Azərbaycanca

“Ermənistan mövcud olmasa belə Azərbaycan Dağlıq Qarabağ problemi ilə üzləşəcəkdi“

27.08.2014 | 14:07

xerite qarabagUkrayna hadisələri Rusiyanın imperiya siyasətini ifşa etdi. Məlum oldu ki, Moskva keçmiş Sovet respublikalarında yaratdığı etnik münaqişələri öz maraqları üçün dondurub və istədiyi anda bərpa edə bilir. Müstəqil dövlətlərə qarşı ərazi iddiası irəli sürən qondarma rejimlər və işğalçı dövlətlər də Rusiyanın oyuncağından başqa bir şey deyil. Qarabağ münaqişəsi yaranandan bir sıra politoloqlar, siyasətçilər münaqişənin açarının Rusiyanın cibində olduğuna işarə vurublar.

 

Cəbhə xəttində son hərəkətlənmələr bir daha göstərdi ki, işğalçı Ermənistan münaqişədə söz sahibi deyil, sadəcə oyunçudur. Qarabağ problemini Rusiya yaradıb və məqsəd də müstəqil Azərbaycana təzyiq etmək, bölgədə türk amilinin güclənməsinə mane olmaqdır. Tarixçi Nəsir Ağayev deyir ki, Moskvada müstəqil dövlətlərə, o cümlədən Azərbaycana qarşı maneələr 90-cı illərin əvvəllərində yaradılmağa başlanmışdır. Rusiyanın məşhur siyasətçiləri Qarabağ münaqişəsinin sırf Azərbaycana maneə kimi yaradıldığını etiraf edirdilər: “SSRİ Ali Sovetinin, sonralar isə Rusiya Dövlət Dumasının deputatı, ermənilərə aşkar lobbiçilik edən, ermənilərin ideoloji rəhbəri Qalina Staravoytova deyirdi ki, Ermənistan mövcud olmasa belə, Azərbaycan Dağlıq Qarabağ problemi ilə üzləşəcəkdi. Dağlıq Qarabağın ermənilər tərəfindən işğalı tarixi zərurət deyil. Birbaşa təcavüz üçüncü dövlətdən gəlir. Bir sözlə, Qarabağı işğal edən Ermənistan, işğalda saxlayan Rusiyadır”. Maraqlıdır ki, Q.Staravoytovanın tutduğu kurs rus imperiyasının tarixi siyasətinə tam uyğun idi. Tarixdən məlumdur ki, Rusiya imperiyası Osmanlı və Qacar dövlətlərinə qarşı qoymaq üçün Qafqazda bufer xristian dövləti yaratmaqda maraqlı idi. Ermənilər Qafqaza köçürülməzdən öncə bu missiyanı gürcü xristian knyazlıqları oynayırdı. N.Ağayev deyir ki, gürcü çarı II İrakli hələ 1784-cü ildə irəli sürdüyü təkliflərdən biri bu idi ki, Quzey Azərbaycan xanlıqları Gürcüstana birləşdirilsin: “Gürcü çarı rusları şirnikləndirirdi ki, Azərbaycan xanlıqları Gürcüstana birləşdirilsin, əvəzində bölgəyə köçürüləcək ermənilərin təhlükəsizliynə təminat veriləcək. İrakli də İrəvan ərazisində ermənilərə dövlət qurumu təklif edirdi”. Tarixçi deyir ki, Rusiya üçün ermənilərin önəmi sonradan artdı. Bu yəqin ki, bu xalqın qatı türk düşmənçiliyindən qaynaqlanırdı. N.Ağayev: “Ermənilərin çox hörmət etdikləri tarixçilərdən biri olan İşxanyan “Qafqaz xalqları” kitabında (Sankt-Peterburq, 1916) yazırdı ki, ermənilərin həqiqi vətəni qədim tarixi düşüncə ilə desək, Rusiya hüdudlarından çox-çox aralıda-Kiçik Asiyadadır: “Dağlıq Qarabağda yaşayan ermənilərin az bir qismi aborigendir, qədim albanların törəmələridir. Onlar xristian inancını saxlayıblar. Bir qismi isə Türkiyə və İrandan köçürülənlərdir ki, Azərbaycan torpaqlarına sığınıblar”.
Rusiya dövlətinin yüksək rütbəli məmurlarının yazışmaları Moskvanın Qarabağ münaqişəsinin alovlandırmaqda maraqlı olduğunu bir daha təsdiq edir.

 

 

N.Ağayev: “Dövlət Təhlükəsizlik Komitəsinin hərbi əks-kəşfiyyat nümayəndəsi Yuri Kolıvanov o vaxt müavini general-mayor Şironinə bildirirdi ki, Azərbaycanda etnik zəmində baş verən münaqişənin qarşısını almaq istəyirsən, erməniləri günahlandırmağa çalışırsan. Ancaq unutma ki, prezidentin müşaviri (SSRİ prezidenti Mixail Qorbaçovu nəzərdə tutur-müəll.) Şahnazaryanın DTK-nın rəhbərinə tapşırığı var. Bu tapşırıq isə ondan ibarət idi ki, DTK-ya bildirilmişdi ki, onlara yalnız və yalnız azərbaycanlıların “ekstremist”, “vəhşi” obrazını yaradan faktları göndərin. Şahnazaryan da yalnız bu cür faktları Qorbaçova təqdim edirdi. Amma etnik zorakılığa, ədalətsizliyə məruz qalmış azərbaycanlıları yüzlərlə, minlərlə məktubu, şikayəti, teleqramı SSRİ prezidentinə çatmırdı. Bunun qarşısını alan isə Şahnazaryan idi”.
Xristian təəssübkeşliyini yada salan N. Ağayev deyir ki, Avropa qurumlarından ədalət gözləmək də doğru deyil: “1987-ci ildə Avropa Birliyinin Parlamenti “soyqırım qurbanları”nın xatirə gününü təsis edib. Məhz bu faktdan ruhlanan ermənilər beynəlxalq aləmdə Azərbaycana qarşı təbliğatı gücləndirdilər. Bütün bunlardan danışarkən rus imperiyasının işğalçılıq siyasətini gözardı etmək qeyri-mümkündür”.

 

 

Tarixçi deyir ki, Qərb siyasətçiləri Rusiyanın işğalçı siyasətini onun iqtisadi vəziyyəti ilə izah ediblər. Böyük Britaniyanın sabiq baş naziri Marqaret Tetçer “Dövlət idarəçilik mədəniyyəti” kitabında (Moskva, 2003) yazır ki, Rusiya yüzillər ərzində öz iqtisadi geriliyini öz hərbi gücü ilə kompensasiya etməyə çalışıb: “Tetçer yazır ki, keçmiş SSRİ respublikaları ərazisində 26 milyon rus yaşayır. Bu fakt Rusiyaya imkan verir ki, bu dövlətlərə təcavüzü əsaslandırsın, o torpaqlar üzərində hökmranlıq üçün mənəvi status qazansın. Rusiyanın Krımda, Şərqi Ukraynada, Gürcüstanda yeritdiyi işğal siyasəti Tetçerin bu fikrini təsdiq edir. Təcavüzkar Ermənistan, güclü Rusiya qarşısında Azərbaycan xarici siyasətini təbii resurslarına uyğun qurmalıdır. Nə qədər ki, bizim təbii resurslarımız tükənməyib milli təhlükəsizliyimizi, ərazi bütövlüyümüzü təyin etməli, erməni işğalına son verməliyik”.

 

 

Elman Cəfərli

 
“KarabakhİNFO.com”

 

 

27.08.2014 14:07

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*