Azərbaycanca

Ermənilərin Azərbaycana qarşı “persona non-qrata” siyasəti

04.11.2014 | 16:38

publika.az1407918819Qarabag-1Erməni lobbisinin Azərbaycana qarşı düşmənçilik siyasəti hər zaman prioritet olub. Ermənilər bu gün özləri Azərbaycana necə düşməndirsə, başqa dövlət və xalqları da Azərbaycana düşmən etməyə çalışırlar. Son zamanlar işğal altındakı Azərbaycan ərazilərinə xarici ölkə vətəndaşlarının, daha çox media nümayəndələrinin, o cümlədən parlament üzvlərinin və digər rəsmilərin səfərlərinin təşkili də həm də buna xidmət edir. Ermənilər qondarma Qarabağ Respublikasının xarici ölkələrdə “nümayəndəlik”lərini yaradaraq hər kəsin üzünə öz qapılarını açıblar. Bununla xarici ölkələrdə təşkil olunan müxtəlif tədbirlərdə separatçı rejimin təmsilçiləri Dağlıq Qarabağın turizm imkanlarını, hotellərini, xəritəsini nümayiş etdirir. Bundan başqa bəzi xarici şirkətlər bu ərazilərdə iqtisadi fəaliyyətlə də məşğuldur. Hazırda Dağlıq Qarabağda istehsal edilmiş malların Avropa İttifaqına üzv olan ölkələrdə satışı həyata keçirilir. Bütün bunlar beynəlxalq hüquq normalarının və milli qanunvericiliyin kobud şəkildə pozulmasıdır.

 

 

Diqqət olunsa son zamanlar bu ərazilərə gələnlərin sayı artıq kütləviləşib. Bunun üçün separatçı rejim burda beynəlxalq tədbirlərin sayını artırıb. Ötən illərə nisbətən bu il daha çox tədbirlər keçirilib. Elə bu ay iki beynəlxalq festival keçirilib. Sonuncu festivalın tarixi də, görünür, məqsədlidir. Ən özəl günlərimizdən biri- 18 oktyabrda azərbaycanlılara mənəvi zərbə vuracaq şəkildə şərab festivalı keçiriblər…

 

 

Qeyd etdiyimiz kimi işğal olunmuş ərazilərə vizasız gedənlərin əksəriyyəti media nümayəndələridir. Bu da ermənilərin Azərbaycana qarşı apardıqları qara PR kampaniyasının bir növüdür. Çünki həmin jurnalistlər buradan qayıtdıqdan sonra qondarma respublika ilə bağlı müsbət imic yaradan materiallar hazırlayırlar. Bununla da beynəlxalq aləmdə separatçı rejim haqda fikir formalaşdırırlar. Bu da Dağlıq Qarabağın Azərbaycandan bir az da uzaq düşməsi deməkdir. Digər tərəfdən də qondarma respublikaya səfər edənlər Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən “persona non-qrata” elan olunur. Belə olduqda həmin junalistlər artıq Azərbaycanın düşməninə çevrilirlər. Beləcə, ermənilər Azərbaycanın düşmənlərinin sayını artırırlar.

 
Azərbaycan Xarici İşlər Nazirliyi işğal olunmuş ərazilərə qanunsuz səfər edənləri “qara siyahı”ya salır. Təəssüfedici məqamdır ki, siyahının sayı artıq 300-ü keçib. Hər halda “persona non-qrata”larımzın sayının artması heç də ürəkaçan hal deyil. Düzdür, bir neçə nəfər səhvlərini sonradan anlayaraq Azərbaycana müraciət edib və adları siyahıdan çıxarılıb. Amma qeyd edək ki, bura səfər edənlərin adları bir çox hallarda gizli saxlanlır. Erməni mətbuatına nəzər salınsa, 2 il bundan qabaq 56 jurnalistdən ibarət bir qrup Dağlıq Qarbağa səfər edib. Səfər edənlər arasında erməni, rus, Amerika mətbuatının nümayəndələri olub. Həmin jurnalistlərin Azərbaycan tərəfinin “qara siyahı”sına düşməsindən ehtiyat edərək erməni mətbuatı işğal olunmuş ərazilərə səfər edənlərin adlarını açıqlamayıb.

