Azərbaycanca

Ermənilər Osmanlı torpaqlarında təxribat aparıblar

20.05.2014 | 07:09

1400565227_bextiyar-tuncay-yaziErmənilər türk milləti, Osmanlı hökuməti və türkün minillik Vətəni olan Anadolu haqqında təxribatçı düşüncələrini, müxtəlif tarixlərdə irəli sürdükləri müraciətlədə açıq şəkildə ortaya qoymuşlar. Onların təxribat, qiyam və üsyan planlarının Anadoludakı ən kiçik erməni kəndlərinə çatdırılmasında keşişlər, müəllimlər və misionerlər əsas rol oynayırdılar. Bu planların nə olduğunu günümüzədək gəlib çatmış sənədlər açıq-aydın ortaya qoymaqdadır. Bu tip sənədlərdən birində belə yazılır: “Ey ermənilər! Beş ildən bəri Ali Dövlət (Osmanlı – B.A.) vətənimizdə islahat aparmağı vəd etmişdir. Vətənimiz beş əsrdən bəri insanlıq düşməni Ali Dövlətin boyunduruğu altında səfil və pərişan halda qalmışdır. Berlin sülh müqaviləsinin bütün maddələri həyata keçirildi. Ancaq anlaşmanın 61-ci maddəsilə vəd edilən islahat yerinə yetirilmədi. Avropanın bizim işlərimizlə məşğul olmağa vaxtı yoxdur. Avropa öz çıxışları ilə məşğuldur. Biz bunu açıq-aydın gördüyümüz halda, boş yerə gözləyirik. Bizim bu gözləntimiz göydən qüdrət halvasının enməsini gözləmək kimi bir şeydir. Biz öz işlərimizlə özümüz məşğul olmasaq, türk hökumətindən vəziyyətimizin islahını gözləmək Avropanın müdaxiləsinə güvənmək və inanmaq qədər əbəsdir. Dünyada qurban vermədən, zülm və cəfa çəkmədən hürriyyətə qovuşmuş bir millət vardırmı? Avropa öz mənfəətlərini buraxarmı? Özümüz istəməsək, öz mənfəətini buraxıb bizim üçün qan tökərmi? Unutmayın ki, biz öz-özümüzü idarə etmək gücündə olduğumuzu isbat etmək və Avropanın diqqətini cəlb etmək üçün indiyə qədər heç bir şey etmədik. Bu, bizim ən böyük günahımızdır. Avropa bunu hər zaman başımıza vurmaqdadır. Arzumuz Ermənistanın barbarların boyunduruğundan qurtulmuş olduğunu görməkdir. Fəqət bu məqsədə çatmaq üçün dilənçi və məbuslar kimi hərəkət edirik. Heyif! Erməni milləti boyunduruqdan qurtulmaq üçün sevimli övladlarını fədaya hazır olduğunu mədəni dünyaya isbat etməlidir. Müstəqilliyini əldə etmək üçün kiçicik Yunanıstanın verdiyi qurbanların sayını kim unuda bilər ki? Mədəni dünyanın sevgisini qazanmaq, hürriyyətlərini əldə etmək üçün slavyanların torpaqlarını qana buladıqları inkar edilə bilərmi? İndi Türkiyədə dövlət idarəsi yoxdur. Anarxiya hökm sürməkdədir. Dövləti meydana gətirən millətlər bir-birlərinə düşməndirlər. Çünki can verən bu hökumətdə idarə və siyasətin qaydasını qoruyacaq güc qalmamışdır. Hökumət xalqı alçaldır, malını əlindən alır, zülm edir. Məhkəmələrində ədalət yoxdur. Çünki bu zülmləri edənlər idarəyə məmur olanlardır. Hökumət budurmu? Bizə görə, müxtəlif millətlərdən əmələ gələn bir hökumət bu millətlərin hamısını bir-birindən ayırmadan haqq və mənfəətləri istiqamətində çalışmaq məcburiyyətindədir. Hökumət əhalisinin möhtac olduğu şeylərin təmini, çalışanların himayəsi, sənətin inkişafı haqqında çalışmaq məcburiyyətindədir. Qısacası, hökumətin vəzifəsi xalqın irəliləməsinə yardımçı olmaqdır. Halbuki, Türkiyədə bunlara bənzər bir şey görə bilmirik. Buna görə gec-tez, nə vaxt olursa olsun, belə bir hökumət yıxılacaqdır. Hökumət ilə xalq arasındakı bağlar qopmuşdur. Türkiyədəki millətlər üçün heç bir xoşbəxtlik qalmamışdır. Dövləti-aliyyə gündən-günə zəifləyərək məhv olur. Balkan yarımadasındakı bolqarlar və rumlar heç haqları yoxkən, yaşadıqları torpaqları türklərin əlindən zorla almışlar. Türkiyə buralardan başqa yerlərdəki müsəlmanlar arasında da etibarını itirmişdir. İndi Arnavutluqdakı müsəlmanlar Babi Alinin idarəsində deyillər. Misir də Osmanlı təbiyyətini tanımır.

