Azərbaycanca

Ermənilərin öz adlarına çixdiqları Alban mütəfəkkiri Mxitar Qoş və onun “Törə bitiyi” kitabı

19.04.2013 | 16:11

1366372348_h1Böyük alban mütəfəkkiri, çox sayda didaktik hekayə, təmsil, eləcə də “Alban salnaməsi” və “Gəncəli Xosrovun şəhid olması” əsərlərinin müəllifi olan, böyük yazıçı, maarifçi, pedaqoq, filosof və hüquqşünas kimi şöhrət tapan Mxitar Qoş 1130–cu ildə “şəhərlərin anası”, “şəhərlərin ən üstünü” adlandrdığı Gəncə şəhərində anadan olmuşdur.

İlk təhsilini Tovuzlu keşiş Yəhyadan (Yohanna) alan Qoş daha sonra Qaradağa gedərək, təhsilini oradadavam etdirmiş və vardapet rütbəsində vətəninə dönmüşdür. Dövrünün böyük xristian ilahiyyatçılarından biri səviyyəsinə çatan və əsas rəy sahiblərindən birinə çevrilən Qoş Xaçındakı Qoşavəng kilsəsini və xristian ilahiyyat məktəbini yaratmış, ölənədək, yəni 1213–cü ilə qədər orada yaşamış və orada da dərs verərək, çox sayda tələbə yetişdirmişdir. Belə hesab edilir ki, özünün dövrümüzədək alban, yəni qıpçaq dilində çatmış ən böyük əsərini – “Törə bitiqi”ni (“Qanunnamə”sini) də həmin sırada (1184–cü ildə) qələmə almışdır. Belə hüsab edilir ki, Qoş onun əsl adı deyil, kosa olduğu üçün müasirlərinin verdikləri ləqəbidir.

Mxitar Qoşun dövrümüzədək alban dilində yetişmiş “Törə bitiqi” (Qanunlar kitabı və ya Qanunnamə) əsəri erməni saxtakarlarının ardı-arası kəsilmək  bilməyən səyləri nəticəsində elmi ədəbiyyatda, yanlış olaraq, “Erməni qanunnaməsi” və ya ən yaxşı halda, “Erməni – qıpçaq qanunnaməsi” adı ilə tanınmaqdadır. Eyni zamanda bu kitabın orijinalının guya erməni (hay) dilində olduğu və sonradan qıpçaq türkcəsinə (erməni qıpçaqcasına) tərcümə edildiyi bildirilir və sonra da təəssüflə qeyd edilir ki, guya erməni dilində olan orijinal itirilmişdir. Gerçəkdə isə belə bir “orijinal”, təbii ki, heç vaxt olmamışdır.

Əsərin əldə olan ən qədim nüsxələri, alban (qarqar – qıpçaq) dilindədir  və o, dövrümüzədək üç müxtəlif əlyazma (Polşa, Avstriya, Fransa) şəklində ulaşmışdır. Ermənilərin “ermənicə əlyazma” və ya “orijinal” kimi qələmə verdikləri isə Mxitar Qoşdan bir əsr neçə sonra, daha dəqiq desək, XIX əsrdə erməni (hay) dilinə edimiş tərcümədən başqa bir şey deyil.  Sözügedən əsər 1519-cu ildə Van arxiyepiskopu Kirkorun başçılığı ilə tərtib edilən və Polşa kralı Sziqmund tərəfindəntəsdiq edilən 124 maddəlik “Erməni qanunnaməsi”nə çox ciddi təsir göstərmişdir.

Qoşun əsərinin guya “Erməni Qanunnaməsi” adlandığı barədə uydurma iddianın müəllifi əsəri rus dilində nəşr etdirən V. Bastamyants olub. Məhz o, əsəri tərcümə edərkən, onun guya “ermənidilli orijinal” əsasında dərc edildiyini iddia etmiş, əsərin adını da “Datastanagirk hayos” (Erməni Qanunnaməsi) kimi tərcümə etmişdir. Maraqlıdır ki, orijinalın əslində albantürkcəsində olduğundan bixəbər olan və bu üzdən də erməni saxtakarlığınıaxıra qədər anlaya bilməyən Ziya Bünyadov kitabın “Ön söz”ündə (söhbət V. Bastamyansın 1954–cü ildə İrəvanda rus dilində nəşr etdirdiyi “Armyanskiy sudebnuk Mxitara Qoşa” adlı kitabının “ön söz”ündən gedir) “Datastangirk hayos” əvəzinə bir neçə dəfə sadəcə “Datastangirk” (Qanunnamə) ifadəsinin işlədilməsindən, eləcə də Smbat Sparapetinin əsərində də həmin kitabın məhz  “Datastangirk” kimi yad edildiyindən çıxış edərək, əsərin əslində “Qanunnamə” adlandığını, ermənilərin ona “hayos” (ermənilərin) sözünü əlavə etdiklərindən şübhələnmiş və yazmışdır:

