Azərbaycanca

Ermənilərin Sumqayıt təxribatı

27.01.2014 | 17:24

1391171428_1Məhərrəm Zülfüqarlı, 

 

Tarix üzrə fəlsəfə doktoru,

“KarabakhİNFO.com” beynəlxalq e-jurnalının elmi məsləhətçisi.

SSRİ – də 1985-ci ilin aprelindən həyata keçirilən yenidənqurma, aşkarlıq siyasəti ölkədə mövcud olan millətlərarası münasibətlərin daha da kəskinləşməsinə, separatizim meyllərinin artmasına səbəb oldu. Moskvadakı havadarlarının yaxından dəstyi ilə erməni separatçıları bu siyasətdən sui-istifadə edərək, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağda təxribatlara başladılar. Dağlıq Qarabağ  Muxtar Vilayəti (DQMV) Sovetinin 20 fevral 1988 – ci il tarixində DQMV- nin Azərbaycan SSR – nin tərkibindən çıxarılaraq, Ermənistan SSR – nin tərkibinə birləşdirilməsi haqqında müraciət qəbul etməsi ilə əsrin əvvəllərindən qızışdırılan Ermənistan – Azərbaycan münaqişəsinin yeni mərhələsinin əsası qoyuldu. Erməni separatçıları  80 – ci illərin axırlarında Dağlıq Qarabağda yaşayan azərbaycanlılarla yanaşı,  Ermənistanda yaşayan azərbaycanlıların da kütləvi şəkildə qovulması prosesinə başlamışdılar ki, bu işdə də onlar sovet ordusunun dəstəyində istifadə edirdilər. Buna etiraz olaraq, Respublikanın paytaxtında ilk mitiniqlərdə səslənən haqlı  tələblərə   Respublika və SSRİ rəhbərliyinin etinasız yanaşması hadisələrin daha da kəskinləşməsinə səbəb oldu. Azərbaycana qarşı təxribatları gücləndirmək, düşmənçiliyi qızışdırmaq  və azərbaycanlıların DQMV və Ermənistandan qovulmasını sürətləndirmək üçün düşmən qüvvələr tərəfindən planlı surətdə 27 – 29 fevral 1988 – ci il tarixində Sumqayıt faciəsi törədildi.

          Ermənistanda yaşayan 200 mindən artıq azərbaycanlını, sonra isə Qarabağın dağlıq ərazilərindəki  azərbaycan əhalisini xüsusi vəhşilik və zorakılıqla öz ata – baba yurdlarından kütləvi şəkildə qovmağa əsas vermək üçün təşkil olunmuş Sumqayıt faciəsi əvvəllər sınaqdan çıxarılmış formada təşkil olunmuşdu. XX əsrin əvvəllərində çar Rusiyası xəfiyyə idarəsi tərəfindən törədilmiş  erməni – müsəlman qırğınları eyni ssenari əsasında təşkil olunmuşdu.

          Qarabağ ərazisində iki azərbaycanlı gənc qətlə yetirildikdən sonra ermənilər yeni cinayətkar planlarını həyata keçirmək üçün ictimai – siyasi və ekoloji problemlərin kəskin olduğu, 83 millət və xalqın nümayəndələrindən ibarət 230 mindən artıq əhalinin yaşadığı Sumqayıt şəhərini seçdilər. Çünki bu şəhərdə mövcud olan problemlər başqa şəhərlərə nisbətən faciənin təşkilatçılarının planlarına daha çox uyğun gəlirdi.

