Azərbaycanca

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və geosiyasi kökləri

12.01.2013 | 18:13

1367055010_elxankiDəyərli oxucular!
“KarabakhİNFO.com” e-jurnalı ekslüziv olaraq Elxan və Vurğun Süleymanovların həmmüəllifi olduğu “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” kitabının hissə – hissə dərcinə başlayır. Xüsusi olaraq, qeyd edək ki, kitabdan yazıların hissə – hissə dərci hüququ “KarabakhİNFO.com” e-jurnalına məxsusdur.

AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili, AVRONEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovun və iqtisad elmləri üzrə fəlsəfə doktoru Vurğun Süleymanovun müəllifi olduğu “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” kitabında təcavüz nəticəsində Azərbaycana vurulmuş maddi və mənəvi zərərin müəyyənləşdirilməsinə yönəlmiş kompleks məsələlər ilk dəfə olaraq araşdırılır. Kitabda həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və geosiyasi kökləri tədqiq olunur, beynəlxalq təşkilatların Ermənistanın Azərbaycan ərazilərini işğalı faktını tanıması mühüm sənədlər vasitəsilə çatdırılır. Kitabda AzərTAc-ın, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (http://qmkdk.gov.az) və www.azerbaijan.az portalının fotomateriallarından istifadə olunmuşdur.

 

 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi etnik azərbaycanlıların 1988-1989-cu illərdə cəmi bir neçə ay ərzində öz tarixi torpaqları olan indiki Ermənistan Respublikası ərazisindən deportasiyası və bu dövlətin zor tətbiq etməklə yeni ərazilər əldə etmək siyasətinin davamı kimi Azərbaycan Respublikasına qarşı silahlı təcavüzü nəticəsində baş vermişdir. Qeyd edilməlidir ki, Azərbaycana qarşı silahlı təcavüz ölkənin Dağlıq Qarabağ bölgəsində erməni separatçı qrupların hüquqa zidd hərəkətləri ilə başlanmışdır. Ermənistanın hakimiyyət orqanları isə separatçıların bu əməllərini özlərinin beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil edən qərarları ilə dəstəkləmiş və Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürmüşdür. Bu qərarlar sırasında Ermənistan SSR Ali Sovetinin “Ermənistan SSR ilə Dağlıq Qarabağın birləşdirilməsi haqqında” 1 dekabr 1989-cu il tarixli qərarı və Ermənistanın dövlət suverenliyi haqqında 23 avqust 1990-cı il tarixli bəyannamə xüsusilə vurğulanmalıdır. Ermənistan tərəfindən qəbul edilmiş beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil edən həmin sənədlərə görə, digər bir dövlətin ərazisinin bir hissəsi – Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi “Ermənistan Respublikasının ayrılmaz hissəsi” elan edilirdi. Ermənistan SSR Ali Sovetinin qeyd edilən qərarları bu dövlətin silahlı qüvvələrinin Azərbaycan Republikasına qarşı silahlı təcavüzü nəticəsində reallaşdırıldı. Azərbaycana qarşı silahlı döyüşlərə muzdlulardan ibarət silahlı qeyri-qanuni birləşmələr geniş cəlb edilmişdi. Bununla yanaşı, Ermənistanın silahlı təcavüzü bu dövlətin xüsusi xidmət orqanlarının və beynəlxalq erməni terror təşkilatlarının tək cəbhəyanı və sərhədyanı ərazilərdə deyil, eyni zamanda cəbhə və sərhəd xətlərindən uzaqlarda Azərbaycan xalqına qarşı terror əməliyyatlarının kəskin şəkildə intensivləşməsi fonunda həyata keçirildi. Ermənistan silahlı birləşmələrinin tammiqyaslı hərbi əməliyyatları 1991-ci ilin sonu və 1992-ci ilin əvvəllərində Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) inzibati ərazisi hüdudlarında aparılırdı, 1992-ci ilin mayından isə döyüş əməliyyatları keçmiş DQMV hüdudlarından kənara çıxaraq, Azərbaycanın digər rayonlarına yayılmağa başladı. Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycan Respublikasının keçmiş DQMV və 7 ətraf rayonu, o cümlədən cəbhəyanı və sərhədyanı rayonların bir sıra yaşayış məntəqələri də daxil olmaqla Azərbaycan Respublikasının 20% ərazisi işğal edildi. Rusiya Federasiyasının vasitəçiliyi ilə 1994-cü ilin 12 may tarixində tərəflər arasında atəşkəs haqqında protokol imzalandı və hazırda münaqişənin sülh yolu ilə tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə danışıqlar aparılır. Xüsusilə qeyd edilməlidir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin meydana gəlməsinin tarixi və geosiyasi kökləri mövcuddur. Belə ki, bu münaqişənin əsası “ləng açılan bomba” şəklində 1988-ci ildən xeyli əvvəl, daha dəqiq desək, XIX əsrin əvvəllərində qoyulmuşdur. Belə ki, çar Rusiyası hələ XVII əsrin sonu və XVIII əsrin əvvəllərindən başlayaraq Osmanlı dövlətinin torpaqlarının bölüşdürülməsi, Aralıq dənizinə və Şərqə çıxış əldə etmək məqsədilə dəfələrlə Türkiyə və İrana qarşı müharibələr aparmışdır. Bu müharibələrin nəticəsi kimi, 1813 və 1828-ci illərdə çar Rusiyası və İran arasında müvafiq olaraq Gülüstan və Türkmənçay müqavilələri imzalanmışdır. Bu müqavilələrin imzalanması nəticəsində Azərbaycan xalqına qarşı tarixi ədalətsizlik rəsmiləşdirildi və Azərbaycan torpaqları iki dövlət arasında bölüşdürüldü. Beləliklə, həmin müqavilələrin faciəli nəticəsi kimi Azərbaycan xalqı bölündü, Azərbaycanın tarixi torpaqları parçalandı. Türkmənçay müqaviləsində uzağagedən geosiyasi oyunların və gələcək fəlakətlərin əsası qoyulmuş oldu. Belə ki, həmin müqavilə imzalandıqdan sonra 1828-ci ildən başlayaraq İran və Türkiyədə yaşayan ermənilərin Rusiyanın işğal etmiş olduğu Zaqafqaziyaya (Cənubi Qafqaza) kütləvi köçürülməsinə başlanmışdır. Müharibədən sonrakı iki il ərzində, 1828-ci ildən 1830- cu ilə kimi Cənubi Qafqaza İrandan 40 mindən, Türkiyədən isə 84 mindən çox erməni köçürüldü. Cənubi Qafqaza köçürülən ermənilər strateji baxımdan əhəmiyyət kəsb edən Yelizavetpol (Gəncə) və İrəvan quberniyalarında yerləşdirilirdilər. Rus tədqiqatçısı N.N.Şavrov bu məsələ ilə bağlı yazırdı ki, “Yelizavetpol quberniyasının dağlıq hissəsi və Göyçə gölünün sahili həmin ermənilər tərəfindən məskunlaşdırılmışdır”. N.N.Şavrov daha sonra göstərirdi ki, 1908-ci ildə “Zaqafqaziyada yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu diyarın köklü sakinləri olmayıb bizim tərəfimizdən məskunlaşdırılmışdır” [1]. Beləliklə, Çar Rusiyası tərəfindən ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza, o cümlədən Qarabağın dağlıq hissəsinə köçürülməsi bu regionda demoqrafik vəziyyətə ciddi təsir göstərmiş və ermənilərin gələcək ərazi iddialarının əsasını qoymuşdur. Əvvəlcə çar Rusiyasının, sonra isə Sovet İttifaqının apardığı siyasət nəticəsində son 200 il ərzində Cənubi Qafqazda demoqrafik vəziyyət ciddi şəkildə dəyişdirilmiş, azərbaycanlılar öz tarixi torpaqlarından, doğma yurdlarından sıxışdırılaraq məcburi köçürülmələrə məruz qalmışlar. Təkcə XX yüzillik ərzində azərbaycanlılar ən azı beş dəfə təqiblərə və deportasiyalara məruz qalaraq, öz tarixi torpaqlarından didərgin düşmüşlər. 