“Mxitar Qoşun “Qanunnamə”sinin də taleyi Moisey Kalankatuklunun (Musa Kağankatlının – B.T.) “Alban tarixi”nin taleyinəbənzəyir. Məlumdur ki, Mxitar Qoşun başlıca əsərinin adı “Datastangirk”, yəni “Qanunnamə” dir və onu müəllif təxminən 1184–cü ildə tərtib etmişdir. Lakin Qoşun bu əsərinin naşirləri, nədənsə, əlyazmasında olmayan “hayos” sözünü onun adına əlavə etmiş və beləliklə, Qoşun özünün heç bir zaman yazmadığı yeni qondarma  ad: “Datastangirk hayos, yəni “Erməni qanunnaməsi” adını uydurmuşlar.”

 

Ziya Bünyadovun bu fikri erməniləri pis vəziyyətə salmış və onlar “hayos” (ermənilərin) ifadəsini əlavə etdiklərini etiraf etmiş, fəqət əsil həqiqəti isə gizlətməkdə davam etmişlər. O dövrdə Mxitar Qoşun “Törə bitiqi” kitabının alban dilindəki orijinalı hələ Azərbaycan elmi ictimaiyyətinə məlum deyildi. Məlum olsa idi, hörmətli alimimizin cavabı, şübhəsiz ki, başqa cür olardı. Eynən Ziya Bünyadov kimi kitabın orijinalının alban (qarqar – qıpçaq) dilində olduğundan bixəbər olan Fəridə Məmmədova isə bu barədə belə yazmışdır:

“Alban hüquq elminin böyük əhəmiyyətə malik abidələrindən sayılan Mxitar Qoşun “Qanunnamə”sində o dövrün hüquq normaları kristallaşmış, alban cəmiyyətinin müxtəlif sinif və təbəqələrinin sosial və hüquqi münasibətləri öz əksini tapmışdır. Vaxtilə Z. M. Bünyadov Qoşun bu əsərininin başlığı barədə haqlı olaraq belə bir düzgün qənaətə gəlir, bu əsər əlyazma halında “Datastangirk – Qanunnamə” adı ilə tanınır; naşirlər onun adına “hayos” (erməni) sözünü əlavə edərək yeni ad yaratmışlar: “Datastangirk hayos”, yəni “Erməni qanunnaməsi”. Buna, habelə Qoşun öz qanunnaməsini “alban kilsəsinin alicənab başçısı”, Albaniyanın katalikosu III Stepannosun təkidi və xahişi ilə yazması barədə artıq təsdiq olunmuş fakta, eləcə də “Qanunnamə”nin Roma imperiyasının (Bizansın – B.T.) və Albaniyanın kilsə qanunları əsasında yazılmasına istinad edən Z. M. Bünyadov tamamilə haqlı olaraq belə bir nəticəyə gəlmişdir ki, Mxitar Qoşun “Qanunnamə” əsəri qədim erməni dilində yazılmış alban ədəbiyyatı nümunəsidir.

Z. M. Bünyadovun çıxardığı nəticəni səhv sayan və onu təkzib etməyə “çalşan” A. Ş. Mnatsakanyan etiraf etməyə məcbur olur və təsdiq edir ki, Qoşun əlyazması “Mxitar Qoşun qanunnaməsi” kimi tanınır və V.Bastamyants (Qoşu nəşr edən) əsərin adındakı “erməni” (hayos) sözünü “mətnə düzgün olmayaraq sonradan əlavə etmişdir”.

 

Mənbələrdə adı bəzən “vardapet Mxitar”, bəzən də müsəlmanlar arasında “Mikayıl” adı ilə məşhur olması səbəbiylə “vardapet Mikayıl” kimi çəkilir. XVI əsrdə “Törə bitiqi”nə giriş və şərhlər yazmış, ona bəzi əlavələr və redaktələr etmiş Oksent oğlu Xaçeres onu sadəcə “vardapet”, bir yerdəsə “vardapet Mikayıl” adlandırır. M.E.Şedrin adına Sankt – Peterburq
Dövlət Kütləvi Kitabxanasının əlyazmalar şöbəsində qorunan və üzərində alban dilində qeydlər də olan bir ermənidilli əlyazmadakı (Dorn 636) alban (qarqar – qıpçaq) dilində edilmiş bir qeyddə isə onun adı “vardapet Mxitar” kimi keçir. Bu ada digər albandilli əlyazmalarda da rast gəlinir.