          Sumqayıt hadisəsi barədə 1988 – ci ildən sonra Z. Bünyadov, M. İsmayılov, Əfqan, H. Sadıxov, M. Zülfüqarov, Y. Tabasaranski, O. İslamova, R. Məmmədov, A. Mansurzadə, Ə. Veysəlli, T. Əliyev, R. Süleymanoğlu, Nurani, A. İsmayılov, V. Hüseynov  və başqa  müəlliflər tərəfindən bir sıra  kitab və məqalələr yazılıb. [1; 3, 27 fevral 1992, 7 oktyabr 1993,  4 mart 1994; 5, № 1 1991, s. 2 – 3; 6, № 5 1991,s. 77 – 78; 7,  2 dekabr 1988; 8,  28 fevral 1998, 28 fevral 1999; 13,  28 fevral 1997,  27 fevral 1998,  27 fevral 1999; 9; 11,  16 noyabr 1996; 10; 15; 16, 28 may 1988, 16 fevral 1994; 18,  1 may 1993; 19; 20  12 mart 1993, 24 fevral 1995; 21, №2 1989 və s. ]

           Bu müəlliflər içərisində Sumqayıt hadisələrinə 15 – dən artıq məqalə həsr etmiş  R. Süleymanoğlunun yazıları diqqəti cəlb edir. [ 2,  26 fevral 1993; 3,  6 iyul 1990; 8, 27 fevral 1998; 13, 28 fevral 1998; 14, 29,31 oktyabr, 14,17,21,26,28 noyabr, 3,10 dekabr 1992, 1 mart 1997 və s. ]

          Akademik Z. Bünyadov “Niyə Sumqayıt?” məqaləsində baş vermiş hadisələrin əsl mahiyyətini aşkara çıxarmağa çalışıb. Müəllif  Moskvanın qızışdırıcı  rolundan bəhs edərək,  SSRİ EA Afrika İnstitunun direktor müavini A.M. Vasilyevin aşağıdakı sözlərini misal gətirir: “Əgər biz jurnalın (“Narodı Azii i Afriki”) tirajını artırmaq istəsək, bunu eləmək çox asandır: azərbaycanlıların və ermənilərin etnogenezi haqqında iki məqalə çap etmək lazımdır. Digər “yağlı” kökələr də tapmaq olar”.

          A. Mansurzadənin tərtib etdiyi “Sumqayıt qurbanları” kitabı Sumqayıt hadisələrinə həsr olunmuş məqalələr toplusundan ibarətdir. Bu kitabda Sumqayıtda şəhid olmuş Vəkil Babayev, Natiq İsgəndərov, Dadaş Xudaşov, Canpolad Orucov, Surxay Əliyev haqqında məqalələrlə yanaşı,  E. Məmmədovun “28-dən 29-a keçən gecə”, M. Şahbazovun “Tarix unutqanlığı bağışlamır” və s. başlıqlı yazılar dərc olunub.(11)

          Bəzi dərc olunmuş məqalələri Sumqayıt hadisələrinin tarixşünaslığına aid etmək olar. Məsələn, H. Sadıxov, R. Məmmmədovun “Sumqayıt hadisəsi  ermənipərəst mətbuatın əyri güzgüsündə”  adlı məqaləsi, 1988 – 1992 – ci illərdə Sumqayıt hadisəsinə həsr olunmuş məqalələrin şərhinə həsr olunmuş məqalə və digər  yazılar hadisənin tarixşünaslıq baxımından tədqiqinə yaxından kömək edə bilər. (20,  29 fevral 1992, 24 fevral 1995)

A. İsmayılovun  iki fəsil, 13 bölmədən ibarət “Sumqayıt prosesi” kitabı (10) Azərbaycanda  hadisəyə aid yazılmış ən iri həcmli kitabdır. Kitab “ Sumqayıt prosesi” adlanan birinci fəsil  “Prosesə təyinatıma gətirən yol və cinayət işi ilə tanışlığım”, “Qriqoryan kim idi?”, “Qriqoryanın rolu”, “Qara plaşlılar kimlər idi?”, “Prosesə kənar müdaxilələr”, “ Mətbuatın rolu və rəhbərliyin biganəliyi”, “Aərbaycanlılar erməniləri necə xilas edirdilər?”, “Prosesdən gəldiyim nəticə və məhkəmədəki nitqim”, “Məhkəmənin hökmü”, “Sumqayıt hadisələrinin təfərrüatı” adlanan ikinci fəsil isə “Sumqayıta gətirən yol – səbəblər və nəticələr”, “Fərqli insanlardan yekdil rəy və yaxud Sumqayıt hadisələri kimin vicdanında qaldı?”, “Azərbaycan rəhbərliyinin qətiyyətsizliyi”, “Qorbaçov və ermənilik” bölmələrdən ibarətdir ki, bu bölmələrlə tanışlıq  hadisənin mahiyyəti haqqında dolğun məlumat əldə etməyə imkan verir.

