Azərbaycanca

Ermənilərin 24 aprel zarafatı

24.04.2013 | 12:34

 1366789600_qafar-axmaql-300x200   Artıq neçə illərdir ki, hər il aprel ayının 24-də  ermənilər öz dırnaqarası soyqırımlarını qeyd edir. Qondarma  “erməni soyqırımı”  birinci dünya müharibəsi dövründə Anadoluda ermənilərin kütləvi  soyqırıma məruz qalması kimi izah olunur. Türkiyə 1915-də olanları  sadəcə erməni-türk qarşıdurması kimi dəyərləndirməkdə və dövlət göstərişinin olmadığını irəli sürsə də, bu gün dünyanın bəzi ölkələri soyqırımın varlığı qəbul ediblər. Amma onu da nəzərə almaq lazımdır ki, qərarlar sadəcə tarixə əsaslanaraq yox, bəzi siyasi faktorların təsiri ilə qəbul edilib.

Tarixə nəzər salsaq görərik ki, ermənilər hələ 1890-cı ildən kütləvi üsyanlara başlayıblar və bu üsyanlar nəticəsində yüzlərlə türk məhv edilib. Bunu görən Osmanlı hökuməti 1915-ci il radikal qərarlar almağa məcbur olub  və sözügedən soyqırım iddiası da bu dövrdən etibarən ortaya çıxıb. Erməni üsyanlarının mütəşəkkil hal alması nəticəsində Osmanlı Dövləti 27 may 1915-ci ildə “Köç” qərarı çıxarıb. Bu qərar öncəsində isə bugün ermənilərin soyqırım günü kimi qəbul etdikləri 24 aprel günü 2000-dən çox  erməni lider həbs edilib. Bunların birçoxu kəndlərə hücum edərək silahsız əhalini qıran cinayətkarlar idi. Köç qərarı Anadoluda yaşayan ermənilərin Osmanlının başqa ərazilərinə köçürülməsini nəzərdə tutsa da, təcrübədə hər şey fərqli cərəyan etdi. Köç karvanlarına edilən hücumlarda ölən ermənilər bir kənara həm də yollarda aclıqdan və xəstəlikdən ölənlər kifayət qədər idi. Yola salınan ermənilərin yalnız bir hissəsi mənzil başına çata bildi.

 

Xatırladaq ki, bu və ya digər məsələlər Erməni Araşdırmalar Mərkəzinin rəhbəri Qafar Çaxmaqlının da araşdırmaları  var və o, ermənilərin ortaya atdıqları iddiaların yalan olamasını sübuta yetirən bir çox məqalələrin müəllifidir. Onunla olan söhbətimizdə elə bu məqamlara toxunduq.

 

“24 aprel 1915-ci ildə İstanbulda erməni siyasi təşkilatlarının aktiv üzvlərinə qarşı edilmiş bir əməliyyat oldu və 234 nəfər həbs olundu. Səbəb ölkədə müharibənin getdiyi bir zamanda onların daha betər təhlükə yaratması, iğtişaşlar törətməsi və terrorla məşğul olmaları idi. Amma ermənilərin Şərqi Anadoludan köçürülməsi bir qədər sonra mayın 27-də olub. 24 apreldən sonra hökumət tərəfindən belə qənaətə gəldin ki, ermənilərlə bağlı bir qərar verilməlidi. Bu qərar isə ermənilərin Şərqi Anadoludan köçürülməsi ilə nəticələndi. Çünki bu ərazilərdə Türkiyə Rusiya ilə müharibə aparırdı, ermənilər isə ruslara yardım edir, arxadan türklərə zərbə endirirdilər, rəqib ölkəyə gizlin şəkildə yardım göstərirdilər. Qeyd etməliyəm ki, ermənilərin köçürülməsi həm də humanitar məqsəd daşıyırdı və bu müharibə qaydalarına uyğun olaraq aparılırdı. Digər tərəfdən, ermənilər başqa bir ölkəyə görə köçürülmədi axı, buna deportasiya donu da geyindirilsin. Onlar sadəcə Türkiyənin bir ərazisindən başqa ərazisinə köçürüldü”.

