Azərbaycanca

Ermənilərin Cənubi Qafqaza köçürülmə tarixi

01.03.2013 | 14:17

  Dəlilləri təhrif etmək, özgəninkini mənimsəmək, abidələri pozmaq və qazmaq, özgə torpaqlarını özünə çıxmaq və s. buna bənzər “yaxşılıqlar” etmək ermənilərin çox qədim hünəridir və buna onlar lap qədimdən alışmışlar…

                                                                                                                                                                                                                  İ.ÇAVÇAVADZE

1362131748_c.qafqaz

    Özlərini Qarabağın köklü əhalisi adlandırıb bunu az qalsın Qarabağda azərbaycanlılardan sayca üstünlükləri ilə izah edən, hətta 80-ci illərdə həmin üstünlüyü əsas gətirərək bu torpaqların Ermənistana verilməsi tələbini irəli sürən erməni xalqı bəlkə bununla absurdizm cərəyanının yaradıcılarının məhz onlar olduğunu sübut etmək istəyirlər?!Sözlərimi oxuyub peşəmin güldürmək olduğunu düşünənləri qınamadığımı bildirərək, əlavə etmək istəyirəm ki, bu, erməni reallığıdır və erməni reallığına gülməmək mümkün deyil.

   Hələ də bitmək bilməyən bu tragikomediya I Pyotrun zamanında başlandı.Öz xalqına parlaq keçmiş, inkişaf dolu gələcək bəxş edən bu çar, ölümünə az qalmış bizi də “yada saldı”-bizə qoyduğu miras erməni xəstəliyi oldu, yüzillərdir çarəsi tapılmayan xəstəlik…Bu elə bir xəstəlikdir ki, talasemiya kimi qan tələb edir.Könülsüz donorları da bizik.Hər yüz ildə 2-3 dəfə qanımızı axıtmasalar mümkün deyil.Hə, bir də torpaq tələb edir bu xəstəlik, daha doğrusu bu xəstəliyə yoluxmuş olan ermənilər. Xülasə, bu cür  ürəkbulandırıcı məsələləri çox davam etdirməyib əsas mətləbə keçək.

  Xəzəryanı vilayətləri işğal edən I Pyotr bir qədər düşünüb-daşındıqdan sonra erməniləri C.Qafqaza köçürərək burada erməni dövləti yaratmaq xəyalına düşdü.Bu ideyanın arxasında gizlənən məqsədləri belə qruplaşdırsaq  yanılmarıq:

    1)İran və Türkiyənin C.Qafqazdakı Rusiyanınkından daha böyük olan nüfuzuna qarşı bu bölgədə siyasi dayaqlarını yaratmaq;

    2)Şərqə dair gələcək planlarını həyata keçirməkçün Azərbaycanın, eləcə də İranın qapısı hesab etdikləri Qarabağda erməni üstünlüyünü təşkil etmək;

  3)Erməniləri Türkiyəylə sərhəddə yerləşən Naxçıvan və İrəvana köçürərək eyni soykökdən gələn iki qardaş millətin gələcəkdə baş tuta biləcək istənilən yaxınlaşmasının qarşısını almaq-bu məqsəd Rusiyanın sonrakı siyasətində, xüsusilə, sovet dövründə sərhədyanı bölgələrdən xalqımızın köçürülməsində daha aydın sezilir;

   4)Ticarətdə şöhrət qazanmış ermənilərdən Şərqlə ticarət əlaqələrini genişləndirmək üçün istifadə etmək-biz bu barədə S.N.Qlinkanın hələ 1831-ci ildə çapdan çıxmış, sonralar bir neçə dəfə təkrar nəşr olunmuş kitabından oxuyuruq: “Şərqdə öz ticarətini genişləndirmək istəyən Pyotr erməniləri nəzərindən qaçıra bilməzdi… O,faydalı həmvətəndaşlar kimi onları himayə etməyə  və qorumağa inandırmışdı(S.N.Qlinka, “Azərbaycan ermənilərinin Rusiya hüdudlarına köçürülməsinin təsviri”,Bakı, 1995, səh 8)