          Kitabda analitik əsərləri ilə məhşur olan yazıçı İqor Lvoviç  Buniçin SSRİ – də baş verən, hələ də sirri açılmayan əsas 14 hadisələr sırasına  Vilnüs, Sumqayıt, Bakı, Tbilisi  hadisəsələrini də aid etməsi qeyd olunur. Bu fakt  həmin hadisələrin kənar qüvvələr tərəfindən planlı surətdə törədildiyini bir daha sübut edir.  Kitabda həmçinin o dövrdəki hadisələrlə bağlı Ayaz Mütəllibovun fikirləri də verilmişdir ki, bu da hadisələrin mahiyyəti barədə müəyyən qənaətə gəlməyə imkan verir. O demişdir: “ Azərbaycanın yaxşı planlaşdırılmış  qəsd nəticəsində düşdüyü dəhşətli haqsızlıqlar son illərdə məni düşündürürdü: doğrudanmı, hamı üçün heç bir şeyin fərqi yoxdur, doğrudanmı, heç kim (mən respublikanı nəzərdə tuturam) baş verənlərlə maraqlanmayacaq? Axı bu minvalla istənilən xalqın axırına çıxmaq olar və bu halda başqaları, sadəcə müşahidə edəcəklər. Azərbaycana münasibət bizim İttifaqın iç üzünü tam açıqladı. Axı biz bu gün də təkik.”

          Kitabda verilmiş SSRİ DTK-sının keçmiş sədri Vladimir Kryuçkovun ölümü ilə əlaqədar Britaniyanın “The Times” qəzetinin 30 noyabr 2007 – ci il sayında yazılmışı məlumat bir daha hadisənin kənar qüvvələr tərəfindən planlaşdırıldığını sübut edir.  Məlumatda deyilir: “… Kryuçkov və digər DTK əməkdaşları Kremilin gücünü və nüfuzunu zəiflətmək üçün bu “təhlükəli elementlərə” diqqət yetirdilər. Onlar insanların yerlərdəki narazılığını əsas gətirərək, SSRİ- nin Sumqayıt  və  Bakı (Azərbaycan), Tiflis (Gürcüstan), Vilnyüs (Litva və Riqa (Latviya) kimi şəhərlərdə təxribat aksiyaları təşkil etdilər.”

          V. Hüseynovun Moskvada iki cildlik, rus dilində nəşr olunmuş “Bir ömürdən daha artıq” adlı kitabının bir bölümü “ Sumqayıt facəsi” adlanır. Müəllif qeyd edir ki, SSRİ – nin  yeni rəhbərliyini o zaman  tarix üç sərt və ağır imtana çəkdi.  Birincisi, 1986 – cı ilin aprelində baş vermiş Çernobıl faciəsi, ikincisi, yenidənqurmanın ilk qanlı hadisəsi, Qazaxstanda D.A. Kunayevin Q.V. Kolbinlə əvəz edilməsinə etiraz edən gənclərin 1986 – cı ilin dekabrda başladığı hərəkatın qan içində boğulması, üçüncü Qarabağ münaqişəsi (fevral 1988 – ci il) və Sumqayıt faciəsi (1988 – ci il fevralın axırıncı günü)