 

Q. Çaxmaqlı 24 apreli ermənilərin soyqırım günü elan etməsinin simvolik məqsəd daşıdığını deyir:

“Bu gündə hər hansı qırğın-filan olmayıb.  Artıq dünyanın özü də dərk edir ki, erməni soyqırımı deyilən bir şey olmayıb və bu sırf siyasi səbəblər üzündən ortalığa atılmış bir məsələdir. Bundan əlavə, bəzi insanların biznes maraqlarından doğan bir məsələdir. Çünki qondarma erməni soyqırımı ilk dəfə 1965-ci ildə Uruqvayda bir Eduardo Ernekyan adlı milyarder tərəfindən verilən rüşvət müqabilində qəbul olunub. Ardınca türk düşməni olan, Türkiyəyə simpatiyası olmayan ölkələr Yunanıstan, Kipr, Fransa və digərləri tərəfindən qəbul olunub ki, bu da siyasi məqsəd daşıyır”.

 

Ekspert ən əsası “erməni soyqırımı” ilə bağlı qanun layihəsinin sənədlərinin əksəriyyətinin də saxta olduğunu bildirir:

“Tələt paşanın teleqramları, Vereşaginin əsəri və təqdim olunan digər sənədlərin dünyanın aparıcı tarixçiləri tərəfindən saxta olduğu sübut edilib. Sənədlərin içərisində roman, əsər, kimlərinsə xatirələri var ki, bunların da nə dərəcədə tarixi sənəd sayılması gülüncdü. Ermənilərin sözügedən qanun layihəsindəki sənədlərinin  90 faizi saxtadı.

Türkiyədə 200-dən artıq türklərə aid toplu məzar var və vaxtilə ermənilər tərəfindən törədilmiş qırğınların nəticəsidir. Bəs bunların cavabını kim verəcək? Mən özüm iki məzarlığın açılmasının müşahidəçisi olmuşam. Amma ermənilərin sübut üçün göstərə biləcəkləri bir dənə də bu cür məzarlıqları yoxdur. Erməni soyqırımı məsələsini də ortaya atmaq elə onların etdikləri cinayəti ört-basdır etmək üçün idi və türklər onların üstünə getmədən bu məsələni qaldırdılar.

Düzdür, qarşılıqlı itkilər olub, amma dövlət tərəfindən ermənilərin öldürülməsi ilə bağlı hər hansı göstəriş olmayıb. Əgər erməni dəstəsi kəndlərə hücum edibsə, təbii ki, orada dinc kənd sakinləri ilə birgə qarşı tərəfdən də itki olub. Onların öldürülən ermənilərin sayı ilə bağlı dedikləri rəqəm – 1 milyon yarım da şişirtmədi. Diqqət etsək, arxiv sənədlərdə bu rəqəm yarım milyon göstərilir və get-gedə artırılır. Yəni heç indiyə qədər ermənilərin sayı 3 milyon olmayıb. Bir əsr bundan əvvəl onların sayı nə qədər olub ki, milyon yarımı da öldürülüb?”

 

Q. Çaxmaqlı bildirdi ki, “erməni soyqırımı” məsələsini Türkiyə qəbul etməyəcək və edə bilməz. Çünki bu məsələnin kökündə həm maddi, həm də mənəvi məsələlər dayanır:

“Türkiyə qəbul etsə, ilk növbədə torpaqlardan imtina etməli, təzminat ödəməli və digər şərtləri yerinə yetirməlidi. Digər tərəfdən mənəvi baxımdan heç bir millət qatil statusunu öz üzərinə götürə bilməz və hələ bunun yalan olduğu əsaslandırılarsa. Müəyyən qədər də əsası olmayan bir məsələnin əvvəl-axır iflasa uğrayacağına əminəm. Bu məsələdə təəssüf  ki, dünyanın ikili standartları var ki, burada ermənilərin xristian olması faktoru rol oynayır. Məlumdur ki, ermənilər xristian olduqları üçün onları xristian dövlətləri müdafiə edir. Bundan əlavə, ermənilərin bir alət olaraq bəzi dövlətlərin əlində vasitəyə çevrilməsi soyqırım məsələsini gündəmdə saxlayır. Dünyada ikili standartların olduğu, dinlərə, yaxud millətlərə görə fərqlərin qoyulduğu ilə razıyam. Lakin biz günahın bir hissəsini özümüzdə axtarmalıyıq. Son dövrlər Azərbaycanda ermənilərə qarşı təbliğat işi xeyli gücləndirilib və bir sıra nəticələr də var. Lakin bu, sistemli deyil. Bəzən deyirik ki, erməni diasporunun yüzillik tarixi var,  ona görə də güclüdürlər. İşləmək lazımdır. Xüsusilə, Türkiyə ilə birgə bu məsələdə daha çox nəticə əldə edə bilərik”.

 

 

Naibə Qurbanova

KarabakhİNFO.com

24.04.2013 12:34

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*