1905-1907-ci illərdə ermənilər azərbaycanlılara qarşı bütün Azərbaycanı, eləcə də indiki Ermənistan ərazisindəki əzəli azərbaycanlı yaşayış məntəqələrini əhatə edən genişmiqyaslı qanlı əməliyyatlar həyata keşirmiş, yüzlərlə yaşayış məntəqəsini yerlə yeksan etmiş, minlərlə azərbaycanlını vəhşicəsinə qətlə yetirmişlər. Daha sonra 1917-ci ilin dekabrından başlayaraq 1918-ci ilin iyun ayınadək təkcə keçmiş İrəvan xanlığı ərazisində 200 azərbaycanlı kəndi yandırılaraq məhv edilmişdir. Bolşevizm bayrağı və əksinqilabçı ünsürlərə qarşı mübarizə adı altında Stepan Şaumyanın rəhbərlik etdiyi silahlı dəstələr 1918-ci ilin martından etibarən Bakı quberniyasında azərbaycanlıların məhv edilməsi üzrə dəhşətli plan həyata keçirməyə başladı və qısa müddət ərzində Bakının xeyli hissəsi xarabalığa çevrildi. Azərbaycanlılara qarşı soyqırımı əməliyyatları Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Dinc əhali yalnız etnik azərbaycanlı olması səbəbindən kütləvi şəkildə öldürülür, yaşayış məntəqələri yandırılır, millimədəniyyət abidələri, məktəblər, xəstəxanalar, məscidlər və digər tikililər dağıdılaraq məhv edilirdi. Bu dövrdə Cənubi Qafqazda erməni qüvvələri tərəfindən təxminən 100 mindən çox etnik azərbaycanlı məhv edildi. Azərbaycan 28 may 1918-ci ildə dövlət müstəqilliyi elan etdikdən sonra yenidən ermənilərin ərazi iddiaları ilə üzləşdi. Yaranmış tarixi-siyasi vəziyyəti nəzərə alaraq, əsasən də ermənilərin ərazi iddialarına son qoyulması və ermənilərin azərbaycanlılara qarşı silahlı hücumlarının dayandırılması müqabilində Azərbaycan tərəfi 1918-ci ildə İrəvan şəhərinin ermənilərə verilməsi barədə qərar qəbul etdi. Bununla da, tarixi Azərbaycan torpaqlarında paytaxt İrəvan şəhəri olmaqla Ermənistan dövləti yaradıldı. Lakin erməni tərəfi bundan sonra da ərazi iddialarından əl çəkmədi və azərbaycanlıların zorakılıqla öz tarixi torpaqlarından qovulması davam etdirildi. Nəhayət, ermənilərin silahlı təcavüzü nəticəsində Zəngəzur mahalı işğal edildi və erməni tərəfi İranla sərhəd qurulmasına nail oldu. SSRİ tərkibində Zaqafqaziya Federasiyasının qurulması və ləğvi, Azərbaycan SSR və Ermənistan SSR-in yaradılması dövründə sərhədlərin dəqiqləşdirilməsi bəhanəsi ilə Azərbaycan əraziləri yenidən Ermənistan SSR-in tərkibinə qatılır, yerli Azərbaycan əhalisi isə bu və ya digər yollarla öz doğma yurdlarını tərk etməyə məcbur edilirdi. Ermənistan SSR-də yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə və deportasiya siyasəti İkinci Dünya Müharibəsindən sonra da SSRİ rəhbərliyi səviyyəsində davam etdirildi. Misal üçün, Ermənistan SSR-ə xaricdən gələn ermənilərin yerləşdirilməsi bəhanəsilə İ.V.Stalinin imzaladığı “Kolxozçuların və digər Azərbaycan əhalisinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür–Araz ovalığına köçürülməsi haqqında” 1947-ci il 23 dekabr tarixli 4083 saylı və “Kolxozçuların və digər Azərbaycan əhalisinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür–Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” 1948-ci il 10 mart tarixli 754 saylı SSRİ Nazirlər Sovetinin qərarlarına