Erməni soyqırımı iddiası və ya qondarma “erməni soyqırımı” — birinci dünya müharibəsi ərəfəsində Anadoluda yaşayan ermənilərin sistemli şəkildə məhv edildiyini irəli sürən iddiadır. Türkiyə Respublikası hadisələri sadəcə erməni – türk qarşıdurması kimi dəyərləndirməkdə və dövlət göstərişinin olmadığını irəli sürsə də, bu gün dünyanın bəzi ölkələri soyqırımın varlığını qəbul ediblər. Amma onu da nəzərə almaq lazımdır ki, qərarlar sadəcə tarixə əsaslanaraq yox, bəzi siyasi faktorların təsiri ilə qəbul edilib.
Rublikamızın bu dəfəki mövzusunu da qondarma erməni soyqırımı məsələsinə həsr edərək, aidiyyatı şəxslərin fikirlərini öyrəndik. Millət vəkili Aydın Mirzəzadə hesab edir ki, erməni soyqırımı məsələsi əslində bir siyasi layihə idi və XX əsrdə həm Avropa, həm də keçmiş SSRİ rəhbərliyi getdikcə nüfuzu artan Türkiyəyə siyasi təzyiq üçün bu motivdən istifadə edirdilər: «Heç də təsadüfi deyil ki, qondarma soyqırım məsələsi SSRİ-də də sovet rəhbərliyinin təsdiqini tapmışdı. Hətta 1965-ci ildə İrəvanda ona böyük bir abidə də qoyulmuşdu. Ancaq SSRİ dağıldı, Avropa Türkiyənin böyüklüyü və nüfuzu ilə razılaşmağa məcbur oldu. Bu baxımdan erməni millətçilərinin həmin layihəsinə maraq kəskin surətdə azalmağa başladı. Düzdür, ayrı-ayrı ölkələrdə hələ də müəyyən qədər bu abu-hava qalmaqdadır. Ancaq bununla belə layihənin hər hansı perspektivi yoxdur.
Təsadüfi deyilki, Ermənistanın ən yaxın dostlarından sayılan Fransada belə həmin ideyanın reallaşdırılması təşəbbüsü dəstək tapmadı və nə vaxtsa bunun bərpa ediləcəyi gözlənilən deyil. Ermənistanda da 2015-ci ilə ciddi hazırlıq gedir. Amma hesab etmirəmki, bu, dünyada böyük bir əks-səda doğuracaq. İkincisi isə Ermənistan elə böyük bir nüfuz sahibi deyilki, dünyanın marağını kəsb edə bilsin. Ermənistanın özündə belə bu məsələyə maraq azalıb. Təsadüfi deyilki, ermənilərin mənəvi atası və simvolu sayılan Şarl Aznavur belə son müsahibəsində «genosid sözünü bitirmək istəyirəm» deyə bir bəyanat verdi. Ermənilər bunu qabartmamağa çalışdılar. Amma ən tanınmış ermənilərin də bu məsələyə artıq soyuq yanaşdığı göz qabağındadır».
«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, erməni lobbisi «soyqırımın» geniş məkanda tanıtdırılması üçün hər zaman fəaliyyətdədir. Onun sözlərinə görə, lobbi bu ildən daha çox iki il sonraya ciddi hazırlaşır: «2015-ci ildə «soyqırımın» yüzilliyinə hazırlıq işləri aparırlar. Xatirə konsertləri, konfrans və seminarlar planlaşdırırlar. Erməni lobbisinin bu çalışmaları Türkiyəni zəif görmək istəyən dövlətlərin əlində alətə çevrilib».
Onun fikrincə, Fransa, ABŞ-ın bəzi ştatları bundan siyasi məqsədlər üçün istifadə edirlər: «Onlar bunu ermənilərə yandıqlarından etmirlər, əsas məqsəd Türkiyənin bölgədə artan rolunu əngəlləməkdir. Ancaq nahaq əziyyətdir. ABŞ-ın bugünkü dövlət katibi Con Kerri vaxtilə ermənipərəst konqresmendi. Ancaq yeni təyinatdan sonra o dövlət maraqlarından çıxış etmək məcburiyyətində qaldı. ABŞ-ın milli və təhlükəsizlik maraqları isə Türkiyə ilə sıx əməkdaşlığı diqtə edir».
