Azərbaycanca

Ermənilər Üzeyir Hacıbəyovu öldürmək istəyiblər

28.11.2013 | 12:33

1385627381_c21a56dff24aMüslüm Maqomayevlə Üzeyir Hacıbəyov həm də bacanaq olublar

«Qəzetəni oxuyan müsəlman qəzetdən məlumat qazanır, biliyi artır. Ona görə: «Qəzetə oxumaq müsəlmana haramdır». «İrşad» qəzetinin 1906-cı ilin 24 mart buraxılışında Üzeyir bəy Hacıbəyovun «Filankəs» təxəllüsü ilə çap olunan «Ordan-burdan» felyotonunda müsəlman əhalisinin qəzetə münasibətini belə qələmə alır.

 

Azərbaycan Xalq Cümhuriyyətinin fəallarından olan Üzeyir Hacıbəyov kənd mirzəsi ailəsində dünyaya gəlib. Ailədə beş uşaq — üç qardaş, iki bacı olublar. Ondan başqa uşaqların hamısı Şuşada doğulub. Evin dördüncü uşağı olan Üzeyirin Şuşada yox, Ağcabədidə anadan olmasının da öz tarixçəsi var. Üzeyir bəyin atası Əbdülhüseyn Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də xan qızının Ağcabədidə olan təsərrüfatına rəhbərlik edirdi. İlin çox hissəsini orda keçirirdi. Şirin xanım da Üzeyirə hamilə olarkən Ağcabədiyə gedib ərinə baş çəkmək qərarına gəlir. Bacılarını yoluxmaq üçün yolunu əvvəlcə Ağdamdan salır. Ancaq bacıları onu tez buraxmaq istəmir. Şirin xanımı 8 bacının hərəsi bir neçə gün öz evində qonaq saxlayırlar. Ağcabədiyə gedəndə isə artıq gec olur, Şuşaya qayıda bilmir. Ona görə də gələcəyin dahisi olacaq uşaq elə Ağcabədidə dünyaya gətirir. Bir aydan sonra isə kəcavə ilə Şirin xanımı Üzeyirlə birgə Şuşaya gətirirlər. Valideynləri Ağcabədidən Şuşaya köçdükdən sonra Üzeyir ilk təhsilini buradakı iki sinifli rus-türk məktəbində alır. Özünün də qeyd etdiyi kimi, ilk musiqi təhsilini burada xanəndə və sazəndələrdən alıb.

Elə Şuşada gördüyü bir səhnəcik gələcəyin bəstəkarını ilhamlandırıb. Onda Üzeyirin 13 yaşı ancaq olardı. Əbdürrəhim bəy Haqverdiyevin təşəbbüsü, dirijorluğu ilə və Cabbar Qaryağdıoğlunun ifasında Şuşada «Məcnun Leylinin məzarı başında» adlı bir səhnəcik göstərilmişdi. Üzeyir də qardaşlarıyla birgə orda xorda oxumuşdu. İllər sonra həmin səhnəcikdən təsirlənərək böyük Füzulinin poeması əsasında nəinki Azərbaycanda, bütün Şərqdə operanın özülünü qoyduğu «Leyli və Məcnun»u yazır.