          Müəllif qeyd edir ki, hadisələrə qədər Bağırovun, Gevorkovun və Müslümzadənin çıxışlarında DQMV-nin Ermənistana birləşdirilməsi haqqında mərkəzi hakimiyyət orqanlarına edilən müraciətlər haqqında bir kəlmə də danışmamışlar. Aqanbekyanın təxribat xarakterli bəyanatına da heç bir reaksiya verilməmişdi.  Müəllif digər faciələr kimi, Sumqayıt hadisəsinin də əsas səbəbini qərb ölkələri ilə on illərlə aparılan müharibənin yaddan çıxarılmasında və sovet siyasi rəhbərliyinin çıxardığı qərarlara heç kimin etiraz edə bilməməsi, nazirliklərin, respublika və şəhər rəhbərliyinin yalnız bu qərarları kor-koranə icra etməyə məcbur edildiyi sovet sisteminin mahiyyətində görür. Onun fikrincə insanları inandırmışdılar ki, bir-iki ilə formaca sovet, məzmunca amerika tipli demokratiya bərqərar olacaq.  Bundan başqa müəllif bu zaman respublika rəhbərliyində K. Bağırovun yerini tutmaq uyğrunda mübarizənin də hadisələrdə müəyyən rol oynadığını qeyd edir. (19, s. 89 – 92)

          Bu məqalə və kitablarda əsasən “Sumqayıt hadisəsi erməni mərkəzləri tərəfindən planlaşdırılmış cinayətdir”, “Bu hadisə SSRİ-nin dağılmasının və respublikaların suverenlik uğrunda mübarizəsinin qarşısının alınması üçün Moskva tərəfindən hazırlanmış qəsd idi” kimi fikirlər müdafiə olunur.

          Fikrimizcə, bunlar cinayətin təşkilatçılarının bir hissəsidir. Əgər cinyətin təşkilatçılarının bir hissəsi SSRİ daxilində idisə, digər bir hissəsinin qərb ölkələrində olması haqqında kifayət qədər faktlar mövcuddur. Sumqayıt faciəsində imperiyanı qoruyub saxlamaq istəyən qüvvələrlə yanaşı, onun dağılmasını istəyən həm daxili, həm də xarici qüvvələrin də  əli var idi.

          Cinayətin icraçıları isə xüsusi mərkəzlər tərəfindən hadisə ərəfəsində şəhərə göndərilmiş cəsuslar və onların təxribatına uyan  səbatsız ünsürlər olmuşdu. Belə  casuslardan biri  “Qlasnost” jurnalının müxbiri Qriqoryantsın nümayəndəsi A. Şelkov qabaqcadan Sumqayıta gələrək, hadisələri  lentə almış və artıq hadisələrin səhərisi günü qərbdəki himayədarları vasitəsi ilə müxtəlif ölkələrdə nümayiş etdirilmişdi.

          Hadisənin qabaqcadan xüsusi təxribatçı mərkəzlər tərəfindən təşkil olunduğunu sübut edən çoxlu sayda faktlar mövcuddur. Məsələn, Xankəndində Sumqayıt hadisəsinə aid abidənin  qabaqcadan hazırlanması, hadisədən qabaq şəhərdə nömrəsiz maşınlarda qara gödəkçəli adamların peyda olması və hadisədən sonra onların yoxa çıxması, hadisə ərəfəsi şəhər hüquq – mühafizə orqanlarının fəaliyyətinin dayandırılması, tabel silahlarının alınması, erməni millətindən olan imkanlı şəxslərin əksəriyyətinin əmanət banklarında olan pullarını götürərək,  hadisədən iki gün əvvəl şəhərdən çıxması və s. faktlar bunu sübut edir.