Ermənilərin Cənubi Qafqaza köçürülmə tarixi    Lakin əcəl Pyotrun bütün planlarını yarımçıq qoydu.Buna baxmayaraq xələfləri onun C.Qafqaza dair ideyalarını unutmadılar və bu ideyalar XIX əsrin əvvəllərindən yenidən canlanmağa başladı.O zamanlar Azərbaycanda yad bir xalqa dövlət yaratmaq üçün münbit şərait var idi: məhsuldar,əlverişli torpaqlar,siyasi düşüncələri idarə etdikləri tayfayla,kəndlə şəhərlə məhdudlaşan rəhbərlər və düşməniylə dostunu ayıra bilməyəcək qədər saf, hər şirin sözə aldanan Azərbaycan xalqı.Bundan gözəl şəraitmi olar?!Qərbi Azərbaycanda Ermənistan dövlətini yaratmaq üçün bircə şey çatmırdı-erməni xalqı…Bu son dərəcə “kiçik” çatışmazlığın həlli isə rus hökumətinin əlində çətin bir şey deyildi.Beləliklə, bir-birilə paralel surətdə aparılaraq, ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi və bunun müqabilində Azərbaycan xalqının öz yurdundan didərgin salınmasını özündə birləşdirən və iki əsrə yaxın  davam edən qanlı-qadalı bir proses başlandı.Azərbaycana ilk erməni köçürmələri Kürəkçay müqaviləsindən(1805-ci il) sonra Qafqaz qoşunlarının baş komandanı Sisianovun təşəbbüsüylə baş tutdu. O, Qarabağda mövqeyini möhkəmləndirmək üçün Zaqafqaziyanın digər əyalətlərindən erməniləri bura köçürdü.Daha böyük köçürmələr isə Türkmənçay müqaviləsindən sonra həyata keçirildi.Erməni katalikosu Nerses Aştaragetsi İrandan ermənilərin köçürülməsini özündə əks elətdirən layihə hazırladı və bu köçürməyə müqavilənin XV maddəsiylə hüquqi don da geydirildi.Sözügedən maddənin hazırlanmasında və müqaviləyə salınmasında rus yazıçısı, Rusiyanın İrandakı səfiri, ermənipərəst  A.S.Qriboyedovun da böyük əməyi olmuşdur.O, köçürülmələrlə əlaqədar yazırdı: “Ermənilərin çox hissəsi müsəlman mülkədarlarının torpaqlarında yerləşdirilmişdir.Yayda hələ buna yol vermək olardı.Onda torpaq sahibi olan müsəlmanların əksəriyyəti yaylaqda idi və başqa dinə qulluq edən gəlmələrlə az görüşürdülər”(A.S.Qriboyedov, “Сочинения в 2-х томах”,Moskva,1971,səh 340)

   Bəli, ermənilər Azərbaycanın ən münbit , barlı-bərəkətli torpaqlarında yerləşdirilir, hətta müsəlmanların artıq əkib-səpdikləri sahələr zorla əllərindən alınıb onlara verilirdi.Təbii ki, belə vəziyyət azərbaycanlıları narazı salmaya bilməzdi.Bu narazılığı duyan Qriboyedov qeyd edirdi: “Biz onunla(knyaz Arqutinski-V.H.) həmçinin müsəlmanları ağırlaşmış vəziyyətləri ilə necə barışdırmaq, erməniləri onların torpaqlarını həmişəlik tutmayacaqlarına inandırmaq barədə də fikir mübadiləsi aparırdıq(A.S.Qriboyedov, “Сочинения в 2-х томах”,Moskva,1971,səh 341)