əsasən 150 minədək azərbaycanlı özlərinin tarixi torpaqlarından deportasiya olundu. Qeyd etmək lazımdır ki, çar Rusiyasının XIX əsr boyu və XX əsrin əvvəllərində Cənubi Qafqazda demoqrafik vəziyyəti ciddi şəkildə dəyişdirməyə nail olmasına baxmayaraq, 1918-ci ildə cəmisi 9 min km2 ərazidə yaradılmış Ermənistan dövlətində 575 mindən çox azərbaycanlı yaşayırdı ki, bu da Ermənistan əhalisinin üçdə birindən çox idi. Sonradan SSRİ dövründə Azərbaycanın ərazisinin 114 min km2-dən 86,6 min km2-ə qədər azaldılması hesabına Ermənistanın əraziləri artırıldı və bu ərazilərdə müxtəlif bəhanələrlə yerli azərbaycanlı əhaliyə qarşı açıq və gizli şəkildə etnik təmizləmə siyasəti həyata keçirildi. Nəhayət, 1988-ci ilin sonu və 1989-cu ilin əvvəllərində indiki Ermənistan dövlətinin ərazisindən son 250 mindən çox azərbaycanlı deportasiya edildi. Rəsmi Yerevanın ardıcıl və davamlı şəkildə həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində hazırda bu ölkə ərazində bir nəfər də azərbaycanlı qalmamışdır. Etnik təmizləmə və indiki Ermənistan ərazilərinin azərbaycanlıların tarixi torpaqları olması barədə izlərin belə silinməsi siyasətinin növbəti mərhələsi 1988-ci il noyabrın sonunda başlandı. Rəsmi hakimiyyət orqanlarının dəstəyi və sanksiyası ilə indiki Ermənistan dövlətinin ərazisində məskunlaşmış son 250 mindən artıq azərbaycanlı qısa bir müddət ərzində öz tarixi torpaqlarından deportasiya olundu. Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin növbəti faciəvi mərhələsi olan bu kütləvi qovulma aksiyası azərbaycanlıların öldürülməsi, onlara işgəncələrin verilməsi ilə müşayiət edildi. Etnik təmizləmə nəticəsində 216 azərbaycanlı qətlə yetirildi ki, bunların əksəriyyəti də qadınlar, uşaqlar və qocalar idi. Bunlardan 49 nəfəri xilas olmağa çalışarkən dağlarda donmuş, 41 nəfəri xüsusi qəddarlıqla döyülərək qətlə yetirilmiş, 35 nəfəri uzun sürən işgəncələrlə öldürülmüş, 11 nəfəri diri-diri yandırılmış, 16 nəfəri güllələnmiş, 10 nəfər əzab və işgəncələrə dözməyərək ölmüş, 2 nəfər xəstəxanada həkimlər tərəfindən öldürülmüş, 2 nəfərin başı kəsilmiş, digərləri isə suda boğularaq, asılaraq, elertrik cərəyanına birləşdirilərək və s. qeyri-insani üsullarla qətlə yetirilmişlər. Etnik azərbaycanlılara qarşı cinayətlər Quqark, Kalinin, Gorus, Stepanavan, Vardenis, Masis, Spitak, Ararat, Kirovakan, İcevan, Krasnoselo, Yexeknadzor, Amasiya, Qafan, Abovyan, Sisyan, Sevan, Noyemberyan, Meğri və digər rayonlarında xüsusi qəddarlıqla həyata keçirilmişdir [2]. Etnik zəmində həyata keçirilən bu cinayət əməlləri rəsmi Yerevan tərəfindən qabaqcadan düşünülmüş və planlaşdırılmışdı. Belə ki, azərbaycanlıların öz tarixi vətənlərindən deportasiya edilməsinə, onların məskunlaşdığı yaşayış məntəqələrinə hücumlara Ermənistan hökumətinin məmurları, milis və prokurorluq əməkdaşları, rayon partiya komitələrinin katibləri rəhbərlik edirdi. Şübhəsiz ki, SSRİ rəhbərliyi, xüsusən də M.Qorbaçov Ermənistan rəhbərliyinin bu cinayətkar əməllərindən xəbərdar idi. Lakin SSRİ rəhbərliyi Ermənistan ərazisində azərbaycanlı əhalisinə qarşı həyata keçirilmiş etnik təmizləmə faktlarına görə təhqiqatların aparılması barədə qərar qəbul etmədi, bu cinayət əməllərinin təşkilatçıları və icraçılarını məsuliyyətə cəlb