Azərbaycanca

Ermənistan niyə belə oldu?

18.10.2013 | 10:46

1382078643_1381130_551184771629206_1740809888_nAzərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan, onun üçün edilən bu hədiyyəyə görə hər gün hesab verməkdə davam edir. Bu hesab erməni xalqının başında çatlayır və ağıllı ermənilər artıq küncə sıxışdırıldıqlarının fərqinə varırlar. Son günlər Ermənistan daxilində və onun ətrafında gedən proseslər vəziyyətin nə qədər ciddi olduğunu sübut edir. Hazırda Ermənistan işğal altında saxladığı Dağlıq Qarabağla bağlı ciddi rahatsızlıq keçirməyə başlayıb. Bu rahatsızlıqdan doğan bir addım – Gömrük İttifaqına qoşulma haqqında qərar, ölkədə pessimizm dalğasını gücləndirib. Ermənistanın Rusiyanın təklif etdiyi Gömrük İttifaqına qoşulmasından sonra bunun Dağlıq Qarabağ probleminə necə təsir edəcəyi xüsusi müzakirə mövzusu olaraq qalmaqdadır.

Erməni ekspertlərin bu istiqamətdə səsləndirdiyi fikirlərdən belə aydın olur ki, əslində Ermənistan bununla heç nə qazanmayacaq. Əksinə, MDB məkanında Rusiyanın təzyiqlərinə tab gətirməyərək xarici siyasətini köklü şəkildə dəyişmiş bir dövlət imici qazanmaqdan savayı, İrəvanın heç nə əldə edə bilmədiyi xüsusi olaraq qabardılır. Hətta Ermənistanın “Lragir” qəzeti yazır ki, Rusiyanın təzyiqləri qarşısında dura bilməyən yeganə ölkə Ermənistan olub: “Avropa İttifaqı ilə assosiativ razılaşma imzalamaq fikrində olan altı ölkədən üçü – Ukrayna, Gürcüstan və Moldova Rusiyanın təzyiqləri qarşısında dayandı. Belarus və Azərbaycanla bağlı isə şərtlər bir qədər başqadır. Faktiki olaraq, yalnız Ermənistan təzyiqlərə dözmədi”. Ermənistanın bu ölkələrdən təhlükəsizlik probleminin mövcudluğuna görə fərqləndiyini vurğulayan “Lragir” Dnestryanı, həmçinin Krım, Abxaziya və Cənubi Osetiya problemlərinin Dağlıq Qarabağla müqayisə edilməsinin düzgün olmadığını bildirib: “Çoxları deyir ki, Abxaziya və Cənubi Osetiya Gürcüstanın Rusiyaya qarşı çıxmasının nəticəsi oldu. Və xəbərdarlıq edirlər ki, Rusiyaya müqavimət göstəriləcəyi halda Ermənistan Qarabağı itirə bilər. Amma Gürcüstan müharibədə məğlub olaraq bu regionları itirib. Qarabağın təhlükəsizliyi Rusiya miflərindən və şantajından asılıdırsa, onda bu heç də təhlükəsizlik deyil. Bu o deməkdir ki, Qarabağı çoxdan Rusiyaya veriblər”.Ermənistan niyə belə oldu?

Bütün bu proseslərin fonunda Ermənistan tərəfindən maraqlı bir təklif səslənir. Söhbət həmin təklifin Azərbaycanın mənafeyini nə qədər təmin etməsindən getmir. Ermənistan İşəgötürənlər İttifaqının icraçı direktoru Qagik Makaryan İrəvanda jurnalistlərə açıqlamasında Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana pulla satılmasını təklif etməsi, təklifin heç də onun iradəsi olmadığını göstərir.

Fikir verin, Makaryan deyir ki, Dağlıq Qarabağ ətrafındakı ərazilər Azərbaycana yalnız yüksək qiymətə qaytarıla bilər və bu, Qarabağda açıq ticarət qurmağa, bölgəyə yeni gəlir gətirməyə kömək edəcək: “Bu yol təkcə Ermənistana yox, bütün regiona sərfəli olardı”. Demək, ermənilər regionda Azərbaycanın gücünü və məhz bu güc sayəsində mövcud vəziyyətdən çıxış yolunun mümkünlüyünü yaxşı anlayırlar. Buna görə də, Azərbaycana müxtəlif şəxslərin dili ilə jestlər etməyə başlayıblar. Bu fikirin həm də daxili auditoriyaya hesablandığını vurğulamaq olar: erməni ictimaiyyətini belə bir addımın mümkün olduğuna kökləmək və ictimai müzakirənin mövzusuna çevirmək.

