Azərbaycanca

“Ermənilər o qədər harınlamışdı ki…”

23.07.2014 | 09:08

10555197_606926252754195_1526875588_n

 

 

 

Ağdam şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 21 il ötür. 21 ildir ki, Qarabağın qeyri-rəsmi baş kəndi Ağdam Azərbaycanın nəzarətində deyil. 1988-ci ildən başlanmış münaqişədə ən çox şəhid vermiş və ən çox hərbi qüvvənin toplandığı rayonu qorumaq mümkün idimi? Ağdam hansı xətaların qurbanı oldu? Ermənilər niyə məhz Ağdamı tutmağa çalışırdılar? Bu suallar ətrafında Qarabağ müharibəsi veteranı, mərhum komandir  Ərşad Nadirovun taborunda xidmət etmiş Firudin Yolçuyevlə söhbət etdik.

 

 

Firudin Novruz oğlu Yolçuyev 1960-cı ildə Ağdam rayonun Quzanlı kəndində anadan olub. Sankt-Peterburq Meşə  Texnikası Akademiyasını bitirdikdən sonra bir müddət istehsalatda çalışıb. Qardaşı Nurəddin Yolçuyev Qarabağ müharibəsində (O da Kötəl taborunda-Ərşadın taborunda xidmət edib-müəll.) şəhid olduqdan sonra könüllü olaraq cəbhəyə yollanıb. Ağdam kəndlərinin müdafiəsində yaxından iştirak edib. Dəfələrlə hüqum əməliyyatlarına qatılıb. Ağdamdan sonuncu çıxan döyüşçülərdən biridir.

 

 

“KarabakhİNFO.com” beynəlxalq e-jurnalının həmsöhbəti Firudin Yolçuyev Ağdamın işğalını siyasi səbəblərlə izah edir:

 

 

-Mən sabiq hərbi rəislərdən birinin açıqlamasını eşitmişəm. O deyirdi ki, Ağdamda kifayət qədər güc var, rayonu saxlayacağıq. Sonralar məhkəmədə dedi ki, 1993-cü ilin iyul ayında Ermənistanda mitinqlər gedirdi, Daşnakstyun hakimiyyətə gəlmək istəyirdi. Məni aldatdılar.  Biz ermənilərin hərbi qələbəsini təmin etdik ki, prezident Ter-Petrosyanı hakimiyyətdə saxlayaq. Yəni hakimiyyətə daha radikal qüvvə gəlməsin, müharibəni sülh yolu ilə həll edək. Lakin o deyirdi ki, mənim səhvim o oldu ki, Ağdam gedəndən sonra o biri rayonları saxlaya bilməyəcəyimizi hesablaya bilmədim. O biri rayonlar da həqiqətən də Ağdam gedəndən sonra dayana bilmədi.

 

 

Ermənilər niyə məhz Ağdamı işğal etmək istəyirdilər? Sanki bilirdilər ki, Ağdam işğal olunandan sonra müqavimət zəifləyəcək…

 

-Bizim əsas gücümüz Ağdamda idi. Bir də ki ermənilər Ağdamı işğal etməklə 100 illik qorxu xofunu içlərindən çıxarmaq istəyirdilər. Hələ Sovet dövründə Xankəndində gedib deyəndə “Ağdamdanam”, 5 nəfərdən 3-ü qorxurdu. Ağdam varlı, bərəkətli rayon idi. İnsanlar tox, qorxmaz idilər. 70 ildə Ağdam insanı ermənilərin canına qorxu sala bilmişdir. Ağdam işğal olunandan sonra ermənilər şəhəri viran qoydular, tamamilə  söküb bir daş belə saxlamadılar. Onları buna vadar edən dəhşətli qisas hissi idi. Onlar Ağdamı sökməklə əslində canlarındakı qorxunu söküb atmaq istədilər. Bizim qüvvələr ermənilərdən 3-4 dəfə çox idi. O vaxt bizim ordunun şəxsi heyəti yarım milyon nəfər idi. Döyüşdə iştirak edən canlı qüvvəmiz isə 54 min nəfər idi. Ermənilərdə isə bu rəqəm çox az idi. Hətta yaxşı təlim görmüş nizami erməni hissələri 2500 nəfərdən ibarət idi. Sadəcə olaraq ermənilər yaxşı təşkil olunmuşdur, ruslar onların döyüşən hissələrinə təlim keçmişdilər.