etmədi. Qeyd edilməlidir ki, beynəlxalq hüquq normalarına əsasən hər hansı milli, etnik və ya dini qrupun üzvlərinin öldürülməsi, belə qrupun üzvlərinə ciddi bədən xəsarəti və ya əqli pozuntuların yetirilməsi, hər hansı qrupun tam və ya tədricən fiziki məhvinə gətirib çıxaran əvvəlcədən düşünülmüş həyat şəraitinin yaradılması belə qrupa qarşı soyqırımı (genosid) cinayəti kimi qiymətləndirilir [3]. Beləliklə, beynəlxalq hüquq normalarına əsasən Ermənistan rəsmi hakimiyyətinin etnik azərbaycanlılara qarşı həyata keçirdiyi əməllər genosid cinayətləri kimi qiymətləndirilməlidir. Daha sonra Ermənistan hakimiyyəti öz ərazisində yaşayan azərbaycanlıları öz tarixi torpaqlarından deportasiya etməklə kifayətlənməmiş və 1988-1994-cü illərdə Azərbaycana qarşı silahlı təcavüz etmişdir. Azərbaycana qarşı silahlı döyüşlərdə Ermənistanın silahlı qüvvələri ilə yanaşı, dünyanın müxtəlif ölkələrinin vətəndaşları olan etnik ermənilərdən ibarət silahlı muzdlular dəstəsi və beynəlxalq erməni terror təşkilatları iştirak etmişlər. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi, o cümlədən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV), eləcə də ona bitişik olan 7 rayonunun (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları) əraziləri işğal edilmişdir. Bundan əlavə Azərbaycanın cəbhəyanı və Ermənistanla sərhədyanı rayonlarının da bir sıra yaşayış məntəqələri işğal olunmuş (Naxçıvan MR, Qazax, Tərtər, Ağcabədi, Gədəbəy) və ciddi zərər (Ağstafa, Beyləqan, Tovuz) vurulmuşdur. Hazırda Dağlıq Qarabağ və ona bitişik ərazilər də daxil olmaqla, Naxçıvan Muxtar Respublikasının işğal olunmuş 2 kəndindən 1-i, Ağdam rayonunun işğal olunmuş 82 kəndindən 80-i, Füzuli rayonunun işğal olunmuş 76 kəndindən 54-ü, Tərtər rayonunun 13 kəndi və Qazax rayonunun işğal olunmuş 12 kəndindən 7-si hələ də işğal altında qalmaqdadır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq məqsədilə 1992-ci ilin martında ATƏT-in Minsk qrupu yaradıldı və BMT bu münaqişənin həlli məsələsini həmin qrupa həvalə etdi. Sonradan ATƏT-in Minsk qrupunun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institute formalaşdırıldı. Həmsədrlər 1997-1998-ci illərdə münaqişənin həlli ilə bağlı üç təklif irəli sürmüş, lakin bu təkliflər qəbul edilməmişdir. 2007-ci ildən etibarən Azərbaycan və Ermənistan prezidentləri səviyyəsində danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin əsas prinsiplərini özündə əks etdirən “Maqrid prinsipləri” çərçivəsində aparılır. Bu prinsiplər 10 iyul 2009-cu ildə İtaliyanın Akvil şəhərində G8 (Böyük səkkizlik) sammiti zamanı ABŞ, Rusiya və Fransa prezidentlərinin qəbul etdikləri birgə bəyanatda öz əksini tapmışdır. Həmsədr ölkələrin prezidentlərinin birgə bəyanatında Dağlıq Qarabağ münaqişəsinin ATƏM-in 1975-ci il tarixli Helsinki Yekun Aktında ehtiva edilmiş güc tətbiq etməmək, ərazi bütövlüyü, həmçinin xalqların bərabər hüquqluluğu və öz müqəddəratını təyinetmə prinsipləri əsasında tənzimlənməsinin vacibliyi vurğulanmışdır [4]. Lakin Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində danışıqlarda irəliləyiş əldə edilməmişdir. Odur ki, 16 iyun 2010-cu ildə Kanadanın Muskok şəhərində G8 (Böyük səkkizlik) sammiti zamanı ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri yenidən birgə bəyanatla çıxış edərək tərəfləri münaqişənin tənzimlənməsi üzrə əsas prinsiplərin razılaşdırılması prosesini başa çatdırmağa çağırmışlar. Bəyanatda bir daha təsdiqlənmişdir ki, münaqişənin tənzimlənməsi ATƏM-in Helsinki Yekun Aktında ehtiva edilmiş prinsiplərə və həmsədr ölkələrin prezidentlərinin Akvil bəyanatındakı aşağıdakı təkliflərə əsaslanmalıdır: Dağlıq Qarabağ ətrafı işğal edilmiş ərazilərin qaytarılması; Dağlıq Qarabağ üçün təhlükəsizliyi və özünüidarəni təmin edə biləcək aralıq statusun verilməsi; Dağlıq Qarabağı Ermənistanla birləşdirə biləcək dəhlizin yaradılması; hüquqi qüvvəyə malik olan iradə ifadəetmə yolu ilə Dağlıq Qarabağın gələcək statusunun müəyyən edilməsi; bütün daxili köçkünlərin və qaçqınların əvvəlki yaşayış yerlərinə qayıtmaq hüquqlarının təmin edilməsi; sülhməramlı əməliyyatlar da daxil olmaqla, təhlükəsizliyin beynəlxalq təminatı [5]. Həmsədr ölkələrin prezidentləri, nəhayət, 26 may 2011-ci ildə Dovildə (Fransa) keçirilən G8 sammiti zamanı növbəti bəyanatla çıxış etdilər. Bu bəyanatda onlar bir daha münaqişənin ATƏMin Helsinki Yekun Aktında ehtiva edilmiş prinsiplər və Akvil və Muskok bəyanatındakı təkliflər əsasında tənzimlənməsinin vacibliyini vurğuladılar. Həmsədr ölkələrin prezidentləri özlərinin Dovil bəyanatlarında Azərbaycan və Ermənistan prezidentlərini siyasi iradə nümayiş etdirərək, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə əsas prinsiplərin razılaşdırılması prosesini keçiriləcək görüş zamanı başa çatdırmağa çağırdılar [6]. Lakin Rusiya prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin 24 iyun 2011-ci il tarixli Kazan görüşündə yenə də real nəticə əldə edilmədi və dövlət başçıları qəbul etdikləri növbəti bəyanatda bir sıra məsələlər üzrə qarşılıqlı anlaşmanın əldə olunduğunu və bu məsələlərin həllinin əsas prinsiplərin təsdiq olunması üçün şəraitin yaranmasına kömək edəcəyini qeyd etməklə kifayətləndilər. Qeyd edilməlidir ki, münaqişənin sülh yolu ilə həlli istiqamətində intensiv danışıqların getdiyi bir vaxtda Ermənistan tərəfinin ardıcıl olaraq atəşkəsi pozması və mülki şəxsləri, xüsusilə də azyaşlı uşaqları qətlə yetirməsi daha da intensivləşmişdir. Bu sıradan göstərmək lazımdır ki, Ermənistan tərəfi özünün son zamanlar cəbhəyanı bölgədə həyata keçirdiyi cinayətkar aksiyaların qurbanı kimi daha çox azyaşlı uşaqları hədəf seçməyə başlamışdır. Belə ki, Ermənistan tərəfindən Azərbaycanın Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılmış “itəbənzər” uşaq oyuncağına quraşdırılmış partlayıcı qurğunun 2011-ci il iyulun 14-də işə düşməsi nəticəsində 1998- ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olmuşdur. Qeyd edilməlidir ki, 2011-ci ilin martın 8-də doqquz yaşlı Fariz Bədəlov Ermənistan tərəfindən işğal olunmuş Ağdam rayonu ərazisindən Ermənistan silahlı qüvvələrinin snayperinin açdığı atəş nəticəsində qətlə yetirilmişdi. Bu və digər hadisələr Ermənistan tərəfinin azyaşlı uşaqları hədəfə almaqla insanlıq əleyhinə cinayət törətməsi ilə yanaşı, həm də onların sülhün əldə olunması üçün aparılan danışıqları qəsdən pozmağa yönələn niyyətlərindən xəbər verir. Göründüyü kimi, ATƏT-in həmsədr ölkələri olan ABŞ, Rusiya və Fransa prezidentlərinin bəyanatlarında