Azərbaycanca

“Ermənilər meyitlərin çoxunun baş dərisini çıxartmışdılar”

26.02.2013 | 16:25

1361881072_surxaylogoSurxay Quliyev: “Böyük qardaşımı ermənilər 12 nəfər ailə üzvü ilə birlikdə hamısını öldürmüşdülər”       – Xocalı hadisələri baş verən zaman siz hansı sahədə çalışırdınız?     – Mənim ixtisasım baytardır. Uzun müddət sovxozda baytar işləmişəm. 1991-ci ildə Xocalıya rayon statusu veriləndə məni Dövlət Sığorta Agentliyinin bu rayon üzrə müdiri təyin etdilər. Həmin ərəfələrdə Xocalıda vəziyyət çox ağır idi.

 

 

Çörək, işıq, qaz yox idi. Elə bilin ki, Xocalı ölülər səltənəti idi. Ətraf kəndlərin sakinləri hamısı köçüb getmişdi deyə, biz bilirdik ki, növbə Xocalınındır. İşə silahla gedib, silahla gəlirdik. Mən özünümüdafiə batalyonun üzvü idim. Oğlum Natiq Bədən Tərbiyəsi İnistututunu yarıda qoyub gəlib özünümüdafiə batalyonuna üzv olmuşdu. Xocalı elə mövqedə yerləşirdi ki, Dağlıq Qarabağın rayonlarına gələndə mütləq buradan keçib gedirdilər. Ona görə də biz bilirdik ki, Xocalını pis vəziyyətə salacaqlar. Bakıdan da bizə tez-tez köməyə gələcəklərini deyirdilər. Bizim gözümüz elə Boz dağında idi ki, nə vaxt kömək gələcək. Amma köməyə gələn olmadı.  1992-ci il fevralın 25-i axşamı oğlum posta idi. Mən də evdə idim. Saat 11 radələrində hər tərəfdən tırtıllı texnikalarla Xocalını mühasirəyə aldılar. Biz bildik ki, bu, rusların 366-cı alayının zirehli texnikasıdır. Çünki onlar əvvələr də kənddə çox gəzirdilər. Bilirsinizmi, erməni qızları onları sərxoş edib özləri avtomatı götürüb gündüzlər gəlib arabir atıb gedirdilər. Çünki onlar Qarabağı və onun ətraf rayonlarını almaq üçün hər şeylərindən keçmişdilər. Atışma başlayanada hərə öz uşağının dalınca posta qaçdı. Mən də qaçdım Natiqin ardınca. Getdim onu tapmadım. Dedilər ki, onlar qabağa gediblər. Nə isə düşmən ordusu gəlib Xocalını hər tərəfdən əhatəyə aldı. Tanklar kəndə girəndə qarşısına çıxan bütün evləri darmadağın edirdilər. Bizim ev də onda yandı. Oğlum mənə evimizin yandığını xəbər verəndə, dedim ki, yanır, lap yaxşı. Erməni üçün qalmaqdansa, yanıb kül olsa yaxşıdır.       – Bəs, həmin gecə Xocalıdan necə çıxa bildiniz?      – Biz təxminən saat 2-nin 1361881411_surxaylogo1yarsına qədər dözdük. Daha görəndə ki, vəziyyət dözülməzdir 600 nəfərə yaxın Xocalı sakini Kədik dağı deyilən yerlə gəldik. Bu yolla Ağdamın Abdalgülablı kəndinə çıxmaq istəyirdik. Dağın başına çatanda qaranlıq idi, heç bir yer görünmürdü. Biz 25 nəfər əli silahlı qabaqda gedirdik. Bu anda ermənilərlə silahlı atışma düşdü. Yanımda Abdulla adlı bir mesxeti türkü var idi. Ermənilər onu və daha 3 nəfəri vurdular. Eyni zamanda mən və bir neçə nəfər yaralandıq. Camaat isə atışma düşdü deyə geri qaçdılar. Sonradan onlardan bir çoxu ermənilərə girov düşmüşdü. Artıq gülləmiz qurtarırdı. Hərədə 2-3 güllə qalmışdı. Məsləhət oldu ki, erməniyə əsir düşməmək üçün bir-birimizi vuraq. Ona da heç kim ürək etmədi. Nə isə yaralılara kömək edib dərəyə saldıq. Özümüz qayanın başında qaldıq. Artıq ermənilər hiss etmişdi ki, bizim gülləmiz qurtarıb. Onlarda it var idi. İt gəlib bizi tapıb hürürdü, ermənilər o istiqamətə atəş açırdılar. Çıxılmaz vəziyyətə düşdük. Ona görə də özümüzü qayadan atmalı olduq. Qayada çox qar yağdığından biz daşa dəymədik. Demə, elə bizim yolumuz qayanın dibi ilə imiş. Ermənilər yuxarıdan gəlib bizi atəşə tutdular. Yuxarıdan