Azərbaycanca

Ermənilərin zəhərləyib öldürdüyü Şahbanu

11.10.2013 | 15:30

1381490872_240px-agabyim_agaAğaməhəmməd şah Qacar Şuşada öldürüldükdən sonra  İbrahimxəlil xan  mülayimlik etməyi məsləhət bilərək Qacarın cənazəsini böyük ehtiramla Tehrana göndərib.Fətəli şah İbrahim xanın belə hərəkətini özü üçün xöşbəxtlik sanıb, onun adamlarını xələt və ənamla geri qaytarıb. Ona qılınc göndərib və Ibrahim xanla qohum olmaq istədiyini bildirib. İbrahimxəlil xan da bu təkliflə razılaşıb.

 

Beləliklə, xan qızı Fətəli şahın sifarişi ilə 200-dən çox xidmətçisiylə birlikdə Qarabağdan Tehran sarayına göndərilir.

 

Şah böyük tədarük görərək hörmət və izzətlə Ağabəyim Ağanın kəbinini kəsdirib, onu qadınlarının möhtərəmi və hərəmbaşısı edib.

 

Deyilənə görə, gözəl xanımlar Fətəli şahın hərəmxanasına daxil olanda ilk olaraq çox bahalı və zərif paltarlar olan otağa girməli, bu paltarlardan ürəkləri istəyən ən bahalısını seçməli və şahın hüzüruna bu paltarda getməli imişlər. Ağa bəyim ağa bilirmişdir ki, şahın anasının paltarları da bu paltarlar arasındadır və o, özü qəsdən bu paltarı seçib geymişdir. Fətəli şah Ağa bəyim ağanı ansının paltarında görəndə özünü itirmiş, əhvalı dəyişmiş, heç vaxt ona əl vurmamışdır…

“ Şah bir kərə vüsalına yetmədiyi, ancaq xətrini əziz tutduğu baş hərəmi, İbrahimxəlil xanın qızı, şairə Ağabəyim ağa Ağabacıya böyük bir şeir dəftərini verib deyir ki, “Oxu, bəyənmədiyin şeirin üstünə barmağını qoyarsan”. Ağabəyim ağa da şahın şeirlərini oxuyub, dəftəri çevirir və şəhadət barmağını qoyur üstünə. Şah  qulaqlarına qədər qızarır”.Ermənilərin zəhərləyib öldürdüyü  Şahbanu

 

 

Mirabbas Mirbağırzadə yazır: “Ağabəyim Ağa Qacar sarayında Ağabacı adlanırdı. Şah ona və məiyətinə böyük varidat və ömri-məaş ayırmışdı. Ağabacı xanım olduqca ləyaqətli, vüqarlı və əzəmətli xanım idi. Oxumuşdu, aqilə, kamilə və ədibə idi. … Fətəli şah Ağabəyim ağanın əqlü-kəmalını çox bəyənmişdi. Onunla qohum olduğundan hər zaman məmnun olduğunu söylərmiş.”

 

 

Ağabəyim ağa gözəlliyi ilə ad qazandığı kimi, iti hafizəsi və yüksək nitq mədəniyyəti ilə də şöhrət qazanmışdı. O, İranın ictimai-mədəni həyatı ilə, siyasi məsələlərilə maraqlanan ilk qadınlardan olmuşdur. Həmçinin Rusiya-İran münaqişəsinin barışıqla nəticələnməsinə aid sənədlərdə onun da adı çəkilir.