 

Ey gənc ermənilər!

 

Biz ortaya çıxan fürsətlərin qeyb olmaması üçün daima hazırlıqlı olmağa məcburuq. İndi bizim vəzifəmiz millətimizə haqq və hüquq ideyalarını aşılamaqla haqsızlığa qarşı müqavimət göstərməyi anlatmaq, sonra canlarımızı fəda etməyə hazır olmağa çalışmaqdır.

 

Ey erməni gəncləri!

 

Vətənin müstəqilliyi sizinlə olacaqdır. İstiqlal bayraqlarını açmaq sizin vəzifənizdir. Kədər, yoxsulluq, zülm görmüş bir millət özbaşına hərəkətə keçə bilməz. Canlılıq verəcək bir ünsürün yardımına ehtiyacı vardır. Bax, siz bu vəzifəni millətə aşılamağa borclusunuz.

 

Müraciətə əlavə:

 

Bu müraciət yayıldığı sırada Ərzurumdan İstanbula həyacan dolu bir teleqraf gəldi. Teleqrafda nankor ermənilərin türklər əleyhinə üsyana başladıqları bildirilir. Bəli, bu bir üsyandır, zülm və haqsızlığa qarşı olan üsyandır. İnsanlıq aləminə haqqını təslim edən dinamik bir millətin arzusudur. Avropada şimşək kimi parıldamış bu hadisənin əhəmiyyətini kiçiltmək üçün Ali Dövlət elçilərinin bir neçəsinin həbs olunduğunu, bunların da fəsadçılar olduğunu iddia etməklə hadisənin çox şişirdilmiş olduğuna Avropanı inandırmağa çalışırlar. Halbuki müxtəlif mənbələrdən alınan xəbərlərə görə, 400 adamdan artıq erməninin tutulduğu bildirilməkdədir. Ermənistandakı sənətkarlar nə haldadırlar? Tutulanların çoxunun işçi olduğu öyrənilmişdir. Bunlar zindanda olduqları zaman ailələri aclıqdan, soyuqdan və xəstəlikdən pərişan olacaqlar.

 

Ey ermənilər!

 

Sizin ən müqəddəs vəzifəniz tutulanların ailələrindən ac qalan, yardıma möhtac olanlara maddi və mənəvi yardımlarınızı tez çatdırmaqdır. Onlar özlərini vətənlərinin hürriyyəti üçün fəda etmişlər. Onların uşaqlarını din qardaşları qorumazlarsa, kim qoruyar? Bütün ermənilər Ermənistanı qurtarmaq üçün canlarını fəda etmiş qəhrəmanları qorumaq məqsədilə kömək, dəstək dəftəri açmalıdırlar.