da atanda qayanın dibini güllə tutmurdu. Ona görə qayanın dibi ilə yavaş-yavaş cərgə ilə irəliləyirdik. Bu vaxt qabaqdan bizi çağırıb dedilər ki, bura Abdalgülablıdır, gəlin. Biz elə bildik ki, ermənilərdir, bizi Azərbaycanca çağırırlar. Biz yenidən geri, ermənilər tərəfə qaçdıq. Sonra dedilər ki, “La İlahə İlləllah”, bura Abdalgülablıdır. Bura gəlin. Bu “La İlahə İlləllah” kəlməsini də ermənilər deyə bilmir. Bu sözün hesabına yavaş-yavaş gəldik. Gördük doğurdan da Abdalgülablıya çıxmışıq. Sonra əhali bizə köməyə gəldi. Abdalgülablının sakinləri bizə yaxşı yardım etdilər. Bax, burada məni şəkər xəstəliyi tutdu. Artıq oğlum qaldı meşədə, mən gəldim Abdalgülablıya. Dizim qatlanmadı, yıxıldım yerə. Elə bildim məni infakt vurdu.       – Siz dediniz yaralanmışdınız…     – Döş qəfəsimdən yaralanmışdım, amma yara məni heç incitmirdi. Kibrit çöpünü saldım, bir az getdi, daha getmədi. Fikirləşdim dəyib yerə düşüb. Amma güllə bədənimdəymiş, hələ də çıxartdırmamışam. Rentgenə saldılar, aydın oldu ki, güllənin ucu ağ ciyərə söykənib. Amma maneəçilik etmir. Həkimlər məsləhət görür ki, tərkibində mis var deyə çıxarılmalıdır. Mənim də şəkərim çoxdur. Ona görə əməliyyat olunmağa ehtiyat edirəm. Həm də sağlıq olsun Xocalıya qayıtsam birinci əməliyyatı orada mən elətdirəcəm.        – Oğlunuz və digərləri mühasirədən nə vaxt çıxdılar?     – Həyat yoldamış gəlib dedi ki, Natiqin meyitin ver, o meyitə qurban kəsim. Axşam saat 19:00 – 10:00 radələrində gördük bir dəstə adam gəldi. Oğlum da onların arasında idi. Bu, igidlik deyildi. Yəni Allah saxlamışdı, güllə dəyməmişdi. Bizim əhali qoçaq insanlardır. Bizim uşaqlar bir neçə dəfə uğurlu hərbi əməliyyatlar keçirmişdilər. Sadəcə olaraq bizdə o hərbi texnikanın qarşısına çıxardacaq silah yox idi. Bir də biz erməni ilə qarşı-qarşıya gəlmədik. Biz ruslarla döyüşürdük.        – Xocalı sakinlərinin meyitləri əsasən Ağdama gətirilirdi. Onların üzərində hansı işgəncə əlamətləri var idi?     – Meytiləri götürəndə girirdik içəri hərə öz doğmasının meyitini gəzirdi. Faciəyə bax ki, kim öz əzizinin meyitini tapırdısa sevinirdi. O meyitlərin hansını ki, tez gətirdilər salamat idi. Amma hansı ki, gecə qaldı çöldə, səhərisi gətirdilər, onların çoxunun başnın dərisi çıxarılmışdı. Bu, vəhşiliyin ən ağır növüdür. Bir nəfəri təkərə salıb yandırmışdılar. Onun sümükləri qalmışdı. Həmin adamın arvadını da öldürmüşdülər. Əksəriyyət qadınların döşünü kəsmişdilər. Çox adamın sifətində xaç çəkmişdilər. Orada xarici jurnalistlər var idi. O meyitləri görəndə onlar bizdən çox ağlayırdı. Ermənilər mənim böyük qardaşımı 12 nəfər ailə üzvü ilə birlikdə hamısını öldürmüşdülər. Bir qardaşımın oğlu da girov düşmüşdü. O, yeni ailə qurmuşdu. Həyat yoldaşı ölümcül yarlanıbmış. Gözləyib həyat yoldaşı vəfat etsin sonra gəlsin. Həyat yoldaşı bir az gec can verib. Ermənilər də gəlib onu tutmuşdu. Onun barmaqlarının dırnaqlarını kəlbətinlə çıxarmışdılar. O, gitara ifaçısı idi. Əllərini sobada yandırmışdılar ki, bir də gitara ifa edə bilməsin. Onu geri almaq üçün bizdən 60 min manat pul, 20 qutu siqaret və benzin istədilər. Qardaşım dedi ki, oğlunu öldürsələr də benzin verməyəcək. Ona görə də pul və siqaret verib qardaşım oğlunu geri aldıq.    

 

 

  Fuad Hüseynov  

 

 

KarabakhİNFO.com      

26.02.2013 16:25

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*