 

 

Burada bir məqam da var ki, XİN-nin “qara siyahı”sında ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri ön sıradadır. Əslində bu bir daha ATƏT-in Minsk qrupunun necə “obyektiv” ola biləcəyinin göstəricisidir. Görünür, onların həmsədrliyi yalınız elə öz vətəndaşlarının Qarabağa qanunsuz səfər etmələrinə yarayıb.

 

 

“Təbliğat-təşviqat işinin aparılması çox vacibdir”

 

Hikmet_HaciyevHazırda xarici ölkə vətəndaşlarının Azərbaycanın icazəsi olmadan işğal olunmuş ərazilərə səfərləri hələ də davam etməkdədir.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev e-jurnalımıza eksklüziv açıqlamasında bildirdi ki, Azərbaycanın razılığı olmadan işğal olunmuş ərazilərimizə səfərlərin edilməsi Azərbaycan Respublikasının “Dövlət Sərhədi haqqında” qanununun pozulmasıdır: “Bizim araşdırma və müşahidələrimiz göstərir ki, Azərbaycanın işğal olunmuş ərazilərinə edilən səfərlər bir neçə kateqoriyada təsnif edilə bilər. Birinci kateqoriyaya aid insanlar erməni diasporunun üzvləridir. İkinci kateqoriyada da bir çox hallarda Ermənistan tərəfindən müəyyən məqsədlərlə təşviq edilən insanlardır ki, onlar işğal olunmuş Azərbaycan ərazilərinə bu və ya digər adlar altında səfər etməyə doğru təşviq edilirlər. Bunların da erməni diasporunun müəyyən təsir altında olmaları özünü göstərir. Eyni zamanda xarici ölkələrin qanunverici orqanlarında təmsil olunan bir qrup millət vəkili var ki, öz ərazilərində yaşayan erməni əsilli vətəndaşlarının səslərini qazanmaq üçün seçkiqabağı kampaniya zamanı təəssüflər olsun ki, belə səfərlər edirlər. Üçüncü kateqoriyaya aid olanlar isə daha çox aldadılmış insanlardır. Onlar Ermənistan ərazisinə bu və ya digər məqsədlərlə, məsələn turist kimi səfər edirlər. Onlar aldadılaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlər edirlər”.

 

 

H.Hacıyev qeyd etdi ki, bu məsələ ilə bağlı XİN və eləcə də Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri, eyni zamanda digər dövlət qurumları tərəfindən əlaqəli şəkildə kompleks tədbirlər aparılır: “Qanunvercilikdə nəzərdə tutulmuş tədbirlərdən çıxış edərək “qara siyahı” tərtib edilir. Eyni zamanda təbliğat və təşviqat tədbirləri də aparılıb. Bunlar da özünü doğruldur. Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etmiş və “qara siyahı”ya düşmüş bir qrup insanlar var ki, onlar yenidən Azərbaycan tərəfinə yazılı müraciət ediblər. Onların arasında kifayət qədər nüfuzlu şəxslər var. Onlar baş vermiş bu haldan təəssüfləndiklərini bildiriblər. Azərbaycanın ərazi bütövlüyü və suverenliyini qəti şəkildə təsdiqlədiklərini, onların aldadılaraq Azərbaycan ərazisinə aparıldıqlarını vurğulayıblar.

