Azərbaycanca

“Ermənistan məhv olmaq təhlükəsi qarşısındadır”

14.10.2015 | 16:14

azer_badamov_141015

Azərbaycan ordusu bir neçə gün ərzində Ermənistan ordusunu məhv etməyə qadirdir. Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

A.Badamov bildirib ki, Sarkisyan rejimi daxildə özünə qarşı yönəlmiş etirazları səngitmək üçün “Qarabağ kartı”ndan istifadə edir: “Cənab Prezident Nazirlər Kabinetinin iclasında çox düzgün vurğuladı ki, Ermənistanda xunta rejimi hakimiyyət başındadır. Bu rejim ölkəni idarə etməkdə acizdir. Faktiki olaraq Ermənistan bir dövlət kimi məhv olmaq təhlükəsi qarşısındadır. Ermənistan vətəndaşları kütləvi şəkildə başqa ölkələrə mühacirətə üz tuturlar. Öz ölkəsində elementar ehtiyaclarını ödəyə bilmirlər. Ermənistanda siyasi azadlıqlar boğulur, iqtisadi baxımdan isə fəlakətli vəziyyətdə yaşayırlar. Heç şübhəsiz, belə bir vəziyyət Sarkisyan rejimini qabaqlayıcı addımlar atmağa təhrik edir. İqtisadi və siyasi islahatlar apara bilmədiyinə görə diktator rejim erməni ictimaiyyətinin diqqətini əsas məsələdən yayındırmağa çalışır”.

Millət vəkili qeyd edib ki, Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən islahatlar ölkəmizin ümumi inkişafından xəbər verir: “Azərbaycanın dövlət büdcəsindən orduya ayrılan xərclər Ermənistanın dövlət büdcəsindən çoxdur. Belə olduğu halda Ermənistan ordusu nəinki bizim ordu, ordunun bir hissəsi ilə belə döyüşmək imkanında deyil. Cənab Prezident İlham Əliyev son çıxışı ilə xunta rejimini ifşa etməklə yanaşı, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq birliyə çox ciddi mesajlar verdi”.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 12-də Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mühüm mesajlar verib: “Ordu quruculuğu daim diqqət mərkəzindədir. Azərbaycan ordusu tam üstünlük əldə edib, düşmənə sarsıdıcı zərbələr vurub. Azərbaycan Silahlı Qüvvələri ermənilərin böyük təxribatlarının qarşısını aldı, preventiv zərbələr vurmaqla düşmənə çox böyük ziyan yetirdi və bir çox işğalçılar məhv edildi. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”.

Trend.az

14.10.2015 16:14

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*