Azərbaycanca

“Ermənilərin genefondumuza vurduğu ziyan madiyyatla ölçülə bilməz”

27.12.2012 | 11:36

1356593599_1Məlumdur ki, Azərbaycan türklərinin tarixi dədə-baba torpaqlarında sonradan məskunlaşan ermənilər gəldikləri andan bu torpaqlara sahib olmaq iddiasındadırlar və onlara xaricdən havadarlıq edənlər də çoxdur. Başımıza gələn faciələrin məhz böyük bir qismi də bu məkrli planlarla bağlıdır.

Qan yaddaşımızı unutmamaq üçün məlum həqiqətlərdən bəhs edən kitablar yazmaq, məlumatlar toplayan ziyalılarımızdan biri də tarixçi, tədqiqatçı, Bakı Slavyan Universitetinin “Azərbaycanşünaslıq tədris-mədəniyyət mərkəzi”nin elmi işçisi Nazim Tapdıqoğludur. 40-a qədər kitabın müəllifi olan N.Tapdıqoğlu araşdırmalarında ermənilərin yersiz torpaq iddialarından bəhs edən məqamlara, Qarabağdakı toponimlərə və Qarabağ müharibəsində itirdiyimiz maddi və mənəvi dəyərlərimizə yer ayırıb. Müəllifin sonuncu – “Azərbaycan faciələrinin təqvimi” adlı kitabında isə bu məsələlər xüsusilə qabardılıb. Bu və digər məqamlar barədə “Karabakhinfo.com”e-jurnalına  N.Tapdıqoğlunun özü məlumat verdi.

“Qarabağın bütün yaşayış məntəqələrində olmuşam. Bu bölgə mənə həm də orada doğulduğum üçün doğmadır. Əvvəllər Qarabağla bağlı araşdırmalar aparmağa xüsusi marağım var idi, amma sonradan elmi yaradıcılığımla bağlı  bu zərurətə çevrildi. Qeyd edim ki, itirdiyimiz kəndlərin sayı 880 olub ki, bunun 400-də olmuşam. Füzuli şəhərində dünyaya gəldiyim üçün ermənilər tərəfindən dinc sakinlərin başına gətirilən müsibətlərin bilavasitə şahidi olmuşam. Nəticədə onlarla kitab yaranıb ki, onlardan biri də sonuncu “Azərbaycan faciələrinin təqvimi” adlanır. Bu vəsaitdə XIX əsrin əvvəllərindən müasir günümüzə kimi baş vermiş faciələrimizi, həmçinin Qarabağ müharibəsi zamanı şəxsi müşahidələri əks etdirməyə çalışmışam. Azərbaycanın ayrı-ayrı illərdə üzləşdiyi fəlakət və faciələrin təqvim tarixləri toplanıb. Kitabda təqvimin xronoloji ardıcıllıqla düzülən hər bir gününün müxtəlif faciəli hadisələri əks olunub, ilin 365 gününün hər günü ayrı ayrılıqda araşdırılıb. Qeyd olunmuş faciələrin 50 faizdən  çoxu ermənilər tərəfindən törədilib. Uzun illər topladığım bu mühüm materialları övladlarımıza ibrət olsun deyə tarix üçün, gələcək üçün qələmə almışam. Hesab edirəm ki, Azərbaycan xalqının tarixi haqqını, şərəfini qorumaq ictimai fikrimizin əsas vəzifəsi olmalıdır. Çünki Azərbaycan xalqı minlərlə dünya xalqları içərisində başı ən çox bəlalar çəkən, haqqı daha çox tapdanan, saysız-hesabsız fəlakətlər görən, faciələr yaşayan 10 xalqdan biridir”.

Kitabda ermənilərin uzun zaman Azərbaycan türkünə qarşı törətdiyi qanlı hadisələr (cinayətlər, faciələr, məşəqqətlər, müsibətlər, vəhşiliklər, qarətlər, talanlar, terror aktları, soyqırımlar…) baş verdiyi dəqiq tarixlərlə (gün, ay, il) əks olunub. Ayrı-ayrı təqvim tarixlərində həyata keçirilən bu qanlı olaylar Azərbaycan xalqının eyni zamanda erməni işğalçı qəsbkarlarına qarşı mübarizə əzminin göstəricisidir. Məlumdur ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri terror aktları saya gəlməyəcək qədər çoxdur. Müəllif zaman-zaman xalqımıza qarşı ermənilərin törətdikləri bəzi terror aktlarının  necə deyərlər, sxemini cızıb.

“Ermənilərin genefondumuza vurduğu ziyan madiyyatla ölçülə bilməz”Nazim Tapdıqoğlu hər ayın günlər və illər üzrə xronoloji ardıcıllıqla olan hadisələrini (365 günün hamısını) sistemləşdirib kitabda ayrıca bir fəsil kimi verib. Müəllif bəzi hadisələrin, olayların özlüyündə müəyyən dərəcədə xüsusi faciə xarakteri daşımasa belə, məhz tarixilik baxımından xalqımız üçün böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, onları kitaba saləb. Bir sıra təqvim tarixlərində bəhs olunan olaylar müxtəlif qiymətli tarixi mənbə və sənədlərə əsaslandırılıb. Kitabda 1988-ci ilin fevralından başlayan və 12 may 1994-cü il – atəşkəsə qədər davam edən Qarabağ müharibəsinin yaddaşımıza köçürülməsi vacib olan ayrı-ayrı təqvim tarixlərinə də geniş yer ayrılıb. Məlumdur ki, biz Qarabağ müharibəsi müddətində (1988-1994) ümumiyyətlə, Qarabağ ərazisində irili-xırdalı 880 yaşayış məntəqəsi itirmişik. Əlbəttə ki, bütün bunların hər biri bizim üçün böyük faciədir. Müəllif uzun illər Qarabağda yaşadığı üçün ermənilər tərəfindən işğal edilən bu kəndlərin, yaşayış məntəqələrinin əksəriyyətini görüb. Füzuli, Cəbrayıl, Zəngilan, Ağdam, Şuşa, Xocavənd, Xocalı rayonlarının əksər yaşayış məntəqələrini isə qarış-qarış gəzib. Qarabağ ərazisində ermənilərlə müxtəlif döyüşlərin, onların vəhşiliklərinin, eləcə də bir sıra yaşayış məntəqəsinin işğala məruz qalmasının şahidi olduğu üçün müəllif bütün bunlara da kitabda bəzi yer ayırmağı vacib hesab edib.