 

Tarixçi-alim Seydağa Onullahi Fətəli şahın şahlıq illərindən, saraydaxili münaqişələrdən , şahın daxili və xarici siyasətindən bəhs edərkən Ağabəyim Ağanın həyatından da yazıb: “Fətəli şahın hərəmxanasında Azərbaycandan çox qadın vardı. Onlardan biri də İrəvan hakimi Həsənin böyük qızı Kövkəb xanım idi. Sərdarabad qalasının sərdarı Həsən xan 1828-1829-cu illər rus-iran müharibəsi zamanı İrəvanın rus işğalçılarından müdafiəsində qəhrəmanlıqla vuruşmuşdur. Həsən xan “Sarı Aslan” ləqəbi ilə məşhur idi. Lakin imperiya qoşunları qarşısında İrəvan xanlığı da tab gətirə bilməzdi. Kövkəb xanınmın atası Sarı Aslanı düşmən caynağından  qurtarmaq üçün Ağabəyim Ağa təcili tədbir görmüş, döyüş yerinə rus dilini bilən on beş nəfər rus əsgəri geyimində igid göndərmiş, bu el qəhrəmanının həyatını xilas etmişdir.”

 

18-ci əsrin sonu, 20-ci əsrin əvvəllərində yaşamış şair Ağabəyim Ağa xan qızı olsa da, əslində nakam və hüquqsuz qadınlardan az fərqlənirdi.

 

Ağabəyim Ağa 1780-ci ildə Şuşada dünyaya gəlmiş, qayğısız uşaqlıq illəri keçirmiş və saray tərbiyəsi görmüşdür. Lakin onun firavanlıq dövrü uzun sürməyib. Şairə Qarabağdan həmişəlik olaraq ayrılıb, özü istəməsə də yad bir diyarda ömür sürməli olub. Ağabəyim ağanı 1797-ci ildə İran hökmdarı Fətəli şaha gəlin köçürüblər. İrana yola düşərkən şair Qarabağ torpağına sonsuz məhəbbət əlaməti olaraq “Xorrəm onku be səri ku-ye to ça-ye darəd” (“Xoş o kəsin halına ki, sənin qoynunda məskən salıb”) misrası ilə başlayan farsca məşhur rübaisini yazmışdır.

 

Ağabəyim Ağa ərəb və fars dilləri ilə yanaşı, ingilis və fransız dillərini də mənimsəyib. Bu dillərin vasitəsilə şərqin və Avropanın məşhur şahzadələri və kraliçaları ilə ünsiyyət qurmuşdur. 1811-ci ildə İngiltərə kralının İrana səfir təyin etdiyi Ser Orelin Fətəli şahla görüş zamanı etimadnaməsini təqdim edərkən Ağabəyim Ağaya kral və kraliça adından almas ənbəçə (arxalıq) bağışlamışdır.

 

Onun kədərli, nisgilli həyatı bir çox ədiblərin əsrlərində geniş şəkildə göstərilmişdi.  Yazıçı, Azərbaycan Demokratik Cümhuriyyətinin Türkiyədə olan ilk səfiri Yusif Vəzir Çəmənzəminlinin atası Məşədi Mirbaba Qarabağ hökmdarı İbrahimxəlil xanın nüfuzlu vəzirlərindən biri olmuşdur. Odur ki, saray həyatına yaxından bələd olan bir yazar kimi O, özünün “İki od arasında” romanında Ağabəyim Ağanın uşaqlıq illəri, onun əmisi oğluna olan ilk məhəbbəti haqqında geniş söhbət açıb.

 

 

Fətəli şahın sənətə və əyləncəyə marağı o dövrün Qacar sarayını Avropanın bir parçasına çevirmişdi. Qərbin böyük rəssamları, alimləri, həkimləri, filosofları daima şahın qonağı olurdu.

 

Ermənilərin zəhərləyib öldürdüyü  ŞahbanuAğabəyim ağa dövlətin xarici əlaqələri ilə bağlı və dövrün bir çox münəvvərləri ilə məktublaşmışdı. İran səfərinə çıxmış İngiltərə kralı Şəhbanunun camalına və kamalına heyran olaraq öz əli ilə ona “Müqəddəs Georgi” ordeni təqdim etmişdi. Ağabəyim ağa bu ödülü almış yeganə türk qadınıdır.

 

Ağabəyim Ağa sarayda cah-cəlal içərisində dolansa da, fərəhsiz günlər keçirib.

