yetirilən, əsir götürülən insanların arasında onlarla kürd ailəsi olub. Laçında, Kəlbəcərdə, Qubadlıda, Zəngilanda kürdlərin yaşadığı kəndlər də işğal edilib, onlar da qətlə yetirilib, onlar da əsr götürülüb və bu gün mənim ən yaxın qohumlarımdan erməni əsrliyində olanlar var, şəhid olanlar, əlil olanlar var.

 

Həmin zaman nə qədər kürd öldürülüb?

 

-Dəqiq statistik məlumat yoxdur. Çünki, bu məsələlər araşdırılmayıb. 1920-ci ildə ermənilərin verdiyi bir açıqlamada 15 min kürdün öldürüldüyü deyilir. Ancaq bu çox kiçik bir rəqəmdir. Təxmini hesablama aparsaq və o zaman ki, əhalinin say tərkibinə baxsaq bundan dəfələrlə çox olduğunu görərik. Bir məsələ də deyim ki, ermənilər kürdləri təkcə indiki Ermənistan və Qarabağ ərazisində soyqırıma məruz qoymayıblar,  həmçinin yuxarıda qeyd etdiyim kimi İran ərazisində də bu qətliamlar həyata keçirilib ki, bununla bağlı da tarixdə kifayət qədər faktlar olsa da hələ ki, tədqiqata cəlb olunmayıb.

İndi sual verə bilərsiz ki, niyə araşdırmırsız? Buna cavab olaraq deyim ki, təmsil etdiyim “Ronahi” Kürd Mədəniyyət Mərkəzi adından da göründüyü kimi mədəni fəaliyyətlə məşğuldur. Bu səbəbdən bizim bu məsələni təşkilat olaraq araşdırmamız bir qədər çətindir. Ancaq buna baxmayaraq niyyətimiz var ki, bu məsələni geniş şəkildə araşdıraq. Bununla bağlı artıq bir sıra işlərə start verilib, layihələr hazırlanıb. Əgər qəbul olunarsa, bu istiqamətdə Azərbaycanın həm dövlət, həm də qeyri-dövlət təşkilatları ilə birgə fəaliyyət göstərəcəyik.

Bu layihədə Azərbaycanın əsas dövlət maraqları müdafiə olunacaq və bir sıra tarixi gerçəkliklər bir daha dünya ictimaiyyətinə, xüsusilə xaricdə fəaliyyət göstərən kürd diaspor təşkilatlarına çatdırılacaq.

 

Dünyanı bu soyqırıma nə dərəcədə inandıra bilibsiniz?

 

-Dünya səviyyəsində hələki görə bildiyimiz işlər çox zəifdir. Təşkilat olaraq 2005-ci ildə MDB və Şərqi Avropa Kürdlərinin Moskvada keçirilən qurultayında və ondan əvvəl 1992-ci ildə Azərbaycan Respubilkasının Rusiyadakı daimi Nümayəndəliyində Azərbaycanda olan bir sıra azsaylı xalqlarla birlikdə kürdlər də dünya ictimaiyyətinə müraciətlər ünvanlayaraq Ermənistanın işğalçılıq siyasətini kəskin şəkildə tənqid ediblər. 1992-ci ildə xüsusilə Ermənistanın Laçın rayonunu işğal edən zaman dünya ictimaiyyətinə yalan informasiyalar verməsini açıq ifşa ediblər. Ancaq bu işlər davamlı olmadığı üçün ortada  ciddi bir nəticə yoxdur.

Bundan əlavə şəxsi təşəbbüsləri ilə 2005-ci ildə  Mədəniyyət mərkəzinin indiki sədri Fəxrəddin Paşayev və onunla bərabər digər Azərbaycan vətəndaşı olan 5 nəfər kürd Ermənistanı işğalçı dövlət olaraq Avropa məhkəməsinə verib və 2010-cu ildə məhkəmə doğru qərarı verərək Ermənistanın işğalçı dövlət olduğunu təsdiqləyib. O məhkəmədə vətəndaşlarımız təkcə Azərbaycanda yaşayan kürdlərinin məsələsini deyil, ümumilikdə, bir milyon qaçqının doğma yurd-yuvalarına qaytarılması məsələsini qoymuşdular. Mən hesab edirəm ki, bu, bütünlükdə Azərbaycan dövlətinin uğurudur və bu işlərin davamlı olması vacibdir. Bu işdə birgə fəaliyyət, birgə mübarizə ortaya qoymalıyıq.

 

Ermənilər kürdləri də belə qırdığı halda, Türkiyədə ermənilərlə kürdlər arasında sıx münasibət var. Hətta bu il Türkiyədə Xocalı soyqırımı ilə bağlı bir neçə tədbirdə ermənilərlə kürdlər birləşib təxribat yaradıblar. Bu hansı siyasətə xidmət edir?

 

-Mən deməzdim ki, ermənilərlə kürdlər arasında sıx münasibət var. Məlum hadisə təbii ki, utancverici bir hadisədir. Burada Azərbaycan vətəndaşı olaraq mənim də, sizin də, o cümlədən bir sıra qurumların da günahı var. Biz bu günə qədər dünya ictimaiyyətinə ermənilərin kürdləri soyqırıma məruz qoyma faktını çatdırmamışıq. Hansısa kürd  ermənilərin hər hansı bir aksiyasına dəstək verirsə, burada bizim günahımız daha böyükdür. Biz təbliğatımızı elə qurmalıyıq ki, həqiqət hamıya bəlli olsun. Onda heç kim çıxıb erməniyə dəstək verməyəcək.