N.Tapdıqoğlu erməni işğalı zamanı ölkəmizə vurulan maddi ziyanla bağlı səsləndirilən fikirlərə münasibətinin birmənalı olmadığını dedi. Onun sözlərinə görə, elə dəyərlər var ki, onun əvəzi madiyyatla ölçülmür: “Buna misal olaraq, Qarabağın nəqliyyat infrastrukturunu göstərmək olar. Məsələn, işğal altında olan ərazilərdən keçən dəmiryolu xəttinin xalqımıza verəcəyi mənfəət, turizm sektorundan əldə olunacaq gəlir hazırda yoxdursa, deməli dəyən ziyan davamlıdır.  Ən əsası isə bizim genefondumuza dəyən – neçə ailəlnin başsız qalması, münasib yaş qrupuna görə ailə quracaq xanımların sonrakı taleyi də bizə dəyən mənəvi ziyandan xəbər verir”.

Müsahibimlə uzun illərdir tədqiqatı ilə məşğul olduğu toponimlər barədə də söhbətləşdik:  “Hər bir söz, hər bir ifadə özlüyündə bir fikri ifadə edir. Odur ki, sözlərin, ifadələrin yaranması, meydana gəlmə səbəbləri daim müzakirə obyekti olub və cəmiyyətdə fikir ayrılığı yaradıb. Uzun illər müzakirə mövzusuna çevrilən sahələrdən biri də adlardır. Adların içərisində isə ən maraqlısı coğrafi terminlərdir. Coğrafi adlar əsrlər boyu formalaşaraq, dilin inkişaf xüsusiyyətlərinə uyğun olaraq dəyişib. Bəzi coğrafi adların yarandığı illər dəqiq məlumdur, bəziləri isə rəvayətlərə və ehtimallara əsaslanır. Çox vaxt xalq, ağız ədəbiyyatı vasitəsi ilə adlar nəsildən – nəsilə ötürülür. Təkcə Qarabağ bölgəsi üzrə 3 mindən çox toponim tədqiq etmişəm və bunların əksəriyyəti, hətta erməni yaşayan kəndlərin adının kökü türk adlarıdır, eləsi də var ki, hibrid adlardır, yəni burada erməni motivi də var. Bu isə 1828-ci ildə Türkmənçay müqaviləsindən sonra Qarabağa yerləşdirilən ermənilərin məskunlaşdırılması siyasəti ilə bağlıdıdır”.

N.Tapdıqoğluna görə, bu çox çətin və mübahisələr yarada biləcək məsələ olsa da,  torpaqlarımızın itirildiyi bir vaxtda vacib məqamdır:  “Azərbaycanın elə faciələri var ki, Xocalıdan da dəhşətlidir – Qaradağlı, Meşəli, Malıbəyli, Quşçular faciələri heç də Xocalı faciəsindən geri qalmır. Mənə görə hər bir döyüşçünün, hərbçinin ölümü belə faciədir. 1988-ci ildən atəşkəs rejiminə qədər 18500 nəfər şəhid vermişik və mən bu şəhidlərinin hər birinin ölüm tarixini dəqiqləşdimişəm. Elə şəhidimiz var ki, öldüyü gün yazılıb, eləsi var ki, dəfn olunduğu gün yazılıb. Bunu araşdırandan sonra kitab halına gətirdik. Siyahıya 1988-ci ildə ermənilər tərəfindən qətlə yetirilmiş iki Ağdam sakini başçılıq edir. Şəhidlərin sayına görə isə 613 nəfərlə Xocalı birinci yerdə durur”.

Müsahibim ermənilərin azərbaycanlıları başqa yollarla da hələ illər öncə özlərinə məxsus üsullarla öldürdüklərinin deyir: “Zori Balayan qarabağlıdır və onun anası Xankəndində uzun illər ginekoloq işləyib. 1988-ci ildə müharibə hələ təzə başlayanda bu qadın ilk mitinqlərdə deyib ki, mən fəxr edirəm ki, yüzlərlə azərbaycan uşağını ana bətnindəcə öldürmüşəm.

Oğlu Zori Balayan isə kitabında Xocalıda törətdikləri faciə ilə fəxr etdiklərini yazır. “11 yaşlı uşağı İsa Məsihi kimi mıxla divara vurduq və onu işgəncə ilə öldürüb ata-babalarımızın qisasını aldıq. Saata baxdım 11 dəqiqə uşaq zarıdı, ölmək bilmirdi. Sonra isə onun cəsəsdini itlərə atdıq”. Təsəvvür edin ki, bunu yazan ermənilərin ziyalısıdır.  Bu nöqteyi-nəzərdən yanaşanda bizim hansı xislətli düşmənlə müharibə apardığımız bir daha məlum olur”.

 

Naibə Qurbanova

 

27.12.2012 11:36

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*