Azərbaycanca

“Ermənistan öz siyasətinin qurbanıdır”

27.11.2012 | 11:16

1354000495_hikmet_eren3“Ermənistan öz siyasətinin qurbanıdır”

Bu gün dünyada baş verən iqtisadi böhran ölkələrarası siyasi proseslərə də təsir etməkdədir. Qloballaşan dünyada yeni siyasi mühit formalaşır ki, bu bölgəmizdən də yan keçməyəcək. Bu müstəvidə Azərbaycanla qardaş Türkiyə arasında olan iqtisadi-siyasi münasibətlər maraq doğurur. Azərbaycanla Ermənistan arasında olan problemin həlli istiqamətləri necə müəyyənləşəcək? Hazırda yüksək səviyyədə olan münasibətlərimiz bundan sonra necə inkişaf edəcək? Bu məsələlərə Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin sədri Hikmət Eren “Həftə içi”nə müsahibəsində aydınlıq gətirməyə çalışıb. Bu müsahibəni təqdim edirik.

-Ermənistan öz isterik siyasətinin qurbanıdır və bütün regional layihələrdən kənarda qalmaqla əhəmiyyətsiz ölkələr sırasında gedir. Bu bölgə üçün o qədər əhəmiyyət kəsb etmir. İnsanlar oranı tərk etmək üçün müxtəlif vasitələrdən istifadə edirlər.

Onu qeyd edək ki, son günlər regionda müxtəlif proseslər müşahidə olunmaqdadır. Həmçinin axır vaxtlar Ermənistan silahlı qüvvələri cəbhə bölgəsində atəşkəsi müntəzəm olaraq pozur və bölgədə vəziyyəti gərginləşdirməyə çalışırlar. Bu Türkiyəni narahat etməyə bilməz və bölgədə sabitliyin yaranması Ankaranın birbaşa maraq dairəsində olan məsələdir.

– Azərbaycanla Türkiyə əlaqələrinin hazırkı səviyyəsi sizi qane edirmi?

 Azərbaycan və Türkiyə arasında əlaqələrin strateji səviyyədə inkişaf etdirilməsi, Ermənistan başda olmaqla bəzi qüvvələri narahat etməyə bilməz. Məhz bu əlaqələri pozmaq üçün müxtəlif fəaliyyətlər ortaya qoyulacaq. Amma iki qardaş ölkənin inkişafının qarşısını almaq mümkün deyil və bu əlaqələr qırılmaz tellər üzərində qurulub. Lənkəranda Türkiyə dövlətinin fəxri konsulluğunun açılması iki qardaş ölkə arasında əlaqələrin inkişafına təkan verən addımlardan biridir. Bu çox əlamətdar bir hadisələrdən hesab edilməlidir. Bu gün Türkiyə-Azərbaycan əlaqələri elə bir səviyyədədir ki, onun zədələnməsi mümkün deyil. Əlaqələrimiz qarşısıalınmaz bir proses səviyyəsindədir. Əlaqələrimizin sürətli inkişafı bölgədə sülhün güclənməsinə kömək edən faktorlardan biridir.

Onu qeyd edim ki, hazırda iki qardaş ölkə arasında qurulan strateji-siyasi və iqtidasi-sosial əlaqələrlə yanaşı, bizi bir qardaşlıq, qan bağlılığı birləşdirir. Əlaqələrimiz qardaşlıq-dostluq çərçivəsində olmaqla yanaşı, konkret strateji-siyasi hədəflərimiz var. Hər iki qardaş ölkə beynəlxalq tədbirlərdə birgə və bərabər səviyyədə addımlar atırlar. Bu çox önəmli məsələdir. Xüsusilə, iqtisadi sahədə olan inkişaf münasibətlərimizi daha da gücləndirir.

Qeyd edim ki, Türkiyə-Azərbaycan arasında uğurlu iqtisadi əlaqə­lərin inkişafı bölgənin iqtisadi gücünü şərtləndirir. Son illər iki qardaş ölkə arasında iqtisadi əlaqələr sürətlə inkişaf edir. Qarşılıqlı uğurlu yatırımlar, bir sıra iri regional layihələrin mövcudluğu bu əlaqələri daha da inkişaf etdirir. Hətta deyərdim ki, bu əlaqələr strateji iqtisadi səviyyəyə çatıb. Artıq bu gün Azərbaycan Türkiyənin iqtisadi həyatında fəal rol oynayır və qardaş ölkənin fəallaşması bizi hədsiz dərəcədə sevindirir. Xüsusilə, iki qardaş ölkənin birgə uğurlu iqtisadi siyasət yürütməsi, gələcəkdə bölgə üçün güclü iqtisadi mərkəzin yaranacağına zəmanət verir.