   Göründüyü kimi ruslar bir tərəfdən azərbaycanlıları ermənilərin onların torpaqlarında müvəqqəti qalacaqlarına inandırmaqla məşğul idilərsə digər tərəfdən polkovnik Lazarev “siz həmişəlik hər şeyi alacaqsınız” deyə  daimi torpaqlar,əbədi xoşbəxtlik və firavanlıq vəd edirdi. Milliyətcə erməni olan Lazarev Qafqaz canişini İ.F.Paskeviç tərəfindən erməni köçürülmələrini həyata keçirən müvəqqəti komitəyə rəhbər təyin edilmişdi.Qatı milliyətçi, digər erməni “ziyalıları” kimi “Böyük Ermənistan” xülyasıyla yaşayan Lazarev bu işdə xüsusi canfəşanlıq göstərirdi.Onun İ.F.Paskeviçə göndərdiyi hesabatından aydın olur ki,cəmi bir neçə ay ərzində İrandan Azərbaycana 8249 erməni ailəsi(təxminən 40 min nəfər) köçürüb(S.N.Qlinka, “Azərbaycan ermənilərinin Rusiya hüdudlarına köçürülməsinin təsviri”,Bakı, 1995, səh  57) Köçürülmənin miqyasını daha aydın təsəvvür etmək üçün Lazarevin hesabatından bir məqama diqqət yetirək.O, İran hökumətinin köçürülmələrdən narazı olduğunu bildirərək əlavə edirdi: “Hökumət gözləmədiyi halda demək olar ki, ermənilərin hamısının köçməsini gördü və çoxlu zəhmətkeş təbəə itirməsinin onun  üçün nə qədər mühüm olduğunu hiss elədi(S.N.Qlinka,göstərilən əsəri,səh 53)

   Buradan belə aydın olur ki, İranda demək olar erməni qalmamış,  onların hamısı Şimali Azərbaycana köçürülmüşdü.Ermənilər əsasən İrəvan, Naxçıvan və Qarabağda yerləşdirilirdi.Bu torpaqlarda tədricən gələcək erməni dövlətinin təməlləri qoyulurdu. Çox keçmir ki,İrəvan və Naxçıvan xanlıqlarının ərazisində erməni vilayəti yaradılır(Nikolayın 21 mart 1828-ci il fərmanına əsasən)XX əsrin I rübündə Qarabağın dağlıq hissəsində erməni muxtariyyətinin əsasının qoyulması və son Qarabağ hadisələri bu heç bir məntiqə sığmayan prosesin məntiqi nəticəsiydi.Əgər Lazarev erməniləri gələcəkdə qurulacaq  dövlətlərinin mərkəzi kimi baxdıqları İrəvanda yerləşdirməyə üstünlük verirdisə, digər bir erməni qaniçəni general Madatov öz xalqını Qarabağa köçürərək burada erməni mərkəzi yaratmağa səy göstərirdi.

    Rus-türk müharibəsinin(1828-1829-cu illər) gedişində və müharibədən sonra Azərbaycana yeni erməni axını başladı.Hələ XX əsrin əvvəllərində görkəmli  publisist və naşir V.L.Veliçko yazırdı ki, “hər bir qafqazlı bilir ki, bura ermənilərin əksəriyyəti XIX  əsrin I yarısında Türkiyədən qaçıb gəlmişlər,onlar yerli əhali deyillər(V.L.Veliçko, Kavkaz. “Русское дело и межплеменные вопросы”,S.Peterburq,1904,səh 63)

   Ədirnə müqaviləsindən sonra Ərzurum,Qars və Bəyaziddən 90 minə yaxın erməni köçürüldü.Köçürülənlər Axaltsix, Axalkalaki, Borçalı ilə bərabər İrəvan, Zəngəzur, Qarabağ torpaqlarında yerləşdirilirdi.Bu köçürülməni, Maqda Neyman da təsdiqləyir: “1828-ci ildə Türkmənçay müqaviləsi bağlandıqdan sonra 40 min İran ermənisi Paskeviçin başçılığıyla Qafqaza köçürülmüşdür.Ədirnə sülh müqaviləsindən sonra Türkiyə ermənilərinin də taleyi belə oldu.Ərzurumdan və başqa vilayətlərdən  arxiyepiskop Baqratuninin başçılığıyla 90 min nəfər Qafqaza köçmüşdür(Maqda Neyman, “Ermənilər, onların tarixi  və müasir vəziyyəti”,S.Peterburq,1899,səh 24)

