Azərbaycanca

Ermənilərin Tərtərdə toy mərasimini atəşə tutması ilə bağlı BMT baş katibinə məktub ünvanlandı

13.10.2015 | 15:57

oon_210415

Azərbaycanın BMT yanındakı nümayəndəliyi tərəfindən Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən Tərtər rayonunun Qapanlı kəndində keçirilmiş toy mərasimini atəşə tutması ilə əlaqədar BMT baş katibinə məktub ünvanlanıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, məktub BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının A/69/1028-S/2015/704 saylı rəsmi sənədi kimi yayılıb.

Məktubda 1 sentyabr 2015-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərindəki mövqeyindən məqsədli şəkildə Tərtər rayonunun Qapanlı kəndində keçirilmiş toy mərasiminin atəşə tutulması nəticəsində bir azyaşlı uşaq daxil olmaqla, üç mülki şəxsin yaralandığı bildirilir.

Məktubda Ermənistan silahlı qüvvələri tərəfindən toy mərasiminin atəşə tutulması, birbaşa mülki şəxslərin hədəfə alınmasının Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması olduğu bildirilir və beynəlxalq cinayət hüququna əsasən hərbi cinayət olduğu qeyd edilir.

Ermənistan tərəfindən mülki şəxslərin atəşə tutulmasının yeni hal olmadığı qeyd edilərək, Azərbaycana qarşı davam edən təcavüz əsnasında Ermənistan tərəfindən azərbaycanlı mülki şəxslərin öldürülməsi, əsirgötürmə, hərbi əsirlərə və girovlara qarşı qeyri-insani davranış və işğal edilmiş ərazilərdə etnik təmizləmə kimi bir çox cinayət əməllərinin törədildiyi haqqında məlumat verilir. Bu xüsusda, Xocalı şəhərinin mülki sakinlərinə qarşı törədilmiş amansız qırğın qeyd edilir.

Məktubda, həmçinin bu kimi cinayətlərin təsadüfi olmadığı, Ermənistan tərəfindən irqi və etnik ayrı-seçkilik, nifrət və ərazi istilası kimi məkrli ideyalar əsasında yürüdülən sistemli siyasətin tərkib hissəsi olduğu bildirilir. Atəşkəs rejiminin mütəmadi əsasda pozulması və mülki Azərbaycan əhalisinin silahlı hücumlara məruz qalmasının Ermənistanın münaqişənin sülh yolu ilə nizamlanmasında maraqlı olmamasının əyani sübutu olduğu qeyd olunaraq, Ermənistanın əsl niyyətinin Azərbaycan ərazilərinin işğalını davam etdirmək və bütün vasitələrlə cari status-kvonu saxlamaq olduğu diqqətə çatdırılır.

Sənəddə bildirilir: “Mülki şəxslərin müdafiəsinin BMT Təhlükəsizlik Şurasının gündəliyində daim əsas məsələlərdən biri olması və beynəlxalq ictimaiyyətin mülki şəxslərin müdafiə dairəsini genişləndirmək və qırğınları azaltmaq istəyinin fonunda Ermənistan hüquqi öhdəliklərinə məhəl qoymur və mülki şəxslərin qətlini hədəfləyən siyasət yürüdür. Buna son qoyulmalıdır”.

Sənəddə Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və Ermənistanın cəzasızlığına son qoyulması üçün BMT Təhlükəsizlik Şurası tərəfindən qəti addımların atılmalı olduğu vurğulanır.

Trend.az

13.10.2015 15:57

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*