          Faciənin əsas təşkilatçılarının hadisə baş verdiyi vaxt müəyyən edilməməsində şəhər və respublika rəhbərliyi arasında hadisə ərəfəsində münasibətlərin kəskinləşərək, düşmənçilik həddinə çatmasının da müəyyən rolu olmuşdu. Məhz bunun nəticəsində, hadisələrin əsl səbəblərini araşdırıb, düzgün nəticə çıxarmaq əvəzinə, Az.KP MK “Sumqayıt şəhər Partiya Komitəsi Bürosunun əhali arasında təşkilatçılıq işində böyük nöqsanları, siyasi naşılığı və şəhərdə faciəli hadisələrin qarşısını almaqda fəaliyyətsizliyi haqqında”(16 mart 1988-ci il) qərar qəbul etməklə öz səbatsızlığını nümayiş etdirdi. Bu qərarla Azərbaycan KP rəhbərliyi faciənin  əsas təşkilatçılarını deyil, şəhər rəhbərliyini  günahkar hesab etməsi həmin dövrdə   əsil cinayətkarların  ifşa edilməsinə mane oldu.

          Sumqayıt hadisəsi haqqında məqalə və kitab yazan bəzi müəlliflər bu hadisənin əsas səbəblərindən biri kimi şəhərdə əvvəlki illərdə millətlərarası münasibətlərin kəskin olduğunu qeyd edirlər. Lakin faktlar bunun əksini göstərir. Millətlərarası münasibətlər sahəsində şəhərdə əvvəlki illərdə nöqsanlar, formalizm halları olsa da,  bu münasibətlər düşmənçilik həddində deyildi. Məsələn, Sumqayıtda nəşr olunan şəhər qəzetlərində 1987- ci ilin noyabrında Oktyabr inqilabının 70 illiyi ilə əlaqədar, yəni hadisələrdən 3 ay qabaq 70 – ci illərdən Sumqayıtla qardaşlaşmış Kirovakan nümayəndə heyətinin şəhər əhalisi tərəfindən hörmətlə qarşılanması haqqında yazılar, erməni artistlərinin çıxışlarından geniş foto-reportajlar verilmiş və bütün bunlara da sumqayıtlılar təbii yanaşmışlar. Bu kimi faktlar bir daha sübut edir ki, hadisənin əsl təşkilatçıları və icraçıları şəhər əhalisi deyil, kənar qüvvələr olmuşdur.

          Sumqayıt hadisəsi isə qısa olaraq belə baş vermişdi: Xüsusi hazırlanmış bir qrup təxribatçı Ermənistanda azərbaycanlılara qarşı törədilən vəhşiliklər barədə şayiələr yayaraq,  Qafandan yaralıların gətirildiyini bildirmiş, onların başına toplaşmış məlumatsız və səbatsız ünsürlərdə qisasçılıq hissələrini qızışdıraraq, qabaqcadan əldə etdikləri ünvanlara basqınlar təşkil edərək, qətllər, qarətlər  və yanğınlar törətmişlər. Moskva rəhbərliyi 2 gün gecikdikdən sonra şəhərə qoşun yeritmişdir. Burada 6 – 9 fevral 1905 – ci il tarixində Bakıda törədilmiş erməni-müsəlman qırğını ilə müəyyən bir oxşarlıq özünü büruzə verir.

           Ordunun şəhərə işğalçı kimi girərək özbaşınalıq etməsi, milli təəssüb hissini boğa bilməyən şəxslərin etirazına və müqavimətinə səbəb olmuş, nəticədə, hərbçilər bir neçə texnika itirmişlər. Bu qeyri – bərabər, kortəbii müqavimətdə 6 nəfər azərbaycanlı həlak olmuş, general Krayevin  əmri ilə yüzlərlə şəhər sakini həbs olunmuş, 94 nəfər haqqında cinayət işi qaldırılmışdı. Bunların arasında Ermənistan qaçqınlarından bir nəfərin də olmaması bir daha sübut edir ki, onların adlarının bu hadisələrdə hallandırılması məqsədli xarakter daşımışdı.

