Azərbaycanca

Ermənistan öz ölkəsinin taleyi ilə bağlı nəyə və ya kimə arxayındır?

07.11.2013 | 15:50
1383825769_800px-yerevan-sunsetÖtən yazıların birində işğalçı Ermənistan hakimiyyətinin Dağlıq Qarabağda məskunlaşdırdığı ermənilər haqqında detallı məlumat vermişdim. Həmin yazıda iqlim və zəngin torpaqların Ermənistan hakimiyyəti üçün orada məskunlaşdırmaq istədiyi ermənilərə verilən ən böyük vəd kimi qeyd olunurdu. Xüsusilə, bu vədlər Suriyada vətəndaş müharibəsi məngənəsində boğulan ermənilərə verilir. Amma məsələnin digər tərəfi də ondan ibarətdir ki, aparılan araşdırmalar zamanı məlum olur ki, Suriyadan köçürülən ermənilər Dağlıq Qarabağda məskunlaşmaq istəmir. Hətta bəzi erməni politoloqlar məsələnin şişirdildiyini və Suriya ermənilərinin Qarabağda yaşamaq istəmədiyini bildirirlər. Səbəb kimi, bunun təhlükəli olduğunu, hətta ermənilərin özlərinin Qarabağdan qaçmaq üçün fürsət axtarması ilə izah edirlər. Bəlkə elə buna görədir ki, hələ bir il öncə Ermənistan rəhbərliyi Suriyadan qaçan ermənilər üçün İrəvan yaxınlığında “Yeni Hələb” adlı yaşayış məskəni tikməyə qərar vermişdi. Ölkənin diaspor naziri Hranuş Hakopyan verdiyi açıqlamasında bildirmişdi ki, İrəvan yaxınlığındakı Araqatsot ərazisində tikiləcək “Yeni Hələb”ə ilkin mərhələdə 600 ailə yerləşdiriləcək.   Ermənilərin işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarda yaşamaq istəməməklərinin səbəblərindən biri kimi, onların köçmələrinə və yaşamaq üçün əlverişli şərait yaratmalarına dəstək məqsədilə konkret dövlət proqramının olmaması göstərilir. Hadisələr başlayan zaman Suriyada çox sayda erməni sahibkar öz biznesini Ermənistana daşımaq istədi, amma tarixi vətənlərinə gəlib, “oradakı oyun qaydaları ilə” tanış olduqdan sonra bu istəkdən vaz keçdilər. Ermənistandakı qanunlar və qanunsuzluq onları qorxutdu. Onların fikrincə, Ermənistanda iqtisadi sahəni tənzimləyən qanunlar səmərəli biznes üçün şərait yaratmır. Hətta o zaman Suriyadan Ermənistana pənah gətirmək istəyən bir erməni sahibkarın fikirləri daha çox diqqəti çəkir: “Ermənistanda vergilər çox yüksəkdir və qanun çərçivəsində fəaliyyət göstərsən müflis olmaq olar, amma ən pisi odur ki, bu qanunlar da çox vaxt işləmir. Ermənistanda diaspor ermənilərinə, xüsusən sahibkarlara necə münasibət olduğu hamıya məlumdur – hansısa məmurla sövdələşib, rüşvət vermək, haradansa ortaya çıxan “yaxşı oğlanlara” pul vermək və bütün bunlarla yanaşı yüksək vergi ödəmək lazımdır. Ümumiyyətlə, Ermənistandakı biznes mühiti Suriya ermənilərini tarixi vətənlərində investisiyalara niyyətindən daşındırır” – deyə erməni sahibkar bildirmişdi.   