Azərbaycanca

Ermənistan milli təhlükəsizliyini də Rusiyaya həvalə etdi?

10.12.2013 | 17:53

1386683314_aea0924a99ea3aa6e7fc96ad6b5d7559Qafqaz regionunda proseslər hər gün gərilməkdə davam edir. İstər Gürcüstan, istər Azərbaycanda mövcud problemin mərkəzində Rusiyanın dayandığı hər kəsə məlumdur. Qərbin regiondakı problemlərə münasibətini də birmənalı hesab etmək olmaz. Biz bu münasibəti ATƏT-in keçmiş və hazırki həmsədrlərinin simasında, Dağlıq Qarabağ probleminə baxışında görə bilərik. Qərbin və ya Rusiyanın dili ilə desək “bir addım irəliləyiş” bəyanatı vermək bəhanəsilə prezidentlərin görüşü təşkil olunur və bununla iş yekunlaşır. Baxmayaraq ki, Azərbaycanın ölkə başçısı həmin 20 illik danışıqlarda  heç bir irəliləyişin olmadığını söyləyib. Çünki irəliləyiş o zaman olardı ki, 20 il ərzində ən azı yeddi rayon Azərbaycana qaytarılardı. Ermənistanın sülh danışıqları düşüncəsi nəinki torpaqları qaytarmaq, o torpaqların Ermənistan ərazisi kimi tanınmasına yönəldiyi hər addımı ilə aşkar şəkildə ortadadır. Hətta Ermənistan Xocalı aeroportu məsələsini daim gündəmdə saxlayıb müharibə mesajları da verir. Bir az da qabağa gedib erməni gənclərin azərbaycanlı gənclərlə görüşünün tərəfdarı olmadıqlarını açıqlayırlar və müharibədən danışırlar. Baxmayaraq ki, müharibəyə başlamaq belə onun iradəsindən aslı deyil. Belə olmasaydı, oktyabr ayının əvvəllərində separatçı  “Dağlıq Qarabağ Respublikası”nın qondarma Mülki Aviasiya idarəsinin “rəhbəri” Dmitri Adabaşyanın dediyi kimi Xocalı aeroportu işə salınar və iki mülki təyyarənin uçuşları gerçəkləşərdi. Ermənistanın “Lragir” qəzetinin verdiyi məlumata görə, hələ 2011-ci ildə Xocalı aeroportunun tikintisinin davam etdiyi zaman “AİR Artsakh” şirkəti yaradılmışdı və şirkətin balansında hazırda üç mülki təyyarə var idi. Araşdırma zamanı bəlli olub ki, həmin təyyarələrdən biri “Corparation America” kompaniyasının prezidenti Eduardo Ernekyan tərəfindən 2011-ci ildə keçirilən “Ümumerməni xeyriyyə telemarafonu” zamanı “Dağlıq Qarabağ Respublikası”na hədiyyə olunub.

 

Ermənistanın öz təhlükəsizliyini qorumaq və Dağlıq Qarabağ probleminin ən azından problem olaraq qalmasını qorumaq üçün arxalandığı qurum Kollektiv Təhlükəsizlik və Müdafiə Təşkilatıdır. Təşkilatın son toplantısında Sarkisyanın Gömrük İttifaqına qoşulmaqla bağlı yekdil iradə ortaya qoyması və Azərbaycanın həmin ittifaqa qoşulmağa mədəni yolla “yox” deməsi Rusiyanın problemdən kart kimi istifadə imkanlarını bir az da artırıb. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja Serj Sarkisyanla görüşündə Ermənistanda hərbi texnikanın təmiri ilə məşğul olacaq “Kamaz-Ermənistan” servis mərkəzinin açılacağını bildirib. Servis mərkəzi həm Gümrüdəki Rusiyaya məxsus 102-ci hərbi bazaya, həm də Ermənistan Silahlı Qüvvələrinə texniki xidmət göstərəcək. Onu da xatırladaq ki, bir neçə ay öncə iki ölkə arasında imzalanan müqaviləyə əsasən Ermənistan Rusiya hərbi zavodlarından birbaşa silah əldə etmək hüququ qazanmışdı. Həm də Rusiya Ermənistanla hərbi texnikanın birgə istehsalı və təmiri ilə məşğul olacaq müştərək müəssisələrin yaradılması barədə razılığa gəlmişdi.

 

Ermənistan bir az da qabağa gedərək ötən həftə  “Erebuninin” hərbi aeroportuna aid olan əraziləri Rusiyanın 102-ci hərbi bazasına vermək qərarını açıqlayıb. “Novosti Armeniya”yanın məlumatına görə, bunu Ermənistanın müdafiə nazirinin müavini Ara Nazaryan, hökumətin keçirilən son iclasında deyib. Bununla bağlı hazırladıqları layihəni hökumətin müzakirəsinə təqdim etdiyini bildirən A.Nazaryan, qeyd edib ki, aerodromun helikopter eskadrilyası üçün dayanacaq yeri, inzibati-iqtisadi binalar və yanacaq-sürtkü materialları saxlanılan anbarlar üçün ərazilər Rusiya ordusuna veriləcək. Bu, nə deməkdir? Ermənistan ölkəni tərk edən ermənilərin boşluğunu ruslarla doldurur? Bununla həm də öz təhlükəsizliyinin zəmanətini təmin edir?