Mxitar Qoşun dövrümüzədək alban dilində (qıpçaq türkcəsində) çatan “Törə bitiqi” kitabı sübut edir ki, albanlar ən azı XII əsrə qədər öz ana dillərində yazıb – oxumuşlar. Bunun XIII əsrdə
də belə olduğunu həmin əsrdə yaşamış Kilikiya hökmdarı və tanınmış alban tarixçisi Hetum da öz  əsərində təsdiq etməkdədir.

      Məlumat üçün bildirək ki, “Törə bitiqi”nin hansısa nüsxəsini XIII əsrdə Azərbaycandan Ukraynaya köç edən albanlar özləri ilə aparmış və sonrakı əsrlərdə ona ön söz, bir neçə maddə, şərhlər və “Erməni qanunnamə”sini əlavə edərək aralarındakı məhkəmə – hüquq məsələlərini onunla tənzimləmişlər. Sonra isə əlavələr edilmiş variantın üzünü köçürərək çoxaltmışlar. XVI əsrdə Ukraynada yaşayan erməni icması öz qanunları ilə yaşamlarını davam etdirmək məqsədilə tərtib etdikləri 124 maddəlik qanunnaməni öncə latın, daha sonra polyak dilinə tərcümə edərək, tərcüməsi ilə birlikdə Polşa kralı Sziqmunda təsdiq etdirmişdilərlər.

Sonradan bu qanunlar alban (qarqar – qıpçaq) dilinə tərcümə edilərək, “Törə bitiki” nə daxil edilmişdir. Kitab da dövrümüzə bu halda, yəni müxtəlif əlavələrlə gəlib çıxmışdr. Fəqət onun Mxitar Qoş tərəfindən yazılmış hissəsini əlavələrdən ayırmaq heç bir çətinlik törətmir.

Mxitar Qoş haqqında əsas məlumatları Kirakos Gəncəlinin “Tarix” kitabından alırıq. Kirakos Gəncəli sözügedən kitabın “Mxitar vardapet haqqında, haradan olması və necə adam olması barədə” başlıqlı XIII fəslində yazır:

“Bu məşhur, müdrik alim Gəncədən, xristian valideynlərin ailəsindən idi. Valideynləri onu müqəddəs kitabları öyrənməyə göndərmişdirlər. Həddi – bülüğa çatdıqdan sonra isə o, ruhani olmağı qərara aldı və heç vaxt evlənməyəcəyinə söz verdi. Ruhani vəzifəsində olduğu uzun illər ərzində o, müqəddəs kitabların və onlardakı müqəddəs kəlamların mənasını dərindən dərk etməyə çalışmışdır. Tale onu “Tovuzlu” ləqəbi ilə tanınan, müdrik və alim adam kimi ad çxaran vardapet Yovhannes (Yəhya – B.T) ilə rastlaşdırdı.

Çox illər dünyəvi həyat tərzi keçirdikdən sonra, arvadını itirirmiş və evlənməməyə söz vermiş bu şəxs ömrünün qalan hissəsini müqəddəs kitabların tədqiqinə sərf etmiş və vardapet rütbəsi qazanmışdı. Mxitar onun yanında çox vaxt keçirir və ondan elm öyrənirdi.

Vardapet Yovhannes səyahət etməyi, tez-tez yer dəyişməyi sevirdi. O, insanlara Tanrı sözünü çatdırır və onları əməlisalehliyə dəvət edirdi. O, xristian adət – ənənələrinin yenidən bərpası üçün çox şey edirdi, çünki həmin dövrdə çoxları qırxgünlük mərasimlər zamanı, şənbə və bazar günlərində ibadətini pozurdular. O, adamları ibadətlərində sabitqədəm olmağa , təkcə şənbə günləri deyil, həftənin bütün günlərində əzabkeşləri yad etməyə, bazar günləri isə İsanın dirilməsini qeyd etməyə səsləyirdi. Beləcə, əlligünlük ibadət mərasimləri hər tərəfdə bərqərar oldu.

