Azərbaycanca

Ermənilər və onların havadarları üçün faktlar kifayət etmir

07.10.2013 | 13:44

1381138704_1“Erməni soyqırımı” iddiaları 1950-ci illərdən – yəni “soyqırım” ifadəsi rəsmən beynəlxalq hüquqi status alandan cəmi iki il sonra gündəmə gəlib. Kilsənin irəli sürdüyü iddialar Amerika və Avropada erməni lobbisinin dəstəyilə böyük bir kampaniyaya çevrilib.

Nəticədə, bu günə kimi 19 ölkə qondarma erməni soyqırımını tanıyıb, iki ölkənin xarici əlaqələr komitəsi müvafiq sənəd qəbul edib və bir neçə bəynəlxalq təşkilat tanınması ilə bağlı qərar qəbul edib. İndi ermənilər qondarma soyqırımın 100 illiyinə hazırlaşırlar. Ermənistanın baş yepiskopu və dünya erməniləri federasiyaları bu günlərdə İrəvanda qondarma erməni soyqırımının 100 illiyi münasibəti ilə tədbir keçirib. Həmin tədbirdə əsas məqsəd qondarma erməni soyqırımında, guya qətl edilən 1.5 milyon ermənini əziz (müqəddəs) elan etməkdir.

Xristianlıq inancını bir az araşdırsaq, bunun olduqca təhlükəli bir oyun olduğunun şahidi olarıq. Xristian dünyası, guya türklərin qırdığı 1.5 milyon ermənini “əziz” elan etsə, bu, bütün dünya çapında ermənilərin qələbəsinə bərabər hadisə ola bilər. Xristian inancında “əziz” statusu bu dinin müqəddəsi, ən hörmətlisi anlamına gəlir. Buna nail olarlarsa, ermənilər xristian dünyasının birbaşa dəstəyini almış sayılacaqlar. Onsuz da qodarma soyqırımın tanınma arealına və yayılma mexanizminə nəzər yetirdikdə, baş verənlərin əsas niyyəti bəlli olur.

Bəs, Türkiyə və Azərbaycan yetkililəri məsələ ilə əlaqədar yetərincə addım ata bilirlərmi? Nəzərə alsaq ki, bu coğrafiyada erməni məsələsində Azərbaycan – Türkiyə deyil, türk millətinə qarşı münasibətdən söhbət gedir.

Ermənilərə qarşı mübarizədə əsas sübutlardan biri kimi, bir neçə il öncə – 2007-ci il aprelin 1-də Qubada stadion tikintisi zamanı qazıntılar nəticəsində ortaya çıxan kütləvi insan məzarlıqlarını göstərmək olar. Elə ilk gündən həmin kütləvi məzarlıq dövlət tərəfindən nəzarətə götürüldü və bütün ekspertizalar ermənilərin bölgədə nəinki Azərbaycan türklərini, o cümlədən digər millətləri də soyqırıma məruz qoyduğu isbat olundu. 2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə “Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı” təsdiq edildi, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alındı. 2007-ci ilin iyulundan etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işlərinə başlanıldı, 2008-ci ilin sentyabrında isə tədqiqat işləri başa çatdırıldı. Tədqiqat nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Məhz buna görə kütləvi məzarlıqda Heydər Əliyev Fondunun dəstəyi ilə Quba Soyqırımı Memorial Kompleksi yaradıldı. Bu məzarlıqda inşa olunan kompleks Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından əhəmiyyətli rol oynaya bilər.

KarabakhİNFO.com beynəlxalq elektron jurnalı bəzi hadisə şahidlərinin xatirələrini öyrənmək üçün bir neçə sakinlə əlaqə saxlayıb.

 

Qubanın 76 yaşlı sakini İsa Şirinov açıqlamasında soyqırımın şahidi olan həmkəndlisinə istinadən bildirib ki, Qubaya gələn quldur erməni dəstəsinin başında Hamazasp adında bir qaniçən erməni dururmuş: “Soyqırımının son günləri idi. O, Qubanın mötəbər adamlarını, din xadimlərini Cümə məscidinin həyətinə toplayaraq deyib: “Mən buraya Sovet hakimiyyəti qurmağa gəlməmişəm. Mən buraya Qarabağda öldürülən ermənilərin qisasını almağa gəlmişəm. Mənə tapşırıblar ki, Xəzər dənizindən Şahdağa qədər olan ərazidə müsəlmanları qırım”. 1918-ci ildə ermənilər Quba rayonunda, Quba ərazisində minlərlə günahsız uşağı, qadını, qocanı vəhşicəsinə qətlə yetirmiş, daha sonra ölənləri, yaralıları, hətta diriləri belə kiçik dərələrdə basdırmışlar. O dövrdə qəzanın mərkəzində 2 min, ətraf kəndlərlə birlikdə 16 min insan qətlə yetirilib. Böyük bir faciədir. Azərbaycan türkləri ilə yanaşı, soyqırıma bizimlə qardaşcasına yaşayan yəhudilər, ləzgilər, tatlar və digər xalqlar da məruz qalıb”.

Qırmızı qəsəbə Dağ yəhudiləri dini icmasının sədri Boris Simanduyev açıqlamasında bildirib ki, həmin dəhşətli qırğınlar nəticəsində Qubada yaşayan digər xalqların nümayəndələri, o cümlədən dağ yəhudiləri də soyqırıma məruz qalıb.

