Azərbaycanca

Ermənilər Zəngilanda Xocalı qətliamını təkrarlamaq istəyirdilər

29.10.2013 | 14:42

1383042490_mg_7257Tahir Məmmədov: “Ermənilər Zəngilanda Xocalıda törədilən qətliamı təkrarlamaq istəyirdilər”.  

 

 

Novruz Məmmədzadə: “Bu gün Azərbaycan gəncliyi bilməlidir ki, döyüş keçən günlərimiz bizim üçün ən şərəfli günlər olub”.   “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının redaksiyasında Zəngilan rayonun işğal olunmasının 20 illik ildönümü ilə əlaqədar Qarabağa başlanan erməni işğalçı müharibəsinin qarşısının alınmasında iştirakı olan Tahir Məmmədov, İsmayıl Quliyev, Novruz Məmmədzadə və Manaf Seyidovla görüş keçirilmiş və məsələ ilə bağlı geniş müakirə aparılmışdır.

 

  M.Həsən: Zəngilan batalyonu nə vaxt yarandı?  

 

N.Məmmədzadə: İlk dəfə tabor şəklində 1991-ci ildə yaradılıb. Sonradan hərbi hissə yaranıb bizdə. O zaman Qubadlıda yerləşirdi. Alay olub sonradan böyüyüb. Üç tabor olub.  

 

T.Məmmədov: 9 oktyabr 1991-ci ildə Ali Sovetin qərarı ilə özünümüdafiə batalyonları yaradılmağa başladı. O zamandan bizim müharibə yolumuz başladı.  

 

M.Həsən: Ermənilərin hücum əməliyyatı necə başladı və siz hansı döyüş əməliyyatlarında iştirak etmisiniz?  

 

N.Məmmədzadə: Ermənilərin Zəngilana ilk həmlələri 1992-ci ilin dekabrında olub. İlk əvvəl 8-9 kəndimizi tutublar, sonradan ordu onları çıxarıb ordan. Həmin hücumlarda şəhid olanlar, yaralananlar 1383043344_mg_7253olub.  

T. Məmmədov:  Biz əsasən Zəngilan, Qubadlı, Füzuli, Ağdam, Laçın və digərlərində döyüşmüşük. Bilirsiniz ki, Zəngilan Arazın sərhəddində yerləşir. Onun bir tərəfi Cəbrayıl, Qafan ilə həmsərhəddir. Əməliyyatlar zamanı Azərbaycanla Naxçıvanı bizdən ayıran Mehri rayonunu azad etmişik. Sonra Rusiyanın təzyiqləri ilə geri qaytarmalı olduq.  

 

M.Seyidov: Ermənilər tarixən Azərbaycan ilə Türkiyə arasında bufer yaratmağa xidmət edib. Bu ərazilərə onlar sonradan köçürülüblər. Merli deyilən Naxçıvanı bizdən ayıran ərazi əslində Azərbaycanın Mehri rayonudur. İranla yaradılan Ermənistanın sərhəddi olsun deyə N.Nərimanovu məcbur ediblər ki, Mehri Emənistana verilsin.   N.Nərimanov buna razılıq verməyib. Onun ölümündən sonra buna onun adından imza atıb icra ediblər. İndi isə Arazboyu bufer zona yaratmağa başlayırlar. Ona görə də Suriyadan Erməniləri bu zonalara köçürürlər. Məqsəd gələcəkdə bu əhalidən Azərbaycana qarşı istifadə etməkdir.  

T.Məmmədov:  Bizim bir məqsədimiz var idi. Merlini almaq və Naxçıvanla aradakı məsafəni aradan qaldırmaq. Bu çox gözəl şans idi. Əgər Merli alınsa idi indi Zəngilan işğal olunmayacaqdı.   M.Həsən Zəngilan işğalının əsas səbəbi nə idi?   T.Məmmədov: Zəngilanın işğal olunmasının birinci səbəbi  onda idi ki, paytaxtdan Horadiz istiqamətində Ermənilər Füzuli, Cəbrayılı və daha sonra Horadizi işğal etdilər. 1993-cü ilin oktyabrın 12-də yolu bağladılar. Bütün qüvvələri ilə Füzulidən ordunu saldılar Horadizə. Sonra bütün qüvvə ilə Zəngilanın üzərinə hücum etdilər. Onların 40 tankdan ibarət diviziyası var idi. Beləliklə oktyabrın 12-dən Zəngilan mühasirədə oldu.  Zəngilan alayı 1250 nəfərdən ibarət idi. Ermənilər Zəngilanda Xocalıda törədilən qətliamı təkrarlamaq istəyirdilər. Zəngilan işğal olunan ən axırıncı, ərazisinə görə ən böyük, əhalisinə görə ən kiçik rayondur. Ən az şəhid verən Zəngilandır. Ən böyük Ermənistanla sərhəd Zəngilan idi.  

 

M.Həsən: Sonuncu işğal olunan rayonumuz Zəngilandır. Sizcə rayonu əldə saxlamaq mümkün idimi?   İ.Quliyev: Əlbəttə əldə saxlaya bilərdik. Əgər bizə kömək olsaydı. Füzulidən, Bəhmənli zonasından bizim yolun bağlanması bizə böyük zərbə vurdu. Yanacaq, yemək, silah-sursat gəlişi kəsildi. Bişirməyə yeməyimiz yox idi. Aşbazlar belə gəlib sərhəddə silahlanıb bizimlə birgə müdafiə edirdilər. 27 gün dondurulmuş qida qəbul etmişik.  

