Azərbaycanca

Ermənistan iqtisadiyyatı çökür

07.05.2014 | 12:00

1399441563_1384242013_ermenstanHər il olduğu kimi yola saldığımız 2013-cü ildə də Ermənistan iqtisadiyyatında ciddi itkilər oldu. Ermənistanda iqtisadi vəziyyətin nə qədər ağır olduğunu bu ölkənin rəsmi qurumları da etiraf edirlər. Ermənistanın Milli Statistika Xidmətindən (bax. www.armstat.am) açıqlanan məlumatda bildirilir ki, bu ölkənin dövlət büdcəsi ənənəsinə sadiq qalaraq kəsirlə icra olunmaqda davam edir. Statistika Xidmətinin son məlumatına görə, ötən ilin ilk yarımilində Ermənistan büdcəsində 32 milyon dollar (13,3 milyard dram) kəsir yaranıb. Məlumat üçün bildirək ki, Ermənistanın 2013-cü il büdcəsi 2,3 milyard dollar təşkil edib ki, bu da Azərbaycanın dövlət büdcəsindən təxminən 10 dəfə azdır. Bu ölkənin Milli Statistika Xidmətindən verilən məlumatda qeyd olunur ki, 2013-cu ilin noyabrında orta aylıq əmək haqqı 363 dollara bərabər olub. Bu göstərici 2012-ci ilin analoji dövrü ilə müqayisədə 0,1% aşağı düşüb.

 

Ermənistan əmək haqqının səviyyəsinə görə MDB ölkələri arasında da son sıralarda yer alır. Müqayisə üçün qeyd edək ki, ötən ilin noyabrında Azərbaycanda orta aylıq əmək haqqı 540 dollar olub. 2012-ci illə müqayisədə MDB-yə üzv olan dövlətlər arasında ölkə iqtisadiyyatına yönəldilən investisiyaların artım tempi ən kəskin sürətdə Ermənistanda azalıb. Müstəqil Dövlətlər Birliyinin (MDB) Statistika Komitəsindən (bax. www.cisstat.com) verilən açıqlamada qeyd olunur ki, 2012-ci ilin ilk 3 rübü ilə müqayisədə ötən ilin ilk 9 ayı ərzində Ermənistanda əsas kapitala yönəldilən investisiyaların həcmi 9,2% azalıb. Ötən ilin yanvar-sentyabr aylarında Ermənistan iqtisadiyyatına cəmi 604,9 milyon dollar (245 milyard dram) sərmayə qoyulub. Müqayisə üçün bildirək ki, 2013-cü ilin eyni dövründə Azərbaycan iqtisadiyyatına 15,2 milyard dollar (11 milyard 826 milyon manat) investisiya yatırılıb. Rəqəmlərdən də göründüyü kimi, Azərbaycan iqtisadiyyatına yatırılan sərmayələrin həcmi Ermənistanla müqayisədə 25 dəfədən çoxdur.

 

Ermənistan iqtisadiyyatındakı digər mənfi göstərici isə xarici ticarət sahəsində qeydə alınıb. MDB Statistika Komitəsinin məlumatına görə, ötən ilin ilk 10 ayı ərzində Ermənistan idxal və ixrac əməliyyatları arasındakı fərqə – mənfi saldoya görə MDB-də lider olub. Belə ki, Ermənistanın satın aldığı malların dəyəri xaricə satılan mallalların dəyərindən 2,8 dəfə çox olub. Qeyd edək ki, bu dövürdə Azərbaycanda müsbət saldo qeydə alınıb. Azərbaycanda ixrac əməliyyatlarının həcmi idxal əməliyyatlarını 2,2 dəfə üstələyir. Ermənistanın ən ciddi sosial-iqtisadi problemlərindən biri, bəlkə də birincisi bu ölkədə mənfi miqrasiya saldosunun (ölkədən gedənlər ölkəyə gələnlərdən çox olub) mövcudluğudur. Ermənistanın “ARKA” informasiya agentliyi (bax. arka.am) bu ölkənin Statistika Xidmətinə istinadən bildirir ki, 2013-ci ilin yanvar-sentyabr ayları ərzində Ermənistandan xaricə gedənlərin sayı gələnlərdən 89 min 345 nəfər artıq olub. Belə ki, 9 ay ərzində ölkədən çıxanların sayı 458 min 98 nəfər olduğu halda ölkəyə gələnlərin sayı 368 min 753 nəfər təşkil edib.

 

Qeyd edək ki, bu tendensiya sürətlə artmaqdadır. Ermənistan Statistika Xidmətinin açıqladığı statistik göstəricilərə istinadən apardığımız hesablamalar göstərir ki, son 5 ildə bu ölkədə əmək ehtiyatlarının sayı 116 min nəfər azalıb. Belə ki, 2008-ci ildə əmək ehtiyatlarının sayı 2 milyon 377 min nəfər olduğu halda 2012-ci ildə il 2 milyon 260 min nəfərə bərabər olub. Bu ölkədə əmək ehtiyatlarının həcmi son 5 ildə 4,8% azalıb. Ötən ilin ilk 3 rübü ərzində isə azalma daha kəskin olub. 2013-cü ilin ilk 9 ayı ərzində əmək ehtiyatların sayı ilin əvvəli ilə müqayisədə 4,7% və ya 108 min nəfər aşağı düşüb. Ümumlikdə isə Ermənistanda əhalinin sayı 1991-ci ildən sonra 15,4% azalıb. 22 il əvvəl bu ölkə əhalisinin sayı 3,57 milyon idisə, hazırda bu rəqəm 3 milyondu. Ermənistan işsizlərin sayına görə də MDB ölkələri arasında liderdir. Ötən ilin ilk 10 ayında bu ölkədə işsiz kimi qeydiyyata alınanların sayı 55,9 min nəfər olub. Bu isə iqtisadi fəal əhalinin 4%-ə bərabərdir. Bu barədə məlumat MDB Dövlətlərarası Statistika Komitəsi tərəfindən açıqlanıb. Komitənin məlumatında bildirilir ki, 2013-ci ilin ilk 10 ayında Azərbaycanda qeydiyyatda olan işsizlərin sayı 36,3 min nəfər olub ki, bu da iqtisadi fəal əhalinin cəmi 0,7%-ni təşkil edir.

 

Telman Qasımov

“KarabakhİNFO.com” 

07.05.2014 12:00

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*