Azərbaycanca

Ermənilər və imperiyalar

14.12.2012 | 15:46

1361012225_qafarQafar Çaxmaqlı

Oxucularımızın bir çoxunun yəqin yadında qalıb Hrant Matevosyan. 70- 80-ci illərdə Azərbaycanda ən çox oxunan erməni yazarlarından idi. İnsafən keçmiş SSRİ- də də onu yaxşı tanıyırdılar. Onun “Aniv”( Çarx) jurnalında bir fikrinə rast gəldim.  Öncə  bu fikrin tərcüməsini olduğu kimi verirəm:

“…Ermənistan vətəndaşı üçün  ən böyük zərər – imperiya insanı statusunu   itirməsi oldu. Imperiyanı  müdafiə etməyin itirilməsi, sözün ən yaxşı mənasında məhz  imperiyanın mənasının itirilməsidir, bunun  daşıyıcısı isə  həmişə Rusiya olmuşdur.  İmperiya insanı olmağı biz itirmiş olduq.

Böyük insanı,  hər şeyə qadir insanı, özünütəsdiq etmiş insanı itirdik.  Bu insanı “çar uşağı” da adlandıra bilərsiniz, “Moskva uşağı” da, “imperiya uşağı” da…  Mən cəsarətlə deyə bilərəm ki, ötən əsrin 70- ci illərindən başlayaraq bu günə qədər ermənilər hər zaman  daha yüksək mövqe tutmuşdular , daha qüdrətli idilər. Bəlkə də  bu paradoksal görünə bilər,  deyim ki,  daha azad ermənilərdi, onlar bizi imperiya boyunduruğundan  cəsarətlə xilas etdilər. “(Hrant Matevosyan)

 

Hrant Matevosyanı şərh etmək istəməzdim, əslində o çox da şərhə yatımlı yazar deyil, romanları da elədir, oxuyursan və heç bir fikir bildirmədən uzun müddət onun təsiri altında qalmağa məcbur olursan. Ermənilər onu sevmirdilər, ona görə ki, gerçəkləri bütün çılpaqlığı ilə söyləyən tək-tük erməni olmaq özəlliyinə sahib idi. “Aniv” jurnalından götürdüyüm və olduğu kimi verdiyim  bu sitatda yaxşı tanıdığımız bu yazar bəzilərinə  bir az səriştəsiz görünə bilər.  Onun  təqdim olunan bu fikrindəki terminologiya və anlayışlarları  aydınlaşdırmaq fikrindən də uzağam. Amma gerçək bu ki,  ömrünün sonunda  bir erməni olaraq  o da bu fikrə gəlmişdir ki,  bir insan fərd və millət olaraq erməni  tarixin bütün zamanlarında yalnız kiminsə kölgəsində olarkən bir şey ifadə edə bilmişdir.  Erməni Sovetlər Birliyinin qanadı altında , xəzinədən yararlanaraq  dövlətdən dotasiya ala-ala , onu-bunu  aldada –aldada baş girləyən toplumlardan biri idi və insan olaraq isə Rusyanın hər yerində şəstlə, burnudik, qürurlu gəzirdi. Deyərdin elə bu imperiyanın sahibi budur, Matevosyan deyir ki, gerçəkdən də belə idi, “o əlində hər şey olan  imperiya insanı idi”.

Bəs indi kimdir erməni ? Ermənistan vətəndaşı olan erməni bir şey ifadə edirmi? Əvvəlki sərbəstliyi varmı? Bir var İmperiya balası olasan, bir də kiminsə “forpost”  hesab elədiyi müşahidə məntəqəsinin gözətçisi… Budur Hrant Matevosyanın dediyi… O Ermənistan vətəndaşı üçün  “Rusiya həmişə vardır və bizi qoruyacaq ” kimi bir qənaətdən də uzaqda tutur özünü… Nədən ? Çünki bir zamanlar bu xalq üçün eyni cür Osmanlı, Bizans  imperiyaları olmuşdur və ağıllı adamlar da bilirlər ki, (Matevosyan da bunu bilməmiş deyildi) ermənilər bu imperiyalara xəyanət etmişdilər.  Bu gün sırada Rusiyadır və gələcəkdə digər imperiyalar olacaq bu xəyanətin obyekti? Ermənistanda artıq o fikir vardır ki, Rusiya dövrü bitmişdir, daha yaxşı kirvə Amerika ola bilər. Və bu xəyanəti ruslar da yaşayacaq. Bir zamanlar Romalılar, sonra Bizanslar, sonra Osmanlılar üçün bunlar yaşanmışdır. Çünki bu millət imperiya insanı ola bilməyib.  Neçə əsrlər boyu özünəxas  yaşam tərzinə malik millətləri , tarixi min illərlə ölçülən  insanları qiymətləndirmək  ola bilər – məntiqsizdir, əgər  təsbitimiz sərtdirsə, qoy Hrant Matevosyan bizi bağışlasın. Amma onun dediyi gerçəklərin ta kəndisindən  çıxış edərək onu deməmək olmur ki,  yapı etibarı ilə imperiya olan Rusiya içində ” daha əzəmətli, güclü adam”  sayılan ermənilər bu gün daha zavallı  duruma düşüblər… Bu bilinən şeylərdir. Hər kəs görür. Hrant Matevosyan da bunları gördü və dedi, baxaq görək digər ermənilər də bunu görürmü? Özünə düşmən seçərkən (cəsarətə bax!) artıq o  adı- əzəmətli imperiya adamı adını daşıya bilməyəcəklər.  Çünki, gülməli də olsa onlar müstəqil olmaq istəyirlər. Bu mümkün deyil,  sadəcə ona görə ki, başqasının torpağında xoşbəxt olmaq mümkün deyildir. Həm də bu dövlətin heç bir perspektivi yoxdur. Ağıllı ermənilər indi Ermənistanı hansısa dövlətə birləşdirməyin yollarını fikirləşirlər. Hətta Türkiyəyə qatılmağı təklif edənlər də var. Həqiqət budur ki, Ermənistan dövlət ola bilmir, o dağılacaq. Kimlər tərəfindənsə işğal olunacaq.  Özünü  “Yazıq”, “zavallı”,  ” soyqırıma məruz qalmış “ adlandıran millətdən isə, Matevosyanın dediyi ucalığı, imperiya  ağayanalığını gözləmək sadəlövhlük olardı. O zaman erməni kökənli imperiya insanından bəhs etmək heç mümkün olmayacaq.    Matevosyanı da kədərə düçar edən bu idi. Erməni hansısa imperiyanın tərkibində güclü ola bilərdi, inkişaf edərdi, necə ki, Osmanlı və Rusiya içində çox şeylərə nail oldu. İndi isə o yoxdur… Kiminsə havasına oynayan bir zavallı olaraq ölüb də gedəcəkdir… Bizim üçün  bu, yaxşımı olacaq? Bilməm, yalnız onu bilirəm ki,  biz qonşumuzu itirəcəyik… Bu yazıdan isə  təəssüf ki, Matevosyanın xəbəri olmayacaq, amma mən istərdim ki, bunu digər “ imperiya insanları”  mütləq oxusun…

 “KarabakhİNFO.com”

 

14.12.2012 15:46

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*