   Dilini yalana öyrədənin ağzının xətası çox olar. Əzəldən yalançılığı özlərinə peşə seçmiş ermənilər və onların alimləri nə qədər Qarabağ və Qərbi Azərbaycanın aborigen əhalisi olduğunu, bu torpaqlarda sayca azərbaycanlılardan həmişə üstünlüklərini, hətta özlərinin deyil azərbaycanlıların buralara gəlmə olduğunu söyləsələr də çox vaxt özləri özlərini təkzib edirlər.Yaddaşları arada-bir gedib-gələn ermənilər, görünür unutqanlıq xəstəliyinə də tutulublar.Onların yaddaşlarını azacıq da olsa bərpa etmək üçün bəzi məsələləri xatırlatmağı özümüzə borc bilirik.Bunun üçün yazar,publisist İslam Sadıqın uzun illər boyu apardığı tədqiqatlarına müraciət edib, onun erməni tarixçilərinin kitablarında aşkarladığı bəzi məqamlara, daha dəqiq desək erməni alimlərinin özünü təkzibinə diqqət yetirək: “Qərindən köçürülən 7300 ailə, Axalsixi və Axalkalakidə, Qarsdan köçürülən 2500 ailə Şirak və Talində, Bəyaziddən köçürülən 4215 ailə Göyçə gölünün sahilində məskən saldılar” (B.H.Arakelyan , S.P.Ağayan, V.A.Parsamyan; “История,армйанского народа”, 7-8-ci siniflər üçün dərslik, Yerevan, 1988,səh 138)

   Baxın, həqiqət özü-özünü müdafiə edir.Nə qədər yalan üzərində gəzişirsən gəziş, bir gün doğruya da ayaq basacaqsan və o zaman həmin doğru ayağa qalxıb bütün yalanlarını bir-bir üzünə çırpacaqdır.

   Beləliklə, 1828-1830-cu illərdə İran və Türkiyədən Azərbaycana rəsmi olaraq 124 min erməni köçürüldü.Qeyri-rəsmi köçürülənləri də nəzərə alsaq onların 200 min nəfərdən çox olduğunu söyləyə bilərik.Bu köçürülmələr nəticəsində İrəvan və Naxçıvanla birgə Qarabağ əhalisinin də etnik tərkibi kəskin dəyişikliyə məruz qaldı. 1823-cü ildə Yermolov və Moqilyevski tərəfindən tərtib olunmuş vergi sənədinə görə həmin vaxt Qarabağda yaşayan 20095 ailədən 4366-sı(21,7%) erməni ailəsi olmuşdur( Az.SSR EA-nın xəbərləri, tarix, fəlsəfə və hüquq seriyasından, 1988, N3,səh 42)  Sənədin tərtibində duyulan ermənipərəst, şovinist əhval-ruhiyyənin rəqəmlərə təsir edib-etmədiyini deyə bilmərik, amma qeyd etməliyik ki, Kürəkçay müqaviləsindən keçən 18 il ərzindəki  köçürülənlər və qreqorianlaşmış albanları da hesaba almaqla siyahıdakı erməni ailələrinin sayı 4366-ya çatmışdır.1832-ci ilin rəsmi siyahıya alınmasında isə Qarabağ əhalisinin 64,8%-ni müsəlmanlar,34,8%-ni isə ermənilərin təşkil etdiyi göstərilmişdir.