Onun və digərlərinin yanında yaşayan Mxitar vardapet rütbəsini qazandı. O, bununla da kifayətlənmədi və qərbə, Qara Dağ adlanan yerə, orada dərs deyən vardapetlərin yanına yollandı.
Özünün də vardapet olduğunu gizlədərək, onlardan çox şey öyrəndi, (sonra) Karin şəhərinə gəldi. Orada gürcü xanından qaçan və bu şəhərdə yaşayan Qurd adlı əməlisaleh bir xristian işxanı tapdı.
Onunla tanış olub, onu doğma atası kimi sevdi. Bundan sonra vətəninə geri döndü. Onun şöhrəti tez bir zamanda bütün ölkələrə yayıldı və çoxları ondan ilahiyyat dərsi alırdı. Daha sonra müsəlmanlar tərəfindən sıxışdırıldığına görə, Albaniya katalikosu Stepannosun dəvətini qəbul edib, Xaçın vilayətinə, Atrek bəyi Vaxtanqın və qardaşlarının yanına gəldi. Onlar onu çox böyük hörmətlə qarşıladılar. Orada bir neçə il qaldı…

…Vardapet Mxitar işxanın (Qurdun – B.T.) öz əyalətinə geri döndüyünü eşidər – eşitməz, aralarında olan xoş münasibət və məhəbbəti yada salıb, onun yanına gəldi və Axstev çayının sağ sahilində yerləşən Getik monastırında məskunlaşdı. Monastırın başçısı onun şagirdi, Sarğavaq adlandırılan vardapet idi. O onu (Mxitarı) sevinclə qarşıladı və şəxsən qulluğunda durdu…”

Mxitar Qoşun “Törə bitikqi” əsərinin alban (qarqar – qıpçaq) dilində üç əlyazma variantı məlumdur ki, onlardan biri hazırda Polşanın Vrotslav şəhərində, Ossolinskilər adına Milli İnstitutun kitabxanasında (1916/ll №-li əlyazma), digəri Avstriyada, Vyanadakı erməni mxitaristlərinin mərkəzində (468 №-li əlyazma), üçüncüsü isə Fransada, Paris Milli kitabxanasında (Arm. 176) qorunmaqdadır. Əsər dövrümüzədək bir çox əlavələrlə gəlib çıxmışdır. Bu da təbiidir, çünki müəllif hələ sağlığında kitabı, ondan sonrakıların da əlavələr etmələrinə və qanunlar toplusunu daha da təkmilləşdirə bilmələrinə şərait yaradacaq bir tərzdə qələmə aldığını söyləmişdir.
Bu barədə müəllif özünün Venesiya şəhərindəki San – Lassaro mxitaristlərinin monastırında saxlanılmaqda olan (1237 №-li əlyazma) “Alban salnaməsi” əsərinin əlyazmasında xəbər verməkdədir.

Mövzu ilə bağlı Ziya Bünyadov yazır:

“1237 №-li əlyazmasının belə bir sonluğu vardır: “Bizim Qanunlar Kitabının (Qanunnamənin – Z.B.) bu hissədə yarımçıq qoymağa məcbur edən xilaskarımız İsaya və onunla birlikdə Ruhani Ataya və Müqəddəs Ruha eşq olsun! Lakin biz bu sonluğu yazmazdan qabaq “Qanunlar Kitabı burada sona yetir” – dedikdə bu, həmin kitabın sonu deyildi; biz ehtimal ki, işimizi hissə – hissə davam etdirmək üçün fasilə verməyi qərara almışdıq. Həm də yazmağı elə davam etdirmək istəyirdik ki, bizdən başqa yazmaq, həmçinin nəyi isə əlavə etmək qərarına gələnlərə mane olmayaq…””

Fəridə Məmmədova isə yazır:

““Qanunnamə” sonrakı əsrlərdə də, çox güman 1836–cı ilə qədər alban xristianları üçün öz həyatiliyini itirməmişdir. O, digər xalqlar arasında da yayılmışdı. Gələcəkdə “şəraitə, habelə həyatın və dövrün tələblərinə görə” “Qanunnamə”də düzəlişlər aparılması, oraya əlavələr edilməsi və onun zənginləşdirilməsi barədə Qoşun arzusu çin oldu.”

