Azərbaycanca

“Ermənilər Rasim adlı bir əsgəri diri-diri doğramışdılar…”

30.04.2013 | 16:30

1367324264_fuu4Müsahibmiz Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyasının (AMZA) sədri, döyüşçü jurnalist Rey Kərimoğludur.

 

–     Rey müəllim, siz hansı bölgələrdə döyüşmüşünüz?

 

–     Tale elə gətirdi ki, Ermənilərin Azərbaycana qarşı torpaq iddiasına başlayan vaxtlarda mən sovet ordusunda xidmətimi başa vurub yenicə ölkəmizə qayıtmışdım.

1988-ci il fevralın 22-də Ağdamdan Əskərana olan yürüşdən başlayaraq proseslərin içərisində oldum. Ermənilər azərbaycanlılar yaşayan kəndlərə hücumlar edir, evləri yandırır, dinc əhalini qətlə yetirirdilər. Sərhəd kəndlərinin insanları məcbur olub ermənilərdən müdafiə üçün gecələr postlarda dayanırdı. Sonra Azərbaycan Xalq Cəbhəsi yarandı. Cəbhənin Ağdam rayon şöbəsinin sədri Eldar Bağırovun (31 oktyabr 1991-ci ildə Bakıda qətlə yetirildi.) rəhbərliyi ilə kəndlərimiz daha etibarlı müdafiəsini təmin etmək üçün rayonun cəsur, qorxmaz insanlarından ibarət ov tüfəngləri ilə könüllü silahlı dəstə yaradıldı. Bərabər şəkildə Qatır Məmədin (Yaqub Rzayevin) könüllülər dəstəsi  yaradıldı. Onlar əliyalın dinc azərbaycanlıları erməni təcavüzündən qoruyurdu. 1990-cı ildə Ağdam Rayon Polis idarəsinin nəzdində Xüsusi Təyinatlı Polis Dəstəsinin bölməsini yaratdılar. Kəndlərimizin, dinc sakinlərimizin müdafiəsi əvvəlki vaxtlara nisbətən daha etibarlı idi. Amma ermənilər ordu yaradır, xaricdən muzdlular dəvət edərək Qarabağın işğalı istiqamətində əməliyyatlara başlayırdı. Azərbaycanda Milli Azadlıq mübarizəsi ölkəmizin müstəqilliyinə nail olmaqla nəticələndi. Amma hələ də ermənilərin qarşısına almağa nizami ordumuz yox idi.

 

“Ermənilər Rasim adlı bir əsgəri diri-diri doğramışdılar...”   Nəhayət, 1991-ci ildə nizami ordusuz keçinməyin mümkünsüz olduğunu anladıq. AXC Ağdam rayon şöbəsinin rəhbəri Eldar Bağırov başda olmaqla cəbhənin rəhbərliyinin dəvəti ilə Şirin Vəli oğlu Mirzəyev avqustun sonlarında Ağdama gəldi. Onu mən ilk dəfə sentyabrın əvvəlində öz kəndimizdə Şıxbabalıda gördüm. Sona qədər ona sadiq qalan Kərim Cəlilov və Telman Bağırov onu müşayət edirdi. Ş.Mirzəyev kənd-kənd gəzib yeni yaradılacaq Azərbaycan Milli Ordusuna ilk könüllü əsgərləri  toplayırdı. Ağdamın Mərzili, Abdal-Gülablı, Şıxbabalı-Muğanlı, Şelli, Əhmədavar-Çuxur Məhlə, Əlağalı, Cinli, Qalayçılar, Papravənd kəndləri erməni hədəfində olan kəndlər idi. Ermənilərin tez-tez bu kəndlərə silahlı basqınları olurdu. Şirin Mirzəyev öz yaxın adamları ilə bu kəndlərə səfər edib, könüllülər toplayırdı. Bu kəndlərin ən mərd, dəliqanlı, qoçaq oğlanları qoşulurdu könüllü dəstələrə. Mənim orduya yazılmağım da bu dövrə təsadüf edir.

Əvvəlcə Şıxbabalı, sonra Ş.Mirəyevin yaratdığı “Qrom” dəstəsində döyüşməyə başladım. 1992-ci ilin əvvəllərindən məni rəsmi olaraq kəşfiyyat dəstəsinə götürdülər. Ağdam, Ağdərə, Əskəran, Xocavənd istiqamətdə gedən döyüşlərdə iştirak etmişəm. 1992-ci ilin 9 avqustunda kəşfiyyat əməliyyatı zamanı yaralanmışam. 1993-cü ilin fevralın 26-da ordudan tərxis olunmuşam.