 

Nəzərə çatdıraq ki, Rusiya da öz növbəsində Ermənistana müəyyən gedişlər edir. Məs.Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) nəzdində  yaradılmaqda olan və baş ofisi İrəvanda yerləşəcək KTMT Akademiyasınun rektoru erməni Xaçik Arutunyan olacaq. Buna görə onun hətta deputat mandatından imtina etdiyi xəbərləri də yayılıb.

 

Rusiyanın Ermənistanla bağlı atdığı addımların siyasi təhlilinin konkret nəticələri artıq mövcuddur. Əksər analitiklər bildirir ki, Rus hakimiyyəti onun tərkibində olan muxtar vilayətlə heç Ermənistan qədər davrana bilmir. Yəni, Rusiyanın inzibati-ərazi bölgüsünə aid olan muxtar respublikalar daha çox müstəqildir, nəinki Ermənistan.

 

Hər bir ölkənin milli təhlükəsizliyinin əsas qarantı onun rabitəsinin müstəqil olmasıdır. Rusiya artıq Ermənistan rabitəsini də öz nəzarətinə götürür. “Qolos Armenii” qəzetinin məlumatına görə, “RosTelecom” Ermənistana 26 milyon dollar sərmayə qoymağı planlaşdırır.  “RosTelecom”un rəhbəri Sergey Kaluginin rus mətbuatına verdiyi açıqlamada, rus şirkəti 2017-ci ilə qədər 26 milyon dollarlıq investisiya yatırmaqla yanaşı, Ermənistanın bütün şəhərlərində və Ermənistanda fəaliyyətə başlamış azad iqtisadi zonada da fəaliyyət göstərəcək. Demək, Ermənistan öz milli təhlükəsizliyinin əsas hissəsi olan rabitə sahəsini də ruslara həvalə edir.

 

Putinin Ermənistan səfəri zamanı 300-500 ermənin etdiyi etiraz isə sadəcə daldan atılan daşa bənzəyir. Ermənistan bu gün istəsə belə Rusiyanın caynağından qurtula bilməz. Bir sözlə, Ermənistanın qatarı çoxdan gedib. Putin əleyhinə təşkil olunan aksiya ilə demokratiya imitasiyası oynadığının fərqinə varmalı idi. Putin çox gözəl bilir ki, Ermənistanda demokratiyanın vəziyyəti hansı yerdədir. Ötən ay Sərkisyanın AŞ PA-da çıxışını bitirəndən sonra Ermənistanın qurumdakı nümayəndə heyətinin üzvü Zaruhi Postancyanın onu Ermənistan prezidenti kimi qəbul etmədiyini, Sarkisyanın bu yaxınlarda Avropa ölkələrindən birində kazinoda 70 milyon avro pul uduzduğunu bildirməsindən sonra, məruz qaldığı təzyiqlər elə demokratiyanın hansı vəziyyətdə olduğunun göstəricisi idi.

 

Nəzərinizə çatdıraq ki, həmin hadisədən sonra Ermənistan parlamentində müxalifətçi “İrs”  deputat fraksiyasının katibi Zaruhi Postancyan Avropa Şurası  Parlament Assambleyasında bu ölkəni təmsil edən nümayəndə heyətinin tərkibindən çıxarıldı, ailəsinə müxtəlif təzyiqlər edildi.

 

Rusiya Prezidenti öz ölkəsinin vilayəti statusu səviyyəsində olan ölkədə hər şeydən yaxşı xəbərdardır. Ona görə də, öz vilayətini daim qoruyacağını və arxasında olduğunu müxtəlif üsullarla Azərbaycana işarə edir. MDB Ölkələri İnstitutunun direktoru, Rusiya Dövlət Dumasının keçmiş deputatı, ermənipərəst Konstantin Zatulin Azərbaycan əleyhinə bəyanatlar verməsini, heç də təsadüfi hesab etmək olmaz. Erməni saytı News.am-ın məlumatına görə, ən nüfuzlu otellərdən biri, “Prezident” oteldə MDB ölkələri İnstitutu və Rusiya Erməniləri İttifaqı tərəfindən “Gülüstan” sülh müqaviləsinin 200 illiyinə həsr olunan konfransda Zatulinin erməni separatçılarının nümayəndələrini “Dağlıq Qarabağ Respublikası”nın rəsmi nümayəndələri kimi təqdim edib. Onun “Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini tanımağa məcbur qalacaq” fikrini səsləndirməsi, Zatulinin simasında Rusiyanın sözünün deyildiyi, heç kimə sirr deyil. Azərbaycanın müdafiə naziri Zakir Həsənov Rusiyalı həmkarı ilə görüşdə həmin məsələyə toxunduqda, rusiyalı nazir “tərcümədə səhvə yol verilə bilər” deməklə mövzudan yayına bilmişdi. Görünür, Rusiya Beynəlxalq birlik tərəfindən tanınmayan, büdcəsinin 55%-i Ermənistanin hər il ayırdığı dotasiyalar, qalan hissəsi isə erməni diasporunun ayırmaları hesabına formalaşan Dağlıq Qarabağdakı separatçı rejimi qeyri-rəsmi dəstəkləməkdə davam edəcək.

 

 

 

Seymur Həsənli

 

 

“KarabakhİNFO.com”

 

 

10.12.2013 17:53

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*