 

 

İmza: Vətən İttifaqı” 

 

“Erməni gənclərə müraciət adlı bir başqa sənəddə isə bunlar yazılıb:

“Ölüm hər yerdə birdir. İnsan bir kərə ölür.

Millətinin uğrunda ölənlər bəxtiyardırlar.

 

Ali Dövlətinin əsasları çoxdan sarsılmışdır. Türkiyə xəstə adam vəziyyətindədir. Ölüm saatı yaxınlaşır. Halbuki zülmkar bu qədər çalışqan olan bir varlığı öz zəif əllərilə əsarət zəncirində tutub saxlamaq istəyir. Onun zülmkarlığına yunanlılar, bolqarlar, Balkan yarımadasındakı müsəlmanlar tərəfindən sağalmaz yaralar vurulmuşdur. Türkiyə oralardakı torpaqların böyük bir bölümünü itirdikdən sonra Kiçik Asiyada, Avropanın gözündən uzaq Ermənistanda öz zülmünü daha da artırırdı. Guya bunun sayəsində ölüm saatlarını gecikdirəcəkmiş kimi zalım idarəçiliyini orada daha çox hiss etdirməkdədir. Bu idarəçilik altında Ermənistan başkəsənlər və cinayətkarlar yuvası şəklində təqdim edilməkdədir. Türkiyənin zalım məmurları Babi Alinin təşviq etdiyi vəhşi metodlarla zəhmətkeş əhaliyə əzab və cəfa çəkdirir. Erməni kəndlisi nə canından, nə də malından əmin deyildir. Atasından miras qalmış torpaqlar (Ermənilərin Anadoluda özlərinə aid olduğunu iddia etdikləri torpaqlar –B.A.) saysız vergilər sayəsində artıq kəndlinin malı deyildir. Kəndli çalışdığının qarşılığını rahatca əldə edə bilmir. Bu məhsul hökumətin zalım oğruları tərəfindən biçilir. Erməni kəndliləri çalışdıqları halda, atalarının torpağından hissə-hissə köçməyə məcbur olurlar. Vətənlərini tərk edir və qürbətdə çəkdikləri sıxıntıdan ölürlər. Ermənilər mallarına görə çəkdikləri bu sıxıntıdan başqa, başlarının üzərində təhdid qılıncı hazır vəziyyətdə durmaqda, dinləri təhqir edilməkdə, kilsələri və müqəddəs yerləri kirlədilməkdə, qızlarının gəncliyi və bəkarətləri zorbaların iştahlarına fəda edilməkdədir. Türkiyənin qanunları bu zülmlərə laqeyidliklə baxır, diqqət etmir. Lakin ermənilər həyatlarını qorumaq üçün qeyrətlənib namuslarını qorumaq məqsədilə üsyan edincə, unudulmuş qanunlar oyandırılır. Bu cəsur adamların əlləri, ayaqları bağlanır, diri-diri basdırılmaq üzrə qaranlıq, rütubətli zindanların qapıları açılır. Ermənilər “Berlin sülh müqaviləsi”nin 61-ci maddəsilə vəd edilən islahatı gözləyirlər, fəqət bir şey görə bilmirlər. Avropa Dövləti Aliyyənin işlərilə məşğul olmur, müxtəlif daxili və xarici işlərlə məşğul olur. Yalnız İngiltərə islahat üçün ara-sıra səsini yüksəldir. Heç bir şey eşitmirmiş kimi görünən türklər isə onun səsinə qulaq vermirlər. Türk milləti tülkü hiylələrilə bu məsələnin həllini gündən-günə gecikdirir. Bizi əsl zorlayan hökumətin Ermənistanın haqlarını yox etməyə çalışmasıdır. Biz insan haqlarının elanı üçün qanımızı tökməyə məcburuq. Hürriyyəti sevən, maddi cəhətdən və mənən yüksəlmək istəyən hər kəs hürriyyət uğrunda qanını tökməlidir. Ermənilər bu inamdadırlar. Ermənilərin hürriyyət adına hamısı birdən Ermənistan dağlarını, ovalarını sarmalarının zamanı gəlmişdir.