 

 

XİN rəsmisi qondarma rejimin bir sıra ölkələrdə “nümayəndəlik”lərinin fəaliyyətinə də münasibət bildirdi: “Onlar özlərinin anlamında müəyyən “nümayəndəlik”lər açıblar. Azərbaycan dövləti tərəfindən həmin ölkələrlə çox intensiv iş aparılıb. Həmin ölkələr tərəfindən yazılı zəmanət verilib ki, onların ərazisində özünü “nümayəndəlik” adlandıran bu qurumların heç bir diplomatik statusları yoxdur və bunlar heç bir rəsmi xarakter də daşımır”.

 

 

H.Hacıyev bu kimi məsələlərin qarşısının alınması üçün xaricdəki səfirliklərimizlə diasporun fəaliyyətinə də diqqət çəkdi: “Bu istiqamətdə bizim fəaliyyətimiz kifayət qədər uğurludur. Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri ilə yerli diaspor arasında çox sıx əlaqələr mövcududur. Burada birgə maarifləndirmə işi ən vacib şərtlərdən biridir. Burada müəyyən məhdud insanlar var ki, onlar erməni diasporunun təsiri altındadırlar. Bu insanlar arasında təbliğat-təşviqat işinin aparılması çox vacibdir. Bu yaxınlarda Fransa və Almaniyadan olan millət vəkilləri Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edərək separatizm, etnik təmizləmə, insaniyyətə qarşı cinayətləri, işğal və təcavüzün təşviqinə rəvac veriblər. Özlərini millət vəkili adlandıran bu kimi şəxslər belə qeyri-humanist və hüquqa zidd əməllərinə görə öz ölkələrinin seçiciləri qarşısında daşıdıqları məsuliyyəti dərk etməli və onlara hörmətlə yanaşmalıdırlar. Ona görə də səfirliklərimiz, eləcə də diaspor təşkilatlarımız bu məsələdə çox aktivlik göstərərək həmin millət vəkillərinin seçildikləri ərazidəki insanlara müraciət edirlər. Bu istiqamətdəki fəaliyyətimizi daha da artıracağıq ki, seçicilər onların səsi ilə millət vəkili olmuş şəxslərin eyni zamanda separatizm, işğal və təcavüzün təşviqinə rəvac verməkdə rol oynadıqlarını bilsinlər. Eyni zamanda onlar öz seçici səsi ilə bu məsələlərin qarşısını alsınlar”.

 

 

“Qarabağa viza verilməsi işini Ermənistanın səfirlikləri çox asanlıqla həyata keçirirlər”

 

 

Vuqar AbbasovBu kimi halların baş verməməsi üçün diasporumzun da üzərinə böyük məsuliyyət düşür. Niderlandda yaşayan jurnalist, Azərbaycan və Niderland Jurnalistlər birliklərinin üzvü Vüqar Abbasov bu baxımdan öz fəallığı ilə seçilir. O eyni zamanda diaspourumuzu bu işlərdə aktiv olmağa səsləyir. V.Abbasov bizimlə söhbətində dedi ki, ermənilər Azərbaycan torpaqları hesabına özlərinə dövlət qurublar: “Hər dəfə də biz güzəştə getmişik və bizim bu güzəştlərimiz onları daha da həvəsləndirir. Unutmamalıyıq ki, bizim növbəti güzəştimiz onları yenə də həvəsləndirə və bu da gələcəkdə yeni müharibələrə səbəb ola bilər. Odur ki, əgər gerçəkdən gələcək nəsilləri düşünürüksə, biz bu məsələni həll etməliyik. Bilirsiz ki, ATƏT -in Minsk qrupunun fəaliyyəti artıq neçə illərdir ki, heç bir nəticə vermir. Ümumiyyətlə, mən anlamıram ki, biz həmsədr ölkələrin səmimiyyətinə necə inana bilərik və nə üçün inanmalıyıq? Bu ölkələrin hər birində qondarma Qarabağ Respublikasının nümayəndəlikləri var və Qarabağa girişə icazə verən vizaların verilməsi ilə də məşğul olurlar. Amerikadakı “nümayəndəlik”lə mən şəxsən danışmışam. Çətin deyil, internetdə axtarış verməklə Fransada və digər ölkələrdəki “nümayəndəlik”lərini də tapa bilərsiz. Bu danışıqların nə zamana kimi davam edəcəyini düşünürəm. Qarabağı müharibəsiz qaytaracağımız qeyri-real görünür və bunu anlamamız lazımdır”.