 

 

Bəzən belə bir pessimist fikir işlənir ki, azərbaycanlılar döyüşçü deyillər. Fələstiniləri, çeçenləri misal çəkirlər. Döyüşdə olmusuz, “azərbaycanlılar döyüşə bilmir” fikrində həqiqət varmı?

 

– Olduqca yalnış fikirdir! Azərbaycanın bütün bölgələrindən cəsarətli, qorxmaz, döyüşə peşəkar yanaşan döyüşçülər vardı. Məğlub olduq deyə onların əməyini itirmək olmaz. Azərbaycan əsgərinin uduzması xeyli dərəcədə onların suçu deyildi. O vaxtlar yaxşı təşkil olunsaydıq, peşəkar ordu yarada bilsəydik, nəticə başqa cür ola bilərdi. Bizim taborda Yardımlının Peştədsər kəndindən 19 yaşlı oğlan vardı-Qasımov Əlixuda, qrantamyotdan sərrast atəş açırdı. Gözümün qarşısında erməni əsgərini vurub parça-parça elədi. Olduqca sərrast atırdı, ürəkli oğlan idi. O adi bir kənd uşağı  idi. Ağrədərədə özünü tankın altında atan əsgəri şəxsən tanıyıram. Qardaşım Nurəddin düşmən qərargahının düz qarşısından  1 BMP qənimət götürmüşdü. Gətirib təhvil vermişdir. O zaman Ali Baş Komandanın əmri ilə 2 texnika vurana milli qəhrəman adı verirdilər. Nurəddin bir hərbi texnikanı gətirmişdi. Dəfələrlə döyüşə rəhbərlik etmiş, erməni canlı qüvvəsini məhv etmişdi… Bizim əsgəri aciz edən hazırlıqsız olmağımız idi. Müharibə sistemli, düşünülmüş, planlı şəkildə aparılmalı idi. Ermənilərdə isə vəziyyət fərqli idi. Ruslar Gürcüstanın Vaziani hərbi bazasında 2500 nəfər erməni hərbçisini xüsusi təlim keçdilər. Bizim əsgərlərə isə o zaman təlim keçilmirdi. Düşünürdüm ki, müharibə 1-2 il davam etsəydi, biz qalib gələcəkdik. Ermənilərin hazırlığı, peşəkar hərbi kadrları çox idi. Biz 1 il ərzində bütün Ermənistanın əhalisi qədər ordu hazırlaya bilərdik. Ordu başıpozuq dəstələrədn ibarət idi. Gəncləri yoldan, metrodan “oblava” ilə yığıb birbaşa cəbhəyə aparırdılar. Mənim yanımda təxminən 2 min adam ölüb. Onların əksəriyyəti hazırqlıqsız olduğu üçün öldü. Döyüşü oyuncaq hesab edirdilər. 1992-ci ilin 14 iyununda Şellini qaytarmağa getmişdik. Bizim taborun qərargah rəisi Məlikov soyadlı bir şəxs idi. Dağın başında mövqe tutmuşduq. Əsgərin biri qışqırdı ki, BTR gəlir, amma gələn tank idi. Bu əsgər tankla BTR-i tanımırdı.

 

 

Belə bir fikir var ki, Xocalı qırğınından sonra xalqın gözü qırıldı. Orduda da bu ovqat hökm sürürdü?

 

 

– Ordu da xalqın bir hissəsidir. Döyüşçü də xalqın övladıdır. Məncə, qorxu həqiqətən də var idi. Xocalı hadisəsinə qədər erməniyə qeyri-ciddi yanaşır, müharibəyə də uşaq oyun kimi baxırdıq. Xocalıdan sonra gördük ki, erməni neyləyə bilər. Gərək Xocalının qarşısını alaydıq. Məncə bizimkilər əməliyyat da hazırlamışdılar. Ermənilərin Xocalıda etdiyini bizimkilər Əsgəranda etməli idi. Yəni Əsgəran mühasirəyə alınacaqdı, ermənilər Xocalını qıra bilməyəcəkdilər. Ancaq bunu edə bilmədik.

