Azərbaycanca

Ermənilərin saxtalaşdırdığı “əjdaha”lar

07.02.2014 | 14:20

1391768365_dragon-carpet-donatedƏcdadlarımızın həyat və məişətində əvvəllər daha çox sırf əməli mahiyyət daşıyan xalça, sonralar zaman keçdikcə bəzək nümunəsi kimi işlənmiş və bir çox ölkələrə yayılaraq, geniş şöhrət qazanmışdır. Azərbaycan xalçalarının uzaq ölkələrdə geniş yayılmasına, şübhəsiz ki, onların əla keyfiyyəti səbəb olmuşdur. Tədqiqatlar göstərir ki, Azərbaycan xalçaları istehsal olunduğu yerin bədii ənənəsindən, xammalından (yun, ipək, pambıq və s.) asılı olaraq müxtəlif kompozisiyalara, bəzəklərə malik olmuş, müxtəlif üsullarla toxunmuşdur.

Xalçalarımızda əjdaha motivinə geniş yer verilməsi əbəs yerə deyil, çünki o, uzaq keçmişlərdən türkdilli xalqların həyatı, məişəti, folkloru, mifologiyasında görkəmli yer tutmuşdur. Məsələn, Azərbaycanın bir sıra yerlərində bu günədək ilan və əjdaha totemi ilə əlaqədar yer adları vardır. Naxçıvanda İlan dağı, Qazaxda Əjdaha qayası və s. belə adlara biz hazırda Ermənistanda, Sevan (Göyçə) gölü ətrafında azərbaycanlılar yaşayan yerlərdə də təsadüf edirik. İcevan (keçmiş Karvan saray) rayonunun Çaylı kəndində Əjdaha yurdu adlanan yer buna gözəl misal ola bilər. Əjdaha obrazı Azərbaycan xalq nağıllarında da mühüm yer tutmuşdur. Məsələn, “Məlikməmməd”, “Tapdıq”, “Qara at” nağıllarında əjdahaya geniş yer verilmişdir.Qeyd etmək lazımdır ki, hazırda türkdilli xalqlar arasında yayılmış əjdaha sözü fars sözüdür. XI yüzillikdə “Türk lüğəti” kitabının müəllifi Mahmud Kaşğari göstərir ki, türklər fars sözü “əjdaha”dan əvvəl öz sözləri olan “bukanı” işlədirmiş. Onlar, hətta oğuz və başqa qəbilə birləşməsinin xaqanına “buka” deyirmişlər. Sonralar həmin qəbilə, hətta öz yenilməz bahadırlarını da belə adlandırmışdır. Araşdırmalar göstərir ki, ilk orta əsrlərdə “buka” həm qəbilə onqonunun adı, həm də həmin qəbilənin dini və dünyəvi rəhbərinə, hətta igidlərinə verilən ad olmuşdur. İncəsənətdə əjdaha obrazına xüsusi məqalə həsr etmiş türk sənətşünası Günər İnal müxtəlif çin, fars, ərəb, türk mənbələrinə əsaslanaraq onun ümumiləşdirilmiş təsvirini vermişdir. Onun qeydinə görə, əjdaha nəhəng ölçüyə malik olan bir heyvandır. Onun gövdəsi ilana bənzəyir, iri qanadları və bir neçə başı vardır. Ağzından alov püskürür.

Həyatının çox vaxtını suda keçirir. Hərdən suyu tərk edərək, göylərə qalxır və buludlar arxasında gizlənir. Əjdaha uzun müddət türkdilli xalqlarda su allahı və hakimiyyət rəmzi hesab edilirdi. Bununla belə müxtəlif tarixi mərhələlərdə və müxtəlif tayfa və qəbilə birləşmələrində bu əfsanəvi surət həm xeyir, həm də şər qüvvələrinin simvolu sayılmışdır.