   Faktlardan da göründüyü kimi ermənilərin Azərbaycan torpaqlarına köçürülməsində  onların sayılmış-seçilmiş adamları yüksək fəallıq,canfəşanlıq nümayiş etdirmişdir: katalikos Aştaragetsi, polkovnik Lazarev, general Madatov, arxiyepiskop Baqratuni və s.Əgər katalikos Aştaragetsi ermənilərin köçürülməsi layihəsini hazırlamışdısa Lazarev bu layihəni həyata keçirmişdi.Bunlar hələ bu yazı daxilində müəyyən fəaliyyətlərinə rast gəldiyimiz şəxslərdi.Ermənilərin Azərbaycana köçürülməsində, yerləşdirilməsində,azərbaycanlıların yurd-yuvalarından qovulmasında iştirak edən ermənilərin sayı isə qat-qat çoxdur.Vəzifəsindən asılı olmayaraq bu insanları bir arzu, bir ideya birləşdirirdi: “Böyük Ermənistan”.Bu erməni tamaşasında erməni kilsə xadimlərinin rolu daha çox diqqət cəlb edir.Məhz kilsə xadimləri əsrlər boyu xalq arasında təbliğat aparmış və “Böyük Ermənistan davasını”  unudulmağa qoymamışdır.Bu fakt o dövrün bir çox bitərəf tarixçilərinin əsərlərində də əksini tapıb. Rusiyanın Van və Ərzurumdakı baş konsulu (1895-1897) Mayevski xatirələrində sözügedən məsələyə toxunaraq yazırdı: “Erməni ruhanilərinin dini fəaliyyəti olduqca cüzidir.Lakin bunun əvəzində onlar həmişə millətçilik ideyalarını himayə etmək zəminində əlindən gələni əsirgəmədən səylə çalışır.Şərqin başqa xristian xalqlarında olduğu kimi ermənilərdə millətçilik ideyaları yüzilliklər ərzində bir-birindən uzaq, lakin saysız-hesabsız monastırların himayəsi altında olmuşdur.Həmin monastırlarda keşişlər “Allah kəlamlarının” təbliğindən daha çox xristianlarla müsəlmanların milli ədavətini müdafiə etmək üçün çalışırdılar”(Rusiyanın Van və Ərzurumdakı baş konsulu Mayevskinin xatirələri”,Bakı,1994,səh 11)

    Daha sonra erməni kilsələrinin təsiri ilə erməni komitələri və partiyaları yaradıldı.Bu terrorçu təşkilatlar nasizm ideyalarını almanlardan çox-çox əvvəl mənimsəmiş və özlərinə əsas istiqamət olaraq seçmişdilər…

   Qarabağa erməni axını sonralar da davam etdi. 1853-1854, 1877-1878-ci illər rus-türk müharibələri zamanında,bundan başqa XIX əsrin 90-cı illərində Türkiyədə cərəyan edən hadisələr nəticəsində C.Qafqaza o cümlədən Qarabağa yüz minlərlə erməni köç etdi, yaxud köçürüldü.Böyük Sovet Ensiklopediyasının ilk nəşrinin 3-cü cildində(1926-cı il) dərc edilmiş “Erməni məsələsi” məqaləsində deyilir: “Ermənilər bütün törətdiyi kütləvi qırğınların cavabını nəhayət 1896-cı ildə aldı və həmin il 300 min erməni Türkiyədən qaçıb Qafqazda və Rusiyanın başqa yerlərində məskən saldı(V.Qurko Kryajin,Армянский вопрос (статя из Советской Энциклопедии 1926 года издания) Баку,1990,səh 9)

   Amerika alimi Castin Makkarti Azərbaycana erməni köçürmələrinə münasibət bildirərək deyirdi ki,1828-1920-ci illərdə 2  milyondan çox müsəlman yaşadıqları ərazilərdən sürgün olunmuş,dəqiq məlum olmayan sayda insansa öldürülmüşdür.Onun fikrinə görə Şərqi Anadoluya  2 dəfə (1828 və 1854-cü illərdə) hücum edən ruslar qayıdarkən 100 min ermənini özləriylə gətirmiş və sürgün olunmuş və qətlə yetirilmiş azərbaycanlıların yerində yerləşdirmişdir.Tanınmış Türkiyə tarixçisi Sədi Koçaş “Tarixdə ermənilər və türk-erməni münasibətləri” kitabında yazır ki, “Gümrü,İrəvan və Göyçə gölündən şərqdəki bölgədə ermənilərin sıxlığını saxlamaq yalnız sonradan, Türkiyədən köçən 200 minə qədər erməninin oradan qovulmuş müsəlmanların yaşadıqları kəndlərə yerləşdirilməsi sayəsində mümkün olmuşdur”(Sədi M. Koçaş, “Tarixdə ermənilər və türk erməni münasibətləri”, Bakı, 1998 , səh 133)