 

 

“Ağıllı adam daha yaxşı döyüşür. Heç bir müharibədə fanatizmlə qalib gəlmək mümkün deyil

 

 

 

– Belə çıxır ki, bizdə cəsarət, igidlik vardı, ermənilərdə peşəkarlıq. Və nəticədə cəsarət peşəkarlığa məğlub oldu. Amma Əfqanısatan nümunəsi var. Peşəkar Sovet ordusunu məğlub etmiş əfqanlar peşəkar idimi?

 

 

– Əfqan döyüşçüləri arasında peşəkarlar da vardı. Şahın dövründə peşəkar ordu yaranmışdı. Üstəlik, SSRİ ilə döyüşdə dünyanın bütün aparıcı ölkələri əfqanlara dəstək verirdi. Qərb dövlətləri SSRİ ordusuna qarşı döyüşən hissələr hazırlayırdılar. İslam inancı, cənnət vədi kimi amillər də var. Ancaq insanda adi inanclar islam inancından daha üstündür. Ağıllı adam daha yaxşı döyüşür. Heç bir müharibədə fanatizmlə qalib gəlmək mümkün deyil. Əgər fanatizmlə qalib gəlmək mümkün olsa, İŞİD gərək dünyanı ala.

 

 

10565976_606926249420862_1151842193_n“Fərrux əməliyyatı zamanı bütün ratsiyalarda ermənilərdən bircə komanda gedirdi: “Əhalini köçürün!” Yəni ermənilər köçməyə hazırlaşırdı”

 

 

 

– Ağdamın işğal olunan ərəfədə cəbhədə vəziyyət necə idi?

 

– İyunun 3-də biz Şellidə postda dururduq. Şelli Ağdamı qoruyan 3 əsas postdan biri idi. Şelli, Xramort və Cinni (Xaçındörbənd) tərəf. Biz Şellidəki postlardan Ağdamı tər-təmiz görürdük. Ağdamda briqada yerləşdi. Komandiri də Talıb Məmmədov idi. İyunun 1-dən 3-ə qədər çox güclü döyüşlər getdi. 42-dən çox erməni meyidi qalmışdı ərazidə. 4 iyun hadisələrindən sonra yerli taborları Ağdamdan çıxardılar. Səngərləri ləğv elədilər, əvəzinə müşahidə postları yaratdılar. Ağdamın işğalı labüd idi. Bundan əvvəl isə fevralın 23-25-də Fərrux əməliyyatı olmuşdu. Bizim ordu 400-ə yaxın itki vermişdi. Ancaq 4 min nəfər olsa belə itki verib Fərruxu saxlamaq lazım idi. Fərruxu saxlasaydıq, müharibə qurtarmışdı. 75 hektar ərazisi olan Fərrux strateji bir yer idi. Fərruxun altından Ağdərə yolu keçirdi. Bu tərəfdən də Ağdama gələn, Martuniyə, Hadruta gedən yol keçirdi. Xankəndi və Xocalı da Fərruxun altında idi. Fərruxu saxlaya bilsək, hər şey başqa cür olacaqdı. Əməliyyat zamanı bütün ratsiyalarda ermənilərdən bircə komanda gedirdi: “Əhalini köçürün!” Yəni ermənilər köçməyə hazırlaşırdı.

 

 

– İşğal günlərində hərbi resursların nisbəti necə idi? Düşmən şəhərə nə qədər qüvvə ilə girdi?

 

 

-Ermənilər Ağdama 20 tank və təxminən 1500-ə yaxın canlı qüvvə ilə girdilər. Qarqarın bu biri üzündə gözümlə gördüm, ermənilər o qədər harınlamışdı ki, piyadaları tank mərmiləri ilə vururdu. Həmin vaxt isə Ağdamla Bərdə arasında üstünə “Surət-Gəncə”, “Səddam Hüseyn-Gəncə”, “Surət-Səddam” yazılan yüzlərlə tank vardı. Ancaq erməninin tankının qarşısına çıxacaq tank yox idi.

 

 

– Ağdam işğal olunan gün hansı mövqedəydiz?