 

 

Həmkarımız bildirdi ki, Qarabağa viza verilməsi işini Ermənistanın xarici ölkələrdəki səfirlikləri çox asanlıqla həyata keçirirlər: “Doğrudur, Qarabağa Azərbaycanın rəsmi icazəsi olmadan səyahət edənlərə sonradan Azərbaycana səyahət etmək üçün viza verilmir, ancaq gəlin görək bu, Qarabağa səfər etmək istəyənlərə mane olurmu? Mənim müşahidələrimə görə yox”.

 

 

Ermənilərin separatist əməllərinin ifşa olunması diasporumuzun prioriteti olmalıdır

 

 

Gulbeniz ArifqiziABŞ-da yaşayan jurnalist, Amerika-Azərbaycan Qadınlar Assosiasiyasının rəhbəri Gülbəniz Arifqızı isə bildirdi ki, bu yaxınlarda bizimkilər çalışıblar bu sahədə bir iş görsünlər: “Amma erməni diasporu elə güclüdür ki, bizimkilərin cəhdi nəticə vermədi. Yəni bizdə qlobal bir iş başlamaq istəmirlər. Bunsuz da heç nə olmur”. G.Arifqızının fikrincə, bu məsələlərin qarşısını almaq üçün KİV-də geniş təbliğatımız olmalmalıdır. “Lakin bu da yetərincə deyil”, deyə o əlavə etdi.

 

 

TengizAzərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurasının prezidenti həmyerlimiz Tengis Sade Baron zu Romkerhall bu barədə çoxlu müraciətlərin olduğunu dedi: “Aldığım məlumata görə, bu barədə heç kim konkret cavab verməyib. Mərkəzi Şuranın adından ABŞ prezidenti Barak Obamaya və BMT-nin baş katibi Pan Gi Muna da məktub yollamışıq. İndiyədək cavab yoxdur”.

 

 

Onun sözlərinə görə, əgər dövlət səviyyəsində bu iş alınmırsa, diaspor qurumları özəl təşkilatlardır deyə onları heç sayan da olmur.

 

 

Leyla KIaniİsveçdəki Xəzər Cəmiyyətinin sədri Leyla Kianinin fikrincə isə diaspor bu məsələ ilə əlaqəli heç bir addım atmır: “Səbəbi də odur ki, Ermənistan Avropa ölkələrinin vətəndaşlarından viza rejimini ləğv edib. Mənim İsveç pasportum var və bu o deməkdir ki, mən çox rahatlıqla, problemsiz Qarabağa (işğal olunmuş torpaqlarımıza) gedə bilərəm”.

 

 

L.Kianinin sözlərinə görə, bunun qarşısını almağın yeganə yolu torpaqların işğaldan azad olmasıdır.

 

 

Göründüyü kimi, diasporumuz heç də var gücü ilə bu məsələnin qarşısının almaq uçun səfərbər olmayıb. Hansı ki, ermənilərin separatist əməllərinin ifşa olunması diasporumuzun prioriteti olmalıdır. Onlar yaşadıqları ölkələrdə yerli əhalini xəbərdar etməlidir ki, qeyr-qanuni olaraq Dağlıq Qarabağa səfər etməsinlər. Öz növbəsində XİN də bu məsələ ilə bağlı mübarizədə yeni metodlar tapmalıdır. Əcnəbilərin belə səfərlərinin baş tutmaması üçün daha çox önləyici tədbirlər görülməlidir.

 

 

 

Fuad Hüseynzadə
“KarabakhİNFO.com”

04.11.2014 16:38

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*