“Əjdahalı” xalçalar Azərbaycan xalçaçılığında “Xətai” kompozisiyası kimi tanınmışdır. Müəyyən dərəcədə bu ornamental kompozisiya “İslimi” naxışı ilə bir çox oxşar cəhətlərə malikdir. Lakin “Xətayi” kompozisiyasının özünəməxsus xüsusiyyətləri vardır. Bu kompozisiyanın əsasını əyilmiş uzunsov  formalı enli budaqlar təşkil edir. Aşağıdan yuxarıya doğru istiqamətlənmiş həmin budaqların kənarları diliklidir. Budaqların daxilində “Əfşan gülü” kimi adlandırılan “Əfşan” kompozisiyasının bir çox üslublaşdırılmış elementləri və digər nəbati motivlər yerləşdirilir.

  “Xətai” kompozisiyalı xalçaların ara sahəsində çox vaxt əjdaha və ya digər əfsanəvi heyvanlar təsvir edilir. Mütəxəssislər güman edirlər ki, əjdaha motivi “Xətai” kompozisiyasına Çindən gəlib çıxmışdır. Əjdaha təsvirləri Azərbaycana Çindən monqollar və xüsusən də uyğurlar tərəfindən gətirilmişdir. Həmçinin, Azərbaycan ornamental sənətində “bulud”ların təsvir edilməsi ənənəsi XIII əsrdə, Çindən  uyğurların ötürülməsi  vasitəsilə meydana çıxmışdır. Lakin L.Kərimovun haqlı olaraq qeyd etdiyi kimi, bu yadelli motiv Azərbaycanda yalnız onun üçün  səciyyəvi  olan  və yerli ornamental üslub ilə həmahənglik təşkil edən  xüsusiyyətlər  qazanmışdır.

“Əfşan”, “Şahabbası” və “Xətayi” kimi ornamental xalça kompozisiyalarının  quruluş həllinin  orijinallığı və mürəkkəbliyi, əlvanlığı və təmtəraqlığı ona gətirib çıxardı ki, 16-cı əsrdən başlayaraq onlar Səfəvilər dövlətinin ən əsas xalça kompozisiyalarına çevrilmiş oldu.

Şübhəsiz ki, əslində rəsmi xarakter daşıyan bu incəsənət ənənəvi xalçaçılıq sənətinə  də öz təsirini göstərməyə bilməzdi. Yuxarıda adları çəkilən xalça kompozisiyaları xalq mühitinə nüfuz edərək yerli xalçaçılar tərəfindən özünəməxsus  qəbul edilmiş və yeni kompozisiya həllərinin meydana atılmasına gətirib çıxarmışdır.

“Əjdahalı” xalçaların  ənənəvi xalq işlənməsinin klassik nümunələri kimi “Bəhmənli” (Qarabağ), “Borçalı” (Qazax), “Qımıl” (Quba) xalçalarını qeyd etmək olar. Klassik əjdahalı xalçalar üçün palmetlərin budaqlar arasında verilməsi, palmetlərin kənarlarında   isə onların keşiyini çəkən əjdahaların yerləşdirilməsi  səciyyəvi hal daşıyır. Azərbaycan incəsənətində geniş təmsil olunmuş bu motivin çox qədim Ön Asiyaya gedib çıxan kökləri vardır. “Bəhmənli” , “Borçalı”, “Qımıl”  xalçalarında əjdahaların  bu klassik süjeti palmetlərin ətraflarında tamamilə yenidən işlənməyə məruz qalmışdır. Burada palmetlərin mürəkkəb naxışları, əjdahaların siluetlərini əmələ gətirən xəttlərin məxsusi əyintisi, nəfis xırda nəbati elementlər və s. hamısı birlikdə üslublaşdırılmağa və həndəsiləşdirilməyə doğru dəyişilmişdir. Əjdaha təsvirləri palmetlərlə birlikdə vahid bir motivdə – medalyonda qovuşmuşdur. Bu yolla əmələ gəlmiş həndəsi medalyon xalçanın ara sahəsini eni boyunca tamamilə doldurmuş və şaquli xətt boyunca üç dəfə təkrarlanaraq, ara sahənin kompozisiyasını yekunlaşdırmışdır.

 

Sevda Qurbanqızı

 

“KarabakhİNFO.com”

 

07.02.2014 14:20

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*