təcavüzkar ölkə ilə təcavüzə məruz qalan ölkə arasında heç bir fərq qoyulmamış, təcavüzkardan beynəlxalq hüquq normalarına riayət edərək, işğal altında olan əraziləri dərhal və qeyd-şərtsiz azad etmək tələb olunmamış, bu məqsədə nail olmaq üçün təcavüzkar Ermənistana qarşı heç bir siyasi təsir göstərilməmişdir. Bunun əvəzində həmsədr ölkələrin prezidentləri münaqişənin tənzimlənməsi məsuliyyətini Azərbaycan və Ermənistan prezidentlərinin üzərinə ataraq, tərəfləri qarşılıqlı kompromisə çağırmışlar və onların əldə edəcəyi istənilən sülh variantını dəstəkləyəcəklərini bildirmişlər. Həmsədr ölkələrin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində faktiki olaraq neytral mövqe nümayiş etdirmələrinin əsas səbəblərindən biri bu münaqişənin eyni zamanda geosiyasi xarakter daşıması ilə bağlıdır. Belə ki, Qafqaz dünyada ən çox narahatçılıq doğuran regionlardan biri olmaqla bərabər, həm də böyük təbii sərvətlərə malikdir. Üç müstəqil dövlətin — Azərbaycan, Ermənistan və Gürcüstanın yerləşdiyi Cənubi Qafqaz strateji baxımdan Rusiya, Türkiyə və İran arasında birləşdirici bölgədir, Şimal-Cənub, Şərq-Qərb strateji xətləri bu bölgədən keçir. Bir çox dövlərlərin maraqları məhz Cənubi Qafqazda toqquşur. Rusiya bu regionu özünün “xarici siyasət kimi dəyərləndirirlər. Təbii enerji ehtiyatlarının (neft və qaz) Xəzər hövzəsindən dünya bazarına nəqli marşrutları (Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri) Cənubi Qafqaz ölkələri olan Azərbaycan və Gürcüstanın ərazilərindən keçir. Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xəzərin Azərbaycan sektorundan və Mərkəzi Asiyadan təbii qazın alternativ marşrutlarla nəql olunması strateji əhəmiyyət kəsb edir ki, bu da Cənubi Qafqaz region ətrafında müxtəlif güc mərkəzlərinin maraqlarının toqquşması ilə müşayiət olunur. Bundan əlavə, Cənubi Qafqaz regionuna Uzaq Şərqi, Mərkəzi Asiya, Yaxın Şərq və Avropanı birləşdirəcək transkontinental nəqliyat marşrutunun (TRASEKA) təşkil edilməsi kimi strateji rol ayrılıb. Göründüyü kimi, Cənubi Qafqaz strateji əhəmiyyət kəsb edən bir regiondur. Məhz bu səbəbdən tarix boyu bu regiona sahib olmaq uğrunda müxtəlif imperiyalar müharibələr aparmış, region hər hansı imperiyaya birləşdirildikdən sonra metropoliya ərazidə nisbi sakitlik və sülh əldə edilməsinə nail olmuşdur. Region bu və ya digər imperiyadan azad olduqda isə müxtəlif etnik qruplar arasında ərazilər əldə etmək uğrunda mübarizələr aparılmışdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi SSRİ-nin zəifləməsi və süqutu dövründə rəsmi Moskvanın Cənubi Qafqaz regionunu öz təsir dairəsində saxlamaq istiqamətində həyata keçirdiyi siyasətin tərkib hissəsi kimi Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə başlandı. Beləliklə, ATƏT-in Minsk qrupunun həmsədrləri olan Rusiya, ABŞ və Fransanın Cənubi Qafqazda öz geostrateji maraqları var. Rusiya SSRİ süqut etdikdən sonra bu regionda itirilmiş mövqelərini qaytarmaq və daha da gücləndirərək, regionda öz hegemonluğunu bərpa etməyə çalışır. ABŞ və Avropa İttifaqı isə, öz növbəsində, Xəzər hövzəsindən təbii enerji resurslarının dünya bazarına nəqli məqsədilə transmilli layihələr reallaşdırır və bu vasitələrlə regionda öz mövqelərini möhkəmləndirməyə çalışırlar. Qeyd