          Moskvadan  Sumqayıta  ezam edilmiş müstəntiqlər ordusu şəhər sakinləri haqqında uydurma ittihamlar hazırlayıb Rusiyanın müxtəlif şəhərlərinin məhkəmələrinə göndərmişlər. İstintaq nəticəsində məlum olmuşdur ki, ilk cinayəti özünü azərbaycanlı kimi qələmə vermiş E.Qriqoryan törədərək, 5 nəfəri qətlə yetirib. Azərbaycanlılar müxtəlif müddətlərə azadlıqdan məhrum edilsələr də, məhkəmədə E. Qriqoryanın üzərindən ittihamın götürülməsi bir çox qaranlıq məqamların üzərinə işıq salır.

          Ən ağır cəzanı 1988 – ci ilin noyabrında  SSRİ Ali Məhkəməsi çıxardı. Məhkəmə Ə.Əhmədovu güllələnməyə məhkum etdi və minlərlə Azərbaycan vətəndaşının etirazına baxmayaraq 1990 – cı ilin aprelində hökm icra olundu. 15 il  iş almış T.İsmayılovun Tbilisidə, E. Gəncəliyevin isə Bakıda müəmmalı şəkildə öldürülməsi Moskvanın  ermənipərəst siyasətinin nəticəsi idi.

          Moskva o zaman hadisələrə bu c&¨r qiymət verdi.  Moskvadan asılı olan Azərbaycanın o zamankı rəhbərliyi isə Sumqayıt hadisəsini Azərbaycan KP  MK – nın 16 mart 1988 – ci il qərarı ilə subyektiv qiymətləndirdi.

           Fikrimizcə, Sumqayıt hadisəsinin obyektiv tədqiqi üçün tarixçilər hələ çox işlər görməlidirlər. Bu kimi hadisələrin obyektiv tədqiqi gələcək təxribatların qarşısının alınmasına və Azərbaycan dövlətçiliyinin inkişafına yaxından kömək göstərə bilər.

İstifadə olunmuş ədəbiyyatlar

—————————————————–

  1. Acı həqiqətlər. Bakı, Azərnəşr, 1991, 232 s.
  2. “Aydınlıq ” qəz., Bakı ( azərb. dilində)
  3. “Azərbaycan “ qəz. Bakı ( azərb. dilində)
  4. “Azərbaycan”  jur., Bakı ( azərb. dilində)
  5.  “Azərbaycan qadını”  jur., Bakı (azərb. dilində)
  6. “Azərbaycan Kommunisti ” jur., Bakı ( azərb. dilində)
  7.  “Ədəbiyyat və incəsənət “ qəz., Bakı, ( azərb. dilində)
  8.  “ Xalq ”  qəz., Bakı ( azərb. dilində)
  9. İslamova O. Sumqayıt … danışan tariximizdir. Bakı, 1999.
  10. İsmayılov A. Sumqayıt prosesi. Bakı: Çoşoğlu, 2010,  204 s.
  11. Mansurzadə A. Sumqayıt qurbanları. Sumqayıt, 1996.
  12.  “ Millət ”  qəz., Bakı ( azərb. dilində)
  13. “ Respublika ”  qəz., Bakı ( azərb. dilində).
  14.  “ Sumqayıt ” qəz., ( azərb. dilində)
  15. Veysəlli Ə., Əliyev T. Sumqayıtın qan yaddaşı. Sumqayıt, 1998 .
  16. “ Бакинский рабочий” газ., Баку ( на рус. языке)
  17. “ Бакинец ” газ., Баку ( на рус. языке)
  18. “Вышка”газ., Баку ( на рус.языке)
  19. Гусейнов В. Больше, чем одна жизнь. Кн. 2. — М.: Издательский дом «Красная звезда», 2013. — 424 с.
  20. “ Эхо Сумгаита” газ., Сумгаит ( на рус. языке).
  21. “Известия АН Азербайджанской ССР.” Серия истории, философии и права,  Баку ( на рус. языке)

“KarabakhİNFO.com” 

¨

27.01.2014 17:24

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*