   – Türkiyə-Ermənistan sərhədlərinin açılacağı ilə bağlı məsələlər zaman-zaman gündəmə gətirilir.

– Ermənistanda nə indi və nə də yaxın tarixdə gözləməsinlər ki, Türkiyə ilə sərhədlər açılacaq. Türkiyədə ən ali səviyyədə bəyan edilib ki, Qarabağ işğaldan azad edilməmiş sərhədlərin açılması qeyri-mümkündür. Sərhədlərin açılması Ermənistan üçün yalnız xülya ola bilər. Nə zamana kimi Qarabağ işğaldan azad edilməyib, bu istiqamətdə hansısa yayılan informasiya yalnız dezinformasiyadır və iki qardaş ölkə arasında münasibətlərin gərginləşməsinə   hesablanıb. Heç bir qüvvə iki qardaş ölkə arasında münasibətləri gərginləşdirə bilməz. Sərhədlərin bağlı qalmasında ən çox ziyan çəkən tərəf Ermənistandır. Bu erməni xalqını düşündürməli və öz siyasətçilərinə təzyiq etməlidirlər ki, yürütdükləri işğalçılıq siyasətlərini dəyişsinlər.

– Yeri gəlmişkən, Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkmir. Bu siyasət rəsmi İrəvana nə vəd edir?                                                                                                                                          – Ermənistan yalnış siyasətini davam etdirməkdədir. Əlaqələrimizdə qardaşlıq, dostluq çərçivəsində olmaqla yanaşı, konkret strateji-siyasi hədəflərimiz var. Sadə xalq çox ağır vəziyyətdə yaşayır və hələ bundan sonra da Ermənistanın sosial-iqtisadi vəziyyəti ağırlaşacaq. Bu isə ölkədə ağırlaşmaqda olan vəziyyətə mənfı təsir göstərəcək.

 

– Bakı-Tbilisi-Qars dəmiryolu xətti layihəsi bizə nə verəcək?

– Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılışı bölgədə iqtisadi baxımdan böyük dəyişikliklərə səbəb olacaq. Zamanında düzgün və hesablanmış siyasət öz müsbət nəticəsini verməkdədir. Bu layihə bölgəyə yeni iqtisadi-sosial ruh gətirəcək. Üstəlik, bölgənin inteqrasiyasına böyük təsir edəcək. Həmçinin insanların sosial rifahının artmasında rol oynayacaq. Eyni zamanda, Bakı-Tbilisi-Qars dəmiryolu xətti Azərbaycan və Türkiyənin iqtisadi gücünü artıracaq. Üstəlik, Gürcüstanın iqtisadi-sosial həyatına müsbət təsir göstərəcək. Burada ən çox uduzan tərəf yenə də Ermənistandır.

– Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu nə dərəcədə əhəmiyyətlidir?

– Bu gün əminliklə demək olar ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində böyük rol oynayan dövlətdir. Azərbaycanın yerləşdiyi coğrafi məkan və malik olduğu enerji ehtiyatları onu hələ bir müddət, hətta deyərdim ki, on illərlə Avropa üçün mühüm strateji tərəfdaş kimi əhəmiyyətini qoruyub saxlayacaq. Azərbaycan-Türkiyə bölgədə uğurlu enerji siyasətini da­vam etdirir və bir çox layihələrin altında imza atırlar. Bu layihələr Avropanın enerji asılılığına böyük təsir edir. Hamımız yaxşı bilirik ki, Avropanın enerji asılılığı onu hansı çətin vəziyyətlərə gətirib çıxarır. Belə olan halda, Azərbaycan Avropa üçün ideal enerji tədarükü mənbəyi rolunu oynayır.

– Azərbaycanın bölgədəki mövqeyini necə dəyərləndirirsiniz?

– Azərbaycan bölgənin strateji əhəmiyyətli dövlətidir və hələ bundan sonra da bu önəmi daşıyacaq. Çünki Azərbaycanın malik olduğu potensial və yürütdüyü uğurlu siyasət onu bölgənin lider dövləti halına gətirib. Bu proses kənardan açıq-aydın görünür. Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması, ona bir çox məsələlərdə öz mənfi təsirini göstərir. Amma əsas odur ki, Azərbaycan bu məsələdə prinsipial mövqeyindən geri çəkilməyib və beynəlxalq səviyyədə Ermənistanın təcavüzkar siyasətini ifşa etməkdədir. Artıq beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzkar siyasət yürütdüyünü qəbul etməkdədir.

Azərbaycanın xüsusən beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsi onun sosial-iqtisadi və siyasi nüfuzundan xəbər verir.

Əli Zülfüqaroğlu

” Həftə içi” qəzeti

 

27.11.2012 11:16

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*