Mxitar Qoş bu arzusunu Həzrət Musanın (ə) kitablarını eyni vaxtda yazmaması, ondan sonra daha 12 peyğəmbərin onun başladığı işi tamamlaması, eləcə də “İncilin” eyni vaxtda və eyni adam tərəfindən qələmə alınmaması ilə əsaslandıraraq, istəyini belə dilə gətirmişdir:

“…Xaytıp tiyəsidir bilməgə ki, tügülüdür yalqız bu Törə bitiki, xaysın ki hali yazıyırbiz, tügül yalqız mendən bolğay tügəllənməki munqar, zera oxşaşı bar ğanonkka, ne türlü ki, ğanonk birdən yazılmadı, a ne bir yerdə, a ne bir adamdan, yoxsa az-az yazıldı,
əvəl arakellərdən, sonqra Niqiada, sonqra Puzandiada, andan sonqra Epesosta, alay ox bu Törə bitiki. 
Əvəl başlanmaqı mununq
bizdən boldı, da bizdən sonqra kerək ki, az-az yazılğay da tügəl bolğay, zera qanonktan boyruxtur, yılda 3 kez joqovk bolğay, da tergöv etkəylər, egər ki dünyada nema yanqi badiyət çıxıp esə, ani barça baxıp, ari atalar artıxsılıxnı keri salğaylar da toğru yolğa keltirgəylər. Bu türlü tiyəsidir bilmağa yarqu bitiklərinə: necə ki yənqi nema törə yoluxsa, da tergəp, uslular baxkaylar toğru esə, yazğaylar ani da bu bitiktə. Egər ki kimsə es yoxsa, tapar barça ari bitiklərdə bu türlü ki, az -az ilgəri kelip tügəlləniptir. Ne türlü Ararack bitiki Movsestən tügül ki birdən yazıldı, alay ox 12 markarelər dügül ki bir zamanda yazıldı ya 1 adamdan, alay ox barça markarelər. Bu türlü surp Avedaranlar da tügül ki, bir zamanda yazıldı, ya 1-indən, hər biri yazdı kendi vaxtı bilə, ol türlü bitikləri Boğos arakelininq. Dağı da köp bitiklər ari atalardan u vardapetlərdən yazıldı kendiləri vaxtına. Bu türlü orinaq bilə bu bitikni ndə biz başladıq yazmağa. Egər bizdən az-az ilgəri kelip yazıldı esə, emdi də egər köplərdən yazılsa özgə vaxtlarda, nemə eksiklik tügüldür, yoxesə tek toğru törə bolsun ki, barça yaxşılar biyəngəylər də mununq eksikin tügəlləgəylər.”

 

Mətnin tərcüməsi:

“…Eləcə də bilmək lazımdır ki, hazırda yazmaqda olduğumuz bu “Törə bitik”i ehkam deyil, yalnız bizim tərəfimizdən tamamlana bilməz. Çünki o, birdən – birə peyda olmayan, bir adam tərəfindən və bir yerdə qələmə alınmayan, əksinə, parça – parça, öncə həvarilər tərəfindən, sonra Nikeyada, daha sonra Bizansda, ondan da sonra Efesdə yazılan qanunlar kimidir. Eləcə də bu “Törə bitiqi”. Onun başlanğıcı bizim tərəfdən qoyuldu və vacibdir ki, ona əlavələr edilsin və o təkmilləşdirilsin. Çünki qanunlar ildə 3 dəfə toplanan müqəddəs atalar tərəfindən təhlil edilməli, dünyada baş verən yeniliklər diqqətə alnaraq, lazımsızlarından təmizlənməli və onlara düzəlişlər edilməlidir. Qanun kitabları ilə də eyni cür davranılmalıdır. Müdrik adamlar bütün yeni qanunları gözdən keçirməli, təhlil etməli və zəruru olanlarını kitaba əlavə etməlidirlər.  

Əgər diqqətlə baxan olsa, görər ki, müqəddəs kitablar da eyni qayda üzrə təkmilləşdirilmişdir. Necə ki, Musa “Varlıq” kitabını eyni vaxtda yazmayıb, peyğəmbərin kitabları da, elcə də digər peyğəmbərlərin kitabları bir adam tərəfindən və bir vaxtda qələmə alınmamışdır. Eləcə də müqəddəs “İncil” birdən-birə və eyni müəllif tərəfindən yazılmamışdır, əksinə, hərə öz dövründə yazmışdır. Eləcə də Pavelin müraciəti. Eləcə də müqəddəs ataların və müəllimlərin hərəsi öz vaxtında yazılmış kitabları. Əgər bizdən öncə yazılmışsa və bundan sonra çoxları yazacaqsa, bu, əskiklik deyil, yetər ki, qanunlar doğru olsun, əməlisaleh adamların xoşuna gəlsin və əyər – əskiyi aradan qaldırılsın”.

 

Bu cümlələr “Törə bitiki”nin alban dilində dövrümüzədək yetişmiş əlyazmalarının son cümlələridir.

Bəxtiyar Tuncay 
AMEA Folklor İnstitutu

KarabakhİNFO.com

 

19.04.2013 16:11

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*