1908-ci il yanvarın 12-də ilk nümayişində də operanın dirijoru elə Əbdürrəhim bəy Haqverdiyev olur. Skripka partiyasını isə Üzeyir bəy özü ifa edir. Uşaqlığı da Şuşada Üzeyir bəyin ata evi «Çöl Qala» deyilən yerdə olub. Sonralar Şuşa qalası işğal olununcaya qədər həmin ev Üzeyir bəyin ev muzeyi kimi fəaliyyət göstərib. Bir gün uşaqlarla birgə balaca Üzeyir də xan qızı Natavanın bağına meyvə oğurluğuna gedir. Bu vaxt xan qızı həyətə düşür. Uşaqlar onu görüb yığdıqları almaları da götürüb qaçırlar, amma Üzeyir qaça bilmir. Qopartdığı iki almanı papağının altında gizlədən gələcək bəstəkar Natavan xanım ona yaxınlaşanda baş əyib salam verir. Buxara papaq yerə düşüb almalar da həmçinin. Natavan bunu görüb soruşur: — Siz burda nə edirsiniz? — Alma yığırdıq. — Məni tanıyırsınız? — Bəli, siz xan qızı Natavansınız, həm də şairəsiniz. Sonra Üzeyir Natavanın bir-neçə qəzəlini əzbərdən deyir. Bu təbii ki, Natavanın xoşuna gəlir və onun başını sığallayıb — sən qoçaq, ağıllı oğlansan, gələcəyin parlaq olacaq-deyir. Üzeyir bəy 13 yaşında hekayələr yazmağa başlayır və onları «Kitabi-məzhəkə» adı altında toplayır. Sonra kitaba illustrasiyalar çəkir, onu özü cildləyir. 15 qəpikdən o kitabları satan Üzeyir pulla ailəsinə köməklik edirdi.

Üzeyir bəy 14 yaşında Qori müəllimlər seminariyasına oxumağa gedir və 1899-1904-cü illərdə orada təhsil alır. Avropa musiqi klassiklərinin əsərlərini mənimsəyir, ripka, violonçel və baritonda çalmağı öyrənir, xalq mahnı nümunələrini nota köçürür. Üzeyir bəy Tiflisdə Qori müəllimlər seminariyasında oxuduğu illərdə çox şeylər qazanır. Həyat yoldaşı, ilk və yeganə sevgisi, tatar qızı Məleykə xanımla da orda tanış olur. Məleykə xanımın qardaşı Əli Terequlov Üzeyir bəylə bir sinifdə oxuyurdu.

Bazar günləri Əli Üzeyiri də özüylə birgə evlərinə aparar, teatrlara, Tiflisin gəzməli-görməli yerlərinə gedərdilər. Üzeyir bəy gələcək həyat yoldaşını da elə ordaca görüb sevmişdi. Evlənirlər, ilk əvvəl kirayədə, sonradan 1915-ci ildə hazırda ev muzey kimi fəaliyyət göstərən mənzildə 1942-ci ilə qədər yaşayırlar. Onların övladlarının olmamamsı Məleykə xanımdan olub, amma Üzeyir bəy övlad naminə olsa belə sevgili xanımından ayrılmağa razı olmayıb. Üzeyir bəyin həmyaşıdı, eyni gündə, ayda, ildə doğulduqları Müslüm Maqomayev (Qroznıda doğulub) Məleykə xanımın bacısı ilə ailə qurur. Azərbaycanın bu iki dahi şəxsiyyəti həm də bacanaq olublar. Üzeyir Hacıbəylinin istedadı, artıq dünyaya yayılmış şöhrəti ona qarşı qısqanclıqları gün-gündən artırır. Onu xeyirxahlar neçə dəfələrlə ölümün pəncəsindən alıb. Hadrutda dərs dediyi vaxtlar erməni-müsəlman davasının orda vüsət aldığı 1905-ci ilə təsadüf edir. Kəndin ağsaqqaları ermənilərin Üzeyir bəyə qarşı qıcanan dişlərini görüb onu gizlincə kənddən çıxarıb Yevlağa, ordan da Bakıya yola salırlar. 1918-ci ilin mart qırğını zamanı ermənilər Üzeyir bəyin evini gülləbaran edir. O zamanlar Üzeyir bəy artıq kifayət qədər tanınırdı. Xoşbəxtlikdən, ölüm bəstəkardan uzaq düşür: «Hadisələr baş verməmişdən əvvəl Nəriman Nərimanov bəstəkarı yanına çağırır və ona teatr truppası ilə birgə İrana qastrol səfərinə getməyi tapşırır. Əvvəl Üzeyir bəy razılaşmır, «mən Azərbaycanı qoyub heç yerə getməyəcəm», — deyir. Ancaq Nərimanovun təkidindən, «Siz bizə gələcəkdə lazımsız» sözündən sonra Üzeyir və Zülfüqar Hacıbəyov qardaşlarının teatr truppası İrana yola düşür. Onlar bir neçə ay İranda qalır, müxtəlif şəhərlərdə tamaşalar göstərirlər. Oktyabrda isə vətənə qayıdırlar. O zaman bütün qəzetlər Üzeyir bəyin qayıdışına görə, xalqa göz aydınlığı verirdi. Beləcə, Nəriman Nərimanov Üzeyir bəyi ölümdən xilas edir. 1975-ci ildə Üzeyir bəyin ev muzeyi əsaslı təmir olunan zaman divarlardakı həmin güllə yerlərini Ramazan müəllim öz xatirələrində qeyd edib. O vaxt sovet rəhbəri Stalin çoxsaylı repressiyalara imza atsa da, deyilənə görə, Üzeyir bəyi çox sevərmiş. Mircəfər Bağırovdan Üzeyir bəyə xüsusi salam göndərərmiş. 37-ci ildə yazılan «Koroğlu», «Arşın mal alan» operalarını Stalin əzbərdən bilirmiş. Özü bu barədə Üzeyir bəyə deyib ki, hər iki operanızı çox sevirəm və əzbərdən bilirəm. Moskvada Azərbaycan incəsənəti dekadası zamanı «Koroğlu»nun zəfərini dekadanın iştirakçısı, bəstəkar Hökumə Nəcəfova «Üzeyir bəy haqqında xatirələrim» məqaləsində xatırlayaraq yazır:

«Dekada Kremldə yekunlaşdı. Stalin, Molotov, Voroşilov, Budyonnı qəbulda iştirak edirdilər. Həmin konsertin hökumət rəhbərlərini Bülbülün ölməz sənətilə heyrətə gətirdiyi bugünkü kimi yadımdadır. Üzeyirbəyin göstərişi ilə Kreml konsertində tarda «Bayatı-şiraz» muğamını ifa etdim. Buna görə «Şərəf Nişanı» ordeni ilə təltif olundum. Stalin qəlbə girməyi, rəğbət qazanmağı bacaran idi. O, Mir Cəfər Bağırovu, Üzeyir bəyi, İncəsənət İşləri İdarəsinin rəisi Mirzə İbrahimovu, Opera və Balet Teatrının direktoru İsmayıl Hidayətzadəni, Bülbülü stolun baş tərəfində əyləşdirmişdi. Özü ayaq cərgədə qıraqda oturmuşdu. Ara-sıra gülümsünür, şadlığını bildirir, yerindən qalxıb Bağırovun yanına gedir, onun qulağına nəsə pıçıldayırdı. Üzeyir bəylə Bülbülün əlini sıxdığına, sənətə səcdə etdiyinə görə, hamımız əfsunlanmışdıq». Deyilənə görə, bu günlərdə «Koroğlu» operasına Stalin özü şəxsən üç dəfə tamaşa edir. Belə bir dostluq şarjı çəkilir, bütün bəstəkarlar bir sırada öndə onları Üzeyir bəy arxasınca aparır. Dekadan sonra Azərbaycan nümayəndə heyətinə şəxsən ziyafət verən Stalin Üzeyir bəyi başda öz yanında əyləşdirir. Ordaca Stalin Üzeyir bəyin şərəfinə «Arşın mal alan»dan Əsgərin ariyasını bir parça da ifa edir. 1938-ci ildə Üzeyir bəyə SSRİ xalq artisti fəxri adı verildi, Lenin ordeni ilə təltif olunu. O, «M-1″ markalı avtomaşınla mükafatlandırılır, 1941-ci ildə isə bəstəkar bu operaya görə Stalin mükafatına layiq görülür…

Azərbaycan Cümhuriyyəti dövründə Üzeyir bəyin soyadı bir qayda olaraq «Hacıbəyli» kimi tarixə düşüb. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra millətsevər Üzeyirsevər müəlliflər bəstəkarın ad və soyadını bir qayda olaraq «Üzeyir bəy Hacıbəyli» formasında yazıb-söyləyirlər. Bunun fərqində olmayanlar isə «Üzeyir Hacıbəyov»la kifayətlənirlər.