 

–     Bir çox şahidlərdən eşitmişik ki, ermənilər Qarabağ döyüşlərində xüsusi “nayomnik”lərdən istifadə ediblər. Sizin qarşınıza da belələri çıxıbmı?

 

–      Bəli, ermənilər bütün müharibə boyu muzdlu döyüşçülərdən istifadə ediblər. Eyni zamanda Livanda, Suriyada xüsusi təlimlər keçmiş erməniləri də bu müharibəyə cəlb etmişdilər. Bundan başqa Amerikada, Avropada xüsusi təhlükəli erməni əsilli terrorçular da Qarabağda torpaqlarımızın işğal olunmasında iştirak edirdilər. Bununla bağlı xeyli faktlar var. Biz 1992-ci ilin yayında Ağdərə istiqamətində gedən döyüşlərdə qara dərili döyüşçülərin olduğunu ilk dəfə gördük. Hətta, onlardan birini bizim əsgərlər öldürmüşdü.

 

–      Məlumdur ki, ermənilər əksər vaxtlarda müharibə qanunlarını pozublar. Bu “qanun pozuntu”larından hanıslarını deyə bilərsiniz?

 

–      Əslində ermənilərin Azərbaycana qarşı irəli sürdükləri əsassız torpaq iddiaları da, bunun fonunda başladıqları ədalətsiz müharibə də qanunsuzluqdur. O ki, qaldı müharibə zamanı ümumi müharibə prinsiplərinin, yazılmış və ya yazılmamış qanunların onlar tərəfindən pozulmasına belə hallar çox olub. Dinc əhaliyə qarşı xüsusi amansızlıqla rəftar ediblər. Meşəli, Kərkicahan, Qaradağlı faciələri, Xocalı soyqırımı dediklərimizin bariz nümunəsidir. Müharibə şəraitində də belə hallar tez-tez olub. Məsələn, hərbi əsirlərlə davranışları, qeyri-insani, müharibə qanunlarına zidd olub. Dəfələrlə şahid olduğumuz dinc əhalinin bombalanması və sairə.

 

–     Ermənilər müharibə zamanı əsgərlərimizə qarşı əsasən hansı vəhşiliklər ediblər?

“Ermənilər Rasim adlı bir əsgəri diri-diri doğramışdılar...”

–     Onlar əsasən əsgərlərimizi xüsusi amansızlıqla qətlə yetirib, müxtəlif işgəncələr veriblər. Diri-diri onların müxtəlif  bədən orqanları kəsilib, bədənlərinə od, siqaret kötüyü  basılıb. Burun və qulaqlarını kəsiblər. Mən Ağdərənin Umudlu kəndində bunun şahidi olmuşam. Ermənilər Rasim adlı bir əsgəri diri-diri doğramışdılar…

 

–     Bu gün hiss edirsinizmi ki, Dağlıq Qarabağla bağlı elə bil  əhalidə bir süstlük var…

 

–     Bunu azacıq ayıq olan hamı hiss edir. Və bu məni də çox narahat edən məsələdir. Bunun böyük bir hissəsi insanlarımızın şəxsi ailə problemləri, qayğıları ilə məşğul olmasından, o cümlədən münaqişənin nizamlanması ilə bağlı prosesin uzandığından irəli gəlir.

 

–     Erməni terrorizminin ifşa olunması istiqamətində sizcə hansı addımlar atılmaldır?

 

–     Bu çox vacib bir məsələdir. Əvvəlki illərə baxanda son zamanlar müəyyən işlər görülür, amma bunlar dağınıqdır, ardıcıl deyil. Yaxşı nəticəyə nail olmaq üçün vahid mərkəzdən idarə olunmur. Yaxşı olar ki, bu işlər vahid mərkəzdən, dövlətimizin, millətimizin ümumi maraqlarını nəzərə alaraq ardıcıl və ən əsası peşəkar mütəxəssislər tərəfindən aparılsın.

 

 

Fuad Hüseynzadə
“KarabakhİNFO.com”

 

30.04.2013 16:30

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*