   Zaqafqaziyada yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxunun bura gəlmə olduğunu söyləyən Şavrov yazırdı: “1896-cı ildə general-adyutant Şeremetyev məktubunda köçüb gələnlərin sayını təqribən 900 min nəfər göstərmişdir.1908-ci ildə isə  kişili qadınlı 1 milyon 300 min nəfər erməni vardı, yəni bu müddət ərzində ermənilərin sayı azı 400 min nəfər çoxalmışdı.Təbii artımı nəzərə alsaq  məlum olar ki, 13 il ərzində  300 mindən çox erməni yerləşdirmişik(Şavrov.N.İ., “Новая угроза русскому делу взакавказье”, S.Peterburq,1911,səh 61)

   1897-ci ildə əhalinin siyahıya alınması zamanı Qarabağda yaşayan 54841  ailənin 29350-si azərbaycanlı,18616-sı erməni,qalanlarının isə başqa xalqlara mənsub olduğu göstərilmişdir.1917-ci ildə isə Qarabağda yaşayan (1917-ci il Qafqaz kalendarına istinadən) 574194 nəfərdən 317861-i azərbaycanlı 243627-si erməni,qalanları isə ayrı xalqların nümayəndəsi olmuşdur(Az.SSR EA-nın xəbərləri, tarix,fəlsəfə və hüquq seriyasından,1988,N3,səh 43). Göründüyü kimi XIX əsrin əvvəllərindən başlayaraq 100 il ərzində ermənilərin Qarabağa köçürülməsinə baxmayaraq XX əsrin əvvəllərinə kimi azərbaycanlılar bu bölgədə ermənilərdən sayca üstün olmuşlar.

   Q. A. Koçaryan adlı özünü alim hesab edən birisi isə “Dağlıq Qarabağ” anlayışının olmadığı 1921-ci ildə “Dağlıq Qarabağda yaşayan əhalinin” 94,4%-nin erməni olduğunu iddia edir.Əcəb tarixçiləri var ermənilərin,sanki özlərinə söz veriblər ki,cümlələrini yalanla başlayıb yalanla da bitirəcəklər.Ümumiyyətlə ermənilərin olmayan tarixlərindən cild-cild  kitablar yazmaqları mənə qəribə gəlir.Amma bir az dərindən düşünəndə görürəm ki, burda təəccüblü bir şey yoxdu.Bizim də əfsanələrimizi, nağıllarımızı toplasaq 100 cildlik kitaba ancaq sığışar.Bir xalqın ki, tarixi əfsanələr üzərində qurula, bir xalqın ki, “tarixçiləri” köklərinin Nuh Peyğəmbərə dayandığını yaza,onlardan nə gözləmək olar?!Qara dənizdən Aralıq dənizinə kimi, Qarabağ dağlarından Ərəbistan səhralarınadək iddia edən bu utopistlərin özlərinin deyil, azərbaycanlıların Qafqaza gəlmə olduğunu söyləmələri niyə təəccüb doğurmalıdır ki?!

Ermənilərin Cənubi Qafqaza köçürülmə tarixi   XX əsrin əvvəllərində Qarabağda əhalinin etnik durumu başqa hal aldı.1905-1906, 1917-1920-ci illərdə Azərbaycanın digər yerlərində olduğu kimi Qarabağda da erməni qırğınları baş verdi.Bu qırğınlar nəticəsində oradakı azərbaycanlıların fiziki məhviylə yanaşı müəyyən qədəri də bu torpaqlardan köç etmək məcburiyyətində qaldı.Başqa cür desək Qarabağın köklü əhalisi olan azərbaycanlılar öz torpaqlarından didərgin salınırdılar.Daşnaqların “təmizləmə” siyasəti haqqında erməni tarixçisi Z. Qorqodyan yazır: “Daşnaqların “təmizləmə” siyasəti sayəsində 1919-cu ilədək hesabatda uzaqlaşdırılmış(qovulmuş) türklər 200000 nəfər,1920-ci ildə 60000 nəfər təşkil edir”(“Didərginlər”,Bakı,1990,səh 291)