«Bəy» titulunun da buna bənzər tarixçəsi var. Doğum şəhadətnaməsində uşağın adı «Üzeyir bəy» yazılıb. Bir il sonra «1897-ci ildə Xurşidbanu Natəvan başda olmaqla bir neçə Şuşa əsilzadəsinin imzası ilə Üzeyirin bəy nəslindən olması təsdiqlənmiş, ona «bəylik şəhadətnaməsi» verilmişdi. Sovet dövrünədək sənətkar «Üzeyir bəy» kimi tanınmış, 1920-ci ildən «bəy» titulu da rəsmən ixtisara salınmış, yalnız qeyri-rəsmi müraciətlərdə yaxın dost-tanışları ona «Üzeyir bəy» deyə müraciət etmişlər.

Azərbaycan Cümhuriyyətinin elan olunmasını həyat və mübarizə məramının gerçəkləşməsi kimi qarşılayan Üzeyir bəy Hacıbəyli 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını erməni-daşnak, rus-bolşevik, ağqvardiyaçı və ingilis işlağından azad etdikdən sonra dərhal Vətənə dönmüş, «Azərbaycan» qəzetindəki publisist-redaktorluq və mədəni quruculuqdakı fəaliyyəti ilə milli dövlət quruculuğuna bacardığı qədər kömək göstərmişdir. Bu dövrdə Üzeyir bəy Cümhuriyyətin himnini və bir sıra marşlarını, «Azərbaycan» və «Dağıstan» rəqslərini yazmış, 20 ay işıq üzü görmüş dövlət nəşri türkcə «Azərbaycan» qəzetinin 15 aylıq dövrünün redaktoru olmuşdur. Üzeyir Hacıbəyli 1920-ci ilin aprelində hakimiyyətin bolşeviklərə təhvil verilməsinin qəti əleyhdarı olmuş, ömrü boyu bunun acısını dadmışdı. O, azı 2 dəfə repressiyadan xilas olmuş, ayrı-ayrı illərdə təqib və qınaqlarla üzləşmişdir. 1919-cu ildə Azərbaycan Cümhuriyyəti nümayəndə heyətinin tərkibində Paris sülh konfransına getmiş qardaşı Ceyhun bəy Hacıbəylinin 28 aprel çevrilişindən sonra mühacirətdə qalması da bəstəkar üçün ciddi töhmət və qara-qorxu olmuşdur. 1920-ci ilin aprel-mayında XI qırmızı ordunun Azərbaycanı «azadlıq» şüarı altında işğal etdiyi, Gəncə qiyamını qan dənizində boğduğu günlərdə Üzeyir bəyi tüğyan edən erməni-rus çathaçatından güc-bəla ilə Nəriman Nərimanov qurtara bilmişdi. Amerikada yaşayan erməni rejissoru bir film çəkir. Film bütünlüklə «Arşın mal alan»ın süjeti olsa da Üzeyir bəyin imzası qoyulmur. Rejissor yalnız filmin şərq motivləri ilə çəkildiyinin yazır. Bunu əvvəlcə Azərbaycan rəhbərliyi, onun vasitəsi ilə sovet rəhbərliyi bilir. SSRİ müəllif hüquqları ilə bağlı beynəlxalq konvensiyaya üzv olmadığından Üzeyir bəyin hüquqlarını qoruya bilmir. Stalin deyir bunun bir yolu var, təcili «Arşın mal alan» filmi çəkilib bütün dünyaya yayılsın. Beləliklə, çəkilən film bütün dünyada məşhur olur.

Ülviyyə Tahirqızı

Baymedia.az

 

28.11.2013 12:33

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*