Qusar sakini Qorxmaz Muradov açıqlamasında bildirib ki, bədnam erməni daşnakların Azərbaycanda soyqırım aktları təkcə Azərbaycan türklərinə qarşı deyil, həm də Azərbaycanda etnik baxımdan zəngin olan şimal bölgəsinin bütün xalqlarına – ləzgilərə, buduqlara, tatlara, yəhudilərə, qırızlara qarşı da törədilb: “1918-ci il mayın 18-də Quba rayonunun Digah kəndi yaxınlığında “Şimi dərəsi” adlanan yerdə ermənilər Azərbaycan xalqına köməyə gələn ləzgilərin müqaviməti ilə rastlaşıblar. Döyüş bir neçə gün davam edib və güclü xalq müqavimətinə rast gələn ermənilər böyük tələfatla məğlub olaraq geri çəkilib”

 

Nəzərinizə çatdıraq ki, həm də qarşıdan qondarma erməni soyqırımının yüz illiyi yaxınlaşır. Türkiyə ermənilərə qarşı təbliğatda Qubada baş verən soyqırım faktlarından istifadə edə bilməzmi? Bu münasibətlə Milli Məclisin üzvü Sabir Rüstəmxanlı və politoloq Ələsgər Ələsgərli də fikirlərini  bizimlə bölüşüb. 

Ermənilər və onların havadarları üçün faktlar kifayət etmir    Millət vəkili Sabir Rüstəmxanlı açıqlamasında bildirib ki, Türkiyə ərazisində kifayət qədər toplu məzarlıqlar var, Quba məzarlığına Türkiyənin ehtiyacı yoxdur. O həm də diqqətə çatdırıb ki, dünyanın həmin məzarlıqlardan, ümumiyyətlə, hər şeydən yaxşı xəbəri var. “Əslində, Türkiyənin Quba Soyqırım abidəsinə ehtiyacı yoxdur. Onun Doğu Anadolu və ümumiyyətlə, vaxtilə ermənilərin də türklərin yanında azlıq olsa da, yaşadıqları yerlər, sonra bir ara Rusiya tərəfindən işğal olunmuş Türkiyə vilayətlərinin hamısı o cür toplu məzarlıqlarla doludur. Faktlar var ki, adamlar diri-diri quyulara doldurulub, məscidlərdə kütləvi yandırılıb və s. Türkiyə başdan-başa dünya dövlətlərinin, o cümlədən, Rusiyanın apardığı siyasət nəticəsində, onların silahlandırdığı ermənilərin dinc türk əhalisinə divan tutmasının yadigarı olan yerlərlə doludur. Mən abidələr və onların bir çoxunu görmüşəm. Yəni Türkiyə onlardan yetərincə istifadə edə bilmir. İndi bu dəqiqə söhbət Türkiyənin onlardan istifadəsindən, yaxud onları reklam etməsindən getmir.  Dünyanın bir çox böyük gücləri də, dövlətləri də, elm adamları da hamısı bilir ki, Ermənistanın iddiası yalandır. Türkiyədə erməni soyqırımı deyilən bir şey olmayıb. Türk-rus savaşında, yəni I Dünya savaşında yaşadığı ölkəyə xəyanət edib, ruslara kömək edən ermənilər sərhəd bölgələrindən kənar şəhərlərə köçürülüb. Yəni, ermənilər xəyanətə görə, Osmanlı imperatorluğunun bir bölgəsindən başqa bölgəsinə – Suriyaya köçürülüb. Hətta köç zamanı mühafizə üçün kifayət qədər əsgər təminatı da verilib. Bu zaman, uzaq yolda ölənlərin olması çox normaldır. Amma köç zamanı ölümlərin olmasını tarixi reallıqdan uzaqlaşdırıb soyqırım kimi qəbul etmək nə dərəcədə düzgündür? Biz nə qədər təbliğat aparsaq da, bu “soyqırım” kartından Türkiyəyə qarşı istifadə etmək istəyənləri dayandıra bilməyəcəyik. Onlar özləri yaxşı bilir ki, soyqırım deyilən bir şey baş verməyib”.

Ermənilər və onların havadarları üçün faktlar kifayət etmir    Politoloq Ələsgər Ələsgərli açıqlamasında bildirib ki, ermənilər və onların havadarları üçün faktlar kifayət etmir. “Bu kimi tarixi faktlar Türkiyənin şərq vilayətlərində də var. Əlbəttə bu kimi faktlar real, konkret və güclü faktlar sayıla bilər. Ermənistan diasporu və eyni zamanda havadarları üçün faktlar kifayət etmir. Çünki onların yanaşma tərzi, psixologiyası və istədikləri tamamilə fərqlidir. Onlar heç bir zaman bu əməllərini və peşmanlıq duyduqlarını ifadə etməyəcəklər. Təəssüf ki, Türkiyə uzun illər bu məsələyə çox diqqət verməyib. Xüsusən, son illərdə atılan addımlar da məsələni fərqli şəkildə həll etməyə yönəlib. Lakin bu addımlar yuxarıda göstərdiyim səbəblərə görə, hələ ki, hər hansı bir təsirli nəticə vermir”.

Seymur Həsənli

 

“KarabakhİNFO.com”

 

07.10.2013 13:44

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*