T.Məmmədov: Zəngilan rayonuna 5 istiqamətdə hücum olundu. Xudafərin istiqamətində Baloğlan Süleymanov döyüşürdü. Merli, Gorus, Qafan, Horadizdən hücum olundu. Tankın gəlişini görürdük. Amma tankı vurmağa  silahımız yox idi.   N.Məmmədzadə: Bununla belə xeyli tank vurulmuşdu.  

T.Məmmədov: Zəngilan rayonunda sona qədər vahid komanlıq var idi. Müdafiə Nazirliyinin tabeliyində olan bir alay idi. Firudin Şabanov alayın komandanı idi. Biz batalyon şəklində idik. Əvvvəlcə Qubadlının, sonra isə Füzulinin tabeçiliyinə verilmişdi. Ermənilərin 3 böyük sənaye şəhəri ilə həmsərhəd olan Zəngilanda qüvvə çox az idi.

 

 1383043348_mg_7270 M.Həsən: Manaf müəllim, hal-hazırda Suriyada baş verən hadisələrdən sonra oradakı ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarında, o cümlədən, Zəngilanda yerləşdirilməsi ilə bağlı məlumatlar var. Bu yerləşmə gələcəkdə bizə hər hansı təhlükə yarada bilərmi?  

M.Seyidov: Onlar torpaqlar işğaldan azad olunandan sonra istənilən təxribatı etmək üçün ermənilərin və digər əleyhimizə olan böyük dövlətlərin  əlində vasitəyə çevrilə bilər. Bizə təzyiq etmək üçün onlardan istifadə edə bilərlər.  

 

M.Həsən: Ermənilər bu torpaqları qaytaracaqlarını bildikləri üçün orada bir sıra dağıdıcılıq işləri görüblər. Çinar meşələri məhv edilir. Hal-hazırda Zəngilanda vəziyyət nə yerdədi?  

 

M.Seyidov: Onu deyə bilərəm ki, artıq Çinar meşləri çoxdan məhv edilib. İndi Zəngilan üzərindən başqa oyunlar oynamağa başlayıblar. Orada bufer zona yaratmağa çalışırlar. Suriyadan və başqa ölkələrdən müxtəlif vədlərlə ermənilərin bu əraziyə köçürülməsi də təsadüfi deyil. Məqsədyönlü şəkildə sərhəd hissəyə bu əhali yerləşdirilir.  

 

N.Məmmədzadə: İşğal olunanda ermənilər düşünürdülər ki, bir neçə aya bu torpaqları geri qaytaracaqlar. Ona görə də yaşayış binaları, təsərrüfat obyektləri dağıdılmışdı. Üstündən 15-20 il keçəndən sonra indi başlayıblar ora əhalini köçürməyə. Əsasən Suriyadan köçürürlər. Yeddi min deyirlər. Amma əslində azdır. Donabendyanlar ailəsi var. Onlar köçürülüblər. Əsasən təsərrüfatla məşğuldurlar.

 

 Z. Əliyev: Siz zamanla orda döyüşmüsünüz. Sizə ora aparan ilk növbədə vətənə olan sevginiz olub. İndiki gəncliyə nə tövsiyə edərdiniz?  

 

N.Məmmədzadə: Biz müharibə dövründə çox ağrı-acılar görmüşük. Amma Allahımıza şükür edirik ki, bu ağrı-acıları bizim alnımıza yazıb. Bu gün Azərbaycan gəncliyi bilməlidir ki, döyüş keçən günlərimiz bizim üçün ən şərəfli günlər olub. O, ağrı-acıları sevə-sevə qəbul etmişik. Çünki vətənimizi sevmişik. O vətəndə bizim atalarımızın, babalarımızın məzarı var. Kökümüz o torpaqdadır. Zəngilan, Qubadlı, Füzuli və d. rayonlarımız kökün qanadlarıdır. Əlillərimiz bədənlərində qəlpə gəzdirirlər. O qəlpələr çıxmasa belə onu sevə-sevə gəzdirirlər. Çünki o qəlpəni vətən üçün bədəndə gəzdirirlər. İnsan üzərində metaldan ən bahalı ləl-cəvahirəti gəzdirə bilər amma bu əlilin bədənində gəzdirdiyi qəlpədən qiymətli ola bilməz. Bədənimizdə yaralar var. Bəzən müəyyən qəza zamanı aldığın yaranı istəyirsən tez sağalsın. Amma döyüşlərdə aldığın yaranı sevə-sevə gəzdirirsən.   P.S. Müsahibə bitdi. Onların simasında müharibənin, itkinin izlərini asan şəkildə duymaq mümkün idi. Müshibə müddətində bir-birilərinin sözünü kəsərək sanki içlərindəki o ağrını ifadə etməyə, qismən də olsun rahatlaşmağa çalışırdılar. Bir gənc olaraq onların simasındakı mənzərə mənə torpaq itkisinin necə acılı olduğunu anladırdı. Anladırdı ki, bu acını unutmaq, onu tərk etmək mümkün deyildir. Keçdikləri mübarizə dolu döyüş tarixçələri belə onlara təsəlli vermir. Müsahibə mənə sanki bir dərs idi. Vətən, millət, torpaq sevgisi dərsi… Söhbətin zirvəsini isə Novruz müəllimin səsləndirdiyi bu fikir oldu: Bu gün insanlar çox dəyərli və qiymətli daşları üstlərində gəzdirirlər və bununla fəxr edirlər. Elələri var ki, milyon dollar verib auksiyondan nadir qızıllar alırlar və bununla fəxr edirlər. Qarabağ uğrunda döyüşən igidlərimiz isə sinələrində gəzdirdikləri qəlpələri dünyanın ən bahalı daşlarına dəyişməzlər! Çünki o qəlpələri Vətəni qoruyaraq qazanıblar!!      

 

Mehman Həsən  

 

“KarabakhİNFO.com”

29.10.2013 14:42

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*