 

 

– Qərargah rəisi Məlikov iyulun 21-də yaralanıb Bakıya aparıldı. Postumuz yox idi, Ağdamda bir evə yığışmışdıq.  Kəngərli taboruna qarışdıq. Bərdədən gələn Arif adlı taborun maddi təchizat üzrə komandir müavini vardı, dedi ki, Ağdamdan gəlirəm, heç nə yoxdu, erməni zad yoxdu. Gedək 2 nömrəli məktəbdə mövqe tutaq. Uşaqların siyahısını tutdum, 46 nəfər idi.  “Qaz 53” markalı  maşınla Ağdama getdik. Füzuli küçəsi ilə gedirdik, küçə boş idi. Birdən gördük ki, qarşıdan bir kişi gəlir-sonradan düşündüm ki, bəlkə də onu ermənilər öyrətmişdi. Kişi dedi ki, Kötəl batalyonunun əsgərləri irəli gedirlər. Bu, ola bilməzdi! Çünki Kötəl batalyonu elə biz idik. Ancaq biz yenə getdik. Pərioğullar adlanan yerdə erməni BMP-si dayanmışdı. Həyətdə saxlamışdı, biz onu görmürdük. Bir dəqiqə tələsməsəydi, hamımızı girov götürəcəkdilər. Tələsib maşına atəş açdı. Maşın aşdı, çiyni üstə yerə düşdüm, qulağımın dibindən güllə yalayıb keçdi. Uşaqlar həyətə doluşdu, təxmiən 10-11 nəfər salamat çıxa bildik. Qalanları həlak oldular. Ayın 23-idi, girdik həyətlərdən birinə, evə. Yeri gəlmişkən, evlərdən heç nə çıxarılmamışdı. Biz girdiyimiz evdə Yaponiya istehsalı olan televizorundan tutmuş,   Rumıniya istehsalı olan mebelə qədər bahalı məşiət əşyaları vardı. Yəni camaatın Ağdamın alınacağına inanmırdı. Gedən də müvəqqəti getdiyini zənn edirdi. Yaralıları ora qoymağı düşünürdük. Lakin düşündük ki, bura qarət üçün gələcəklər, başqa yerə apardıq. Üzü məscidə tərəf gəlirik. İyulun 23-dən 24-ə keçən gecədir. Artıq Ağdam alınıb. Mən hasarı keçə bilmədim, düşdüm yolun ağına başladım gəlməyə. Gördüm ki, qabaqda döyüşçülər var. Mənə doğru atəş açdılar. Gizlənə-gizlənə çığırdım ki, uşaqlar,  azərbaycanlıyam, adım Firudindir, Kötəl batalyonundanam.  Atmadılar, gəldim, gördüm ki, Fred Asifin uşaqlarıdır. Fredin qardaşı Ədalət gəldi, tanıdı məni. Dedim ki, 2 dənə BMP lazımdı ki, heç olmasa meyitləri götürək.  Ədalət getsə də, BMP gətirə bilmədi. Çıxıb gəlirdim ki, qarşıda “Jiquli” gördüm. 3 nəfər vardı içində, onlar da şəhərdə azmışdılar. Yolların hamısı alınmışdı. Dəmiryolun üstündən keçib Xındırıstan yolu ilə çıxa bildik. Ağdamda mülki əhalidən əsir düşən çox az oldu. Çünki yol çox idi, hamı çıxmışdı.

 

 

-Ağdam işğal olunandan sonra digər rayonlar da işğal olundu. Bunun səbəbi nə idi?

 

 

-Ağdam güc mərkəzi idi. Ağdamda 15 min nəfərlik hərbi güc vardı. Bu rəqəm Füzulidə maksimum 5 min olardı. Azərbaycan ordusunun 25 min 300 şəhidi olub, bunun 11 mini Ağdamda şəhid olub. Bu rəqəmin 2800-ü də Ağdamdandır. Bu, onu göstərir ki, Ağdam Azərbaycan ordusunun əsas qüvvəsi Ağdamda idi.

 

 

– 20 ildə Azərbaycan peşəkar ordu yaranıb. Müharibə başlasa, nəticə necə olacaq?

 

 

-20 ildə  vəziyyət bizim xeyrimizə xeyli dəyişib. Ancaq döyüş meyarları da dəyişib. 90-cı illərdə SSRİ boyda nəhəng imperiya dağılmışdı. Dünya şok içində idi. Dünya üçün Azərbaycan, Ermənistan, Qarabağ çox kiçik və əhəmiyyətsiz məsələ idi. Müharibə başlasa, təbii ki, bizim üstünlüyümüz şəksizdir.

 

 

Elman Cəfərli

 

“KarabakhİNFO.com”

 

23.07.2014 09:08

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*