 

Ey ermənilər!

 

Vətənimizin bizdən istədiyi maddi fədakarlıq və mənəvi gücümüzlə əhalinin hürriyyəti yolunda canımızı fəda etməyin zamanı gəlib çatmışdır. Hamımız Vətən sevgisilə duyğulanmalıyıq. Zehinlərimizdə yalnız vətəndaşın yüksək haqq və hürriyyəti düşüncəsi yerləşməlidir. Bu duyğular bizi müzəffər bir ittifaqa yönəldər… Lazım olan bilgiləri öyrənək. Beləcə, böyük və yüksək bir vəzifəni məmləkətdə yerləşdirməyə çalışaq.

 

Gənc qardaşlar!

 

Vətəndaşlarının qurtuluşu üçün müharibədən əvvəl xatirələri əbədi olan yunan, italyan və müsəlman gənclərinin qəhrəmanlıq əsərlərini xatırlayaq. Biz də Ermənistanda tarixin yüklədiyi vəzifələri yerinə yetirməyə hazır olaq.

 

Gənc ermənilər!

 

Millətimizin səfalətindən təəssüflənməyib, bu səfalətə ortaq olmayıb biganəmi qalacaqsınız? Üzgün və kədərli əli, tər içərisində çöhrəsi solmuş və qana bulanmış kəndlinin həyatı Ermənistanın qəlbinə təsir etməyəcəkmi? Millətimizin çəkdiklərindən qəlbiniz sızlamayacaqmı? Əkinçi zülm boyunduruğunu atmadıqca, can və malını əmniyyət altına almağa müvəffəq olmadıqca, Ermənistan xalqının qurtuluşuna çalışmaqdan başqa bir məqsəd və istəyi olmamalıdır. Elə isə, gənc ermənilər! Güclərinizi birləşdirin! Hamımız eyni duyğu və düşüncələrlə dolu olaq. Komitələr quraq. Ermənilər yaşadıqları yerlərdə üzv olduqları komitələrə yardım etməyə tələsməlidirlər! Hər gün, heç bir yardımı əsirgəməyək! Aramızdan hər birimiz bu müqəddəs məqsəd üçün bir ərməğan verək.

 

Gənc ermənilər!

 

Şərqdə hürriyyət bayrağını ilk dəfə ermənilər qaldırır. Bu hürriyyət bayrağı Şərqin məzlum millətlərinin qurtuluşu üçün bir rəhbər, bir ulduz olmalıdır. Qoy bu əsir Asiya adından şiddətli bir mübarizənin işarəti olsun.

 

Gənc ermənilər!

 

Yeganə arzu və məqsədləri uğrunda savaşmaq, çalışqan bir xalqa xoşbəxtlik, vətəndaşlıq hürriyyəti vermək niyyətində olan adamlara şərqdən qərbə, şimaldan cənuba qədər əl uzadaq! Vətən uğrunda fəda olanlar tərəfindən vaxtilə gedilmiş yol ilə gedək, bizi mənfəətlərimizdən uzaqlaşma şərəfinə və xalqı xoşbəxtliyə çatdıracaq yola yönələk. Müxtəlif şəxsi mənfəətlərdən uzaq duraq! Rahatlığımızdan vaz keçək! Biz zövq içərisində yaşamaq üçün doğulmadıq. Bizim dinimiz xalqın xoşbəxtliyidir.

 

 

Vəzifəmiz əsla şəxsi mənfəətlərimizi aramadan xidmət etməkdir”.

 

Bu tip sənədlər o dövrdə baş verənləri, eləcə də erməni xislətini daha dərindən anlamaq baxımından böyük maraq kəsb etməkdədir.

 

B. Adiloğlu

“KarabakhİNFO.com”

20.05.2014 07:09

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*