TOBB İqtisadiyyat və Texnologiyalar Universitetinin (Ankara) professoru, politoloq Toğrul İsmayıl isə söylədi ki, hər il aprelin 24-ü yaxınlaşdıqca erməni propoqanda maşını var gücü ilə işə düşür. O, əlavə etdi ki, qondarma soyqırım məsələsi üzərində ciddi çalışmalar aparılır: «Əslində bunun bu qədər əhəmiyyətli olması ermənilər, xüsusilə də onların qurduqları dövlət üçün həyati məsələdir. Onlar varlıqlarını bunun sayəsində davam etdirirlər. Dünyaya dağılmış bir toplumu uydurulmuş olsa belə, onları ancaq belə «milli faciə» üzərindən bir arada tutmaq mümkündür. Uydurulmuş tarix və faciələr əslində uzun illər ərzində formalaşan erməni propoqanda mexanizmidir. Bu ermənilər üçün olduqca vacibdir. Onlar da bu yalanın ayaq tutub yeriməsi üçün əllərindən gələni edirlər. O ki, qaldı ikili standartlara, bunun səbəbi də bəllidir. Birincisi, bu məsələni ortaya atanlar elə böyük imperialist güclərdir. Məsələnin təməlində Osmanlı Dövlətinin parçalanması dururdu. Bugün də bu problem aktualdır. Yəni bu oyun Türkiyənin parçalanması məsələsi olaraq davam etdirilir». T.İsmayıl onu da dediki, erməni dövləti də keçən əsrin əvvəllərində təsadüfən türk torpaqları üzərində qurulmadı: «Bunu həm Rusiya, həm də İngiltərə təşviq edirdi. Sonra da digər böyük güclər bu məsələdə aktiv rol oynamağa başladılar. Hazırda bu planlardan vaz keçildiyini düşünmək biraz sadəlöhvlük olar. Məhz bu səbəbdən də Ermənistan işğalçı kimi görülməməyə başlayıb. Ona görə də, bir sıra ölkələrin uydurma soyqırımla əlaqədar aldıqları qərarlar siyasidir, yəni siyasi qurumlar tərəfindən belə qərarlar verilib. Söz azadlığından dəm vuran Avropanın hüquqi hökmlərlə fikir azadlığını önləməsi buna misaldır».
Politoloqun fikrincə, bu məsələlər ilk növbədə tarixçilər və hüquqşünaslar tərəfindən dəyərləndirilməlidir. Ümumiyyətlə isə soyqırımla bağlı qəbul edilən qərar o qədər mücərrəddir ki, buna hər şeyi şamil etmək olar: «Ən əsası isə 1946-cı ildə qəbul edilmiş qanunu 1915-dəki hadisələrlə nə üçün və necə uyğunlaşdıracaqsan? Məsələn, bu qanunun 1960-cı illərdə Fransanın Əlcəzairdə törətdiyi qətliamlara aid edilməsi daha uyğun olardı. Deməli, məsələ siyasi mübarizə ilə bağlıdır. Burada da əsas faktor güclü dövlət olmaqdan keçər. İkincisi, ermənilər üçün qeyd etdiyim kimi bu hadisə ölüm – qalım məsələsidir. Ona görə də bu problemin qabardılması üçün əllərindən gələni edirlər. Xüsusilə erməni diasporu bundan həm güc, həm ciddi maddi qaynaq əldə edir. Ona görə də hər platformada, hər toplantıda yeri gəldi gəlmədi bu yalanı şişirdirlər. Əfsuslar olsunki, biz isə sadəcə bəlli günlərdə buna qarşı nəsə etməyə çalışırıq. Doğrudur, son illər bir az hərəkətliliyimiz artıb. Amma bu yetərli deyil. Səviyyəli yazılar, kitablar azdır. Hətta günümüzün faciələrindən olan Xocalı soyqırımı ilə bağlı dünya ictimaiyyətinə yetərincə təsir edə bilməmişik. Avropa dövlətləri bir yana, bu məsələni dost olan türk cumhuriyyətlərində və digər müsəlman ölkələrdə yetərincə təbliğ edə bilməmişik. Qarşıdan uydurma soyqırımın 100 illiyi gəlir. Erməni təbliğat maşını bunu var gücü ilə həyata keçirməyə çalışacaq. İndidən buna qarşı əlimizdən gələni etməliyik. Çünki soyqırım məsələsi sadəcə Türkiyənin problemi deyil. Bu eyni zamanda Azərbaycanın da problemidir. Bu səbəbdən də güclərimizi birləşdirərək eyni hədəfə vurmalıyıq».
Naibə Qurbanova
KarabakhİNFO.com