Azərbaycanca

Ermənistan işğalının Azərbaycana vurduğu zərərin qiymətləndirilməsi üçün xarici ekspertlər cəlb olunur

29.08.2015 | 21:16

Karabax_01_albom_070612

Ermənistan işğalının Azərbaycana vurduğu zərərin qiymətləndirilməsi üçün İran, Moldova, Macarıstan, Almaniya, Türkiyə, Rusiya və bir çox ölkələrdən ekspertlər cəlb olunur. Bunu Trend-ə Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycana dəymiş zərərin qiymətləndirilməsi üzrə İşçi Qrupunun rəhbəri, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı deyib.

Deputat qeyd edib ki, zərərin qiymətləndirilməsi, ictimaiyyətə açıqlanması, dünyanın diqqətinə çatdırılması, bununla yanaşı, eyni zamanda, Ermənistanın əsl simasının göstərilməsi də əhəmiyyətli məsələdir: “Oktyabr ayında Ermənistan işğalının Azərbaycana vurduğu zərərin qiymətləndirilməsi üzrə xüsusi təlim keçirməyi planlaşdırırıq. Bunun üçün xarici mütəxəssisləri dəvət etmişik. Qiymətləndirmə zamanı Azərbaycan haqqında əcnəbi tarixçilər və alimlərin nəşr olunan materiallarından da istifadə edirik”.

X.Kazımlı bildirib ki, bu işi hər bir azərbaycanlı, Azərbaycan cəmiyyəti nəinki ölkə daxilində, həmçinin ölkə xaricində də aparmalıdır: “Ermənistanın Azərbaycana vurduğu zərəri sübuta yetirən məlumat, sənədə sahib olanlar bizə bu işdə kömək olmalıdırlar. Bu məsələ bütün Azərbaycan xalqı üçün əhəmiyyətli məsələdir”.

Qeyd edək ki, İşçi Qrupunun ilkin məlumatına əsasən, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi illər ərzində vurduğu zərər təqribən 700 milyard dollar təşkil edir.

Trend.az

29.08.2015 21:16

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*