Ermənilər nəinki Dağlıq Qarabağda, Ermənistanda yaşamağı belə özləri üçün təhlükə kimi görür. Məsələ o qədər ciddiləşib ki, dünya mətbuatı da məsələyə diqqət çəkir. Rusiyanın “Sobesednik” nəşrinin saytında dərc edilən məqalədə sadə bir suala cavab axtarılıb. “Görəsən, ermənilər niyə Ermənistanda yaşamaq istəmir?” Nəşrdə İrəvan Dövlət Universitetinin professorlarından birinin sözləri sitat kimi göstərilib. O bildirib ki, Ermənistan əhalisinin 35 faizi yoxsulluq göstəricisindən aşağı həddə yaşayır. “Ən qüssə gətirən hal odur ki, perspektiv olmaması səbəbindən bizim xalq özünün quruculuq qüvvəsinə inamını itirib” – deyə İDU-nun kulturologiya kafedrasının rəhbəri Hamlet Petrosyan bildirib.   Erməni ekspert Qalust Qriqoryan da həmin məsələyə toxunaraq qeyd edib ki, Ermənistanda əhalinin vəziyyəti faciəli hal alıb: “Ermənistandakı faciəli vəziyyət haqqında çox yazılıb. Ölkənin və xalqın qaranlıq gələcəyi ilə bağlı indiyə qədər çox yazılsa da, heç bir keyfiyyət dəyişikliyi baş verməyib. Hakimiyyət ölkədəki problemlərin həlli üçün heç bir addım atmır. Nəticədə problemlər qar topası kimi çoxalmaqdadır. Ermənistan hakimiyyətinin suveren qərar qəbul etməsi üçün siyasi kapitalı tükənib. Ermənistan vətəndaşlarının qarşısında dayanan təhlükə təkcə ölkənin müstəqilliyi və suverenliyinin əsas elementlərinin məhv olması deyil. Əsas təhlükələrdən biri insan resursunun məhv olmasıdır. Sərkisyanın başçılıq etdiyi kriminal-oliqarx rejimin həyata keçirdiyi siyasət nəticəsində hər il Ermənistanı minlərlə əmək qabiliyyətli insanlar tərk edir”.   Ermənistan öz ölkəsinin taleyi ilə bağlı nəyə və ya kimə arxayındır?Ermənistan əhalisinin ölkəni tərk etməsi məsələsinə Ermənistan Milli Konqresinin fraksiya rəhbəri Aram Manukyan da münasibət bildirib. Parlamentdə keçirilən büdcə dinləmələri vaxtı Manukyan bildirib ki, əgər ölkədəki vəziyyət belə davam edərsə, 5 ildən sonra büdcə gəliri üzrə komitə vergi yığmağa heç kimi tapmayacaq: “Kiçik və orta biznes sahəsində rəsmi qeydiyyatdan keçənlərin sayı 20 faiz, investisiya yatırımı 60 faiz azalıb. Bu halda hansı vergi artımından danışmaq olar? Belə davam edərsə, 5 ildən sonra vergi təyin etməyə heç kim tapılmayacaq”.   Ermənistan öz ölkəsinin taleyi ilə bağlı nəyə və ya kimə arxayındır?Əhalinin Ermənistanı tərk etməsinin sosial səbəbləri ilə yanaşı, həm də hüquqi tərəfləri var. Ölkədə insan hüquqlarının vəziyyəti olduqca acınacaqlıdır. Bunun nə dərəcədə bərbad olduğunu göstərən ən ciddi fakt onların iç üzünü, işğalçı siyasətini, mahiyyətini dünyaya çatdıran moldovalı ombudsman Aureli Qriqoriuya qarşı edilənləri xatırlamaq kifayətdir. Faktiki ölüm təhdidi ilə üzləşən xanım ombudsman İrəvandan diplomatların köməyi ilə qaçırıldı. Bugünlərdə Almaniya qəzetlərindən birinə müsahibəsində moldovalı ombudsmanın dedikləri Ermənistandakı real mənzərəni canlandırır. “Ermənistanda insan haqlarının pozulması, demokratik proseslərlə imitasiya davam edir. Bu ölkədə qanunun aliliyinə əməl olunmur. Hüquqi dövlət və insan haqlarına hörmət haqqında gedən bütün danışıqlara baxmayaraq, bu ölkədə insan haqlarına hörmət edilmir. Hökumət orqanları tərəfindən bu vəziyyəti düzəltməyə cəhd belə göstərilmir. Və yaxın gələcəkdə də vəziyyət dəyişməyəcək. Elə olmasa idi, Ermənistan hakimiyyətinin mənə-əcnəbi dövlətin insan haqları üzrə müvəkkilinə, bir qadına qarşı hərəkətini necə izah etmək olardı?”  – deyə moldovalı ombudsman bildirib.   Bəs Ermənistan öz ölkəsinin taleyi ilə bağlı nəyə və ya kimə arxayındır? Rusiyaya? Gömrük İttifaqına qoşulmaq iradəsini ortaya qoymaqla Dağlıq Qarabağı Rusiyanın tam nəzarətinə verəcəyini düşünür?  Axı qondarma qurumun “baş nazirinin müavini” Artur Ağabekyanın özü belə bu xəyala inanmır: “Madam ki, Rusiya Gömrük İttifaqı məsələsində Ermənistana Dağlıq Qarabağla təzyiq edib, o zaman tezliklə biz Kremlin hansısa ”təhlükəsizlik qarantlarını” və ya konkret addımları görməliyik. Hansı konkret addımları? Məsələn, Stepanakert aeroportu çoxdan hazırdır, ancaq uçuşlar həyata keçirilmir. Rusiyanın qarantlarından biri məhz aeroportun istifadəsi ilə bağlı ola bilərdi. Özü də təkcə mülki yox, həm də hərbi məqsədlə istifadəsi üçün”.   Erməni separatçısı növbəti “konkret addım” qismində Rusiya ordu hissələrinin Qarabağda yerləşdirilməsini görür. Sitat: “Düzdür, bunun üçün Sərkisyanın Gömrük İttifaqına üzvlük barədə bəyanatı yetərli deyil, Minsk Qrupu həmsədrlərinin də razılığı olmalıdır – bu da ki, çətin baş tuta…”   Ermənistan öz ölkəsinin taleyi ilə bağlı nəyə və ya kimə arxayındır?“Helsinki təşəbbüsü -92″ komitəsinin Qarabağ üzrə koordinatoru, hüquq müdafiəçisi Karen Ohacanyan erməni saytlarından birinə müsahibəsində Ermənistanın Gömrük İttifaqına qoşulmasını Dağlıq Qarabağın təhlükəsizliyi ilə əlaqələndirməyin əleyhinə olduğunu söyləyib. Onun fikrincə, Rusiya Azərbaycanın Qarabağa hədələrinin qarşısını almağa qadir deyil. Ohacanyanın qənaətincə, Rusiyanın hazırda elə bir güc-imkanı yoxdur ki, Qarabağ məsələsində zəmanət versin: “Bundan əlavə, hazırda situasiyanın inkişafı o istiqamətdə gedir ki, elə bir məqam yetişəcək Rusiya Azərbaycanın Qarabağa hücumunu önləyə bilməyəcək. Çünki öz ziyanına bircə addım da atmayacaq. Məhz bu səbəbdən mən Ermənistan hakimiyyətinin addımına neqativ yanaşıram, xüsusən də bu addım Dağlıq Qarabağın, necə deyərlər, təhlükəsizliyi ilə əlaqələndiriləndə. Rusiya Dağlıq Qarabağın təhlükəsizliyinin qarantı ola bilməz. O hətta heç Qarabağın müstəqilliyini tanımayıb. Yəni özünün qarantiyası ilə əslində beynəlxalq hüquq normalarını tapdamaqdır” – deyə erməni hüquq müdafiəçisi bildirib.   Bütün bunlardan o nəticə çıxır ki, Ermənistan mövcud daxili vəziyyətini və regionda gedən geopolitik dəyişikləri nəzərə alaraq siyasətində dəyişiklik etməsə, qısa zaman kəsiyində arxalandığı diasporu belə onu fəakətdən qurtara bilməyəcək.     Seymur Həsənli   “KarabakhİNFO.com”
07.11.2013 15:50

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*