 

Əziziyəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ,
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ!

 

Ağabəyim ağanın könlünü şad etmək, onu sevindirmək üçün Fətəli şah Tehranda möhtəşəm bir bağ saldırır. Şuşada bitən bütün ağac, gül-çiçəyi burada əkdirir ki, Ağabəyim doğma yerlərin havasını bu bağdan ala bilsin. Bəlkə onda könlü  toxtayar. Hətta bağbanı da Şuşadan gətirirlər.

 

Bu gülüstanın  adını “Vətən bağı” qoyurlar. Ağabəyim həmin bağa seyrə çıxarkən çox qəmlənir. Dərindən ah çəkərək ağlayır. Bütün saray əhli bu vəziyyətə heyrət kəsilir. Çünki “Vətən bağı” elə Şuşanın bir parçası idi. Ağabəyim üzüntüsünü belə ifadə edir:

 

“Vətən bağı” al-əlvandır,
Yox üstündə Xarıbülbül.
Nədən hər yerin əlvandır,
Köksün altı sarı, bülbül.

 

Şair kədərli misralarında  şəxsi faciəsini, keçirdiyi iztirabları aydın göstərib.

 

Ta həşr nəvnsənd əgər minnəşəvəd tey,

Nə dəftəri –hüsn to, nə tumar fəraqəm.

 

(Ta qiyamətə qədər yazılsa, qurtaran deyil, nə sənin gözəlliyinin dəftəri, nə mənim ayrılığımın şərhi).

 

Ağabəyim ağanın əldə olan şeirlərindən görünür ki, o da müasirləri Q.Zakir, Aşıq Pəri, Ə.Qaracadaği kimi müxtəlif janr və formalardan məharətlə istifadə etmişdi.

 

 

Həyatının sonuna yaxın Ağabəyim Ağa sarayı tərk edərək Qum şəhərində ona məxsus olan qəsrə köçmüş və sakit bir hücrədə sakit yaşamışdır.

 

Bir çox mənbələrdə Ağabəyim ağanın vəfat etdiyi qeyd edilir. Ancaq Mehriban Vəzirin yazdığına görə, Ağabəyim Ağa rusların Qafqazdan çıxarılması uğrunda növbəti müharibənin tərəfdarlarından idi. Buna görə də, 1831-ci ildə ruslar sarayda mötəbər mövqedə olan erməni cəsuslarının əli ilə Şəhbanunu zəhərləyərək öldürüblər.

Şairə Qum şəhərindəki xanədan sahiblərinə məxsus qəbristanlıqda dəfn olunmuşdur.

 

 

Ağabəyim ağanın ürək ağrısı ilə yazdığı, bir çox mənbələrdə yalnız ilk beyti göstərilən məşhur qəzəlini bütöv şəkildə   təqdim edirik:

 

 

Əfsus ki, yarım gecə gəldi,gecə getdi,

Heç bilmədim ömrüm necə gəldi, necə getdi.

 

Könlüm dəxi aram olmadı, dönsün qana,

Ta deyim dərdimi bir-bir becə gəldi, becə getdi.

 

Öldürüb hicrdən vəslində ehya eylədi,

Son dünyadakı ömrüm vecə gəldi, vecə getdi.

 

 

 

 

Mənbə:

 

“Ədəbiyyat və İncəsənət” qəzeti, 1978, 2 sentyabr

Qarabağnamələr İkinci kitab, 2006

Azərbaycan tarixi 19-21-ci əsrin əvvəli 2010

M.Vəzir, Dəyişikliklərə cəsarəti çatan örnək xanımlar 2008.

M.Həsənova, Azərbaycanın milli dövlətçilik tarixində görkəmli qadınlar, 2008.

M.Çəmənli, “Ruhların üsyanı”.

 

 

 

  Zivər Ay

 

“KarabakhİNFO.com”

 

11.10.2013 15:30

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*