   Belə vəziyyət Qarabağın etnik tərkibinə təsir etməyə bilməzdi. Axı ermənilərdən fərqli olaraq Qarabağa başqa yerlərdən azərbaycanlı köçürülmələri təşkil olunmurdu.1921-ci ildə Qarabağın ayrılmaz hissəsi olan  Zəngəzur qəzası Sovet rəhbərlərinin təşəbbüsüylə  Ermənistan SSR-yə verildi.1923-cü ildə isə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı.Sovet rəhbərləri tarixi Qarabağ ərazisində  heç bir zaman erməni üstünlüyü yarada bilməyəcəklərini görüb belə bir addım atmışdılar.Ermənilər artıq öz muxtarlıqlarında bizdən sayca üstün olduqlarını döşlərinə döyə-döyə söyləyə bilərdilər.Professor Nazim Axundov haqlı olaraq deyirdi ki, “Qarabağ birdir, onun dağı da var, aranı da. Hazırda (1990) Qarabağda milyon nəfərdən çox əhali yaşayır ki, onun yalnız onda bir hissəsi ermənilərdi ( “Qarabağnamələr”,II cild,Bakı,1991,səh 479)

   Sovet dövründə də ermənilərin Azərbaycana, eləcə də Qarabağa köçürülməsi davam etdi.Yenə İslam Sadıqın tədqiqatlarına,erməni müəlliflərinin kitablarından etdiyi tərcümələrə müraciət edək: “1946-cı ilin iyulunda ermənilər kütləvi şəkildə xaricdən gəlməyə başlamışlar.3 il ərzində Suriyadan, İraqdan, İrandan, Fələstindən,Livandan,Fransadan… Sovet Ermənistanına yüz mindən çox erməni köçüb gəlmişdir (V.A.Parsamyan, S.P.Paqosyan, Ş.R.Artunyan, “История, армйанского народа”,8-ci sinif üçün dərslik,Armuçpedqiz,1962,səh 294)

   Deməli, təkcə 3 il ərzində 100 mindən çox erməni köçürülmüşdüsə 70 il ərzində köçürülənlərin sayının 1 milyonu adlaması realdır.Ermənilər tarixi Azərbaycan torpaqları olan Ermənistandan başqa,ən çox Qarabağda yerləşdirilirdi.Bunun müqabilində  Qərbi Azərbaycanda-Ermənistan SSR-də yaşayan bütün azərbaycanlılar 1948-1952, 1988-1989-cu illərdə deportasiya olundular.Deportasiya olunanların Dağlıq Qarabağa köçmələrinə isə icazə verilmədi.1978-ci ildə Mardakert-Ağdərə rayonunda ermənilərin “Bölgəyə gəlişimizin 150-ci ili” abidəsini ucaltmaları onların Qarabağa gəlmə olduqları faktının özləri tərəfindən ən böyük etiraflarından biri idi.80-ci illər hadisələrinin başlanmasıyla bu abidə ermənilər tərəfindən dağıdıldı. Beləliklə ermənilər bir tərəfdən Qarabağın yerli xalqı məhz onların olduğuna dünyanı inandırmaq üçün əllərindən gələni edirdilərsə, digər tərəfdən özləri özlərini ifşa etməklə gülünc vəziyyətə düşürdülər. Ermənilərin Qarabağa gəlmə olduğunu sübut edən başqa faktlar da var. Məsələn, Qarabağda yaşı 200-ə çatan bir dənə də olsun erməni qəbiristanlığı yoxdur.

 Vüsal Həsənoğlu

 “KarakhİNFO.com”

01.03.2013 14:17

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*