Ermənilər dünyanın bir sıra yerlərində kürd faktorundan Azərbaycanın əleyhinə istifadə edirlər. Bunun da kökü 1992-ci ildə ermənilərin Laçın rayonunu işğal etdikdən sonra oynadıqları bir oyundur ki, bu günə qədər ondan istifadə edirlər. Heç Azərbaycan ictimaiyyəti həmin oyundan doğru məlumatlı deyil. Mən bu məsələni açıqlamaq istəyirəm  və xahiş edirəm dediyim faktlarla bağlı kiminsə şübhəsi varsa araşdırsın. Belə ki, 1992 ci ildə ermənilər Laçın rayonunu işğal edəndə  buna bir don geyindirməyə çalışdılar və nə qədər üzücü olsa da dünya ictimaiyyətini qismən də olsa çaşdırdılar. Onlar Laçında guya kürdlərin üsyan qaldırdığını və dövlət yaratdıqlarını söylədilər. O zaman Rusiya telekanalları da ermənilərə bu işdə kömək etdi. Ermənistan bu iyrənc işlərindən bu gün də öz xeyirlərinə yararlanırlar. Hətta təəccüb doğuran tərəf budur ki, bəzən Azərbaycanda olan bəzi media nümayəndələri belə, bu saxta erməni təbliğatına inanırlar.

Əgər o erməniyə qoşulan bir –iki kürd bilsə ki, burda öldürülən minlərlə azərbaycanlı ilə yanaşı minlərlə kürd də öldürülüb, o bilsə ki, tarix boyu bu iki xalq arasında bir zərrə də olsun problem yaşanmayıb, o heç erməniyə dəstək verərmi? Biz birlikdə niyə İran Kürdüstanının lideri olmuş və şovinist fars rejimi tərəfindən edam edilən Qazi Məhəmmədin: “Azərbaycana yol kürdlərin cəsədi üzərindən keçir” fikrini, Böyük kürd şairi Əbdürrəhman Həjarın: “Azərbaycan və Kürd xalqı bir qılıncın iki ağzıdır, onları ayırmaq mümkünsüzdür” fikrini təbliğatımızın şüarına çevirməyək. Biz Azərbaycanda azsaylı xalqlara olan münasibəti olduğu kimi niyə təbliğ etməyək birlikdə. Mən inanıram ki, biz bunu etsək sabah o kürd gəncləri erməninin yanında deyil, Azərbaycanın yanında duracaq.

 

     –Ümumiyyətlə, kürd-erməni birliyini nə dərəcədə qəbul edirsiniz? 

 

-Ümumilikdə belə birliyin olduğuna inanmıram, varsa da qəbul etmirəm və kəskin şəkildə pisləyirəm.

Qardaşım, mən daima demişəm: ermənilər kürdlərin tarixi düşmənidir və bu düşmənçiliyin əsasını da ermənilər qoyub. Onların ideologiyasında kürd arzuolunmaz bir millətdir. Mən özüm filoloqam ixtisasca, bu üzdən ədəbiyyatla daha çox məşğul oluram. Bir şey heç vaxt diqqətimdən qaçmayıb, Azərbaycan ədəbiyyatında kifayət qədər müsbət kürd obrazları var. Bunu Bəxtiyar Vahabzadə,  Xəlil Rza Ulu Türk və başqaları yaradıb. Amma erməni ədəbiyyatına baxsaq daima kürd aşağılanıb, düşmən obrazında verilib. Elə Məlik Akopyanın “İsqar” romanına baxsanız bunu açıq şəkildə görəcəksiniz. Ermənilər kürdə qarşı nifrətlərini milli ideologiya səviyyəsinə qaldırıblar. Bunu bilib gedib erməniyə dəstək verən kürd varsa, mənim dilim gəlməz ona kürd deməyə.

 

     –Bəs, kürd- azərbaycanlı birliyi özünü nə dərəcədə biruzə verir?

 

-Laçında, Kəlbəcərdə, Zəngilanda, Qubadlıdan olan yüzlərlə şəhidimiz  var ki, onların içində də kürdlər olmamış deyil. Buna misal olaraq deyim ki, təmsil etdiyim qurumun sədr müavini Namiq Nəsibovun atası Kamil Nəsibov kürddür. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olub və Azərbaycanın Milli Qəhrəmanıdır. Doğulduğum kənddən onlarla insan Azərbaycanımızın ərazi bütövlüyü uğrunda şəhid olub ki, onların sırasında döyüş şücayətinə görə Azərbaycan Bayrağı ordeni və digər fəxri adlara laiq görülənlər var. Bu faktlar Azərbaycanla kürd xalqının birliyini göstərir. Arzu edirəm birliyimiz və bərabərliyimiz əbədi olsun. İnşallah Azərbaycanın üçrəngli bayrağını Şuşaya, Laçına, Xankəndinə və digər işğal olunmuş rayonlarımıza birlikdə taxacağıq.

 

 

Fuad Hüseynzadə

 

KarabakhİNFO.com

 

02.04.2013 11:50

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*