Ermənistanın geri çəkilməsində erməni auditoriyasına hesabladığı addımlardan biri də, Strasburqda Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında Ermənistan prezidenti Serj Sarkisyan çıxışını qeyd etmək olar. Sarkisyan çıxışı zamanı Dağlıq Qarabağ probleminə toxunaraq Azərbaycanla münasibətlərdən də söz açıb. “Azərbaycan bizim düşmənimiz deyil. Biz problemi sülh yolu ilə həll edə bilərik”- deyə Ermənistan prezidenti bildirib. Sarkisyan yaxşı anlayır ki, Ermənistan Rusiya və Qərb qarşısında nə qədər öz dəyərini qaldırıb, sonucda işğal faktından diqqəti yayındırmağa çalışsa da, son illər buna nail olmaq getdikcə çətinləşir. Hər halda atəşkəsdən ötən 20 ildə nə demokratik dünya, nə də Rusiya ikinci erməni “dövləti”ni – separatçı rejimi tanımağa cəhd etməyiblər. Çünki gerçəyin harda olduğunu yaxşı bilirlər. Ermənistanın Gömrük İttifaqına qoşulmaqla bağlı ciddi cəhdlərinə baxmayaraq, fakt budur ki, blokadada inləyən təcavüzkar ölkə, onun əsas müttəfiqi olan Rusiya üçün ciddi iqtisadi-ticari önəm kəsb eləmir. Bunu biz demirik, elə bir neçə gün öncə açıqlanan statistik sənədə görə, şimal qonşumuzun MDB dövlətləri ilə xarici ticarət dövriyyəsində Ermənistan Tacikistanla birgə sonuncu yerləri bölüşür. Sənəddə maraqlı detal həm də odur ki, son illər ərzində Rusiyanın Gömrük İttifaqının üzvü olan Belarusla ticarət dövriyyəsinin həcmi azaldığı halda, Gömrük İttifaqının üzvü olmayan Ukrayna ilə, Azərbaycanla atıb.

Buradan belə qənaət hasil olur ki, Moskva hansısa ölkə ilə əlaqələri tədricən həm də bu ölkənin əhəmiyyətinə görə qurmağa başlayıb. Demək, qalır Kreml üçün Ermənistanın hərbi önəmi.  Halbuki, erməni politoloq Manvel Sarqsyan “168 jam” (“168 saat”) qəzetinə müsahibəsində Ermənistanın Rusiya üçün əhəmiyyətinin azaldığına işarə vurub: “Niyə Rusiya Azərbaycanla qardaşlaşıb. Ermənidən soruş, deyəcək, Azərbaycanı ona görə silahlandırır ki, bizi qorxutsun. Ancaq Moskva Azərbaycanla Ermənistan arasında hərbi balansı saxlamaqdan savayı, beynəlxalq siyasətdə qat-qat mürəkkəb problemlərlə üzləşib. Politoloqa görə, Rusiyanın Suriyada rolu artıb, İranın isə Amerika ilə münasibətləri yaxşılaşır: “Ehtimal edə bilərəm ki, bütün bunlar beynəlxalq münasibətlərə hansı dəyişiklikləri gətirə, bizim regionda necə əks-səda verə bilər. Məhz burada Rusiyanın Azərbaycana münasibətinin dəyişməsini görürəm. Burada da Rusiya siyasətində Ermənistanın rolunun azalmasını müşahidə eləmək olar…”

Bu xüsusda Azərbaycan Hərbi Hava Qüvvələri komandanı, general Altay Mehdiyevin fikirləri də diqqət çəkir. Generalın sözlərinə görə, Ermənistanda olan raketləri Rusiya çoxdan istehsalatdan çıxarıb, Azərbaycandakı S-300 modernləşdirilmiş zenit-raket komplekslərindən isə yalnız az sayda ölkədə var.  General bizdəki S-300 sistemlərinin yüksək dəqiqliyə malik olduğunu söyləyib: “Bu sistemlərin dəqiqliyi hər cür hədəfə münasibətdə 99 faiz təşkil edir. Hazırda Ermənistanın hərbi parkında da S-300 raketləri var. Lakin bunlar köhnəlmiş versiyalardır və Rusiya onları istehsaldan çıxarıb. Onların göstəriciləri Azərbaycandakılardan bir neçə dəfə geri qalır. Bu gün Azərbaycan regionda ən güclü Hava Hücumundan Müdafiə Sisteminə malikdir”.

Ermənistan niyə belə oldu? Ermənistanın əhəmiyyətinin azalmasının göstəricilərindən biri də, onu dövlət kimi ayaqda saxlamaq üçün ayrılan yardımların azalmasıdır. Bu haqda erməni mətbuatında maraqlı məlumat dərc olunub: “Yeni əsrin birinci on illiyi və ikinci on illiyin başlanğıcında Ermənistana humanitar yardımların azalması tendensiyası müşahidə edilir”. Belə ki, 2000-ci ilin yanvar-avqust ayında bu yardımın həcmi $45,8 milyon, ötən ilin analoji dövründə $40,6 milyon idisə, cari ilin yanvar-avqustunda cəmi $34,4 milyon olub.

 

Yardım edən ölkələrin coğrafiyası da nə qədər maraqlı olsa da, demək olar ki, dəyişməz olaraq qalıb. Belə ki, MDB dövlətlərinin payı simvolikdir – 1,8%. Humanitar yardımın 26,6% – i Avropa İttifaqı üzvlərinin, 25,1 %-i ABŞ-ın, yerdə qalanı isə İsveçrə (21,3%) (Avropa və Amerika ölkələri üst-üstə – 73 faiz) və Çinin payına düşür (10,1%).

 

 

 

Seymur Həsənli

 

KarabakhİNFO.com

 

18.10.2013 10:46

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*