edilməlidir ki, Ermənistan siyasətçiləri Azərbaycana qarşı silahlı təcavüzü və Azərbaycan ərazilərinin işğalını “Dağlıq Qarabağ xalqının” öz müqəddəratını təyin etmək və müstəqillik uğrunda milli-azadlıq hərəkatı” adlandırırlar. Erməni siyasətçiləri “Dağlıq Qarabağ xalqı” dedikdə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan etnik erməniləri nəzərdə tuturlar. Bununla əlaqədar, belə bir fakta diqqət yetirmək lazımdır ki, münaqişə başayana qədər Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində, SSRİ əhalisinin 1989-cu ildə siyahıya alınmasının nəticələrinə əsasən, 40688 etnik azərbaycanlı və 145450 erməni yaşayırdı [7]. Beləliklə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində məskunlaşmış erməni əhalini heç bir halda “Dağlıq Qarabağ xalqı” adlandırmaq olmaz. Onlar Dağlıq Qarabağda məskunlaşmış əhalinin etnik erməni hissəsidir və bütövlükdə, Azərbaycan Respublikasındakı milli azlıqdır. Digər tərəfdən, erməni xalqı öz müqəddəratını indiki Ermənistan Respublikası çərçivəsində təyin edib. Üçüncü tərəfdən, öz müqəddəratını təyin etmək hüququndan ərazidə məskunlaşmış əhalinin hər hansı bir hissəsi deyil, hamısı istifadə edə bilər. Eyni zamanda, xalqların öz müqəddəratını təyin etmək hüququnun həyata keçirilməsi və bu hüquqa hörmət prinsipindən suveren və müstəqil dövlətin ərazi bütövlüyünü, yaxud siyasi birliyini tamamilə və ya qismən pozan, ya da parçalayan hər hansı əməllərə icazə kimi istifadə olunmamalıdır. Bundan əlavə, xalqların bərabərlik hüquqları və öz müqəddəratını təyin etmək prinsipi həmin ərazidə hər hansı ayrı-seçkiliyə yol vermədən legitim hakimiyyət tərəfindən təqdim olunur. Nəhayət, öz müqəddəratını təyin etmək prinsipi heç də ayrılmaq və mövcud dövlətin ərazisini parçalamaq hüququna malik olmaq demək deyil. Beynəlxalq sənədlərə uyğun olaraq, öz müqəddəratını təyin etmək hüququnun həyata keçirilməsi beynəlxalq hüququn digər əsas prinsiplərinə, başlıcası isə dövlətin ərazi bütövlüyü prinsipinə riayət olunmasını tələb edir [8], [9]. Yuxarıda qeyd edilənlər göstərir ki, erməni tərəfinin Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf rayonlarda baş verən silahlı toqquşmaları, Azərbaycan ərazisinin silah gücü ilə parçalanmasını, azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin həyata keçirilməsini bu ərazilərdə məskunlaşmış ermənilərin öz müqəddəratını təyin etmək kimi qiymətləndirmə cəhdləri beynəlxalq hüququn əsas prinsiplərinə ziddir və həqiqəti əks etdirmir. Əksinə, çoxsaylı faktlar sübut edir ki, Ermənistan təcavüzkar ölkədir və Azərbaycanın 20% ərazisini məhz bu ölkənin silahlı qüvvələri işğal etmişdir. Misal üçün Human Rights Watch beynəlxalq təşkilatının 1994-cü ildə hazırladığı “Dağlıq Qarabağda münaqişənin yeddi ili” adlı məruzəsində göstərilir ki, əldə edilmiş faktlar Ermənistanın münaqişə tərəfi olduğunu sübuta yetirir. Məruzədə çoxsaylı müşahidələr və sübutlar əsasında nəticə çıxarılır ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində olması hüquqi nöqteyi-nəzərdən bu ölkəni münaqişə tərəfi edir, bu münaqişə tərəfləri Ermənistan və Azərbaycan olan beynəlxalq silahlı münaqişə kimi qiymətləndirilir [10].
KarabakhİNFO.com

 

 

12.01.2013 18:13

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*